Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Toyota”nın avtomobil satışları düşüb, gəlir və avtomobil satışı proqnozlarını azaldıb

“Toyota”nın əməliyyat mənfəəti 34% artıb, xalis mənfəəti isə azalıb – Şirkət proqnozlarını yüksəldib
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Toyota”nın avtomobil satışları düşüb, gəlir və avtomobil satışı proqnozlarını azaldıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” 2026-cı ilin iyul-sentyabr aylarını əhatə edən maliyyə rübündə analitiklərin gözləntilərindən yüksək əməliyyat mənfəəti əldə edib. Şirkət illik mənfəət proqnozlarını və səhmlərin geri alınması proqramının yuxarı limitini artırıb. Bununla belə, rüblük xalis mənfəətdə və avtomobil satışlarında azalma qeydə alınıb.

Marja.az xəbər verir ki, “Toyota Motor”un 2027-ci ilin martında başa çatacaq maliyyə ilinin ikinci rübü üzrə nəticələrinə əsasən, şirkətin əməliyyat mənfəəti ötən ilin eyni dövründəki 839,5 milyard yendən 1 trilyon 127 milyard yenə (təxminən 7,1 milyard ABŞ dolları) yüksəlib. Bu, illik müqayisədə 34,2% və ya 287,5 milyard yen artım deməkdir.

Şirkətin əməliyyat mənfəəti Reuters-in sorğusunda iştirak edən analitiklərin 992 milyard yenlik proqnozunu da 135 milyard yen və ya 13,6% üstələyib.

Satış gəlirləri artıb, xalis mənfəət 18,5% azalıb

Hesabat dövründə “Toyota”nın gəlirləri 2025-ci ilin eyni dövründəki 12 trilyon 377 milyard yendən 13 trilyon 437 milyard yenə yüksəlib. Beləliklə, satış gəlirləri 1 trilyon 60 milyard yen və ya 8,6% artıb. Göstərici analitiklərin proqnozlarına uyğun olub. Bununla belə, şirkətin xalis mənfəəti 932 milyard yendən 759,4 milyard yenə geriləyib. Bu, illik müqayisədə 172,6 milyard yen və ya 18,5% azalma deməkdir. Nəticədə “Toyota”nın əməliyyat mənfəətində güclü artım müşahidə olunsa da, xalis mənfəət əvvəlki ilin səviyyəsindən aşağı qalıb.

Avtomobil satışları azalıb – Çində 12%-lik geriləmə

2026-cı ilin iyul-sentyabr aylarında “Toyota”nın ümumi avtomobil satışları ötən ilin eyni dövründəki 2 milyon 814 min ədəddən 2 milyon 667 min ədədə düşüb. Beləliklə, şirkət bir il əvvəllə müqayisədə 147 min ədəd və ya 5,2% az avtomobil satıb. Satışların azalmasında əsas rol Çin bazarındakı zəif nəticələrə məxsus olub. Şirkətin Çində avtomobil satışları illik müqayisədə 12% azalıb. Buna yerli elektrik avtomobili istehsalçıları ilə, xüsusilə BYD kimi şirkətlərlə rəqabətin güclənməsi təsir göstərib.

Bununla yanaşı, “Toyota”nın Yaponiya və Şimali Amerika bazarlarında satışları sabit qalıb, Avropada isə artım qeydə alınıb.

Hibrid avtomobillər “Toyota”nın gəlirliliyini dəstəkləyib

Şirkətin maliyyə nəticələrinin yaxşılaşmasında hibrid avtomobillərə güclü tələbat mühüm rol oynayıb. “Toyota”nın 1990-cı illərin sonlarında “Prius” modeli ilə geniş yaydığı hibrid texnologiyası hazırda şirkətin əsas satış istiqamətlərindən biridir. Xüsusilə Şimali Amerika və Avropada yanacaq qiymətlərinin yüksəlməsi daha az yanacaq sərf edən avtomobillərə marağı artırıb.

Hibrid modellər şirkət üçün daha yüksək mənfəət marjası təmin etdiyindən bu seqmentdə satışların davamlılığı ümumi əməliyyat gəlirliliyini dəstəkləyib.

Bundan əlavə, Yaponiya yeninin zəifləməsi xarici bazarlardan əldə edilən gəlirlərin milli valyutaya çevrilməsi zamanı “Toyota”nın maliyyə göstəricilərinə müsbət təsir göstərib.

"Toyota” illik mənfəət proqnozunu 500 milyard yen artırıb

Şirkət 2027-ci ilin martında başa çatacaq maliyyə ili üzrə proqnozlarını yeniləyib. “Toyota” illik əməliyyat mənfəəti gözləntisini əvvəlki 3 trilyon 400 milyard yendən 3 trilyon 900 milyard yenə yüksəldib. Bu, əvvəlki proqnozla müqayisədə 500 milyard yen və ya 14,7% artım deməkdir. Müqayisə üçün, şirkətin əvvəlki maliyyə ilində əməliyyat mənfəəti 3 trilyon 766 milyard yen təşkil etmişdi. Yeni proqnoz bu göstəricidən təxminən 3,6% yüksəkdir. Şirkət illik xalis mənfəət proqnozunu da 3 trilyon 250 milyard yendən 3 trilyon 570 milyard yenə qaldırıb. Bu, 320 milyard yen və ya 9,8% artımdır.

Bununla belə, gözlənilən xalis mənfəət əvvəlki maliyyə ilində qeydə alınmış 3 trilyon 848 milyard yendən təxminən 7,2% aşağıdır.

Gəlir və avtomobil satışı proqnozları azaldılıb

Mənfəət gözləntilərinin yüksəldilməsinə baxmayaraq, “Toyota” illik gəlir və avtomobil satışı proqnozlarını aşağı salıb. Şirkətin illik satış gəlirləri üzrə proqnozu 54 trilyon yendən 53 trilyon 500 milyard yenə endirilib. Bununla belə, gözlənilən gəlirlər əvvəlki maliyyə ilinin 50 trilyon 684 milyard yenlik göstəricisindən 5,6% yüksəkdir.

İllik avtomobil satışı proqnozu isə 11 milyon 180 min ədəddən 10 milyon 990 min ədədə azaldılıb. Yeni proqnoza əsasən, avtomobil satışlarının əvvəlki maliyyə ilindəki 11 milyon 283 min ədədə nisbətən təxminən 2,6% azalacağı gözlənilir.

Səhmlərin geri alınmasına ayrılan məbləğ 1,3 trilyon yenə çatdırılıb

“Toyota” səhmdarların gəlirliliyini artırmaq məqsədilə səhmlərin geri alınması proqramının yuxarı limitini də genişləndirib. Cari maliyyə ili üçün əvvəlcə 1 trilyon yen müəyyən edilmiş limit 1 trilyon 300 milyard yenə yüksəldilib.Beləliklə, səhmlərin geri alınması üçün nəzərdə tutulan maksimum məbləğ 300 milyard yen və ya 30% artırılıb. Bu qərar şirkətin səhmdarlara kapital qaytarılması siyasətinin davam etdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.

Noyabrın 5-də Tokio Fond Birjasında “Toyota Motor”un səhmləri 15%-dək yüksəlib və “Nikkei 225” indeksinin ən güclü artım göstərən komponentləri arasında yer alıb. Səhmlərin bahalaşmasında şirkətin gözləntiləri üstələyən maliyyə nəticələri, mənfəət proqnozunun artırılması və ABŞ-ın gömrük tarifləri ilə bağlı investor gözləntiləri rol oynayıb.

ABŞ-da Konqresə aralıq seçkilərin nəticələri fonunda bəzi investorlar Prezident Donald Tramp administrasiyasının tarif siyasətinin yumşaldılması imkanlarını qiymətləndirirlər.

Bununla belə, ABŞ-ın Yaponiya məhsullarına tətbiq etdiyi tariflər, eləcə də Yaxın Şərqdə davam edən müharibənin yaratdığı xammal və təchizat problemləri “Toyota” üçün əsas risklər sırasında qalır.

Toyota Motor Toyota maliyyə nəticələri 2026 Toyota əməliyyat mənfəəti Toyota xalis mənfəəti Toyota səhmləri Toyota səhmlərinin geri alınması Toyota buyback Toyota 2027 proqnozu Toyota avtomobil satışları Toyota Çin bazarı Toyota hibrid avtomobillər BYD Toyota rəqabəti Yaponiya yeni Tokio Fond Birjası Nikkei 225 Toyota illik gəlirləri
05.11.2026 10:52
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19