Beynəlxalq reytinq agentliyi "AFB Bank"a “Stabil” qiymətini verdi
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi AFB Bank ASC-nin uzunmüddətli emitent defoltu reytinqini (IDR) “B” səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz “Stabil” saxlanılıb.
Marja.az “Fitch Ratings”ə istinadən xəbər verir ki, bankın maliyyə dayanıqlılığı reytinqi (VR) “b” səviyyəsində təsdiqlənib.
“Fitch”in məlumatına görə, AFB Bankın reytinqi onun müstəqil kredit profilinə əsaslanır. Qiymətləndirmədə Bankın bazardakı mövqeyi, sürətli inkişaf strategiyasının kapital və gəlirlilik göstəricilərinə təsiri, biznes və kredit portfelində mövcud təmərküzləşmə səviyyəsi, həmçinin son dövrlərdə əhəmiyyətli artım nümayiş etdirən kredit portfelinin keyfiyyəti əsas amillər sırasında nəzərə alınıb).
Bankın qənaətbəxş likvidlik ehtiyatı isə reytinqi dəstəkləyən amillərdən biri kimi qiymətləndirilib
Azərbaycanda bankların fəaliyyət mühiti daha yüksək qiymətləndirilib
“Fitch” Azərbaycan bankları üçün fəaliyyət mühiti üzrə qiymətləndirməni “bb-” səviyyəsindən “bb” səviyyəsinə yüksəldib və proqnozu “Stabil” saxlayıb.
Agentlik qərarı tənzimləyici nəzarətin sərtləşdirilməsi və risk əsaslı nəzarət sisteminin tətbiqində əldə olunan irəliləyişlə əlaqələndirib. Bu dəyişikliklərin bank sektorunun iqtisadi tsikllərdən qaynaqlanan təzyiqlərə davamlılığını gücləndirəcəyi gözlənilir.
Qiymətləndirmədə Azərbaycanın möhkəm suveren kredit profili və makroiqtisadi sabitliyə göstərilən dövlət dəstəyi də nəzərə alınıb. Bununla bankların fəaliyyət mühiti göstəricisi ilə Azərbaycanın “BBB- / Stabil” suveren reytinqi arasındakı fərq azalıb.
“Fitch” Azərbaycan iqtisadiyyatının tsiklik xüsusiyyətlərinə baxmayaraq, bank sektorunun maliyyə profilinin 2026–2027-ci illərdə sağlam qalacağını gözləyir.
AFB Bankın bazar payı
2026-cı ilin birinci yarısının sonuna AFB Bankın payına ölkənin bank sektorunun aktiv və depozitlərinin təxminən 1 faizi düşüb.
Bankın ümumi kredit portfelinin 39 faizini pərakəndə kreditlər təşkil edib. Pərakəndə portfel ipoteka və təminatsız nağd kreditlər arasında bölünüb. Korporativ kreditlərin payı 39 faiz, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş kreditlərin payı isə 22 faiz olub.
“Fitch”in qiymətləndirməsinə görə, AFB Bankın korporativ kredit portfelində müəyyən təmərküzləşmə mövcud olsa da, iri borcalanlar üzrə kreditlərin əhəmiyyətli hissəsi təminatla dəstəklənir. Belə ki, agentliyin məlumatına əsasən, bu kreditlərin təxminən yarısı nağd vəsaitlə təmin edilib. Bu amil kredit risklərinin idarə olunmasına əlavə dəstək verən mühüm faktor kimi çıxış edir.
Bank tanınmış yerli iş adamına məxsusdur və fəaliyyətini şaxələndirməklə, eləcə də biznesini böyütməklə maliyyə göstəricilərini yaxşılaşdırmağı planlaşdırır.
Kredit portfeli 6 ayda 35 faiz böyüyüb
“Fitch” AFB Bankın kreditvermə standartlarını zəif qiymətləndirib. Buna əsas səbəb kimi ayrı-ayrı iri borcalanlar üzrə yüksək kredit təmərküzləşməsi göstərilib.
Agentliyin hesablamalarına görə, 2026-cı ilin birinci yarısının sonuna bankın 25 ən iri borcalanının payına ümumi kredit portfelinin 39 faizi düşüb. Bu borcalanlara verilmiş kreditlərin 48 faizi pul vəsaiti şəklində girovla təmin olunub (Bu o deməkdir ki, həmin iri borcalanlara verilmiş kreditlərin bir hissəsinin qarşılığında bankda pul depoziti girov saxlanılır).
AFB Bankın kredit portfeli 2024-cü ildə cəmi 2 faiz artdığı halda, 2025-ci ildə 58 faiz böyüyüb. Kredit artımı 2026-cı ilin birinci yarısında da yüksək olaraq qalıb və 35 faiz təşkil edib.
Sürətli artım əsasən pərakəndə və mikro, kiçik və orta biznes kreditləri hesabına təmin olunub.
Problemli kreditlərin payı iki dəfə azalıb
AFB Bankın üçüncü mərhələyə aid və ilkin tanınma zamanı dəyərsizləşmiş kreditlərinin ümumi portfeldə payı 2024-cü ilin sonundakı 14,4 faizdən 2025-ci ilin sonunda 7,3 faizə düşüb.
Beləliklə, problemli kreditlərin xüsusi çəkisi bir ildə 7,1 faiz bəndi və ya təxminən iki dəfə azalıb. Bu yaxşılaşma əvvəlki illərdən qalan problemli kreditlər üzrə irihəcmli geri ödənişlər və portfelin sürətlə böyüməsi ilə bağlı olub. Agentlik bu müsbət dinamikanın davam edəcəyini proqnozlaşdırır. Fitch-in gözləntilərinə görə, Mərhələ 3 və dəyərsizləşmiş kreditlər də daxil olmaqla, problemli kreditlərin payı 2026-cı ildə təxminən 4%-ə qədər azalaraq, 2027-ci ildə də bu səviyyəyə yaxın qala bilər. Bu dinamika əvvəlki dövrlərdən qalan kreditlər üzrə daxilolmalar, portfelin təmizlənməsi və kredit portfelinin artımı ilə əlaqələndirilir.
İkinci mərhələyə aid kreditlərin payı 2025-ci ilin sonunda ümumi portfelin 2 faizindən aşağı səviyyədə qalıb. Üçüncü mərhələ kreditlərinin xüsusi ehtiyatlarla təmin olunma səviyyəsi isə 66 faiz təşkil edib və “Fitch” tərəfindən qənaətbəxş qiymətləndirilib.
Agentlik problemli kreditlərin payının 2026-cı ildə təxminən 4 faizə düşəcəyini və 2027-ci ildə bu səviyyədə qalacağını gözləyir. Azalma əlavə geriödənişlər, kreditlərin silinməsi və portfelin böyüməsi hesabına təmin oluna bilər.
Bununla belə, “Fitch” proqnozla bağlı mənfi risklərin qaldığını vurğulayıb. Bankın sürətlə böyüyən kredit portfelinin böyük hissəsi hələ tam ödəmə dövründən keçmədiyindən, kreditlər “yetişdikcə” aktivlərin keyfiyyətinə təzyiq arta bilər.
Xərc-gəlir nisbəti 98 faizə yüksəlib
AFB Bankın əməliyyat mənfəətinin risklə ölçülmüş aktivlərə nisbəti 2024-cü ildəki 2,9 faizdən 2025-ci ildə 0,9 faizə düşüb. Gəlirliliyin azalmasına biznesin genişləndirilməsi ilə bağlı əməliyyat xərclərinin artması səbəb olub. Bu xərclər hələ müvafiq həcmdə əlavə gəlirlə qarşılanmayıb. Bankın xərc-gəlir nisbəti 2024-cü ildəki 70 faizdən 2025-ci ildə 98 faizə yüksəlib. Başqa sözlə, əməliyyat gəlirlərinin demək olar ki, hamısı xərclərin ödənilməsinə yönəlib.
Xalis mənfəət əvvəlki dövrlərdən qalan problemli kreditlər üzrə geriödənişlərlə bağlı ehtiyatların azad edilməsi hesabına dəstəklənib.
“Fitch” yüksək əməliyyat xərcləri səbəbindən AFB Bankın gəlirliliyinin 2026-cı ildə də təzyiq altında qalacağını gözləyir. Miqyasın böyüməsindən yaranan müsbət təsirin tədricən üzə çıxacağı, xalis mənfəətin isə əsasən əvvəlki problemli kreditlər üzrə əlavə geriödənişlər hesabına mülayim səviyyədə qalacağı proqnozlaşdırılır.
Kapital əmsalı 36 faizdən 23,3 faizə düşüb
AFB Bankın “Fitch” əsas kapital əmsalı 2024-cü ilin sonundakı 36 faizdən 2025-ci ilin sonunda 23,3 faizə enib. Azalma 12,7 faiz bəndi təşkil edib.
Agentlik bunu risklə ölçülmüş aktivlərin sürətlə artması və müntəzəm dividend ödənişləri ilə izah edib. Kapital göstəricisi hələlik güclü qiymətləndirilsə də, onun bankın yüksək kredit artımı və risk təmərküzləşməsi ilə birlikdə nəzərdən keçirilməli olduğu vurğulanıb
Bankın tənzimləyici birinci dərəcəli kapital əmsalı 2025-ci ilin sonundakı 21,9 faizdən 2026-cı ilin birinci yarısının sonunda 16 faizə düşüb. Beləliklə, göstərici altı ayda 5,9 faiz bəndi azalıb.
“Fitch” davam edən kredit artımının AFB Bankın kapital buferini azaltmağa davam edəcəyini gözləyir. Proqnoza əsasən, əsas kapital əmsalı 2027-ci ilin sonunadək 13,5–14 faiz intervalına enə bilər. Agentlik bu səviyyəni daha aşağı, lakin yenə də qənaətbəxş hesab edir.
Depozitlər 6 ayda daha 56 faiz artıb
2026-cı ilin birinci yarısının sonuna müştəri depozitləri AFB Bankın öhdəliklərinin 76 faizini təşkil edib. İnstitusional mənbələrdən cəlb edilmiş vəsaitlərin öhdəliklərdə payı isə 14 faiz olub. Bu vəsaitlər əsasən dövlət inkişaf institutlarından aşağı faizlə cəlb edilmiş uzunmüddətli maliyyələşmədən ibarətdir.
AFB Bankın depozitləri 2025-ci ildə 72 faiz, 2026-cı ilin birinci yarısında isə əlavə 56 faiz artıb. Artım bank sektoru üzrə orta göstəriciləri üstələyib və bankın genişlənmə strategiyasını əks etdirib.
Bankın likvidlik ehtiyatı qənaətbəxş qiymətləndirilib. Likvid aktivlər 2026-cı ilin birinci yarısının sonuna müştəri depozitlərinin təxminən 25 faizinə bərabər olub.
Reytinq hansı hallarda azaldıla bilər?
AFB Bankın maliyyə dayanıqlılığı və uzunmüddətli emitent defoltu reytinqləri kapitallaşmanın ciddi şəkildə zəifləməsi halında azaldıla bilər. Zərərlə işləmə və ya kredit portfelinin sürətli böyüməsi nəticəsində “Fitch” əsas kapital əmsalının davamlı olaraq 13 faizdən aşağı düşməsi reytinq üçün mənfi amil hesab olunur.
Likvidliyin əhəmiyyətli dərəcədə zəifləməsi, xüsusilə iri həcmli depozit axını da reytinqin azaldılmasına səbəb ola bilər.
Reytinqin yüksəldilməsi imkanları hazırda məhduddur. Bunun üçün bankın bazardakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməsi, biznes modelini daha çox şaxələndirməsi və sabitləşdirməsi, eləcə də risklərin idarə edilməsi sistemini ciddi şəkildə təkmilləşdirməsi tələb olunur.
AFB Bankın qısamüddətli emitent defoltu reytinqi “B” səviyyəsində təsdiqlənib. Bu reytinqin yüksəldilməsi üçün AFB Bankın bazardakı mövqeyi əhəmiyyətli dərəcədə genişlənməli, bank ən azı orta səviyyədə sistem əhəmiyyətli maliyyə institutuna çevrilməli və dövlətin bank sektoruna dəstək vermək meyli müsbət istiqamətdə dəyişməlidir.
“Fitch” gəlirlilik göstəricisini qazancın sabitliyi, kapitallaşma göstəricisini kapital bazasının həcmi, daxili kapital yaratma imkanları və artım, maliyyələşmə və likvidlik göstəricisini isə depozitlərin strukturu səbəbindən müvafiq kateqoriyalar üzrə nəzərdə tutulan səviyyələrdən aşağı qiymətləndirib.
“Fitch”in qiymətləndirməsi AFB Bankın aktivlərinin keyfiyyətində əhəmiyyətli yaxşılaşma olduğunu göstərir. Problemli kreditlərin payının 14,4 faizdən 7,3 faizə düşməsi və 2026-cı ildə 4 faizə enəcəyinin gözlənilməsi bank üçün əsas müsbət amildir. Bununla belə, azalmanın bir hissəsi kredit portfelinin sürətlə böyüməsi hesabına baş verib. Portfelin 2025-ci ildə 58 faiz, 2026-cı ilin ilk yarısında isə daha 35 faiz artması problemli kreditlərin ümumi portfeldəki xüsusi çəkisini mexaniki olaraq da aşağı salıb.
Sürətli böyümə eyni zamanda kapital buferini daraldır. Əsas kapital əmsalının 36 faizdən 23,3 faizə, tənzimləyici birinci dərəcəli kapital əmsalının isə 21,9 faizdən 16 faizə enməsi bankın genişlənmə strategiyasının kapital üzərində yaratdığı təzyiqi göstərir. Lakin bu göstərici requlyativ tələblərdən 1.5 dəfədən çox üstələyir.
Digər diqqətçəkən məqam gəlirliliyin keyfiyyətidir. Xərc-gəlir nisbətinin 98 faizə çatması əsas əməliyyat fəaliyyətindən mənfəət yaratmaq imkanlarının zəiflədiyini göstərir. Bu daha çox bankın yeni inkişaf strategiyasını həyata keçirmək üçün çəkdiyi xərclərlə əlaqədardır. Xalis mənfəətin problemli kreditlərin geri qaytarılması ilə əlaqədar ehtiyatların azad edilməsi hesabına dəstəklənməsi də gəlirliliyin dayanıqlılığı ilə bağlı risk yaradır.
“Stabil” proqnoz “Fitch”in mövcud riskləri hazırkı mərhələdə idarəolunan hesab etdiyini göstərir. Bununla belə, AFB Bankın reytinqinin gələcək istiqaməti kredit artımının sürətindən, kapital buferinin qorunmasından, əməliyyat səmərəliliyinin yaxşılaşdırılmasından və sürətlə böyüyən portfelin real keyfiyyətindən asılı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
8 d. əvvəl
“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
-
- 23 d. əvvəl
-
53 d. əvvəl
"Qala Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi "AFB Bank"a “Stabil” qiymətini verdi
-
2 saat əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 17 saat əvvəl
-
20 saat əvvəl
Fitch Ratings: AFB Bankın depozit artımı orta bazar göstəricilərini üstələyib
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
“Azərboru” 1 milyon manatlıq zərərdən mənfəətə keçib
Beynəlxalq reytinq agentliyi "AFB Bank"a “Stabil” qiymətini verdi
Əliyevlə Tramp arasında telefon danışığı olub
Ən çox oxunanlar
İsrailin Azərbaycandakı səfiri Prime Cotton-u ziyarət edib
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
"İpək Yolu Sığorta"nın mənfəəti 15 %-ə yaxın azalıb
Gəlirləri artsa da, mənfəəti kəskin düşün – “A-Qrup Sığorta”nın mənfəəti 3 dəfəyə yaxın azalıb
"Atəşgah Sığorta Qrupu"nun yarımillik vəziyyəti məlum olub
Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub
Yeni Porsche Cayenne Electric Azərbaycanda təqdim olundu - FOTOLAR
“Fairmont Baku Flame Towers” hotelinə yeni baş direktor təyin edilib






















