Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Bank hesabından müştərinin ayrıca sərəncamı olmadan vəsaitin silinməsi – akseptsiz tutulma – kredit münasibətlərində ən çox sual doğuran mövzulardan biridir. Bank hansı hallarda hesabdan pul tuta bilər, bunun üçün məhkəmə qərarı mütləqdirmi, əməkhaqqı kartından tutulmanın həddi nə qədərdir, zaminin hesabına da eyni qaydalar tətbiq olunurmu və müştəri belə əməliyyatla razılaşmadıqda hara müraciət etməlidir?
Qanunvericiliyə görə, müştərinin sərəncamı olmadan hesabdakı vəsaitin silinməsi yalnız məhkəmə qərarı, qanunla müəyyən edilmiş hallar və ya bankla müştəri arasında bağlanmış müqavilədə nəzərdə tutulan əsaslarla mümkündür. Bununla belə, xüsusilə əməkhaqqından tutulmalar zamanı ayrıca hüquqi məhdudiyyətlər mövcuddur və bankın “istənilən hesabdan istənilən məbləği” tutması mümkün deyil.
Marja.az akseptsiz tutulmanın hüquqi və praktiki tərəfləri, kredit gecikməsi zamanı bankların imkanları, maaş kartlarından tutulma limitləri, zaminlərin məsuliyyəti və müştərilərin hüquqlarının müdafiəsi yolları barədə İqtisadiyyat Universitetinin müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Banklar Assosiasiyasının maliyyə savadlığı üzrə eksperti İsmayıl Məmmədovla ətraflı danışıb.
İqtisadiyyat universitetinin müəllimi, İqtisad elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Banklar Assosiasiyasının maliyyə savadlığı üzrə eksperti İsmayıl Məmmədovun Marja.az-a müsahibəsi
- Sadə dildə izah etsək, akseptsiz tutulma nə deməkdir?
-Akseptsiz tutulma müştərinin ayrıca ödəniş tapşırığı vermədən hesabındakı vəsaitin silinməsi deməkdir. Bunun üçün ayrıca hüquqi əsas olmalıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı olmadan hesabdakı vəsait yalnız məhkəmə qərarı ilə, qanunla müəyyən edilmiş hallarda və ya bankla müştəri arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş hallarda silinə bilər.
Bu baxımdan akseptsiz tutulma “bankın istədiyi vaxt hesabdan pul götürməsi” anlamına gəlmir. Konkret silmənin hüquqi əsası və tətbiq olunan məhdudiyyətlər ayrıca qiymətləndirilməlidir.
- Bank hansı hallarda hesabdan vəsaiti akseptsiz tuta bilər: yalnız gecikmə olduqda, yoxsa digər xidmət haqqı, komissiya və texniki borc hallarında da?
- Akseptsiz silmə yalnız kredit üzrə gecikmiş borcla məhdudlaşmır. Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı olmadan silmə məhkəmə qərarı, qanun və ya müqavilə əsasında mümkündür.
Bundan başqa, bank hesabının aparılması ilə bağlı Mülki Məcəllənin 961.2-ci maddəsi bank xidmətlərinin haqqının müəyyən hallarda hesabdakı vəsaitdən tutulmasına ayrıca hüquqi əsas verir.
Ona görə də xidmət haqqı, komissiya, kredit borcu və digər öhdəliklər üzrə tutulmanın mümkün olub-olmaması həmin öhdəliyin hüquqi əsasından, müqavilə şərtlərindən və tətbiq olunan qanunvericilikdən asılıdır.
- Akseptsiz tutulma ilə avtomatik kredit ödənişi arasında fərq varmı?
- Bəli, hüquqi və texniki baxımdan fərq ola bilər. Avtomatik ödəniş əvvəlcədən müəyyən edilmiş ödəniş mexanizmi və ya müştərinin verdiyi tapşırıq əsasında həyata keçirilə bilər. Akseptsiz silmədə isə əsas xüsusiyyət müştərinin həmin konkret silmə üçün ayrıca sərəncam verməməsidir. Silmənin hüquqi əsası əvvəlcədən qanunda və ya müqavilədə müəyyən edilə bilər. Bu səbəbdən bank sistemində hər iki əməliyyat müştəri baxımından “avtomatik çıxılma” kimi görünə bilsə də, onların hüquqi əsası eyni olmaya bilər.
- Kredit müqaviləsində akseptsiz tutulma bəndi adətən hansı bölmədə göstərilir?
- Bunun üçün qanunvericilikdə bütün banklar üçün məcburi olan vahid bölmə adı müəyyən edilməyib. Belə müddəalar müqavilənin ödənişlər, hesablaşmalar, borcun qaytarılması, bankın hüquqları və ya öhdəliklərin icrası ilə bağlı hissələrində yerləşdirilə bilər. Əsas məsələ həmin şərtin müqavilədə aydın şəkildə ifadə olunması və müştərinin müqavilənin şərtləri ilə tanış olmaq imkanının təmin edilməsidir.
- Müştəri müqaviləni oxumadan imzalayırsa, bank bunun riskini necə azaldır?
- Müqavilənin şərtləri müştərinin nəzərinə çatdırılmalı və onun müqavilə ilə tanış olması üçün imkan yaradılmalıdır. Müştərinin müqaviləni imzalamazdan əvvəl, xüsusilə, hesabdan akseptsiz silmə, faizlər, komissiyalar, gecikmə və digər maliyyə öhdəlikləri ilə bağlı şərtlərlə tanış olması vacibdir.
Müştərinin müqaviləni oxumaması həmin şərtlərin avtomatik olaraq hüquqi qüvvədən düşməsi demək deyil. Bununla yanaşı, konkret mübahisədə müqavilənin necə təqdim edilməsi və müştərinin razılığının necə rəsmiləşdirilməsi də əhəmiyyət daşıya bilər.
- Müştəri müqavilədə akseptsiz tutulma bəndinə razı olmazsa, kredit almaqdan imtina olunurmu?
- Bank kredit münasibətinə daxil olub-olmamaq məsələsini öz kredit siyasəti, risk qiymətləndirməsi və tətbiq etdiyi müqavilə şərtləri əsasında müəyyən edir. Bu səbəbdən konkret halda akseptsiz silmə şərtinin qəbul edilməməsinin kreditin verilməsinə necə təsir edəcəyi bankın məhsul və müqavilə şərtlərindən asılı ola bilər. Lakin müqaviləyə daxil edilən istənilən şərt qanunvericiliyin məcburi tələblərinə uyğun olmalıdır.
- Müştəri “mən belə bir bəndə razılıq verdiyimi bilmirdim” deyirsə, bank bu halda hansı sübutları təqdim edir?
- Belə mübahisə yarandıqda bank, konkret haldan asılı olaraq, müqavilənin özünü, onun müvafiq redaksiyasını, müştərinin imzasını və ya elektron təsdiq məlumatlarını, müqavilənin müştəriyə təqdim edilməsini təsdiqləyən məlumatları və digər aidiyyəti sənədləri təqdim edə bilər. Əsas məsələ müştərinin hansı müqavilə şərtlərini qəbul etdiyinin müəyyən edilməsidir.
Müqavilənin müştəri tərəfindən imzalanması və ya elektron qaydada təsdiqlənməsi, ümumi qayda olaraq, müqavilənin qəbul edildiyini təsdiqləyən sübutlardan biridir. Lakin konkret mübahisədə şərtin məzmunu, təqdim edilmə qaydası və digər hallar ayrıca qiymətləndirilə bilər.
- Azərbaycanda akseptsiz tutulmanın əsas hüquqi bazası hansıdır?
- Əsas hüquqi normalardan biri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.2-ci maddəsidir. Həmin maddəyə əsasən, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmə qərarı ilə, qanunla müəyyən edilmiş hallarda və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
Konkret əməliyyatın xarakterindən asılı olaraq Mülki Məcəllənin digər müddəaları, Əmək Məcəlləsi, “İcra haqqında” Qanun və maliyyə xidmətləri ilə bağlı digər normativ tələblər də tətbiq oluna bilər.
- Mülki Məcəllənin 964.2-ci maddəsində göstərilən “müqavilə ilə nəzərdə tutulmuş hallar” bank kreditlərinə necə tətbiq olunur?
Bankla müştəri arasında bağlanmış kredit və ya digər aidiyyəti müqavilədə müəyyən pul öhdəlikləri üzrə hesabdan müştərinin ayrıca sərəncamı olmadan silmə hüququ nəzərdə tutula bilər.
Lakin 964.2-ci maddə müqavilə tərəflərinə istənilən məzmunlu şərt müəyyən etmək üçün məhdudiyyətsiz hüquq vermir.
Müqavilə şərti digər məcburi qanunvericilik normalarına zidd olmamalıdır. Məsələn, Ali Məhkəmənin 14 dekabr 2022-ci il tarixli 03/2022 saylı Qərardadı ilə kreditora borclunun əməkhaqqının 20 faizindən artıq hissəsini akseptsiz qaydada tutmaq hüququ verən müqavilə şərtinin etibarsız olduğu müəyyən edilib.
- Məhkəmə qərarı olmadan bankın hesabdan vəsait tutması hansı şərtlərlə mümkündür?
- Məhkəmə qərarı hesabdan akseptsiz silmənin mümkün hüquqi əsaslarından yalnız biridir.
Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən, məhkəmə qərarı olmadan da qanunla müəyyən edilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda silmə mümkün ola bilər.
Lakin belə silmənin mövcud olması üçün konkret əməliyyat üzrə müvafiq hüquqi əsas və tətbiq olunan məhdudiyyətlər nəzərə alınmalıdır.
- Müştərinin cari hesabı, kart hesabı, maaş hesabı və kredit hesabı arasında akseptsiz tutulma baxımından fərq varmı?
Əsas məsələ hesabın yalnız adlandırılması deyil, onun hüquqi rejimi, həmin hesab üzrə müqavilə münasibətləri, vəsaitin mənbəyi və tətbiq olunan qanunvericilikdir.
Xüsusilə əməkhaqqı ilə bağlı vəsaitlər üçün əlavə hüquqi məhdudiyyətlər mövcuddur.
Bu səbəbdən “bank müştərinin istənilən hesabından istənilən məbləği tuta bilər” kimi ümumi yanaşma düzgün deyil. Hər bir konkret hesab və tutulma ayrıca hüquqi əsasla qiymətləndirilməlidir.
- Əməkhaqqı kartından tutulma zamanı bank hansı limitləri əsas götürür? Əməkhaqqının tam tutulmasına yol verilə bilərmi?
- Əməkhaqqından tutulmalar üzrə Əmək Məcəlləsinin 175 və 176-cı maddələri mühüm əhəmiyyət daşıyır. Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı, ümumi qayda olaraq, işçiyə verilməli olan əməkhaqqının 20 faizindən artıq ola bilməz; qanunvericilikdə nəzərdə tutulmuş hallarda 50 faizlik hədd tətbiq olunur. Müəyyən xüsusi hallarda isə daha yüksək hədd nəzərdə tutulur.
Bundan əlavə, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli 03/2022 saylı Qərardadına əsasən, kreditora borclunun əməkhaqqının 20 faizindən artıq hissəsini akseptsiz qaydada tutmaq hüququ verən müqavilə şərti etibarsızdır.
Burada mühüm fərq ondan ibarətdir ki, əməkhaqqından müqavilə əsasında akseptsiz tutulma ilə icra sənədinin icrası eyni hüquqi mexanizm deyil. “İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən icra sənədi icra edilərkən əməkhaqqından və ona bərabər digər gəlirlərdən tutulmalar, ümumi qayda olaraq, 50 faizdən çox ola bilməz; qanunda göstərilən xüsusi hallarda 70 faizə qədər tətbiq edilə bilər.
Bu səbəbdən əməkhaqqının tam məbləğinin kreditora akseptsiz qaydada tutulmasını nəzərdə tutan müqavilə şərtinin tətbiqi mümkün deyil.
- Məsələn, müştərinin aylıq kredit ödənişi 300 manatdır, 10 gün gecikmə yaranıb və hesabına 500 manat maaş daxil olub. Bank nə qədər tuta bilər?
Əgər 500 manat həmin müştərinin əməkhaqqıdır və söhbət kreditora müqavilə əsasında akseptsiz tutulmadan gedirsə, Ali Məhkəmənin 03/2022 saylı Qərardadı nəzərə alınmalıdır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
-Bu halda əməkhaqqının 20 faizi 100 manatdır. Lakin bu, “bank bütün hallarda 100 manat tutmalıdır” və ya “300 manatlıq aylıq ödənişin yalnız 100 manatı tutula bilər” formasında universal qayda kimi başa düşülməməlidir. Konkret əməliyyat zamanı vəsaitin həqiqətən əməkhaqqı olub-olmaması, hesab üzrə hüquqi rejim, tutulmanın hüquqi əsası, digər icra sənədlərinin mövcudluğu və tətbiq olunan digər normalar nəzərə alınmalıdır.
Əsas hüquqi prinsip ondan ibarətdir ki, kreditora borclunun əməkhaqqının 20 faizindən artıq hissəsini akseptsiz qaydada tutmaq hüququ verən müqavilə şərti etibarsızdır.
- Müştərinin maaşı bank kartına köçürülürsə və həmin müştərinin kredit gecikməsi varsa, tutulma mexanizmi necə işləyir?
- Tutulmanın konkret vaxtı və ardıcıllığı müqavilə şərtlərindən, bankın tətbiq etdiyi prosedurlardan və borcun vəziyyətindən asılıdır. Bütün banklar üçün “gecikmənin məhz filan günündə avtomatik tutulur” formasında vahid qayda müəyyən edilməyib. Eyni zamanda, əməkhaqqı və digər vəsaitlər üzrə tətbiq olunan hüquqi məhdudiyyətlər nəzərə alınmalıdır. Xüsusilə əməkhaqqından akseptsiz tutulma üzrə Ali Məhkəmənin 20 faizlik hüquqi mövqeyi əhəmiyyətlidir.
- Kredit gecikməyə düşəndə ilk olaraq müştəriyə hansı bildiriş göndərilir? Gecikmənin neçəinci günündən sonra akseptsiz tutulma mexanizmi aktivləşə bilər?
- Akseptsiz tutulmanın bütün banklar üçün eyni “X-ci gündən” başlayan vahid müddəti yoxdur.
Bu məsələ kredit müqaviləsinin şərtlərindən və bankın tətbiq etdiyi prosedurlardan asılıdır. Müştəri ilə kommunikasiya SMS, mobil tətbiq bildirişi, elektron bildiriş, zəng və digər kanallarla həyata keçirilə bilər. Bildirişin konkret vaxtı və forması isə bankın tətbiq etdiyi qaydalardan asılıdır.
- Bildiriş tutulmadan əvvəl gəlir, yoxsa tutulmadan sonra? Mobil tətbiqdə öncədən xəbərdarlıq funksiyası varmı?
- Bu məsələ konkret bank məhsulundan, müqavilə şərtlərindən və tətbiq olunan kommunikasiya prosedurlarından asılıdır. Müştərinin hansı hallarda və hansı vaxtda məlumatlandırıldığı bankın tətbiq etdiyi xidmət və bildiriş mexanizmləri çərçivəsində müəyyən edilir. Şəffaflıq baxımından müştərinin hesabından tutulma və kredit öhdəliyi barədə aydın məlumat əldə edə bilməsi mühüm praktik məsələdir.
- Müştəri hesabında vəsait olduğunu görür, amma kartla ödəniş edə bilmir. Bu, akseptsiz tutulma, bloklama, yoxsa texniki limitlə bağlı ola bilər?
- Bəli, bunun bir neçə səbəbi ola bilər. Məsələn, vəsaitin bir hissəsi və ya hamısı üzərində məhdudiyyət qoyulması, akseptsiz silmə, icra tədbiri, kart üzrə texniki limit, təhlükəsizlik səbəbi və ya digər bank əməliyyatı buna səbəb ola bilər.
Dəqiq səbəb hesab üzrə çıxarış, əməliyyat məlumatları və bankın sistemindəki status əsasında müəyyən edilə bilər.
Ona görə də hesabdakı “mövcud balans” ilə müştərinin həmin anda kartla sərbəst istifadə edə bildiyi “əlçatan vəsait” eyni anlayış olmaya bilər.
- Zaminin hesabından akseptsiz tutulma hansı hallarda mümkündür? Zaminin hesabından akseptsiz tutulma aparılması üçün zaminin ayrıca müqavilə razılığı tələb olunurmu?
- Zaminliyin mövcudluğu öz-özlüyündə zaminin bank hesabından avtomatik akseptsiz silmə hüququ yaratmır. Zaminin əsas borclunun öhdəliyi üzrə məsuliyyəti ilə onun konkret bank hesabından vəsaitin akseptsiz silinməsi ayrı hüquqi məsələlərdir. Zaminin hesabından belə silmənin mümkün olub-olmaması həmin hesab üzrə hüquqi əsas, zaminlik və digər müqavilələrin şərtləri və tətbiq olunan qanunvericilik nəzərə alınmaqla müəyyən edilir.
Xüsusilə əməkhaqqı hesabına münasibətdə ayrıca məhdudiyyətlər mövcuddur. Ali Məhkəmənin 03/2022 saylı Qərardadında da məhz zaminin əməkhaqqının tam hissəsinin akseptsiz silinməsi ilə bağlı mübahisəyə baxılıb və 20 faizdən artıq akseptsiz tutulmanı nəzərdə tutan müqavilə şərti etibarsız hesab edilib.
- Zaminin hesabından vəsait tutulmazdan əvvəl ona ayrıca xəbərdarlıq edilir?
- Ayrıca xəbərdarlığın tələb olunub-olunmaması tutulmanın hüquqi əsasından və müqavilə şərtlərindən asılıdır. Bütün hallarda “tutulmadan əvvəl mütləq ayrıca xəbərdarlıq edilməlidir” formasında universal qayda kimi təqdim etmək düzgün olmaz. Bununla belə, müştərinin və zaminin öz öhdəliyi və hesab üzrə aparılan əməliyyat barədə aydın məlumatlandırılması şəffaflıq baxımından mühüm əhəmiyyət daşıyır.
- Müştəri bankdan borcun tam bağlanması barədə arayış ala bilərmi? Kredit tam bağlandıqdan sonra akseptsiz tutulma razılığı avtomatik qüvvədən düşürmü?
- Kredit üzrə bütün öhdəliklər tam icra edildikdə həmin kredit borcunun ödənilməsi üçün akseptsiz silməyə əsas verən öhdəlik də aradan qalxır. Lakin müştərinin banka başqa kredit, komissiya, xidmət haqqı və ya digər hüquqi əsasdan irəli gələn ayrıca borcu varsa, həmin öhdəliklər ayrıca qiymətləndirilir. Müştəri kredit borcunun tam bağlanmasını təsdiq edən məlumat və ya sənədin təqdim olunması imkanları barədə bankdan məlumat ala bilər.
- Akseptsiz tutulma 2026-cı ildə istehlakçı müraciətlərində gündəmə gələn məsələlərdən olubmu?
- Mərkəzi Bankın 2026-cı il ərzində vətəndaş müraciətləri ilə bağlı açıqlamalarında maliyyə xidmətləri üzrə müxtəlif məsələlərin, o cümlədən hesabdan tutulmalarla bağlı müraciətlərin gündəmə gəldiyi görünür. Bu mövzuda konkret statistika təqdim edilirsə, rəqəm və nəticələr yalnız Mərkəzi Bankın rəsmi statistikası və ya konkret rəsmi açıqlaması ilə əsaslandırılmalıdır.
Ona görə də “akseptsiz tutulma 2026-cı ildə ən çox şikayət edilən məsələlərdən biridir” kimi statistik xarakterli nəticəni ayrıca rəsmi rəqəm olmadan təqdim etmək düzgün olmaz. Mərkəzi Bank ümumilikdə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının pozulması ilə bağlı müraciətləri araşdırmaq səlahiyyətinə malikdir.
- Ən çox hansı yanlış anlaşılma baş verir: müqavilə şərti, gecikmə faizi, tutulma ardıcıllığı, yoxsa bildiriş problemi?
- Praktik baxımdan mühüm yanlış anlaşılmalardan biri müştərinin müqavilədəki akseptsiz silmə şərtinin hüquqi nəticələrini tam başa düşməməsi ilə bağlı ola bilər. Digər mühüm məsələ isə müştərinin “hesabımda pul var, deməli həmin pulun hamısından sərbəst istifadə edə bilərəm” yanaşmasıdır. Halbuki hesabdakı vəsaitin hüquqi statusu, üzərində məhdudiyyətin olub-olmaması və konkret əməliyyatın xarakteri nəzərə alınmalıdır. Buna görə müqavilənin şərtlərinin, tutulmanın hüquqi əsasının və müştəriyə təqdim edilən məlumatın aydın olması mühüm əhəmiyyət daşıyır.
- Müştəri akseptsiz tutulma ilə razı deyilsə, ilk addım kimi hara müraciət etməlidir?
- Praktik baxımdan ilk addım kimi müştərinin banka yazılı müraciət edərək konkret tutulmanın hüquqi əsasını, məbləğini, tarixini və hansı müqavilə və ya qanun normasına əsasən həyata keçirildiyini soruşması məqsədəuyğundur.
Müştəri məsələni Mərkəzi Banka da təqdim edə bilər. Mərkəzi Bank maliyyə xidmətləri istehlakçılarının hüquqlarının pozulması ilə bağlı müraciətlərə baxır və araşdırma aparmaq səlahiyyətinə malikdir.
Bank Ombudsmanına müraciət etmək də müəyyən hallarda mümkündür. Bunun üçün, o cümlədən, əvvəlcə banka yazılı müraciət edilməli və bankdan cavab gözlənilməlidir. Bank Ombudsmanının hazırkı məlumatına görə, müraciətdən əvvəl banka yazılı müraciət edilməli və 30 iş günü ərzində bankın cavabı gözlənilməlidir. Ombudsmanın baxdığı mübahisələr üzrə maksimum iddia məbləği 10 000 ABŞ dollarının manat və digər valyuta ekvivalentidir və digər qəbul şərtləri də mövcuddur.
Mübahisənin xarakterindən asılı olaraq məhkəməyə müraciət etmək də mümkündür.
2026-cı ildə maliyyə institutlarında müştəri şikayətlərinə baxılması üzrə müstəqil funksiyanın yaradılması ilə bağlı tənzimləyici dəyişikliklər də qəbul edilib. Bu funksiya maliyyə institutunun fəaliyyət miqyasından asılı olaraq ayrıca struktur bölmə və ya məsul şəxs tərəfindən həyata keçirilə bilər.
-Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 32 d. əvvəl
-
-
41 d. əvvəl
Azərbaycan 15 min kvadratkilometrdə yeni sərvətlər axtaracaq
-
44 d. əvvəl
Azərbaycanda qızıl istehsalı 33%, mis konsentratı istehsalı 8,1 dəfə artıb
-
46 d. əvvəl
Azərbaycanın metallurgiya ixracı üçün 2 milyard dollarlıq hədəf müəyyən edilib
- 53 d. əvvəl
-
1 saat əvvəl
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
-
1 saat əvvəl
Pambıqçılıqda yeni dövr: John Deere-in güclü kombaynı Azərbaycanda - FOTOLAR
-
10 saat əvvəl
“Baku Steel Company” üçün yeni yayma və tikişsiz boru istehsalı layihələri nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda 2030-cu ilədək nəhəng mədən planı – İxrac 2 milyard dollara çatdırılacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanda “Yerin təki haqqında” yeni qanun hazırlanacaq
Azərbaycan 15 min kvadratkilometrdə yeni sərvətlər axtaracaq
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Ən çox oxunanlar
“Baku Steel Company” üçün yeni yayma və tikişsiz boru istehsalı layihələri nəzərdə tutulur
Azərbaycanda “Sinsay” mağazalarının sayı 25-ə çatıb
Azərbaycanda 2030-cu ilədək nəhəng mədən planı – İxrac 2 milyard dollara çatdırılacaq
Mikayıl Cabbarov “Karadeniz Holding” rəhbərliyi ilə görüşdü – İnvestisiya imkanları və birgə layihələr masadadır
Pezeşkian: Diplomatiyaya hazırıq, amma müharibədən qorxmuruq











.png)












