Azərbaycana gələnlərin sayı 3,8 milyona, xərclərinin 6,3 milyard manata çatacağı gözlənilir
Azərbaycan turizmdə böyük hədəf qoydu: Xarici turistlər 6,3 milyard manat xərcləyəcək. Turizmdə 2030 planı açıqlandı: Azərbaycana 3,8 milyon əcnəbi gəlməlidirAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Proqram turizmin ölkənin sosial-iqtisadi inkişafındakı rolunun gücləndirilməsini, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsini, regionların rəqabət qabiliyyətinin artırılmasını və Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin möhkəmləndirilməsini nəzərdə tutur.
Sənəddə 2030-cu ilədək turizm sektorunun iqtisadi göstəricilərində əhəmiyyətli artım hədəflənib. Dövlət Proqramına əsasən, turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin 2025-ci ildəki 6 milyard 962,8 milyon manatdan 2030-cu ildə 12 milyard 170,9 milyon manata çatdırılması planlaşdırılır. Bu dövr üzrə təxminən 40 faiz real artım hədəfi müəyyən edilib.
Turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə yaradılan əlavə dəyərin isə 3 milyard 573 milyon manatdan 6 milyard 189,3 milyon manata yüksəlməsi gözlənilir. Bu istiqamətdə 2026–2030-cu illəri əhatə edən dövr üzrə təxminən 41,6 faiz real artım nəzərdə tutulur.
Xarici turistlərin xərcləri 6,3 milyard manata çatdırılacaq
Dövlət Proqramında ən diqqətçəkən göstəricilərdən biri xarici turistlərdən əldə ediləcək gəlirlərlə bağlıdır.
2025-ci ildə turizm üzrə daxilolmalar, yəni xarici turistlərin xərcləri faktiki olaraq 3,3 milyard manat təşkil edib. 2026-cı il üçün bu göstərici 2,9 milyard manat proqnozlaşdırılsa da, sonrakı illərdə sürətli artım gözlənilir:
2027-ci il – 3,8 milyard manat;
2028-ci il – 4,7 milyard manat;
2029-cu il – 5,4 milyard manat;
2030-cu il – 6,3 milyard manat.
Beləliklə, proqram dövrünün sonunda turizmdən daxilolmaların təxminən 2 dəfə artırılması hədəflənir.
Azərbaycana gələnlərin sayı 3,8 milyona yaxınlaşacaq
2030-cu ildə Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının 3 milyon 798,8 min nəfərə çatdırılması nəzərdə tutulur. 2025-ci ildə bu göstərici 2 milyon 570,2 min nəfər olub. Proqram üzrə orta illik artım 8,1 faiz səviyyəsində müəyyən edilib.
Ölkə daxilində turizm məqsədilə səfər edən Azərbaycan vətəndaşlarının sayının isə 2025-ci ildəki 5 milyon 862,2 min nəfərdən 2030-cu ildə 7 milyon 367,6 min nəfərə yüksəlməsi gözlənilir. Mehmanxanalarda keçirilən gecələmələrin sayı da 4 milyon 569,5 min gecədən 6 milyon 321,2 min gecəyə çatdırılmalıdır.
Turizm üçün xarakterik sahələrin qeyri-neft-qaz ÜDM-ində payının 2025-ci ildəki 7,5 faizdən 2030-cu ildə 8,6 faizə yüksəldilməsi də əsas hədəflərdəndir.
Azərbaycanda yeni viza növü yaradılacaq
Dövlət Proqramı ölkəyə giriş imkanlarının liberallaşdırılmasını da nəzərdə tutur.
Sənədə əsasən, hədəf turizm bazarlarından turist axınının artırılması məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq edilən ölkələrin sayının artırılması, çoxdəfəlik elektron vizaların verilməsi prosesinin təkmilləşdirilməsi və elektron, o cümlədən sərhəddə viza rejiminin tətbiq edildiyi ölkələrin sayının genişləndirilməsi planlaşdırılır.
Ən mühüm yeniliklərdən biri isə yeni “rəqəmsal səyyah” viza altnövünün təsis edilməsidir. Bu viza məsafədən işləyərək müxtəlif ölkələrdə uzunmüddətli yaşayan “digital nomad” kateqoriyasına daxil olan şəxslərin Azərbaycana cəlb edilməsinə imkan yarada bilər.
Ucuz aviabiletlər və aşağıbüdcəli aviaşirkətlər gündəmdədir
Proqramda turizmin inkişafının əsas problemlərindən biri kimi nəqliyyat əlçatanlığı göstərilir.
Bu istiqamətdə Azərbaycanın xarici ölkələrlə birbaşa hava əlaqələrinin coğrafiyasının genişləndirilməsi, uçuş tezliyinin artırılması və aviabilet qiymətlərinə əlçatanlığın yaxşılaşdırılması nəzərdə tutulur.
Eyni zamanda, regionlarda yerləşən hava limanlarına yeni beynəlxalq reyslərin və aşağıbüdcəli aviaşirkətlərin cəlb olunması üçün təşviq mexanizmlərinin hazırlanması planlaşdırılır. Buraya hava limanı yığımları, yerüstü xidmət haqları və uçuşların doluluq səviyyəsi üzrə təşviq və kompensasiya mexanizmlərinin müəyyənləşdirilməsi də daxildir.
Turizm investorlarına yeni güzəştlər nəzərdə tutulur
Dövlət Proqramı turizm layihələrinin investisiya təşviqi mexanizminə daxil edilməsini də nəzərdə tutur.
Turizm fəaliyyəti ilə bağlı layihələrin “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” siyahısına əlavə edilməsi planlaşdırılır. Müvafiq təşviqlərin 2030-cu ilin sonunadək qüvvədə olması nəzərdə tutulub. İnvestisiya təşviqi sənədinin Dövlət Turizm Agentliyinin rəyi əsasında İqtisadiyyat Nazirliyi tərəfindən verilməsi planlaşdırılır.
Bundan başqa, turizm və rekreasiya zonalarında mehmanxana və digər yerləşmə obyektləri, sanatoriya-kurort müəssisələri, qış idmanı infrastrukturu və konqres fəaliyyəti ilə bağlı investisiya layihələri üzrə manatla götürülən kreditlərin faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur. Çarter uçuşlarını təşkil edənlərin xərclərinin kompensasiyası üçün ayrıca subsidiya mexanizminin yaradılması da proqramda yer alıb.
3 yeni turizm zonası, kəndlərdə yeni infrastruktur
2027–2030-cu illərdə 3 yeni turizm və rekreasiya zonasının yaradılması, bu zonaların tərkibində ən azı 3 turizm mərkəzinin formalaşdırılması və onların infrastrukturla təmin edilməsi planlaşdırılır. Hazırlanmış mərkəzlərdə özəl investisiyaların və dövlət–özəl tərəfdaşlığı layihələrinin cəlb olunması nəzərdə tutulur.
“Kənd turizmi” istiqamətində isə turizm potensialına malik kəndlər üzrə ayrıca Tədbirlər Planının hazırlanması və 8 kənddə turizmlə əlaqəli infrastruktur işlərinin həyata keçirilməsi hədəflənib.
Bundan başqa, regionlarda 8 yeni turizm məntəqəsinin nəqliyyat əlçatanlığının yaxşılaşdırılması planlaşdırılır.
Azərbaycan turizmdə Gürcüstan və Qazaxıstandan geridədir
Dövlət Proqramında sektorun mövcud problemləri də açıq şəkildə göstərilib. Dünya İqtisadi Forumunun “Səyahət və Turizmin İnkişafı İndeksi 2024” hesabatına əsasən, Azərbaycan 119 ölkə arasında 56-cı yerdədir.
Azərbaycan Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistanı qabaqlasa da, Gürcüstandan 11, Qazaxıstandan isə 4 pillə geri qalır.
Sənəddə həmçinin turist axınının Rusiya, Gürcüstan, Türkiyə və İran kimi məhdud sayda bazarlardan yüksək dərəcədə asılı olması, mövsümilik, hotel otaqlarının sayının azlığı, kadr çatışmazlığı, xidmət keyfiyyəti və rəqəmsallaşma problemləri sektorun əsas çağırışları sırasında göstərilir.
Proqramın həyata keçirilməsi dövlət büdcəsi, beynəlxalq təşkilatlar, donorlar və fondların vəsaitləri, qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək. Eyni zamanda, tədbirlərin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması təşviq ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
15 d. əvvəl
Azərbaycana gələnlərin sayı 3,8 milyona, xərclərinin 6,3 milyard manata çatacağı gözlənilir
-
44 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyası davam edir ®
-
49 d. əvvəl
Prezident turizmlə bağlı 5 illik Dövlət Proqramını təsdiqlədi
-
1 saat əvvəl
Azercell “Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb ®
-
1 saat əvvəl
İnvestorlar 14% gəlir üçün 1 milyon manatlıq sifariş verdilər
-
2 saat əvvəl
Paytaxtda torpaq bahalaşır: Yüksək tələb qiymətləri artırır - ABB-dən yeni hesabat
- 2 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyası davam edir ®
İnvestorlar 14% gəlir üçün 1 milyon manatlıq sifariş verdilər
Ən çox oxunanlar
Bank olmayan kredit təşkilatına yeni direktor təyin edilib
“Güzəştli mənzil” sistemində bir sıra dəyişiklik edilib
Avqustun 21-də gözlənilən hava şəraiti
AZAL sərnişinləri təyyarədə bank kartı ilə ödəniş edə biləcəklər










.jpg)









