Prezidentdən söz istədi, çıxışında problemi dedi

İcra başçısı "Saatlıda suvarma ilə əlaqədar bizim ciddi problemlərimiz var" dedi, Prezidentdən "Yaxşı ki, bu məsələni qaldırdınız" cavabını aldı.
Xəbər verdiyimiz kimi, Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
"Marja" xəbər verir ki, müşavirədə nəzərdə tutulmuş çıxışlar bitən zaman Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevdən ona söz verilməsini xahiş etdi.
Prezident ona kürsüyə çıxaraq çıxış etməsini təklif etdi.
Nazim İsmayılov, “Möhtərəm cənab Prezident, çox vaxt almaq niyyətində deyiləm, amma pambıqçılıqla bağlı bir problemi çatdırmaq istəyirəm” cümləsilə çıxışına başladı:
"Bu gün buraya toplaşmaqda məqsəd pambıqçılıqda olan problemləri Sizin rəhbərliyinizlə öyrənmək, gələcəkdə məhsuldarlığın artırılması hesabına pambıq tədarükünü yüksəltməkdir. Bilirsiniz ki, Saatlı pambıqçılıq sahəsində respublikada əvvəllər də yüksək nəticələr qazanıb. Bu il də respublikada ən çox pambıq tədarük edən Saatlıdır, 42 min tona yaxın pambıq tədarük edib. Bu, keçən ilkindən, təqribən 12 min tona yaxın artıqdır, hər hektardan 11 sentner artıqdır. Əhali bu pambıqdan 20 milyona yaxın xalis gəlir götürüb.
Bunları deyib, bir daha qeyd edirəm, vaxtınızı almaq niyyətində deyiləm, əsas problemə keçmək istəyirəm. Çünki Saatlı rayonunun 108 min əhalisinin 90 mini kənddə yaşayır. Bu kəndlərdə də camaatın işi ancaq təsərrüfatdır, bu gün də burada pambıqçılıq əsas yer tutur. Saatlıda suvarma ilə əlaqədar bizim ciddi problemlərimiz var. Məndən əvvəl də bu problemlər qaldırılıb. İndi bu il quraqlıq keçdi, buna baxmayaraq biz vəziyyətdən birtəhər çıxdıq. Amma nəzərə almaq lazımdır ki, biz pambığın 3 min hektarını bir dəfədən artıq suvara bilmədik. Dörd min hektarda birinci suvarma ilə ikinci suvarma arasında aqrotexniki tədbirlər, tələblər pozuldu. Qısası, burada məsələni həll etmək üçün Kür çayından Saatlıya 20 kubmetr həcmində 17-18 kilometrlik məsafədən su xətti çəkilməsi layihəsi var və bu, Sizin göstərişinizlə İqtisadiyyat nazirinə tapşırılıb. İqtisadiyyat naziri də bu tapşırığı “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göndərib. Mən bütün aidiyyəti qurumlarda olmuşam və layihə də işlənir. Amma bu gün burada onunla əlaqədar söhbət getmədi. Elə bugünkü tədbir, cənab Prezident, qoy saatlılıların uzun illər mövcud olan bu probleminin həllini təmin edən gün olsun. Çünki Sizin tapşırığınızla Arazdan 54 kilometrlik əlavə bir yeni qol da çəkildi. Orada qış otlaqları əkin sahəsi altına keçirildi. İstər-istəməz bu da o sudan götürülür. Ona görə də bizim su problemlərimizi, çətinliyimizi aradan qaldırmaq üçün bu layihə çox vacibdir. Eyni zamanda, köhnə daşıyıcı su kanalları var. Əhməd müəllim bunları yaxşı bilir, Arazdan gələn daşıyıcı su kanalları uzun illərdir təmir edilmədiyindən nasos vasitəsi olmadan öz axını ilə gələn o suların bir hissəsi itkiyə gedir. Təsəvvürünüzə gətirin ki, Arazdan gələn suyun 30 faizi itkiyə gedir, axmaz göllərdə qalır, ona görə çətinliyimiz var. Mən fürsətdən, yaratdığınız şəraitdən, imkandan istifadə edərək bu problemi Sizin ali diqqətinizə çatdırmaq istədim. Ümid edirəm ki, Sizin bilavasitə nəzarətinizlə bu problem tezliklə öz həllini tapacaq. İnanın ki, bu il suda problem olmasaydı, biz 50 min ton pambıq verəcəkdik. Saatlı 1981-ci ildə Ulu Öndərin rəhbərliyi dövründə ən yüksək pambıq istehsal etdi - 60 min ton. Bu il isə 42 min ton oldu. Amma biz 50 min tonu tədarük edə bilərdik. Ona görə çox xahiş edərdim ki, saatlılıların bu müraciətini öz nəzarətinizdə, diqqətinizdə saxlayasınız, bizə kömək olunsun.
Mən vaxtınızı aldığıma görə dönə-dönə üzr istəyirəm. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Yaxşı ki, bu məsələni qaldırdınız. Saatlı hazırda ən böyük pambıqçılıq rayonudur və 42 min ton pambıq tədarük edib. Sovet vaxtında Bərdə, Sabirabad birinci-ikinci yerləri bölüşürdü. Amma hazırda pambıqçılıq Saatlının əsas iqtisadi sahəsidir. Məşğulluğu təmin edən də məhz pambıqçılıqdır. Siz Saatlıda bu yaxınlarda işləməyə başlamısınız, əvvəl qonşu rayonda - Sabirabadda işləmisiniz. Yaxşı bilirsiniz ki, Saatlıda və o cümlədən Sabirabadda biz pambıqçılığa dövlət dəstəyi verənə qədər işsizliklə bağlı çox böyük problemlər var idi. Pambıqçılıq bu problemləri demək olar ki, aradan qaldırdı. Baxmayaraq ki, su ilə bağlı problemlər olub, amma yenə də hektardan 30 sentnerdən çox məhsul əldə edilib. Çox gözəl göstəricidir. O ki qaldı, Kür çayından yeni kanalın çəkilməsinə, indi Əhmədzadə məlumat versin bu məsələ nə yerdədir?
Əhməd Əhmədzadə: Cənab Prezident, mən Nazim müəllimin dediklərini təsdiq edirəm ki, Saatlıda doğrudan da müvafiq problemlər var. Ümumiyyətlə, Muğan zonasında su problemləri var. Orada suyun təminatı iki sahədən gedir – Arazla, bir də Kür çayı ilə. Kür çayı ilə bağlı problem yoxdur. Amma Araz çayında su ilə bağlı bir az məhdudiyyət olur. Ona görə hamı istəyir ki, Kür çayından da böyük mənbə əldə etsin. Biz o məsələni öyrənmişik, Sizin yanınızda olanda mən bir balaca izah etmişdim. Siz dediniz ki, layihə hazırlayın, baxaq. Biz bu dəqiqə layihə hazırlayırıq. Suqovuşanda - Kür çayı ilə Araz çayının qovuşduğu yerdə nasos stansiya tikməklə 16 kilometr məsafəyə suyu nəql edərək, Saatlıya 20 kubmetr suyun verilməsi mümkündür. Hazırda layihə işlənir və biz İqtisadiyyat Nazirliyinə verdiyimiz təkliflərdə o var.
İkinci problem Orta Muğan kanalı ilə bağlıdır, 50-60 ilin torpaq kanalıdır. O kanal özü də qumsal sahədən keçdiyi üçün süzülmə çox böyükdür. Mən Sizə keçən dəfə görüşdə dedim ki, biz o kanalları beton üzlüyə almasaq, itkilər çox olacaq. Həmin kanalla biz 27 kubmetr su verə bilirik. Amma əgər hər yerin suyunu bağlasaq, aşağıdakı təsərrüfatlara 5 kubmetrə yaxın su gedib çıxacaq. Deməli, 44 kilometr uzunluğunda kanalda itkilər çox böyükdür. Həmin o kanalda da bərpa işləri görmək lazımdır ki, beton üzlüyə alınsın. O da bizim verdiyimiz təkliflərin içərisində var.
Prezident İlham Əliyev: Bu 17 kilometr uzunluğunda kanalı çəkmək üçün nə qədər vaxt lazımdır? Layihə hazırdır, yoxsa, hələ hazır deyil?
Əhməd Əhmədzadə: Biz layihəni bu kvartal hazırlayıb verəcəyik. Vəsait ayrılsa, biz onu bir ildə də edə bilərik. Yəni, təxminən 50-55 milyon manat pul tutur.
Prezident İlham ƏLİYEV: Onda layihə hazır olan kimi, bir də məruzə edin. İndi İqtisadiyyat Nazirliyinə də tapşırıq veriləcək ki, onlar bu layihəni təhlil etsinlər və investisiya proqramına salsınlar. O ki qaldı, digər kanallara, əfsuslar olsun ki, bizim kanalların böyük hissəsi torpaq kanallardır.
Əhməd Əhmədzadə: 75 faizi.
Prezident İlham Əliyev: Əlbəttə, biz son vaxtlar onları beton üzlüyə almağa başladıq və görürük ki, bunun nə qədər böyük səmərəsi var. Birincisi, su ünvan başına çatır. İkincisi, bu torpaq kanallar o torpaqları da şoranlaşdırır və torpaq da sıradan çıxır. Ona görə mən “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göstəriş vermişdim ki, bizim bütün su kanallarımız geniş təhlil edilsin və ardıcıllıqla biz beton kanallara keçməliyik. Baxmaq lazımdır, dünyada artıq bu sahədə də böyük inkişaf var, yeni texnologiyalar, yeni suvarma qaydaları mövcuddur. İndi hətta pivot da yeni texnologiya sayılmır. Kanalların çəkilişində ondan da qabaqcıl, mütərəqqi texnologiyalar, müasir yanaşmalar var. Ona görə buna mütləq fikir vermək lazımdır. Bizdə həddindən çox su itkiləri var. Onsuz da biz su sarıdan korluq çəkirik. Ancaq hələ bu, bir yana qalsın, itkilər də çoxdur. Əgər biz bu itkiləri əhəmiyyətli dərəcədə azalda bilsək, - bunun da yolları var, - onda daha böyük sahələri dayanıqlı su ilə təmin edəcəyik. İndi göllərdə də suyun səviyyəsi aşağı düşüb. Biz əgər vaxtilə Taxtakörpü su anbarını tikməsəydik, - bunu açıq deməliyik, - bu gün Bakı susuz qalacaqdı. Elədirmi?
Əhməd Əhmədzadə: Bəli.
Prezident İlham Əliyev: Çünki Taxtakörpü su anbarı və su kanalı həyati əhəmiyyət daşıyan layihədir. Şəmkirçay su anbarı da həmçinin. İndi biz nə qədər böyük sahələri su ilə təmin etmişik.
Ona görə meliorativ tədbirlər son illərdə prioritet infrastruktur məsələlərinin sırasındadır və bir çox işlər görülüb. Deməli, biz gərək suyun səmərəli istifadəsi ilə bağlı tədbirlər planı tutaq. Torpaq kanalları beton üzlüyə almaq üçün təkliflər planı olmalıdır. Kiçik su anbarlarının yaradılması barədə təkliflər vermisiniz. Kənd Təsərrüfatı naziri ilə birlikdə o yerləri seçin və bütövlükdə ortamüddətli, uzunmüddətli meliorativ tədbirlər planı yenidən tərtib edilməlidir. Biz bu işlərə mütləq vəsait ayırarıq.
Eyni zamanda, bu müşavirədə icra başçıları da iştirak edirlər. Yəqin ki, hər bir rayonda buna oxşar problemlər var. Müşavirədən sonra siz də təkliflərinizi verin, həm Zeynal Nağdəliyev, həm Kənd Təsərrüfatı naziri, həm də “Meliorasiya və Su Təsərrüfatı” cəmiyyəti baxacaq. Biz bu təklifləri gələn ilin investisiya proqramına sala bilərik. Çünki gələn ilin investisiya proqramı tərtib olunur, ilin sonunda təsdiq ediləcək. Biz yanvardan artıq onun icrasına başlamalıyıq. Ona görə vaxt azdır, təklifləri verin, amma o təklifləri ki, onlar real nəticə verə biləcək layihələrdir.
Nazim İsmayılov: Çox sağ olun, cənab Prezident.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Li Auto - nun qlobal rəhbərliyindən sərt qərar – Rəsmi olmayan avtomobillər tamamilə bloklanacaq, bütün funksiyalar dayandırılacaq!
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 saat sonra
-
19 d. əvvəl
Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar
-
- 32 d. əvvəl
-
37 d. əvvəl
Gəncədə yeni avtobus parkı kompleksi fəaliyyətə başlayacaq, gedişhaqqı “CityCard” ilə ödəniləcək
-
1 saat əvvəl
Sonda mənzil kirayəçiyə qalır - 256 tam təmirli mənzil, aylıq 597 manatdan başlayan ödənişlər
-
15 saat əvvəl
Şirkət audit olunmuş maliyyə hesabatlarına malik olmadığı üçün Listinqə alınmadı
-
16 saat əvvəl
15 min 343 yerlik yeni stadion - sentyabrın 28-dən III MDB Oyunlarına ev sahibliyi edəcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
27 milyon manatlıq orqanik gübrə istehsalı zavodunun təməli qoyuldu - 200 nəfər işlə təmin olunacaq
-
17 saat əvvəl
Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?
-
18 saat əvvəl
“Hacıkənd” istirahət kompleksi tikilir - Prezident və birinci xanım tikintisi ilə tanış oldular
Son Xəbərlər

Ən ucuz uçuş və otel təklifləri bir platformada

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar

Rəsmi məzənnələr açıqlandı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

27 milyon manatlıq orqanik gübrə istehsalı zavodunun təməli qoyuldu - 200 nəfər işlə təmin olunacaq
Ən çox oxunanlar

Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?

“Hacıkənd” istirahət kompleksi tikilir - Prezident və birinci xanım tikintisi ilə tanış oldular

BOKT-ın illik gəlirliliyi 18% olan 1 milyon manatlıq istiqrazlarına 51 investor maraq göstərib

Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyuldu

Sumqayıtda 1176 yerlik məktəb 4,4 milyon manata əsaslı təmir ediləcək - QALİB ŞİRKƏT

Prezident və birinci xanım Gəncə şəhərində olublar

“Regional Su Meliorasiya Xidməti” "Tegeta Motors Baku" şirkətini seçib - 1,6 milyon manatlıq müqavilə
