Mərkəzi Bank faiz qərarını açıqladı
Mərkəzi Bank faiz endirməyə fasilə verdiAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.
Faiz qərarı ilə əlaqədar Mərkəzi Bankın yaydığı məlumatda deyilir:
Bu qərar ortamüddətli dövr üzrə inflyasiya və anti-inflyasiya amillərinin tarazlaşması nəzərə alınaraq qəbul edilmişdir. Pul siyasətinin dəyər baxımından yumşaldılmasında fasilə mövcud qeyri-müəyyənliklərin və uçot dərəcəsində dəyişmə potensialının qiymətləndirilməsi ilə bağlıdır.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiya səviyyəsi və inflyasiya gözləntiləri, proqnoz horizontunda iqtisadi aktivliyin bərpa tempi, daxili və xarici risklərin reallaşması ehtimalları, onların maliyyə bazarlarına təsirləri nəzərə alınmaqla qəbul ediləcəkdir.
İnflyasiya prosesləri.
Rəsmi statistikaya görə dekabrda 12 aylıq inflyasiya 2.6% təşkil etmişdir ki, bu da 2020-ci ilə proqnozlaşdırılan səviyyədən aşağıdır. İstehlak səbətinin əsas alt kateqoriyaları üzrə qiymət dəyişimində fərqli dinamika müşahidə olunur. İstehlak səbətinin ərzaq komponenti qiymət artımının formalaşmasında həlledici paya malik olmaqda davam edir. Ərzaq inflyasiyası son 12 ayda 4.6% təşkil etmişdir. Dünya ərzaq qiymətlərinin artması da ərzaq qiymətlərinə təsir etmişdir. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin 12 aylıq artımı 1% ərtafında olmuşdur.
İnflyasiya gözləntiləri stabil olaraq qalır. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə görə yanvarda ötən aya nəzərən inflyasiya gözləntiləri ticarət, tikinti və xidmət sektorlarında sabit səviyyədə qalmışdır. Sənaye sektorunda isə qiymət artımı gözləntisi qeydə alınmışdır.
Yanvarda yenilənmiş proqnozlara görə inflyasiyanın 2021-ci ilin sonuna 4% ətrafında formalaşacağı gözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru təshih edilməsi stimullaşdırıcı fiskal siyasətin dəstəyi ilə məcmu tələbin artması gözləntiləri və birdəfəlik amillər nəzərə alınmaqla həyata keçirilmişdir.
Xarici sektor.
Xarici balansın yaxşılaşması makroiqtisadi sabitliyin əsas lövbəri olan məzənnəni dəstəkləyir və inflyasiya gözləntilərinə sabitləşdirici təsir göstərir. COVID-19-a qarşı peyvəndləmə prosesinin başlanması qlobal iqtisadi bərpa ilə bağlı nikbinliyi artırmaqdadır. Beynəlxalq Valyuta Fondunun yanvar ayında açıqladığı proqnozlara görə qlobal iqtisadi artımın 2021-ci ildə 5.5% olacağı gözlənilir ki, bu da əvvəlki proqnoza nəzərən 0.3 faiz bəndi yüksəkdir. Lakin ümumilikdə pandemiyanın qeyri-bərabər sektoral təsirləri, bəzi ölkələrdə vaksinə məhdud çıxış, siyasi gərginliklərin mövcudluğu şəraitində qlobal iqtisadiyyat və qlobal bazarlardakı sabitliklə bağlı qeyri-müəyyənliklər qalır. Qiymətləndirmələrə görə hələ 2022-ci ildə dünyanın bir sıra iqtisadiyyatlarında adambaşına gəlirin pandemiyadan əvvəlki səviyyəyə tam çatmayacağı gözlənilir.
Qlobal iqtisadi artım perspektivlərinə dair optimizm dünya neft bazarına müsbət təsir göstərməkdədir. Ötən toplantıdan bəri neftin qiyməti artıma meyilli olmuşdur. Brent markalı neftin orta qiyməti 2020-ci ildə 43 ABŞ dolları olduğu halda, bu rəqəm cari ilin yanvar ayının ötən dövründə 55 ABŞ dollarına yüksəlmişdir.
Profisitli ticarət balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 2021-ci ilin yanvar ayında 0.3% artaraq 51.4 mlrd. ABŞ dollarına çatmışdır.
Bütövlükdə, xarici sektor göstəricilərinin yaxşılaşması, qəbul olunmuş makroiqtisadi çərçivə və ümumi daxili məhsulu üstələyən valyuta ehtiyatları makroiqtisadi sabitliyin əsas lövbəri olan məzənnənin dayanıqlığının əsas şərtidir.
İqtisadi aktivlik.
2021-ci ildən başlayaraq məcmu tələbin artımı, o cümlədən istehlak və investisiya optimizminin güclənməsi inflyasiya proseslərinə təsir göstərmək potensialına malikdir.
Sinxronlaşdırılmış antiböhran tədbirlərinin təsiri ilə qeyri-neft sektoru üzrə azalma tempi bir çox tərəfdaş ölkələrlə müqayisədə aşağıdır. Real sektorun monitorinqinin nəticələrinə görə yanvar ayında biznes inamı indeksi ötən aya nəzərən tikintidə artım meylli olmuş, qeyri-neft sənayesi, ticarət və xidmət sektorunda isə sabit olaraq qalmışdır.
2021-ci ildə iqtisadi artımın tədricən bərpa olunacağı gözlənilir. Buna ilk növbədə stimullaşdırıcı fiskal siyasət, yumşaq monetar şəraitin qalması, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri və təxirə salınmış tələbin reallaşması dəstək verəcəkdir. Xarici tələbin artması və vaksinləşmənin təsiri ilə epidemioloji vəziyyətin yaxşılaşacağı gözləntiləri də artım perspektivlərinə dair nikbinlik yaradır.
Monetar şərait.
Monetar şəraitin yumşaq olaraq qalacağı gözlənilir. Ötən iclasdan bəri pul bazarının müxtəlif seqmentlərində qısamüddətli alətlər üzrə faizlərin azalması bir tərəfdən Mərkəzi Bankın yumşaq pul siyasəti, digər tərəfdən isə bank sistemində likvidliyin artması ilə izah edilir. Makroiqtisadi sabitlik hədəfləri çərçivəsində dövriyyədəki likvidliyin daha effektiv idarə edilməsi məqsədilə 2021-ci ilin əvvəlindən Mərkəzi Bankın sterilizasiya alətlərinin çeşidi artırılmışdır. Belə ki, 28 günlük notlarla yanaşı, 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi üzrə hərracların keçirilməsinə başlanması barədə qərar qəbul edilmişdir.
Pul təklifi başlıca olaraq vahid xəzinə hesabının qalığının dəyişməsindən təsirlənir. Son illərdə olduğu kimi 2021-ci ildə də fiskal kanalların pul bazasına artırıcı təsir göstərəcəyi gözlənilir.
Pandemiyadan zərər çəkmiş biznes və ev təsərrüfatlarına, o cümlədən bank sisteminə dəstək məqsədilə makroprudensial güzəştlərin 2021-ci ilin aprel ayına qədər uzadılması da monetar şəraitə, xüsusilə də kredit aktivliyinə əlavə yumşaldıcı təsir göstərir.
Risklər balansı.
İnflyasiyaya artırıcı təsir edən amillərin rolu ötən toplantıdan bəri artsa da, risklər balansı tarazlıdır və inflyasiyanın hədəf intervalında qalacağını deməyə imkan verir. Ortamüddətli proqnoz horizontunda inflyasiyaya azaldıcı və artırıcı təsir göstərən amillər bir-birini balanslaşdırır. Artırıcı təsirlərə ilk növbədə ilin ikinci yarısından başlayaraq iqtisadi aktivliyin yüksəlməsi gözləntiləri aiddir. Həyata keçirilən stimullaşdırıcı fiskal siyasət və yumşaq monetar şəraitin mövcudluğu, təxirə salınmış tələbin reallaşması iqtisadi aktivliyin bərpasını dəstəkləyir. Ortamüddətli proqnoz horizontunda bəzi daxili və xarici xərc amillərinin də qiymətlərə təsirləri istisna olunmur. Eyni zamanda qlobal əmtəə və maliyyə bazarlarında kövrəkliklər inflyasiya gözləntilərinə təsir potensialını saxlayır.
Sabitləşdirici amillərə ilk növbədə qəbul edilmiş makroiqtisadi çərçivə aiddir. Cari il üzrə dövlət büdcəsində nəzərdə tutulan neft transfertləri və strateji valyuta ehtiyatları bu çərçivəni dəstəkləyir. Son zamanlar neftin qiymətinin yüksəlmə meyli ilə xarici sektor göstəricilərinin yaxşılaşmasının məzənnə ilə bağlı gözləntilərə müsbət təsir edəcəyi ehtimal olunur. Pandemiya dövründə yaranmış qənaətli istehlak davranışlarının mümkün davamı da ortamüddətli dövrdə inflyasiyaya azaldıcı təsir edə bilər.
Faiz dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın dinamikası və proqnozunun hədəfə uyğunluğu, fiskal və monetar siyasətlərin təsirləri, istehlak tələbinin bərpa səviyyəsi nəzərə alınmaqla veriləcəkdir.
Bu qərar 29 yanvar 2021-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il mart ayının 19-da ictimaiyyətə açıqlanacaqdır.
XXX
29 Yanvar 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.25%-də dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.
Marja-nın məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüsəmov bildirib.
Mərkəzi Bankın sədri qeyd edib ki, 2021-ci ildə iqtisadi artımın bərpa edilməsi, məcmu tələbin artması inflyasiyanı yüksəldə bilər. Mərkəzi Bankın yenilənmiş proqnozuna görə, 2021-ci ilin sonunda illik inflyasiyanın 4% olacağı nəzərdə tutulur.
Xatırladaq ki, 18 dekabr 2020-ci il tarixində keçirilmiş iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 6.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 6.75% səviyyəsində müəyyən edilmişdi.
2020-ci ildə faiz dəhlizinin parametrləri 8 dəfə müzakirə edilmiş, uçot dərəcəsi mərhələlərlə 7.5%-dən 6.25%-ə və faiz dəhlizinin yuxarı həddi 9.25%-dən 6.75%-ə endirilmişdir. Faiz dəhlizinin aşağı həddi isə 5.75% səviyyəsində dəyişməz saxlanılmışdır. Ümumilikdə, uçot dərəcəsi 2018-ci ilin əvvəlindən bəri 2.4 dəfə (15%-dən) azalmışdır.
UÇOT FAİZ DƏRƏCƏSİ NƏDİR?
Nəzəriyyəyə görə, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
3 saat sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
10 d. əvvəl
Norm sement istehsalında emal olunmuş qazma şlamından istifadəni sınaqdan keçirib
-
46 d. əvvəl
Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26-cı nəşrində
-
1 saat əvvəl
VTB Qrupu bankları arasında biznes köçürmələr komissiyasız oldu
-
1 saat əvvəl
Taleh Kazımov Koreya Mərkəzi Bankının sədri ilə görüş keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zəif göstəricilər dolları ucuzlaşdırdı: Avro 7 həftənin ən yüksək səviyyəsində
-
1 saat əvvəl
Kempinski Residences Bayıl Bay – 1 illik lüks yaşayış təcrübəsi
-
1 saat əvvəl
“SİMA Token”in hüquqi şəxslər və dövlət qurumları üçün onlayn sifariş imkanı yaradılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
VTB Qrupu bankları arasında biznes köçürmələr komissiyasız oldu
Pulunuzu bu yolla artıra bilərsiniz – illik 12% artım
Ən çox oxunanlar
Kempinski Residences Bayıl Bay – 1 illik lüks yaşayış təcrübəsi
“SİMA Token”in hüquqi şəxslər və dövlət qurumları üçün onlayn sifariş imkanı yaradılıb
"Nəzərdə tutulan güzəştlər Naxçıvanı Türkiyənin iş adamları üçün daha da cəlbedici edəcək”
Azərbaycan neftinin son qiyməti
Zəif məlumatlara baxmayaraq, qızılın qiyməti aşağı düşüb
İndi investisiya et, istənilən vaxt sat!


















.jpg)






