Başqalarının qərarları davranışımızı necə dəyişir? - İnfluenser marketinqə giriş

“Hər zaman öz bildiyim kimi davranıram”, “digərlərinin fikri mənə təsir etmir” kimi ifadələr işlədəndə bir daha düşünün.
Çoxumuz başqalarından təsirlənirik. Fikirlərimiz təsirlənməyəndə dediklərimiz təsirlənir. Necə? Cavabı yenə də eksperimentlərlə öyrənək.
Bu dəfə məşhur bir təcrübə və onun marketinq, PR-la əlaqəsini müzakirə edəcəyəm. Haqqında danışacağım bu eksperiment 1951-ci ildə məşhur polyak-amerikan psixoloqu Solomon Aş (Solomon Asch) tərəfindən həyata keçirilib.
Araşdırma çərçivəsində çoxlu təcrübələr aparılır. Hər eksperimentdə 8-10 nəfər tələbə iştirak edir. Onlardan 7-9-u təcrübənin nə məqsədlə keçirildiyini bilir və verilən suallara bilərəkdən yanlış cavab verirlər. Yəni hər ekspertimentdə davranışı öyrənilən əslində 1 nəfər var.
Eksperimentdə başlamazdan əvvəl tədqiqatçı bütün iştirakçılara onların vizual mühakimələrini ölçmək istədiyini bildirir və onlara 2 kart verir. Soldakı kartda bir şaquli xətt, sağdakı kartda isə üç şaquli xətt var. Hər təcrübə üstündə müxtəlif ölçülü xətlər olan kartlarla 18 dəfə təkrarlanır. Sual isə budur: sağdakı 3 xətdən hansı soldakı xətlə eyni ölçüdədir?
Şəkildə göründüyü kimi doğru cavabı tapmaq çox asandır. Lakin eksperimentin bir iştirakçısı xaric qalan bütün üzvləri bilərəkdən səhv cavabı seçdikdə sona qalan iştirakçı necə reaksiya verər? Siz olsanız, nə edərdiniz? Öz gördüyünüzü deyərdiniz, yoxsa digərlərinin seçiminə güvənərdiniz? Əlbəttə ki, onların mövzunun əslində nə olduğunu bilməsindən xəbəriniz yoxdur.
Aparılan 50 təcrübənin nəticəsi göstərir ki, eksperimentdə iştirak edən 50 əsas şəxsin (hər təcrübədə müstəqil qərar verən həmin 1 nəfər) 37-i ən az bir dəfə səhv cavab verən çoxluğa qoşularaq yanlış xətti seçir.
Eksperimentdən sonra iştirakçılardan niyə yanlış cavabı seçdiklərini soruşduqda onların əksəriyyəti həmin cavabın doğru olmadığını bildiklərini, lakin qrup içində fərqli cavab verərək gülməli vəziyyətə düşməkdən çəkindiklərini deyiblər.
Solomon Aş bu nəticəni 2 səbəblə izah edir: birincisi, iştirakçılar qrup tərəfindən qəbul edilmək istəyirlər; ikincisi, onlar qrupun özlərindən daha bilikli olacağını düşünürlər. Yale Universitetinin professoru Stanli Milqram (Stanley Milgram) bunu aşağıdakı misalla izah edir.
Düşünün ki, bir şam yeməyi tədbirinə getmisiniz. Boşqabınızın yanında 4 ayrı çəngəl var. İlk yeməyiniz gələndə hansı çəngəldən istifadə edəcəyinizi bilmirsiniz. Yəqin ki, çoxları kimi siz də masadakı digər insanlara baxıb, çoxluğun istifadə etdiyi çəngəli seçərdiniz. Çünki qrup tərəfindən qəbul edilmək istəyirsiniz və düşünürsünüz ki, onlar masa etiket qaydalarını daha çox bilirlər.
Başqa sözlə, təcrübə iştirakçıların bəziləri öz gördüklərinə güvənmir və digərlərinin doğru variantı seçdiyini düşünərək, qalanları isə qrupdan fərqli görünməmək üçün yanlış cavabı seçir.
Bəzi təcrübələrdə isə tədqiqatçı mövzudan xəbər olan iştirakçılardan az bir qisminə doğru cavabı seçməsini söyləyir. Belə olan halda doğru cavabı seçən əsas iştirakçıların sayı da artır.
Yəni, digərlərinin fikirləri, dedikləri davranışlarımıza təsir edə bilər. Bir fikir ətrafında toplanan insanlar çoxaldıqca bu bizi həmin fikrə daha da yaxın edir.
Əlbəttə, istər şəxsi, istər korporativ markaların öz reputasiyalarını gücləndirmək üçün çoxlu insanları bir yerə toplaması çətindir, amma onu fərqli yollarla edə biləcəyiniz 2 əlçatan üsul var. Onların hər biri bu gün çox aktualdır. Birincisi, onlayn qiymətləndirmələr (review) – hansı ki, bu haqda artıq danışmışam.
İkincisi, influenser marketinqdir. İnfluenserlər adətən öz izləyiciləri tərəfindən qəbul olunur və onları oxşar dəyərlər birləşdirir. Bu da influenserlər tərəfindən səsləndirilən fikirlərin, edilən seçimlərin böyük bir qrupla assosiasiya edilməsinə imkan yaradır.
Yəni, siz uyğun influenserlər vasitəsilə öz markanızı digərlərinə daha dəyərli göstərə bilərsiniz. Bu haqda sonra daha detallı danışacağam.
Müəllif: Anar Əskərov, PR üzrə mütəxəssis
PR üzrə 10 ildən çox təcrübəsi olan Anar Əskərovun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək müştərilərinə öz brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 gün əvvəl
Bank Respublika rəhbərliyi və əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yerli sahibkarlar ölkəmizi tərk etmədən Dubaydakı biznesləri üçün xidmətlərdən faydalana biləcəklər
-
2 gün əvvəl
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
-
2 gün əvvəl
Birja Bank "BTB" istiqrazıları barədə qərar verdi - ABUNƏ YAZILIŞI BAŞLAYIR
-
2 gün əvvəl
Nazir Mikayıl Cabbarov ərəb ölkəsinin iqtisadiyyat naziri ilə görüş keçirib
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
- 2 gün əvvəl
- 2 gün əvvəl

Yüksək gəlirli müəssisələr satışa qoyulub - QİYMƏTLƏR

Prezident koordinator təyin etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Regional kollecdə yeni təyinatlar olub

“İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təqdimatı keçirilib

BOKT "International” istiqrazlarınının ticarət nəticələri tələblərə cavab vermədiyindən listinqə alınmadı

Milli Depozit Mərkəzi ilə UNEC arasında memorandum imzalanıb

Rusiya Mərkəzi Bankı pauza mövqeyində qalır
