Nvidia iflasına yol verilməyəcək qədər böyükdürmü? Süni intellektin maliyyələşdirilməsi riskləri artırır
Nvidia-nın 400 milyard dollarlıq öhdəlikləri: Çip nəhəngində böhran banklara da yayıla bilərmi?Nvidia-nın baş direktoru Censen Huanqın şəxsi münasibəti və casusluq şübhəsi ilə bağlı iddialar investorların diqqətini daha geniş bir suala yönəldib. Çip istehsalçısında ciddi problem yaranarsa, bu, şirkətin süni intellekt sektorunu dəstəkləmək üçün qurduğu maliyyə şəbəkəsinə və oradan banklara yayıla bilərmi?
Marja.az xəbər verir ki, CNBC-nin təhlilinə görə, Nvidia sektorun böyüməsini dəstəkləmək üçün digər şirkətlər qarşısında yüz milyardlarla dollarlıq maliyyə öhdəliyi götürüb. Bu rola görə şirkəti “süni intellektin mərkəzi bankı” adlandırırlar. ABŞ Federal Ehtiyat Sistemi (FED) və digər maliyyə qurumları gözlənilməz hadisənin qlobal maliyyə sabitliyinə təsir göstərə biləcəyini nəzərə alaraq sektordakı investisiya və maliyyələşdirməni izləyirlər. Hələ iyulda FED rəsmiləri süni intellekt sektorunda problemlər yaranacağı təqdirdə geniş çeşidli aktivlərin yenidən qiymətləndirilməsi ehtimalını müzakirə ediblər.
Nvidia səhmləri zirvədən 30 faiz geriləyib
Təhlildə istinad olunan analitiklər, hazırkı və keçmiş maliyyə rəsmiləri 2007–2008-ci illərdəki böhranın təkrarlanmasını az ehtimallı sayırlar. ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının keçmiş rəhbəri Şeyla Beyrin fikrincə, Nvidia banklar üçün işlədilən “iflasına yol verilməyəcək qədər böyük” kateqoriyasına aid edilə bilməz. Şirkətin məhsullarına tələbat və böyük səhmdar kapitalı ciddi çətinlik yaranarsa, ona müəyyən dayanıqlıq verə bilər. Bununla belə, Beyr hesab edir ki, tənzimləyicilər bankların və bütövlükdə maliyyə sisteminin Nvidia və oxşar şirkətlərlə bağlı risklərini diqqətlə izləməlidirlər.
“Nvidia-nın çökməsi maliyyə sistemi üçün ciddi sarsıntı olardı”, — Beyr bildirib.
LSEG-in məlumatına görə, analitiklər Nvidia-nın gəlirlərinin cari maliyyə ilində iki dəfədən çox artacağını, sonrakı iki il ərzində isə yenidən təxminən ikiqat yüksələcəyini gözləyirlər. Şirkət maliyyə nəticələrini çərşənbə axşamı açıqlayacaq.
CNBC yazır ki, Huanqın münasibətdə olduğu qadının Çin üçün casusluqda şübhəli bilindiyini “The New York Times” yayıb. Məqaləyə görə, bu münasibət ABŞ Federal Təhqiqatlar Bürosunun, Konqresin və Nvidia-nın direktorlar şurasının diqqətindədir. Analitiklər mümkün ssenarilər arasında şirkətin 1993-cü ildəki həmtəsisçisi Huanqın vəzifədən kənarlaşdırılmasını da nəzərdən keçirirlər. Nvidia şərh sorğusuna dərhal cavab verməyib. Şirkətin direktorlar şurası baş direktora etimadını ifadə edib.
Nvidia səhmləri oktyabrın 6-da qeydə alınan zirvədən çərşənbə axşamı ticarətin bağlanışınadək 30 faiz ucuzlaşıb. Geriləmə ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərdə demokratların gözlənilməz qələbəsindən sonra investorların süni intellekt sektorundakı mövqelərini yenidən qiymətləndirdiyi dövrə təsadüf edib. Çərşənbə günü günortayadək Nvidia səhmləri 4 faizdən çox bahalaşıb. Sektordakı maliyyə axınlarını izləyən mütəxəssislər hesab edirlər ki, Nvidia səhmlərinin daha kəskin ucuzlaşması belə, özlüyündə sistem miqyaslı böhranı tətikləməyə bilər.
Çiplər ucuzlaşarsa, borclar necə ödəniləcək?
Maliyyə rəsmilərini narahat edən ssenarilərdən biri süni intellekt sektorunun yüksəlişini dəstəkləyən bir neçə amilin eyni vaxtda zəifləməsidir. Nvidia-nın qrafik prosessorlarının (GPU) dəyəri düşərsə, investorlar bu çipləri borc vəsaiti ilə alan şirkətlərin kreditlərini ödəyə bilib-bilməyəcəyini sorğulaya bilərlər.
Belə ssenaridə iri texnologiya şirkətlərinin sektorun digər iştirakçılarına verdiyi maliyyə dəstəyi onların öz böyüməsini ləngidə bilər. Şirkətlər eyni vaxtda həm kredit problemləri, həm də səhmlərinin ucuzlaşması ilə üzləşə bilərlər. Bunun təsiri texnologiya investorlarının portfellərindən kənara çıxaraq iqtisadiyyatın digər sahələrinə də yayıla bilər.
Beynəlxalq Valyuta Fondunun (BVF) Qlobal Bazarların Təhlili bölməsinə rəhbərlik edən Ceyson Vunun sözlərinə görə, iqtisadiyyat və maliyyə bazarları eyni artım mənbəyinə söykəndiyindən geriləmə zamanı birindəki itkilər digərindəkini dərinləşdirə bilər.
Vu BVF-nin oktyabrda dərc etdiyi “Qlobal Maliyyə Sabitliyi Hesabatı”nın süni intellekt şirkətləri və investorlar arasında borclanmanın artmasından bəhs edən fəslinin əsas müəllifidir. İri texnologiya şirkətlərinin 15 trilyon dollarlıq investisiya dərəcəli borc bazarında istiqraz buraxılışındakı payı iki il ərzində 1 faizdən 10 faizə yüksəlib. Hedc fondları və fərdi investorlar isə borcla səhm alaraq və ya borclanma hesabına investisiya mövqelərini böyüdən fondlara vəsait yatıraraq risklərini artırırlar.
Nvidia müştərilərindən 36 milyard dollaradək bulud xidməti almağı öhdəsinə götürüb
Nvidia öz çipləri ilə məlumat mərkəzləri quran və hesablama gücünü digər şirkətlərə icarəyə verən ixtisaslaşmış bulud provayderlərinə dəfələrlə dəstək verib. Şirkət iyulda bu provayderlərdən 36 milyard dollaradək bulud xidməti almağı öhdəsinə götürdüyünü açıqlayıb. Bu razılaşmalar Nvidia-nın çiplərinə tələbi dəstəkləyir və provayderlərin maliyyə cəlb etməsini asanlaşdırır.
Vu və digər mütəxəssislər bu modeli “dairəvi maliyyələşdirmə” adlandırırlar. Bazar böyüyəndə iri şirkətin müştərilərinə öz məhsullarını almaqda kömək etməsi hər iki tərəfə fayda verə bilər. Nvidia öhdəliklərini yerinə yetirə bilməsə, təsir borc alan provayderlərə və onlara kredit verən banklara keçə bilər. Fəaliyyəti barədə daha az məlumat açıqlayan özəl kredit fondları da süni intellekt sektoruna iri həcmdə vəsait ayırıblar. Bu fondların mümkün geriləməyə necə tab gətirəcəyi tənzimləyicilər arasında müzakirə olunur.
Nvidia tərəfdaşlarının adlarını açıqlamayıb. CoreWeave və IREN kimi provayderlər isə şirkətlə əməkdaşlıqları barədə ayrıca məlumat veriblər. LSEG-in məlumatına görə, CoreWeave-in borcunu defolt riskindən sığortalamağın dəyərini göstərən spred oktyabrın 1-dən noyabrın 5-dək 94 faiz artıb, sonra sabitləşib. IREN-in 2029-cu ildə ödənilməli olan konvertasiya olunan istiqrazı noyabrın 3-dən 5-dək 23 faiz ucuzlaşıb. Eyni dövrdə şirkətin səhmləri 26 faiz dəyər itirib.
400 milyard dollarlıq öhdəliklər hansı halda riskə çevrilə bilər?
Nvidia-nın digər öhdəlikləri arasında OpenAI və SB Energy-nin ABŞ-ın Ohayo ştatında planlaşdırdığı iri məlumat mərkəzi layihəsi üzrə müəyyən şərtlərdən asılı olan 105 milyard dollarlıq mərhələli zəmanət də var. Şirkət həmçinin Uoll-Strit maliyyə qurumlarının 500 milyard dollarlıq kredit proqramının 125 milyard dollaradək hissəsinə zəmanət verməyi vəd edib.
Kolumbiya Biznes Məktəbinin maliyyə professoru Steyn Van Nyuverburq Nvidia-nın bu qəbildən olan öhdəliklərinin ümumi həcmini 400 milyard dollar qiymətləndirir. Müxtəlif formalarda götürülən bu öhdəliklərin hamısı üzrə eyni vaxtda ödəniş tələbinin yaranması az ehtimallıdır. Səhmlərin ucuzlaşmasından sonra belə, Nvidia-nın bazar kapitallaşması təxminən 4 trilyon dollardır. Professorun fikrincə, bütün zəmanətlərin risk altına düşməsi üçün şirkətin fəaliyyəti son dərəcə ağır vəziyyətə gəlməlidir. O, hazırda sektorun maliyyələşməsində səhmdar kapitalının böyük yer tutduğunu da vurğulayıb.
Son günlər Nvidia səhmləri gerilədiyi halda, ixtisaslaşmış bulud provayderlərinin əksəriyyətinin səhmləri bu həftə itkilərinin bir hissəsini bərpa edib. Bu dinamika investorların hazırkı problemləri hələlik Nvidia-ya xas hesab etdiyinə işarə edir.
Van Nyuverburqun sözlərinə görə, AMD, Broadcom, Intel, Google, Microsoft və OpenAI süni intellekt üçün öz çiplərini hazırlayırlar. Zamanla alternativ çiplərin bazara çıxması Nvidia-da yarana biləcək problemlərin iqtisadi təsirini məhdudlaşdıra bilər. Bununla belə, professor süni intellekt sektorundakı yüksəlişin qəfil dayanması ilə bağlı maliyyə risklərinin qaldığını deyib. O, İsveçrənin Bazel şəhərində maliyyə rəsmilərinin toplantısı çərçivəsində CNBC-yə bildirib ki, mərkəzi bank rəhbərləri bu ssenaridən ciddi narahatdır və onun mümkün nəticələrini diqqətlə araşdırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
- 13 d. əvvəl
-
13 saat əvvəl
Putinin köməkçisi: Rusiya və Ukrayna Əbu-Dabidəki danışıqlarda sülhə yaxınlaşıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıda və bölgələrdə 29 avtobus marşrutu müsabiqəyə çıxarılır – SİYAHI
- 15 saat əvvəl
-
16 saat əvvəl
Sanksiyanı 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
-
16 saat əvvəl
İcracatçıların gəlirlərinin 25 faizindən çox olmayan hissəsi mənfəət vergisindən tam azad edilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
OPEC neft hasilatını gündəlik 2 milyon barelə yaxın artırıb – Ən böyük artım Səudiyyə Ərəbistanındadır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Sanksiyanı 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
İcracatçıların gəlirlərinin 25 faizindən çox olmayan hissəsi mənfəət vergisindən tam azad edilir
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
Yükdaşıma ilə məşğul olanlar üçün alternativ vergi rejimi - 8 faizlik vergi rejimini də seçə biləcəklər


























