Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq - SƏRƏNCAM
Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə başlanan I Qarabağ müharibəsi (1991–1994) zamanı Ermənistan tərəfindən Şərqi Zəngəzur və Qarabağ işğal edilərək dağıdılmış, Azərbaycan xalqına qarşı ən ağır beynəlxalq cinayətlər törədilmişdir:
"1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal edilərkən dinc əhaliyə qarşı etnik zəmində törədilən soyqırımı cinayəti münaqişənin ən qanlı səhifəsidir.
Belə ki, erməni silahlı birləşmələri tərəfindən aylarla blokada şəraitində saxlanılaraq, ərzaq, elektrik enerjisi və bütün kənar yardımlardan məhrum edilən 2500-ə yaxın Xocalı sakini düşmənin çoxsaylı təhdidlərinə baxmayaraq, şəhəri tərk etməkdən imtina etmişdi. Fevralın 25-dən 26-na keçən gecə davamlı artilleriya atəşindən sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə şəhərə hücum edərək, mülki əhaliyə misli görünməmiş vəhşiliklə divan tutmuşlar. Həmin qətliam nəticəsində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, onlardan 150-nin taleyi isə indiyədək naməlum qalmışdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilmişdir.
Ermənistanın bütün cəhdlərinə, xüsusilə də o dövrdə yaratdığı informasiya blokadasına baxmayaraq, cinayətin miqyası və ağırlığı dünyanın aparıcı media qurumlarının və beynəlxalq təşkilatlarının hesabatlarında işıqlandırılmışdı. Yerli və xarici jurnalistlərin faciədən sonra Xocalı şəhəri və ətraf ərazilərdən topladıqları foto və video materiallar, o cümlədən şahid ifadələri hadisənin bütün dəhşətlərini açıq-aşkar göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə məsələ ilə bağlı çıxardığı yekun qərarda Xocalıda törədilən əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilmişdir.
Ermənistanın Xocalını işğal etmək planı hərbi məqsədlərlə məhdudlaşmır, eyni zamanda həmin ərazilərdəki Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni izləri silmək, mədəni irsi məhv etmək və saxtalaşdırmaq niyyəti güdürdü.
Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılmışdır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Dövlət qurumları, xaricdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti institutları, xüsusən, Heydər Əliyev Fondu Xocalı soyqırımının unudulmaması və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün əzmlə fəaliyyət göstərmişlər. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faicəsi ilə bağlı məlumatlılıq artırılmış, bir sıra tədbirlər, təqdimatlar, sərgilər keçirilmiş, kitab və məqalələr dərc edilmişdir.
Həmin kampaniya sayəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-nin 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanımış və pisləmişdir. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.
2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı.
İşğaldan azad edilmiş bütün ərazilərdə hazırda sürətli bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi davam etməkdədir".
Sərəncama əsasən, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 479 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.29-cu yarımbəndində göstərilmiş məbləğin 18,3 milyon manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Soyqırımı Memorial Kompleksinin yaradılması məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
-
9 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
9 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
9 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
9 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
-
9 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
10 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı - SON DƏQİQƏ
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
Ən çox oxunanlar
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü




















