Almaniyada kütləvi ixtisarlar dərinləşir – Şirkətlər 200 mindən çox iş yerini ixtisar etməyi planlaşdırırlar
Almaniyada kütləvi işdənçıxarmalar – 200 mindən çox iş yeri ixtisar edilir. Almaniya sənayesində böyük böhran – Bir ildə 140 min insan işini itirib. Volkswagen, Bosch, Siemens, Deutsche Bank – Almaniya nəhəngləri işçiləri ixtisar edirlər. Almaniyanın avtomobil sənayesində ağır vəziyyət – 143 mindən çox iş yeri itirilibAvropanın ən böyük iqtisadiyyatı olan Almaniyada sənaye, avtomobil, logistika, sığorta, telekommunikasiya və maliyyə sektorlarında kütləvi işdənçıxarmalar genişlənir. Ölkənin aparıcı şirkətlərinin son iki ildə açıqladıqları və 2026-cı ildə yeni tədbirlərlə genişləndirdikləri çoxillik ixtisar planları Almaniya üzrə təxminən 160 min, qlobal miqyasda isə 200 mindən çox iş yerini əhatə edir.
Marja.az xəbər verir ki, Almaniyanın iri şirkətləri qlobal tələbin zəifləməsi, Çin istehsalçılarının bazar payının artması, yüksək enerji qiymətləri, ABŞ-ın gömrük tarifləri və süni intellekt texnologiyalarının sürətli tətbiqi fonunda xərcləri azaltmaq üçün genişmiqyaslı restrukturizasiya proqramlarını davam etdirirlər.
İxtisarlar xüsusilə avtomobil sənayesində ağır nəticələrə səbəb olur. Son bir ildə Almaniyanın sənaye müəssisələrində çalışanların sayı 140 min 200 nəfər və ya 2,6% azalıb. Avtomobil sektorunda isə eyni dövrdə 36 min 100 iş yeri itirilib.
Qeyd edək ki, 160 min və 200 mindən çox iş yeri ilə bağlı rəqəmlər şirkətlərin müxtəlif illər üzrə elan etdikləri ixtisar planlarının miqyasını göstərir. Bu, həmin iş yerlərinin hamısının artıq ləğv edildiyi demək deyil.
Almaniya iqtisadiyyatında artım işdənçıxarmaları dayandıra bilməyib
Almaniya iqtisadiyyatı ardıcıl iki il davam edən tənəzzüldən sonra 2026-cı ildə məhdud artım mərhələsinə daxil olub. Dövlət xərclərinin genişləndirilməsi və ixracın canlanması iqtisadi fəallığa müəyyən dəstək versə də, şirkətlərin işçi sayını azaltmaq planları davam edir.
Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına əsasən, 2026-cı ilin üçüncü rübündə ölkə iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 0,2%, illik müqayisədə isə 1,3% böyüyüb.
Aparıcı iqtisadi tədqiqat institutları 2026-cı ilin yekununda Almaniya iqtisadiyyatının 1,3–1,4% artacağını proqnozlaşdırırlar.
Eyni zamanda, S&P Global-ın istehsal sektorunda Satınalma Menecerləri İndeksi (PMI) oktyabrda 54,2 bəndə yüksələrək son dörd ilin ən yüksək səviyyələrindən birinə çatıb.
Bununla belə, sənaye istehsalında və ixracda müşahidə olunan canlanma müəssisələrin struktur ixtisarlarını dayandırmaq üçün kifayət etməyib.
Almaniyanın ixracdan yüksək dərəcədə asılı olan sənaye sektoru enerji və əmək xərclərinin yüksəkliyi, geosiyasi qeyri-müəyyənliklər və beynəlxalq rəqabətin güclənməsi səbəbindən işçi sayının azaldılması siyasətini davam etdirir.
Almaniya sənayesində bir ildə 140 min 200 iş yeri itirilib
Beynəlxalq audit və konsaltinq şirkəti EY-nin Destatis məlumatları əsasında hazırladığı "2026-cı ilin üçüncü rübü üzrə Sənaye Barometri" hesabatı göstərir ki, sənayedə gəlirlərin bərpası məşğulluğun artmasına səbəb olmayıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Hesabata əsasən, Almaniyanın sənaye müəssisələrinin ümumi dövriyyəsi üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 546,3 milyard avroya çatıb.
Süni intellekt üçün məlumat mərkəzlərinin tikintisi və müdafiə xərclərinin artması fonunda metal istehsalı sektorunun dövriyyəsi 19,5%, elektrik sənayesinin dövriyyəsi isə 12,1% yüksəlib.
Lakin dövriyyədəki artıma baxmayaraq, sənaye müəssisələrində çalışanların sayı azalıb. 2026-cı ilin sentyabr ayının sonuna Almaniya sənayesində 5,3 milyon nəfər çalışıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 140 min 200 nəfər və ya 2,6% azdır.
EY-nin məlumatına əsasən, 2019-cu ildən bəri Almaniya sənayesində ümumilikdə 405 min 800 iş yeri itirilib. Başqa sözlə, pandemiyadan əvvəlki dövrlə müqayisədə sənayedə təxminən hər 14 iş yerindən biri ləğv olunub.
Avtomobil sənayesi ən böyük itkilərlə üzləşib
Almaniya iqtisadiyyatının aparıcı sahələrindən olan avtomobil sənayesi məşğulluq baxımından ən çox zərər görən sektorlardan biridir. EY-nin hesabatına görə, son bir ildə avtomobil sənayesində çalışanların sayı 36 min 100 nəfər azalıb.
2019-cu ildən bəri isə sektorda 143 min 500-dən çox iş yeri itirilib.
Avtomobil istehsalçılarının üzləşdiyi əsas problemlər arasında elektrik avtomobillərinə keçidin gözləniləndən zəif getməsi, Çin istehsalçıları ilə rəqabətin güclənməsi, istehsal xərclərinin artması və avtonom idarəetmə texnologiyalarına böyük investisiyaların tələb olunması yer alır.
Bu amillər istehsalçıları və avtomobil komponentləri təchizatçılarını xərclərin azaldılmasına, fabriklərin fəaliyyətinin yenidən təşkilinə və işçi sayının optimallaşdırılmasına məcbur edir.
Volkswagen 100 min iş yerini ixtisar etməyi planlaşdırır
Almaniyanın ən böyük avtomobil istehsalçılarından olan Volkswagen Qrupu xərclərin azaldılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir. Şirkət 2024-cü ilin sonunda həmkarlar ittifaqları ilə Almaniyada 35 min iş yerinin azaldılmasına dair razılaşma əldə etmişdi.
Sonradan əlavə qənaət tədbirlərinin açıqlanması ilə qrup üzrə 2030-cu ilə qədər ixtisar ediləcək iş yerlərinin ümumi sayının 100 minə çatdırılması hədəflənib.
Volkswagen-in tərkibində fəaliyyət göstərən premium avtomobil istehsalçıları da oxşar tədbirlər həyata keçirirlər.
Audi 7500, Porsche isə 3900 iş yerinin azaldılmasını nəzərdə tutan planlarını davam etdirir.
Volkswagen-in ixtisar proqramları yüksək istehsal xərclərinin azaldılması, rəqabət qabiliyyətinin bərpası və şirkətin elektrik avtomobilləri bazarındakı mövqeyinin gücləndirilməsi məqsədi daşıyır.
Bosch, ZF və Schaeffler də minlərlə işçini ixtisar edir
Avtomobil komponentləri istehsalçıları da Almaniyada iş yerlərini azaltmağa davam edirlər.
Dünyanın ən böyük avtomobil təchizatçılarından biri olan Bosch mobillik və avtomobil proqram təminatı bölmələrində restrukturizasiya çərçivəsində 13 mindən çox iş yerinin azaldılması proqramını həyata keçirir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Digər iri təchizatçı ZF Friedrichshafen isə 2028-ci ilə qədər Almaniyada 14 minədək iş yerini ixtisar etməyi planlaşdırır.
Schaeffler şirkəti noyabrın 3-də Avropada ümumilikdə 3460 iş yerinin azaldılacağını açıqlayıb.
Şirkət bu qərarını elektrik avtomobillərinə keçid prosesinin yavaşlaması və mənfəət marjalarının azalması ilə əsaslandırıb.
Şin və avtomobil hissələri istehsalçısı Continental də tədqiqat və inkişaf, eləcə də avtomobil komponentləri bölmələrində minlərlə iş yerini azaltmaq istiqamətində tədbirləri davam etdirir.
Ağır sənaye və mühəndislik şirkətlərində də ixtisarlar genişlənir
İş yerlərinin azaldılması yalnız avtomobil sektoru ilə məhdudlaşmır.
Almaniyanın iri polad və texnologiya şirkətlərindən olan Thyssenkrupp polad istehsalı bölməsində 2030-cu ilə qədər 11 min iş yerini azaltmağı və istehsal güclərini ixtisar etməyi planlaşdırır.
Şirkət bu tədbirlərlə istehsal xərclərini azaltmağa və polad bazarında rəqabət qabiliyyətini qorumağa çalışır.
Mühəndislik və texnologiya şirkəti Siemens isə sənaye avtomatlaşdırılması və rəqəmsal həllərə üstünlük verən strategiyası çərçivəsində dünya üzrə 5600-dən çox iş yerinin azaldılmasını nəzərdə tutur.
Şirkətlərdə struktur dəyişiklikləri daha çox ənənəvi istehsal funksiyalarının avtomatlaşdırılması, rəqəmsallaşdırma və yeni texnologiyalara investisiyalarla əlaqədardır.
Deutsche Bahn və DHL minlərlə iş yerini azaldır
Almaniyanın nəqliyyat və logistika sektorunda da genişmiqyaslı ixtisar proqramları həyata keçirilir.
Ölkənin dövlət dəmir yolu operatoru Deutsche Bahn 30 min iş yerinin azaldılmasını nəzərdə tutan restrukturizasiya proqramını davam etdirir.
Logistika nəhəngi DHL isə Almaniyadakı əməliyyatlarında 8 min iş yerinin ixtisar edilməsini planlaşdırır.
Bu tədbirlər şirkətlərin əməliyyat xərclərini azaltmaq, idarəetmə strukturlarını sadələşdirmək və məhsuldarlığı artırmaq məqsədləri ilə əlaqələndirilir.
Deutsche Bank və Commerzbank 5900-dən çox iş yerini azaltmağı hədəfləyirlər
İşdənçıxarmalar Almaniyanın maliyyə sektorunu da əhatə edir. Ölkənin aparıcı banklarından olan Deutsche Bank və Commerzbank rəqəmsal bankçılığa, süni intellektə əsaslanan sistemlərə və əməliyyatların avtomatlaşdırılmasına investisiyalarını artırırlar.
Banklar filial şəbəkələrinin optimallaşdırılması, inzibati və dəstək funksiyalarının azaldılması çərçivəsində ümumilikdə 5900-dən çox iş yerini ixtisar etməyi hədəfləyirlər.
Rəqəmsal xidmətlərin genişlənməsi bankların ənənəvi filial və əməliyyat heyətinə tələbatının azalmasına təsir göstərən amillərdən biridir.
Sığorta və telekommunikasiya sektorlarında əsas səbəb süni intellektdir
Almaniyada işçi sayının azaldılmasına getdikcə daha çox süni intellekt texnologiyaları və avtomatlaşdırma prosesləri təsir göstərir. Sığorta şirkəti Allianz Partners iyulun 8-də əməliyyatlarında süni intellekt və avtomatlaşdırma sistemlərinə keçidlə əlaqədar 1800 əməkdaşı əhatə edən iş yerlərinin azaldılması proqramı açıqlayıb.
Telekommunikasiya operatoru O2 Telefónica iyulun 18-də biznes proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırmanın genişləndirilməsi məqsədilə 1100 iş yerinin ixtisar ediləcəyini və 60 mağazanın bağlanacağını bildirib.
Şirkətin struktur dəyişiklikləri ümumilikdə 1400 iş yerinə təsir göstərəcək.
Digər telekommunikasiya operatoru Vodafone isə qlobal restrukturizasiya proqramı çərçivəsində qarşıdakı iki il ərzində Almaniyada təxminən 2300 iş yerini azaltmağı planlaşdırır.
EY: İşdənçıxarmalardan ən çox gənclər zərər görür
EY-nin Almaniya üzrə idarəedici tərəfdaşı Yan Brorhilker (Jan Brorhilker) bildirib ki, sənaye sektorunda dövriyyə baxımından müəyyən bərpa müşahidə olunsa da, bu proses hələ genişmiqyaslı və dayanıqlı yüksəlişə çevrilməyib.
Onun sözlərinə görə, Almaniya hökumətinin 2026-cı il üçün nəzərdə tutduğu 1,3%-lik iqtisadi artım və biznes mühitində yaranan müəyyən nikbinlik yeni iş yerlərinin açılması üçün kifayət etmir.
Brorhilker bildirib ki, xüsusilə əsas sənaye sahələrində iş yerlərinin azaldılması davam edir.
Avtomobil istehsalçılarından asılı olan çoxsaylı təchizatçı və əlaqəli müəssisələrin mövcudluğu səbəbindən avtomobil sektorundakı zəiflik bütün Almaniya sənayesinə təsir göstərir.
EY nümayəndəsinin sözlərinə görə, şirkətlərin həyata keçirdikləri genişmiqyaslı qənaət proqramları və süni intellektin gələcək illərdə işçi qüvvəsinə tələbatı azaltması məşğulluq bazarında sürətli bərpanı çətinləşdirir.
O vurğulayıb ki, müəssisələr xərcləri azaltmaq qərarı verdikdə ilk növbədə yeni vakansiyalar ləğv edilir. Bu isə xüsusilə əmək fəaliyyətinə yeni başlayan gənclərə mənfi təsir göstərir.
Süni intellekt Almaniyada 800 min iş yerini dəyişdirə bilər
Almaniya Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nales (Andrea Nahles) bildirib ki, süni intellekt qarşıdakı 15 il ərzində ölkədə təxminən 800 min iş yerinin xarakterini dəyişə bilər.
Onun qiymətləndirməsinə görə, yeni texnologiyalar bəzi iş funksiyalarını avtomatlaşdırmaqla yanaşı, yeni məşğulluq imkanları da yaradacaq. Almaniyanın Məşğulluq Araşdırmaları İnstitutunun (IAB) məlumatları göstərir ki, ölkədə hər dörd müəssisədən biri artıq süni intellekt texnologiyalarından istifadə edir.
Eyni zamanda, xüsusilə başlanğıc səviyyəli ofis və inzibati vəzifələrə işə qəbul tempinin zəiflədiyi müşahidə olunur.
Bu tendensiya gənclərin və yeni məzunların əmək bazarına daxil olmasını çətinləşdirən amillərdən biri kimi qiymətləndirilir.
"Made in Germany" biznes modeli dəyişir
İqtisadçıların fikrincə, Almaniyanın onilliklər boyu uğurla istifadə etdiyi ənənəvi sənaye modeli ciddi struktur dəyişiklikləri ilə üzləşib.
Həmin model ucuz enerji və xammalın idxalına, yüksək mühəndislik texnologiyaları ilə emalına və hazır məhsulların "Made in Germany" brendi altında dünya bazarlarına ixracına əsaslanırdı.
Lakin son illərdə enerji qiymətlərinin artması, geosiyasi gərginliklər, Çin istehsalçılarının elektrik avtomobilləri və yüksək texnologiyalı məhsullar bazarında mövqelərini gücləndirməsi, ABŞ-ın gömrük tarifləri, bürokratik maneələr və əhalinin yaşlanması Almaniya sənayesinin rəqabət qabiliyyətinə təzyiq göstərir.
Bu şəraitdə şirkətlər xərcləri azaltmaq və məhsuldarlığı yüksəltmək üçün investisiyalarını daha çox süni intellektə, avtomatlaşdırmaya və xaricdə yerləşən istehsal müəssisələrinə yönəldirlər.
Nəticədə Almaniyada sənaye müəssisələrinin dövriyyəsi artsa da, ənənəvi iş yerlərinin azalması davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 d. əvvəl
Aİ komissarı: Rusiya gələn il Ukraynaya 20 milyon dron buraxmağı planlaşdırır
-
4 d. əvvəl
Uoller FED-i dekabrda faizi 0,5 faiz bəndi artırmağı nəzərdən keçirməyə çağırıb
- 11 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün ®
- 3 saat əvvəl
-
3 saat əvvəl
Daha bir BOKT illik 15 faizlə 5 milyon manatlıq istiqraz buraxır
-
4 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 60 milyon manata kağız istehsalı layihəsi həyata keçirəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Almaniyada kütləvi ixtisarlar dərinləşir – Şirkətlər 200 mindən çox iş yerini ixtisar etməyi planlaşdırırlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün ®
Ən çox oxunanlar
“İdeal Kredit”in xalis mənfəəti 2 dəfədən çox artıb
Daha bir BOKT illik 15 faizlə 5 milyon manatlıq istiqraz buraxır
Sumqayıt Sənaye Parkında yeni şirkət - 60 milyon manata kağız istehsalı layihəsi həyata keçirəcək
Naxçıvanın yanacaqla təchizatı ilə bağlı SOCAR-dan açıqlama

























