Azərbaycanda dağ-mədən və metallurgiya üzrə yeni Dövlət Proqramı: 5 mindən çox iş yeri yaradılacaq
Azərbaycanda mədən sənayesində böyük plan: 5 mindən çox iş yeri və 1 milyard manatdan artıq illik təsir.Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
Marja xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.
Beş mindən çox daimi iş yerinin açılması nəzərdə tutulur
Prezident İlham Əliyev bildirib ki, ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təqdim ediləcək.
Dövlət başçısının sözlərinə görə, bu sahə ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır və çox perspektivli sahədir.
“Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”, - Prezident bildirib.
Proqram 2027–2030-cu illərdə tam icra edilməlidir
Prezident qeyd edib ki, qəbul edilmiş proqramlar qısamüddətlidir və 2030-cu ilin sonuna qədər icra edilməlidir.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram da cəmi 4 il ərzində icra edilməlidir. 2027–2030-cu illərdə proqram tam icra edilməlidir.
Dövlət başçısı bildirib ki, qəbul ediləcək yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyi də əks etdirir.
Qeyri-neft sektorunda 5,4 faiz artım
Prezident İlham Əliyev ölkə iqtisadiyyatının ümumi inkişafına toxunaraq bildirib ki, artım templərinin çox da böyük olmamasının təbii səbəbləri var və bunlardan biri neft hasilatının aşağı düşməsidir.
Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” yatağı artıq 30 ilə yaxındır istismardadır və obyektiv səbəblərə görə hasilatın düşmə templəri var.
Prezident bildirib ki, ümumi daxili məhsulun 1,2 faiz artmasının səbəbi də budur.
“Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında 5,4 faiz artım olmuşdur”.
Dövlət başçısı əlavə edib ki, qeyri-neft sənayesində əldə olunan nəticələr və qəbul edilmiş proqramlar bu artımın daimi və uzunmüddətli olmasına xidmət edəcək.
Kəlbəcər, Ağdərə və Zəngilandakı yataqlar işə salınacaq
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm də subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib.
Dövlət başçısının sözlərinə görə, sovet dövründə aşkar edilmiş bir çox yataq işğal altında olan bölgələrdə yerləşirdi.
Prezident bildirib ki, Dövlət Proqramında ilk növbədə işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləri nəzərdə tutulacaq.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarıdır.
Ağdərə rayonunda artıq işlərə başlanılıb. Prezident yaxın gələcəkdə Kəlbəcər və Zəngilanda da işlərə start veriləcəyinə ümid etdiyini bildirib.
Yataqların ehtiyatları yenidən dəqiqləşdiriləcək
Prezident mövcud yataqların tam təhlil edilərək müasir geoloji üsullarla ehtiyatlarının dəqiqləşdirilməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, sovet dövründə müəyyən rəqəmlər mövcud olsa da, həmin dövrdən təxminən 40 il keçib, məlumatlar köhnəlib və hazırda yeni texnologiyalar mövcuddur.
Eyni zamanda, bölgədə yeni geoloji kəşfiyyat işləri aparılacaq. Bu istiqamətdə işlərə artıq start verilib.
Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanacaq
Digər perspektivli bölgənin Naxçıvan Muxtar Respublikası olduğunu bildirən Prezident qeyd edib ki, burada həm sovet dövründə, həm də sonrakı mərhələdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmayıb.
Dövlət başçısının sözlərinə görə, Naxçıvanda böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir.
Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin gələn ildən başlanması nəzərdə tutulur.
Özəl və xarici investorlar da prosesə cəlb ediləcək
Prezident bildirib ki, iş iki istiqamət üzrə qurulur.
Birinci istiqamət dövlət xəttidir və bu məsələləri “AzerGold” həll edəcək. İkinci istiqamət isə özəl sektorun iştirakıdır.
Dövlət başçısının sözlərinə görə, bu sahə özəl sektor üçün də açıqdır və xarici tərəfdaşların apardıqları geoloji kəşfiyyat işləri nəticə verərsə, xarici investorlar da iştirak edə biləcəklər.
Prezident vurğulayıb ki, əhəmiyyətli dərəcədə yeni qızıl, mis və molibden yataqları aşkarlanarsa, bütün sikl – zənginləşdirmə və emal zənciri yaradılmalıdır.
“Əgər əhəmiyyətli dərəcədə aşkarlanarsa, bu resursları sadəcə olaraq filiz kimi dünya bazarlarına çıxarmaq səhv olar”.
“Filizçay” üzrə investisiya qərarı veriləcək
Prezident İlham Əliyev Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağını Avropa qitəsinin ən perspektivli yataqlarından biri kimi göstərib.
Onun sözlərinə görə, “AzerGold” artıq bir neçə ildir yatağın istismara hazırlanması ilə bağlı işlər görür.
Prezident bildirib ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalı və yekun investisiya qərarı qəbul edilməlidir.
Dövlət başçısı “AzerGold”un bu yatağın 100 faiz səhmdarı olmalı olduğunu bildirib. İstismar getdikcə yatağın qiymətinin və dəyərinin artacağını qeyd edən Prezident gələcəkdə müəyyən faiz səviyyəsində xarici investorların da layihəyə cəlb edilə biləcəyini deyib.
Qərb Sənaye Parkında bir neçə zavod yaradılacaq
Prezident bildirib ki, Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır.
“Daşkəsən” filiz yatağının istismarı və ona yaxın bölgələrdə digər layihələrin icrası Qərb Sənaye Parkının yaradılmasını şərtləndirib.
Burada tezliklə infrastrukturun yaradılması və bu məqsədlə büdcədə lazımi vəsaitin nəzərdə tutulması planlaşdırılır.
Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Filiz hasilatı ilə yanaşı, bir neçə zavodun yaradılması nəzərdə tutulur. Zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır.
Prezident filizin daşınması üçün tariflərdə güzəştlərin edilməsinin vacibliyini də qeyd edib.
Eyni zamanda, maksimum ekoloji ekspertizanın aparılmalı və bütün ekoloji normaların gözlənilməli olduğunu vurğulayıb.
Alüminium istehsalı 100 min tona çatdırılacaq
Metallurgiya sənayesinin inkişafından danışan Prezident İlham Əliyev alüminium istehsalının artırılmasının nəzərdə tutulduğunu bildirib.
Dövlət başçısının sözlərinə görə, xarici tərəfdaşlardan müəyyən təkliflər olsa da, onlar reallaşmayıb.
Prezident qeyd edib ki, qəbul olunacaq proqram əsasında alüminium istehsalı 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılmalıdır.
Bu istiqamətdə də bir neçə zavodun yaradılması nəzərdə tutulur.
İllik müsbət maliyyə təsiri 1 milyard manatdan çox gözlənilir
Prezident bildirib ki, proqramın maliyyə təminatı bəllidir və bütün müvafiq qurumlarla razılaşdırılıb.
Dövlət başçısının sözlərinə görə, yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür.
Prezident sahənin maliyyətutumlu olmaqla yanaşı gəlirli olduğunu da qeyd edib və yerli və xarici investorlar üçün qapıların açıq olduğunu bildirib.
Proqramın icrası nəticəsində yeni güclü sənaye istiqamətinin yaradılması, beş mindən çox, bəlkə də daha çox yeni iş yerinin açılması, Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artırılması, büdcəyə vergilər şəklində böyük vəsaitlərin daxil olması və güclü ixrac potensialının yaradılması nəzərdə tutulur.
“İndi bunu demək bəlkə də bir qədər tezdir. Amma gözlənilən illik müsbət maliyyə təsiri bir milyard manatdan daha çox olmalıdır. Yəni son rəqəm demək istəmirəm. Amma bunlar milyardlarla manat səviyyəsində ölçülə biləcək layihələrdir”, - Prezident İlham Əliyev bildirib.
Müştərilərin xəbərləri
CFI Financial İnvestisiya Şirkəti 400-dən çox iştirakçının qatıldığı seminarla maliyyə biliklərinin artırılmasına sadiqliyini gücləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
26 d. əvvəl
"Burada filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur"
-
- 42 d. əvvəl
- 51 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanda dağ-mədən və metallurgiya üzrə yeni Dövlət Proqramı: 5 mindən çox iş yeri yaradılacaq
-
1 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - Dağ-mədən və metallurgiya sənayesi müzakirə edilib
-
2 saat əvvəl
“Abşeron Logistika” 2025-ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzilin mərtəbəsi qiymətə ciddi təsir edir – son mərtəbə 16% ucuzdur
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanda dağ-mədən və metallurgiya üzrə yeni Dövlət Proqramı: 5 mindən çox iş yeri yaradılacaq
“Abşeron Logistika” 2025-ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub
Sentyabrın 23-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Hündür binalardakı mənzillər 36%-dək baha satılır
Azərbaycanda ən çox 2 otaqlı mənzillər alınır
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi ®
Bakının ən bahalı və ən ucuz rayonları məlum oldu
Bakıda mənzillər ölkə üzrə göstəricidən daha sürətlə bahalaşıb
Azərbaycanın təkrar mənzil bazarında 5,4 milyard manatlıq alqı-satqı



























