Ən prestijli yarışlardan birinin dünya finalı Bakıda: Gələcəyin texnoloji liderləri üçün tarixi fürsət

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov müsahibəsində ICPC beynəlxalq proqramlaşdırma olimpiadasının dünya finalının ölkəmizdə keçirilməsinin gənclərin peşəkar inkişafına, rəqəmsal iqtisadiyyatın güclənməsinə və maliyyə sektorunun texnoloji potensialına təsirini açıqladı.
- Vüsal müəllim, ICPC kimi beynəlxalq proqramlaşdırma yarışmasının Azərbaycanda təşkili və inkişaf etdirilməsi Mərkəzi Bank üçün nə qədər önəmlidir? Bu təşəbbüsün ölkənin texnoloji potensialına və gənc nəslin inkişafına təsirini necə görürsünüz?
- Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün beynəlxalq səviyyədə nüfuz qazanmış ICPC (Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi) dünya finalının Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu müsabiqə gənc nəslin analitik düşüncə, problem həll etmə və komandada əməkdaşlıq kimi əsas bacarıqlarının inkişafına şərait yaradır, onların peşəkar kadr kimi formalaşmasına təkan verir.
Ölkəmizdə bir sıra bankların rəqəmsal kanallar üzərindən keçən əməliyyatların ümumi əməliyyatların sayına olan nisbəti 95%-i üstələyir. Belə bir dövrdə bu sahədə olan kadr potensialı, sektorun inkişafı və dayanaqlılığı üçün mühüm əhəmiyyət kəsb edir. Bu kimi beynəlxalq təşəbbüslərin dəstəklənməsi və təşviqi ölkənin texnoloji potensialının artırılması və rəqəmsal iqtisadiyyatın inkişafında mühüm rol oynayır.
Birmənalı olaraq düşünürəm ki, bu qlobal miqyaslı istedadlar yarışması ölkəmizdə proqramlaşdırma sahəsinin inkişafına və gənclərin bu sahə üzrə peşəkar karyera rolunda irəliləməsinə əhəmiyyətli təsir göstərəcək. ICPC üzrə yüksək nəticə göstərmiş ölkələrə nəzər salsaq rəqəmsal transformasiyada qazanılmış uğurlarla əlaqəni görmək mümkündür. Məktəbəqədər təhsildən başlayaraq (Bebras) orta təhsil (İOİ) və ali təhsil dövründə (ICPC) keçirilən yarışlar və onlara hazırlıq proqramları kadr potensialı üçün vacib bünövrə rolunu oynayır. Həmin kadrlar texnoloji aləmdə inqilabi məhsul və xidmətlərin yaradılmasında mühüm paya malikdir. Ölkəmizdə də ICPC məzunları mühüm mövqedə qərarlaşaraq rəqəmsal transformasiyanın təkanverici qüvvəsinə çevrilib. Bu baxımdan, bu günün gənclərinin gələcəyin texnoloji liderləri kimi yetişdirilməsinə xüsusi önəm daşıyır. ICPC də məhz liderlik keyfiyyətlərini, çevik qərarvermə və problem həlletmə səriştələrini təşviq edən bir müsabiqədir. Bu müsabiqənin ölkəmizdə keçirilməsinin gəncləri daha böyük nailiyyətlərə ruhlandıracağına inanıram.
- Mərkəzi Bankın ICPC-yə dəstəyi hansı strateji məqsədlərlə bağlıdır və bu yarışmanın maliyyə sektorunun rəqəmsallaşması istiqamətində rolu nədir?
- Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda rəqəmsal transformasiya, İT və texnologiya sahəsində insan kapitalının inkişafı və istedadların dəstəklənməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir. Bundan əlavə Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda da nəzərdə tutulan bir sıra təşəbbüslər sektorda rəqəmsal sahədə olan kadr potensialının gücləndirilməsini özündə ehtiva edir. Strategiyanın risk əsaslı nəzarət, rəqəmsal maliyyə və ödəniş sektorunun inkişafına aid olan istiqamətlərindən kibertəhlükəsizlik, nağdsız ödəniş, rəqəmsal aktivlər və digər strateji təşəbbüslər maliyyə institutlarının rəqəmsal sahədə çalışan kadrlara olan tələbatının nə qədər yüksək olduğunu göstərir. ICPC yarışlarında dərindən mənimsənilən fundamental biliklər isə bu sahədə çalışan kadrların öz işlərinin peşəkarı kimi fəaliyyət göstərməsi üçün zəmin yaradır.
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəqəmsal transformasiya və proqramlaşdırma sahəsindəki strateji baxışı və davamlı dəstəyi ICPC dünya finalının Azərbaycanda keçirilməsi üçün ən vacib amillərdən biri olmuşdur. Belə ki, bir qayda olaraq, finalın keçirilməsi üçün bir sıra ölkələr müraciət edir və onların arasında seçim prosesi çoxmərhələli və çətin keçir. ICPC Fondunun prezidenti Bill Pauçerin sədr Taleh Kazımovla olan görüşü çərçivəsində bu imkan müzakirə edilmiş və Mərkəzi Bankın dəstəyi sayəsində dünya finalının Bakıda keçirilməsi üzrə ilkin razılıq əldə edilmişdir. Eyni zamanda, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, prorektor Fariz İsmayılzadə və professor Fuad Hacıyevin ADA Universitetində keçirdikləri yüksək səviyyəli qəbul, həmçinin universitetin və şəhərimizin infrastrukturunun mühüm tələblərə cavab verməsi tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı müsbət qərar verilməsində vacib faktorlar olmuşdur. Bu qlobal əhəmiyyətli tədbir ölkəmizin İT icması üçün mühüm bir addımdır.
- ICPC yarışmasına hazırlaşan komandaların Mərkəzi Bankın innovasiya və texnoloji layihələrində iştirakı üçün hansı imkanlar yaradılır? Bu kimi texnoloji təşəbbüsləri gələcəkdə dəstəkləmək üçün hansı planlar qurur?
- Çox mühüm bir məqama toxundunuz. Mərkəzi Bank maliyyə sektorunda qabaqcıl yanaşmaların və texnologiyaların tətbiqinin genişləndirilməsində mühüm rol oynayır və innovativ həllərin təşviqinə xüsusi önəm verir. Mərkəzi Bankda hazırda ICPC üzrə 3 ölkə birincisi və ICPC iştirakçıları çalışır. Təbii ki, biz seçimlər zamanı namizədin ICPC üzrə təcrübəsinin olub-olmamasını deyil, fundamental biliklərə malik olmasını əsas götürürük. Bu baxımdan ICPC iştirakçılarının bu biliklərə sahib olması onlara seçim mərhələlərini uğurla başa vurmağa dəstək olur. Bir məqamı da qeyd edim ki, ICPC iştirakçıları çətin məsələləri və çağırışları sevir. Mərkəzi Bank maliyyə sektorunda ölkəmiqyaslı texnoloji sistemlərin yaradılması və tətbiqinin təşviq edilməsi üzrə mühüm təşəbbüslər həyata keçirdiyi üçün karyera imkanları baxımından ICPC iştirakçılarının marağında olan bir qurumdur.
Bu sahədə uğurlu nəticə göstərən ölkələrə nəzər salsaq görərik ki, ICPC yarışlarına dəstək göstərən tərəflər sırasında bir çox qurumların olduğunu müşahidə edə bilərik. Həm dövlət sektoru, həm özəl sektor nümayəndələri, texnoloji şirkətlər və ya ciddi texnoloji bazaya malik maliyyə institutları bu müsabiqənin tərəfdaşları və ya dəstəkçiləri kimi çıxış edir. Maliyyə institutlarının bu sahədə aktivliyinin əsas səbəbi məhz kadr potensialıdır. Texnoloji şirkətlər maliyyə institutları ilə yüksək bacarıqlı istedadlar uğrunda mübarizə aparır. Mübarizənin elementlərindən biri isə məhz “mühəndislərin dilində” danışmaqdır. Bu cür yarışlarda mühəndislərin yanında olan təşkilatlar məhz bu hədəfi güdür.
- Bu yarışmanın beynəlxalq səviyyədə Azərbaycana təqdim etdiyi imic və rəqabət üstünlükləri barədə nə düşünürsünüz? ICPC-nin ölkədə texnoloji təhsil və peşəkar inkişafın yüksəldilməsi üçün rolu və əhəmiyyəti barədə fikirləriniz necədir?
- İlk növbədə qeyd etmək istərdim ki, intellektual sahədə ən prestijli yarışlardan biri sayılan ICPC-nin finalına keçmək hər ölkənin təmsilçilərinə nəsib olmur. Bu il finalda 70 ölkədən olan müxtəlif universitetlərdən hər birində 3 nəfər olmaqla 140 komanda iştirak edəcəkdir. Hər universitet bir komanda ilə təmsil olunacaqdır. İştirakçı komandaların təmsil etdikləri universitetlər dünyanın nüfuzlu təhsil ocaqlarıdır. Azərbaycanı təmsil edən ADA Universitetinin komandası 2023-cü ildə ilk dəfə finala qatıldı və ilk 100-lüyə daxil oldu. Ən nüfuzlu universitetlərin adı sırasında Azərbaycan universitetinin olması çox qürurvericidir. Yarışın ölkəmizdə keçirilməsi aparıcı texnoloji şirkətlər və bu sahənin peşəkarları tərəfindən izlənildiyi üçün ölkəmizi və ölkəmizin universitetlərini yaxından tanımalarına, texnoloji və rəqəmsal aləmdə inkişaf potensialı və düzgün inkişaf vektoruna malik bir ölkə kimi tanınmasına müsbət təsir göstərəcək.
Rəqəmsal məhsulların rahat, təhlükəsiz, sürətli və əlçatan olması bilavasitə bu məhsulların qurulmasında iştirak edən istedadların bilik və bacarıq səviyyəsindən asılıdır. Burada məhsul sahibləri, dizaynerlər, mühəndislər, kibertəhlükəsizlik mütəxəssisləri və digər rəqəmsal peşələrin təmsilçiləri birgə iş görürlər. Mühəndislik həm proqram təminatı yazılmasında, həm də sistemlərin arxitekturasının qurulmasında çox önəmlidir. ICPC-nin ölkədə əhəmiyyətinin yüksəlməsi ilə daha çox gəncin bu yarışlarda iştirakının artmasına və ümumilikdə iştirakçıların qazandıqları təcrübənin onların gələcəkdə yaradacaqları məhsulların keyfiyyətinə birbaşa təsir göstərəcəyinə inanırıq. ICPC son dövrlər bir çox ölkənin akademik və texnoloji dairələrində geniş rəğbət qazanır. Bu da ondan irəli gəlir ki, ICPC bir çox gənc üçün həyat dəyişən bir təcrübədir.
İnnovativ həllərin yaradılması və inkişafı müəyyən biznes problemlərinin həlli ilə baş verir. ICPC yarışlarında həll edilən məsələlər məhz biznes problem formatında qoyulduğu üçün tələbələr gənc yaşlarından biznes problemlərini texnoloji dilə çevirməyi və texnologiyanın məhz dəyər yaratmaq imkanından istifadə etməyi öyrənir. Gənclər həmçinin real biznes problemlərini alqoritmlərin tətbiqi ilə həll etmə yollarına da yiyələnir. Bu bilik və bacarıqlar peşəkar həyatda verilən tapşırıqların sadəcə icrası ilə kifayətlənməməyi, problemin həlli kimi innovativ həllərin yaradılmasına təşviq edir.
- Son olaraq, Mərkəzi Bank olaraq, ICPC yarışması vasitəsilə ölkədə proqramlaşdırma və İKT sahəsində gələcəkdə hansı əsas nailiyyətləri gözləyirsiniz?
- Təbii ki, əsas nailiyyət ölkəmizdə rəqəmsal sahədə çalışan və fundamental biliklərə sahib olan kadrların sayının artmasıdır. Bu isə öz növbəsində maliyyə sektorunda məhsul və xidmətlərin həm çeşid, həm də keyfiyyət baxımından inkişafına müsbət təsir göstərəcək. Daha öncə də qeyd etdiyim kimi, gənclər dayanıqlı inkişafın və gələcək rəqəmsal transformasiyanın hərəkətverici qüvvəsidir. Fundamental bilikləri və səriştələri təkmilləşdirən ICPC kimi müsabiqələr məhz gələcəyin texnoloji liderlərinin yetişdirilməsinə mühüm töhfə verir.
Mərkəzi Bank olaraq ICPC yarışmasını yalnız proqramlaşdırma üzrə bilik yarışması deyil, həm də ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində insan kapitalının inkişafı üçün mühüm bir platforma hesab edirik. Bu təşəbbüsün gələcəkdə rəqəmsal həllər yaradan, maliyyə texnologiyalarını inkişaf etdirən və beynəlxalq miqyasda tanınan mütəxəssislərin yetişməsinə zəmin yaradacağına əminik.
- Müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik.
© BBN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 d. əvvəl
“Bağırov” körpüsünün üzərindəki geri dönmədə hərəkət tam məhdudlaşdırılacaq
-
20 d. əvvəl
Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar artıb
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Bu sənaye parkında boş yer qalmayıb - tam olaraq sahibkarların istifadəsinə verilib
-
1 saat əvvəl
Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Putini Vaşinqtonda keçirilən görüşün nəticələri barədə məlumatlandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda neft hasilatı 5,4 faiz azalıb, qaz hasilatı isə cüzi artıb
-
3 saat əvvəl
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM
- 3 saat əvvəl
Son Xəbərlər

Bu sənaye parkında boş yer qalmayıb - tam olaraq sahibkarların istifadəsinə verilib

Ən prestijli yarışlardan birinin dünya finalı Bakıda: Gələcəyin texnoloji liderləri üçün tarixi fürsət

Çinin avtomobil markalarının Avropada bazar payı artır

"Kəpəz BOKT"ın kredit portfeli böyüyüb

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM

Azərbaycanda inflyasiya yavaşlayıb

HELL-dən böyük kampaniya: 200+ eksklüziv hədiyyə və “Toyota Camry”

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Nvidia və AMD şirkətləri Çinə çip satışı üzrə gəlirin 15 faizini ABŞ dövlətinə ödəyəcəklər

Azərbaycandan Ukraynaya növbəti yardım - 2 MİLYON MANAT PUL AYRILIR

"PAŞA Bank"ın istiqraz emissiyasına abunə yazılışına son 2 gün
