Mühüm qərar: Maliyyə işçiləri belə davranmalıdır - Rəhbərlərin mükafatı etik davranışdan asılı olacaq
Maliyyə sektorunda çalışan hər kəsə aid yeni kodeks qəbul edildi.Azərbaycan Mərkəzi Bankı banklar, sığorta şirkətləri, bank olmayan kredit təşkilatları, investisiya şirkətləri, ödəniş və elektron pul təşkilatları daxil olmaqla maliyyə sektorunda çalışan şəxslər üçün yeni etik və peşəkar davranış standartları müəyyənləşdirib.
Marja.az Mərkəzi Bankın təsdiqlədiyi “Maliyyə sektorunda etik və peşəkar davranış Kodeksi”nə istinadən xəbər verir ki, sənəd maliyyə qurumlarının əməkdaşları ilə yanaşı, onların idarəetmə orqanlarının və komitələrinin üzvlərini də əhatə edir.
Mərkəzi Bankın İdarə Heyətinin 7 iyul 2026-cı il tarixli qərarı ilə təsdiqlənən 36 səhifəlik Kodeks həm gündəlik fəaliyyət, həm də strateji qərarvermə proseslərində tətbiq üçün nəzərdə tutulub.
Sənəd tövsiyə xarakteri daşısa da, maliyyə təşkilatlarının daxili etik kodekslərinin yeni tələblərə uyğunlaşdırılması, nəzarət mexanizmlərinin yaradılması və işçilərin mütəmadi təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
Rəhbərlərin mükafatına etik davranış da təsir edəcək
Kodeksin ən diqqətçəkən müddəalarından biri maliyyə təşkilatlarının rəhbər heyətinin mükafatlandırılması ilə bağlıdır.
Sənədə əsasən, rəhbər şəxslərin mükafatlandırılması zamanı təşkilatda etik və peşəkar davranış qaydalarına nə dərəcədə əməl edildiyi nəzərə alınmalıdır. Beləliklə, rəhbər şəxslərin qiymətləndirilməsində yalnız maliyyə nəticələri deyil, onların rəhbərlik etdikləri qurumda etik standartlara uyğunluq səviyyəsi də rol oynayacaq.
Etik davranış qaydalarına uyğunluq göstəricilərinin maliyyə təşkilatlarının əsas risk göstəricilərinə daxil edilməsi də nəzərdə tutulur. Monitorinq və pozuntuların aşkarlanması üçün ədalətli, şəffaf və sənədləşdirilmiş nəzarət mexanizmləri yaradılmalıdır.
Etik qaydaları pozan əməkdaşlar barəsində əmək qanunvericiliyinə uyğun intizam tədbirlərinin görülməsi də Kodeksdə əksini tapıb.
Müştəriyə uyğun olmayan məhsul təklif edilməməlidir
Yeni Kodeks maliyyə məhsullarının müştərilərə təqdim edilməsi ilə bağlı mühüm tələblər müəyyənləşdirir.
Maliyyə təşkilatının əməkdaşı müştəriyə hər hansı məhsul təklif etməzdən əvvəl onun maliyyə təcrübəsini, risk və gəlir gözləntilərini, eləcə də maliyyə imkanlarını və məhdudiyyətlərini nəzərə almalıdır. Məhsul və xidmət yalnız müştəri üçün uyğun hesab edildikdə tövsiyə olunmalıdır.
Əməkdaşlar müştəriyə məhsulun mahiyyəti, xüsusiyyətləri, xərcləri və riskləri barədə aydın məlumat verməli, şəxsi fikirlərlə faktları bir-birindən ayırmalıdırlar.
Kodeksə əlavə edilən nümunələrdən birində maliyyə bilikləri məhdud olan müştəriyə borclanma qabiliyyəti düzgün qiymətləndirilmədən istehlak krediti və əlavə kredit kartı təqdim edilməsi etik davranışın pozulması kimi göstərilir. Məhsulun şərtlərinin izah edilməməsi nəticəsində müştərinin borcunun artması və banka şikayət etməsi xüsusi olaraq vurğulanır.
Müştəri ilə borc və zaminlik münasibətindən çəkinmək tələb olunur
Maliyyə sektorunda çalışan şəxslərin müştərilərlə şəxsi maliyyə münasibətləri qurması da riskli davranış kimi qiymətləndirilir.
Əməkdaşlara müştərilərdən borc almaq, onlara borc vermək, zamin durmaq, ortaq hesab açmaq və birgə investisiya fəaliyyəti ilə məşğul olmaq kimi münasibətlərdən çəkinmək tövsiyə edilir. Belə əlaqələr yarandıqda əməkdaş rəhbərliyi məlumatlandırmalı və həmin müştəri ilə bağlı qərarvermə prosesindən kənarlaşdırılmalıdır.
Qohumlara və tanışlara üstünlük verilməməlidir
Kodeksə əsasən, maliyyə təşkilatlarının əməkdaşları qohumlarına və şəxsi tanışlarına aid əməliyyatlara xüsusi üstünlük verə bilməzlər.
Ailə üzvlərinə və tanış şəxslərə məxsus hesablar digər müştərilərin hesabları ilə eyni qaydada idarə edilməlidir. Kartın blokdan çıxarılması, kredit müraciəti, sığorta ödənişi və digər sorğuların şəxsi əlaqələrə görə növbədənkənar icrası etik qaydaların pozulması hesab olunur.
Maraqlar münaqişəsi yarandıqda əməkdaş bu barədə birbaşa rəhbərinə yazılı və ya elektron formada məlumat verməli, həmin hal təşkilat daxilində qeydiyyata alınmalıdır. Əməkdaş münaqişənin yarandığı məsələ üzrə müzakirə və qərarvermədə iştirak etməməlidir.
Bahalı hədiyyələrin qəbuluna məhdudiyyət
Maliyyə işçilərinin qərarlarına təsir göstərə biləcək hədiyyə, güzəşt və digər faydaları qəbul etməsi də Kodekslə məhdudlaşdırılır.
Əməkdaş onun müstəqilliyini və obyektivliyini şübhə altına alan, eləcə də maliyyə təşkilatının müəyyən etdiyi limiti aşan hədiyyə və kompensasiyanı qəbul və ya tələb etməməlidir.
Hər hansı maliyyə məhsulunun tövsiyəsinə görə üçüncü tərəfdən komissiya, tövsiyə haqqı və ya başqa fayda alınırsa, müştəri və maliyyə təşkilatı bu barədə əvvəlcədən açıq şəkildə məlumatlandırılmalıdır.
Müştərinin sifarişindən əvvəl şəxsi əməliyyat aparmaq olmaz
Kodeks investisiya və qiymətli kağızlar bazarında çalışan şəxslərin müştəri sifarişlərindən şəxsi qazanc üçün istifadə etməsini yolverilməz sayır.
Sənəddəki nümunələrdən birinə əsasən, investisiya şirkətinin treyderinin müştərinin böyük alış sifarişini bazara ötürməzdən əvvəl eyni qiymətli kağızları şəxsi hesabına alması, daha sonra qiymət yüksəldikdə sataraq gəlir əldə etməsi etik qaydaların pozulması və bazar manipulyasiyası hesab edilir.
Maliyyə işçiləri məxfi və hələ açıqlanmamış məlumatlara əsaslanaraq əməliyyat aparmamalı, başqalarını belə əməliyyatlara təşviq etməməli və məlumatları şəxsi maraqları üçün istifadə etməməlidirlər.
Hesabatlardakı mənfi məlumatlar gizlədilməməlidir
Maliyyə təşkilatında qərarverməyə təsir edə biləcək məlumatların təşkilatın və ya əməkdaşın şəxsi maraqlarına uyğun olmaması onların gizlədilməsinə əsas vermir.
Kodeks hesabatlarda uğursuz əməliyyatların, kredit gecikmələrinin, texniki problemlərin və digər mənfi göstəricilərin qəsdən gizlədilməsini və ya təhrif edilməsini etik davranışın pozulması kimi qiymətləndirir.
Əməkdaşlara qeyri-rəsmi təzyiq göstərilsə belə, bütün mühüm məlumatlar rəhbərliyə tam və düzgün şəkildə təqdim edilməlidir.
Pozuntu barədə məlumat verən işçi qorunmalıdır
Kodeks maliyyə təşkilatlarında qanun pozuntuları və dələduzluq halları barədə məlumat verən əməkdaşların qorunmasını da nəzərdə tutur.
Əməkdaşlar məlum olan və ya əsaslı şübhə doğuran qanun pozuntuları, dələduzluq halları, etik kodeksin və daxili qaydaların pozulması barədə aidiyyəti strukturlara operativ məlumat verməlidirlər.
Maliyyə təşkilatı belə məlumatların verilməsi üçün təhlükəsiz və əlçatan kanallar yaratmalı, məlumat verən şəxsin anonimliyini və məxfiliyini qorumalıdır. Vicdanlı niyyətlə pozuntu barədə məlumat verən əməkdaşın təzyiqə, təqibə və ya digər mənfi təsirə məruz qalmasına yol verilməməlidir.
Kodeksdə pozuntunu bilərəkdən gizlətməyin yolverilməz olduğu da vurğulanır.
Sosial şəbəkələrdə paylaşımlara da diqqət yetirilməlidir
Maliyyə təşkilatının fəaliyyəti ilə bağlı ictimai açıqlama, çıxış və bəyanat yalnız rəhbərliyin açıq icazəsi olduqda verilməlidir.
Əməkdaşlar iş vaxtında və işdən kənar saatlarda çalışdıqları təşkilatın nüfuzuna xələl gətirə biləcək davranışlardan çəkinməlidirlər. Bu tələb şəxsi sosial media hesablarında maliyyə sektoru, çalışdıqları şirkət və onun məhsulları barədə yayılan məlumat və şərhlərə də aiddir.
Sənəddə rəsmi olaraq açıqlanmamış məhsul haqqında şəxsi sosial media hesabında təsdiqlənməmiş məlumatların paylaşılması etik qaydaların pozulmasına nümunə kimi göstərilib.
Bank sirrinin qorunması işdən kənarda da tələb olunur
Müştəriyə aid bank, sığorta, kommersiya və digər məxfi məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda açıqlana bilər.
Kodeksə əlavə edilən nümunələrdən birində sığorta əməkdaşının işdən sonra kafedə dostları ilə söhbət zamanı müştərinin qəzası və sığorta ödənişinin məbləği barədə danışması məxfiliyin pozulması kimi qiymətləndirilir.
Bu müddəa maliyyə işçilərinin məxfilik öhdəliyinin yalnız iş yerində deyil, işdən kənar mühitdə də qüvvədə olduğunu göstərir.
Kodeks kimlərə şamil olunur?
Sənəd Mərkəzi Bankın nəzarət etdiyi aşağıdakı subyektləri və həmin təşkilatlarda çalışan şəxsləri əhatə edir:
- banklar;
- bank olmayan kredit təşkilatları;
- sığorta bazarının peşəkar iştirakçıları;
- investisiya şirkətləri;
- qiymətli kağızlar bazarının digər lisenziyalı iştirakçıları;
- investisiya fondları və onların idarəçiləri;
- ödəniş təşkilatları;
- elektron pul təşkilatları;
- ödəniş sistemi operatorları;
- kredit büroları;
- Mərkəzi Bankın nəzarət etdiyi digər maliyyə qurumları.
Kodeksin əsasını dürüstlük, obyektivlik, məsuliyyətlilik, şəffaflıq, məxfilik, ədalət və bərabərlik, səriştəlilik, həmçinin ictimai etibarın qorunması olmaqla 8 etik prinsip təşkil edir.
Maliyyə təşkilatları daxili kodekslərini bu prinsiplərə uyğunlaşdırmalı, işçilər üçün hüquqi və texniki dəstək, təlimlər, qaynar xətlər və anonim məsləhət kanalları yaratmalıdırlar. Sənəddə həssas müştəri qruplarının xüsusiyyətlərindən sui-istifadə edən və iqtisadi bərabərsizliyi artıra biləcək maliyyə fəaliyyətlərindən çəkinmək də maliyyə peşəkarlarının sosial məsuliyyətinin bir hissəsi kimi göstərilir.
XXX
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Maliyyə sektorunda etik və peşəkar davranış Kodeksi” qəbul edilib.
Marja.az xəbər verir ki, Kodeks “2024–2026-cı illər üçün Maliyyə sektorunun inkişafı strategiyası” çərçivəsində maliyyə sektorunda peşəkarlığın artırılması və etik davranış standartlarının vahidləşdirilməsi məqsədilə hazırlanıb.
Kodeks maliyyə sektoru üzrə çalışan bütün peşəkarlar üçün vahid davranış çərçivəsi formalaşdıraraq etik prinsiplərə əməl edilməsində etibarlı istinad mənbəyi yaradır. Sənəd nəzarət subyektləri tərəfindən mövcud daxili kodekslərin təkmilləşdirilməsi, eyni zamanda yeni daxili kodekslərin yaradılması üçün institusional dəstək rolunu oynayır.
Sənəddə 8 etik prinsip, 6 peşəkar davranış qaydası və onların tətbiqinin təmin edilməsi mexanizmi əks olunub. Kodeks peşəkarların müştərilərə, maliyyə sektoru və institutlarına, digər peşəkarlara, qanunvericiliyə, cəmiyyətə və ətraf mühitə qarşı davranış standartlarını müəyyənləşdirir və çoxşaxəli peşəkar məsuliyyət anlayışını gücləndirir.
Bu təşəbbüs maliyyə sektorunda vahid etik və peşəkar davranış standartlarının formalaşmasına, peşəkarların inkişafı üçün münbit və dayanıqlı mühitin qorunmasına, maliyyə sektorunun davamlı inkişafı və sabitliyinin təmininə, həmçinin istehlakçıların maliyyə sektoruna olan etimadının artırılmasına xidmət edir.
Kodeksi nəzərdən keçirmək üçün bu linkə daxil ola bilərsiniz: https://uploads.cbar.az/assets/0692a776092ea3c7fd56e945a.pdf
Müştərilərin xəbərləri
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 1 gün sonra
-
2 d. əvvəl
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
-
4 d. əvvəl
ABŞ: İranla Hörmüz boğazının açılmasına dair razılaşma yaxın saatlarda əldə oluna bilər
-
13 d. əvvəl
Azərbaycanın pul bazası 23,9 milyard manata yaxınlaşıb – İllik artım 12,6%-ə çatıb
- 19 d. əvvəl
-
46 d. əvvəl
Manat üçün mühüm siqnal – Valyuta ehtiyatları daha sürətlə artır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rabitəbankdan lombard krediti üzrə faiz dərəcəsində 4%-dək endirim ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Manat üçün mühüm siqnal – Valyuta ehtiyatları daha sürətlə artır
Mühüm qərar: Maliyyə işçiləri belə davranmalıdır - Rəhbərlərin mükafatı etik davranışdan asılı olacaq
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
Rabitəbankdan lombard krediti üzrə faiz dərəcəsində 4%-dək endirim ®
Xalq Bank sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir ®
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
Naxçıvanda geniş kadr dəyişiklikləri – Üç icra başçısı təyin olundu
Avqustun 5-də gözlənilən hava şəraiti





















