970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Epoint-ə yeni Baş İcraçı Direktor təyin edilib

Epoint-in Azərbaycandakı yeni CEO-su GoldenPay-in keçmiş rəhbəri Eynar Abdullayev təyin edilib. Şirkətin təsisçisi isə beynəlxalq ekspansiyaya, investisiyaların cəlb edilməsinə və Epoint-in yeni bazarlarda inkişafına fokuslanacaq.
AzVak-mobil_resmin_ustu_31
Epoint-ə yeni Baş İcraçı Direktor təyin edilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Epoint fintex şirkəti rəhbərlik strukturunda strateji dəyişikliklər etdiyini elan edir.

Şirkətin təsisçisi və Baş İcraçı Direktoru (CEO) Zeynal Kərimzadə Epoint-in Azərbaycandakı rəhbəri vəzifəsini tərk etmək və operativ idarəetməni fintex sektorunda geniş təcrübəyə malik, daha əvvəl GoldenPay-in CEO-su vəzifəsində çalışmış Eynar Abdullayevə təhvil vermək qərarına gəlib.

Epoint-dən Marja.az-a verilən məlumata görə, Eynar Abdullayevin təyinatı Epoint-in inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, şirkətin idarəetmə komandasının rəqəmsal ödənişlər, maliyyə məhsullarının inkişafı və fintex biznesinin miqyaslandırılması sahəsində təcrübə ilə daha da gücləndirilməsinə xidmət edəcək.

Zeynal Kərimzadə Epoint-in təsisçisi olaraq qalacaq və şirkətin uzunmüddətli inkişaf strategiyasının formalaşdırılmasında iştirakını davam etdirəcək. Onun əsas diqqəti beynəlxalq ekspansiyaya, strateji investisiyaların cəlb edilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və Epoint texnologiyalarının xarici bazarlarda miqyaslandırılmasına yönələcək.

Epoint-in beş illik texnoloji transformasiyası

Son beş il ərzində Zeynal Kərimzadənin rəhbərliyi altında Epoint fintex startapından onlayn ödənişləri, elektron ticarəti, biznes proseslərinin avtomatlaşdırılmasını və sahibkarlar üçün maliyyə xidmətlərini özündə birləşdirən texnoloji platformaya çevrilib.

Şirkət ardıcıl olaraq texnologiyalara investisiya yatırıb və kiçik və orta biznesin müasir ödəniş infrastrukturuna çıxışını asanlaşdıran məhsullar təqdim edib.

Bu müddət ərzində Epoint bir sıra innovativ layihə və həllər həyata keçirib.

Şirkətin əsas nailiyyətləri sırasında:

  • kiçik və orta biznes üçün müasir ödəniş platformasının yaradılması;
  • elektron ticarət üçün API inteqrasiyalarının tətbiqi;
  • Apple Pay, Google Pay və beynəlxalq ödəniş sistemləri vasitəsilə ödəniş imkanlarının inkişaf etdirilməsi;
  • ənənəvi POS-terminaldan istifadə etmədən smartfon vasitəsilə təmassız ödənişlərin qəbuluna imkan verən Mobile POS texnologiyasının istifadəyə verilməsi;
  • ödəniş linkləri, QR ödənişlər və təkrarlanan ödəniş həllərinin tətbiqi;
  • Wallet ekosisteminin və elektron pul kisələri ilə inteqrasiyaların inkişaf etdirilməsi;
  • beynəlxalq Visa Payment Facilitator statusunun əldə edilməsi;
  • Visa ilə əməkdaşlıq çərçivəsində Click to Pay texnologiyasının tətbiqi;
  • bizneslərin qoşulması və xidmət proseslərinin avtomatlaşdırılması məqsədilə DataPay ilə birgə rəqəmsal həllərin istifadəyə verilməsi;
  • kiçik və orta biznes üçün yeni maliyyə alətlərinin hazırlanması;
  • Azərbaycan Texniki Universitetində FinTech laboratoriyasının yaradılmasında və yeni nəsil maliyyə texnologiyaları mütəxəssislərinin yetişdirilməsində iştirak.

Epoint-in strateji istiqamətlərindən biri də kiçik və orta biznesin real ödəniş aktivliyinin təhlilinə əsaslanan alternativ maliyyələşdirmə modelinin hazırlanması olub.

Bu konsepsiya sahibkarlar üçün yeni maliyyələşdirmə imkanlarının yaradılması və biznesin qiymətləndirilməsində daha texnoloji yanaşmanın tətbiqi məqsədilə ödəniş məlumatlarından və dövriyyə tarixçəsindən istifadəni nəzərdə tutur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Beləliklə, Epoint-in strateji transformasiyası tədricən klassik ödəniş xidməti çərçivəsindən kənara çıxır. Şirkət ödənişləri, məlumatları, maliyyə xidmətlərini və biznesin inkişafı üçün alətləri vahid platformada birləşdirən tamhüquqlu texnoloji ekosistem qurmağı hədəfləyir.

Yeni mərhələ: Eynar Abdullayev Epoint-in Azərbaycandakı fəaliyyətinə rəhbərlik edəcək

Qeyd edilib ki, Eynar Abdullayevin təyinatı şirkətin uzunmüddətli inkişaf strategiyasının bir hissəsidir və Epoint-in idarəetmə ekspertizasının daha da gücləndirilməsi ilə yanaşı, idarəetmədə davamlılığın təmin edilməsinə xidmət edir.

Epoint-ə qoşulmazdan əvvəl Eynar Abdullayev Azərbaycanın ödəniş və fintex bazarının tanınmış iştirakçılarından biri olan GoldenPay-ə rəhbərlik edib.

"Onun rəqəmsal ödənişlər, maliyyə məhsullarının inkişafı və böyük fintex strukturunun idarə olunması sahəsində təcrübəsi Epoint-in növbəti inkişaf mərhələsi üçün əlavə güc yaradacaq.

Yeni CEO qarşısında Epoint-in Azərbaycandakı biznesinin daha da inkişaf etdirilməsi, texnoloji platformanın gücləndirilməsi, məhsul portfelinin genişləndirilməsi, tərəfdaş ekosisteminin inkişafı və şirkətin innovativ maliyyə həllərinin tətbiqi istiqamətində strateji kursunun davam etdirilməsi kimi əsas vəzifələr dayanır".

Eyni zamanda, Epoint-in təsisçisi Zeynal Kərimzadə şirkətin beynəlxalq strategiyasına fokuslanacaq.

“Epoint-in növbəti inkişaf mərhələsi beynəlxalq miqyas tələb edir”

Dəyişiklikləri şərh edən Epoint-in təsisçisi Zeynal Kərimzadə bildirib:

“Beş il əvvəl Epoint sahibkarlar üçün maliyyə xidmətlərini daha əlçatan etmək məqsədilə yaradılmış texnologiya şirkəti idi. Bu gün əminliklə deyə bilərik ki, başlanğıcda planlaşdırdığımızdan daha çoxuna nail olmuşuq.

Bu illər ərzində komandamızla birlikdə onlarla innovativ məhsul yaratdıq, onlayn ödənişlər üzrə yeni standartlar tətbiq etdik, Visa Payment Facilitator statusu əldə etdik, Mobile POS, Wallet həlləri, Click to Pay və biznes üçün müxtəlif rəqəmsal xidmətləri istifadəyə verdik, eyni zamanda yeni nəsil maliyyə məhsullarının inkişafı üçün möhkəm təməl yaratdıq.

Epoint-in Azərbaycanda sahibkarlığın rəqəmsal transformasiyasını sürətləndirən şirkətlərdən birinə çevrilməsi ilə qürur duyuram.

Lakin hər bir güclü biznes müəyyən inkişaf mərhələsində təsisçi tərəfindən birbaşa idarə olunan modeldən institusional idarəetmə modelinə keçməyi bacarmalıdır. Bu gün Epoint belə bir keçidə hazırdır.

Azərbaycanda şirkətin rəhbərliyinin Eynar Abdullayevə keçməsindən xüsusilə məmnunam. Eynar fintex biznesinin idarə olunması sahəsində ciddi təcrübəyə və ödəniş bazarı haqqında dərin biliyə malikdir. Əminəm ki, Epoint-in illər ərzində formalaşdırdığı texnoloji ekspertiza ilə onun idarəetmə təcrübəsinin birləşməsi şirkətin növbəti inkişaf səviyyəsinə keçməsinə imkan verəcək.

Mənim üçün bu, Epoint-dən ayrılmaq deyil. Bu, şirkət daxilində rolumun dəyişməsidir.

Bundan sonra əsas diqqətimi Epoint-in beynəlxalq inkişafına, strateji investorların cəlb edilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və texnologiyalarımızın yeni bazarlara çıxarılmasına yönəldəcəyəm.”

Şirkətin beynəlxalq strategiyasından danışan Zeynal Kərimzadə müxtəlif bazarlarda fintex məhsullarının inkişaf və tətbiq sürətində mövcud olan fərqlərə də toxunub:

“Azərbaycan son illərdə rəqəmsal iqtisadiyyatın, ödəniş infrastrukturunun və maliyyə texnologiyalarının inkişafında böyük yol keçib. Ölkədə müasir fintex ekosisteminin formalaşmasına töhfə vermiş dövlət qurumlarına, banklara, tərəfdaşlara və bazarın digər iştirakçılarına səmimi təşəkkürümüzü bildiririk.

Bununla yanaşı, fintex dünyada ən sürətlə dəyişən sahələrdən biridir. Bu gün texnologiya şirkəti üçün yalnız innovasiya yaratmaq bacarığı deyil, həmin innovasiyanı sınaqdan keçirmək, bazara çıxarmaq və miqyaslandırmaq sürəti də kritik əhəmiyyət daşıyır.

Müxtəlif bazarlarda fərqli tənzimləmə modelləri və yeni maliyyə texnologiyalarının tətbiqi baxımından fərqli dinamika mövcuddur. Bir sıra ölkələrdə yeni həllərin pilotlaşdırılması, yeni biznes modellərinin sınaqdan keçirilməsi və ideyadan kütləvi məhsula daha sürətli keçid üçün əlavə imkanlar yaradılıb.

Buna görə də Epoint beynəlxalq mövcudluğunu daha fəal şəkildə genişləndirmək və resurslarının bir hissəsini müasir fintex məhsullarına yüksək tələbatın olduğu, onların daha sürətli tətbiqi və miqyaslandırılması üçün əlverişli şərait yaradılan bazarlara yönəltmək niyyətindədir.

Epoint-in növbəti inkişaf mərhələsi beynəlxalq miqyas, yeni tərəfdaşlıqlar, strateji investorlar və innovasiyaların ideyadan geniş tətbiqə qədər daha sürətli inkişaf edə biləcəyi bazarlara çıxış tələb edir.

Yaxın illərdə fəaliyyətimi məhz bu istiqamətə fokuslamaq niyyətindəyəm.

Bununla belə, Azərbaycan Epoint-in doğulduğu ölkə, bizim əsas bazarımız və uzunmüddətli strategiyamızın mühüm hissəsi olaraq qalır. Biz burada biznesimizin inkişafına investisiya yatırmağa, sahibkarları dəstəkləməyə və yeni maliyyə texnologiyaları yaratmağa davam edəcəyik.”

Eynar Abdullayev: “Qarşımızda Epoint-i növbəti inkişaf səviyyəsinə çıxarmaq vəzifəsi dayanır”

Təyinatını şərh edən Eynar Abdullayev bildirib:

“Epoint-ə qoşulmaq və şirkətin inkişafının yeni mərhələsində ona rəhbərlik etmək mənim üçün böyük şərəfdir.

Son illər ərzində Zeynal Kərimzadə və Epoint komandası güclü texnoloji təməl yaradıb, sahibkarlıq mədəniyyətinə və daimi innovasiya axtarışına əsaslanan tanınmış fintex brendi formalaşdırıb.

Bu gün qarşımızda yalnız mövcud dinamikanı qorumaq deyil, Epoint-i növbəti inkişaf səviyyəsinə çıxarmaq vəzifəsi dayanır.

Biz ödəniş infrastrukturunu inkişaf etdirməyə, yeni rəqəmsal məhsullar yaratmağa, müştəri xidmətlərinin keyfiyyətini yüksəltməyə və kiçik və orta biznes üçün imkanları genişləndirməyə davam edəcəyik.

Sahibkarlar üçün maliyyə xidmətlərini daha sadə, daha sürətli və daha əlçatan edən texnologiyaların inkişafı əsas prioritetlərimizdən biri olaraq qalacaq.

Epoint-in texnoloji mədəniyyətinin, komandanın topladığı ekspertizanın və yeni idarəetmə yanaşmalarının birləşməsində böyük potensial görürəm. Əminəm ki, şirkəti qarşıda yeni və maraqlı inkişaf mərhələsi gözləyir.”

İki güclü strateji idarəetmə istiqaməti

Yeni idarəetmə strukturu Epoint-in inkişafını iki əsas strateji istiqamət üzrə gücləndirəcək.

Eynar Abdullayev şirkətin Azərbaycandakı operativ inkişafına, məhsul strategiyasına, tərəfdaş ekosisteminin genişləndirilməsinə və Epoint-in yerli bazardakı mövqeyinin daha da gücləndirilməsinə fokuslanacaq.

Zeynal Kərimzadə isə beynəlxalq ekspansiyaya, kapitalın cəlb edilməsinə, strateji tərəfdaşlıqlara və şirkətin texnologiyalarının Azərbaycan hüdudlarından kənarda miqyaslandırılmasına diqqət yetirəcək.

Bu yanaşma Epoint-ə həm yerli bazardakı mövqelərini gücləndirməyə, həm də lokal fintex şirkətindən beynəlxalq texnologiya biznesinə transformasiyanı sürətləndirməyə imkan verəcək.

Epoint haqqında

Epoint onlayn ödənişlər, elektron ticarət və biznesin rəqəmsallaşdırılması sahəsində həllər təqdim edən Azərbaycan fintex şirkətidir.

Şirkət ödəniş infrastrukturu, Mobile POS, Wallet həlləri, ödəniş linkləri, QR ödənişlər, təkrarlanan ödənişlər, elektron ticarət həlləri və kiçik və orta biznes üçün yeni maliyyə xidmətləri inkişaf etdirir.

Epoint-in missiyası sahibkarların bizneslərini daha sürətli inkişaf etdirməsinə, maliyyə əməliyyatlarını daha effektiv idarə etməsinə və rəqəmsal iqtisadiyyatın yaratdığı yeni imkanlardan yararlanmasına kömək edən müasir maliyyə texnologiyaları yaratmaqdır.

Epoint-in növbəti inkişaf mərhələsi Azərbaycandakı biznesin daha da gücləndirilməsi ilə yanaşı, beynəlxalq ekspansiya, investisiyaların cəlb edilməsi, yeni maliyyə məhsullarının yaradılması və Azərbaycanda formalaşdırılmış texnologiyaların qlobal bazarlara çıxarılması ilə bağlı olacaq.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Epoint Eynar Abdullayev Zeynal Kərimzadə Epoint CEO GoldenPay GoldenPay keçmiş CEO Azərbaycan fintex bazarı fintech rəqəmsal ödənişlər Epoint Azərbaycan elektron ödənişlər Mobile POS Visa Payment Facilitator investisiya beynəlxalq ekspansiya maliyyə texnologiyaları
01.10.2026 10:02
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19