Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank bazardan 2 milyard dollardan çox valyuta alıb – Ehtiyatlar 13,7 milyard dollara çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank bazardan 2 milyard dollardan çox valyuta alıb – Ehtiyatlar 13,7 milyard dollara çatıb

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin əvvəlindən iyulun 30-dək valyuta bazarında 2 milyard 77 milyon ABŞ dolları həcmində alışyönümlü müdaxilə həyata keçirib.

Marja xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, alışyönümlü müdaxilələr və valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər nəticəsində Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 2,2 milyard ABŞ dolları və ya 19,4% artaraq 13,7 milyard ABŞ dollarına çatıb.

Valyuta bazarında təklif tələbi kəskin üstələyib

Taleh Kazımov bildirib ki, 2026-cı ilin ilk yeddi ayında Azərbaycanın valyuta bazarında təklif tələbdən yüksək olub. Qeyri-neft valyuta bazarında təklif tələbi 500 milyon ABŞ dollarından çox üstələyib. Artıq valyuta təklifinin yaranması Mərkəzi Bankın bazarda xarici valyuta almasına və ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmasına şərait yaradıb.

Valyuta hərraclarında satışlar kəskin azalıb

Mərkəzi Bank sədrinin sözlərinə görə, 2026-cı ilin ilk altı ayında keçirilən valyuta hərraclarında bazara təxminən 757 milyon ABŞ dolları satılıb. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə valyuta satışlarının həcmi 2,7 milyard ABŞ dolları olmuşdu. Beləliklə, hərraclarda satılan valyutanın həcmi təxminən 1,9 milyard ABŞ dolları və ya 72% azalıb. 2024-cü ilin ilk altı ayında isə hərraclar vasitəsilə təxminən 3,5 milyard ABŞ dolları satılmışdı. Cari ilin göstəricisi ilə müqayisədə azalma 2,7 milyard ABŞ dollarından çox və ya təxminən 79% təşkil edir.

Aprelin 1-dən etibarən keçirilməsi nəzərdə tutulan 34 valyuta hərracından 23-ü baş tutub, 11 hərrac isə keçirilməyib. Baş tutmuş hərraclarda ümumilikdə 243 milyon ABŞ dolları satılıb.

Strateji valyuta ehtiyatları 85,8 milyard dollara yüksəlib

AMB sədrinin sözlərinə görə, 2026-cı ilin ilk altı ayının sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard ABŞ dollarına çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 700 milyon ABŞ dolları və ya 0,8% artım deməkdir.

Strateji valyuta ehtiyatları ölkənin 40 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edir. Ehtiyatların həcmi manatla geniş pul kütləsini 3,4 dəfə üstələyir.

Əmanətlərin dollarlaşması azalıb

Bank sektorunda dedollarlaşma prosesi də davam edib. Rezident fiziki şəxslərin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2026-cı ilin iyun ayının sonunda 25,6% təşkil edib.

Bu göstərici ilin əvvəli ilə müqayisədə 3,8 faiz bəndi azalıb. Manatla əmanətlərin payının yüksəlməsi milli valyutaya tələbatın və etimadın artdığını göstərir.

Xarici ticarət profisiti 8 milyard dollara çatıb

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin ilk altı ayında Azərbaycanın xarici ticarət balansında 8 milyard ABŞ dolları məbləğində müsbət saldo yaranıb.

Birinci rübün sonunda cari əməliyyatlar hesabının profisiti 1,7 milyard ABŞ dolları və ya ümumi daxili məhsulun 9,5%-i səviyyəsində olub. Xarici sektordakı müsbət göstəricilər valyuta bazarında təklifin yüksək qalmasını və manatın məzənnəsinin sabitliyini dəstəkləyir.

Mərkəzi Bank valyuta bazarından yenə dollar ala bilər

Taleh Kazımov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının valyuta bazarında alışyönümlü müdaxilələri davam etdirməsi ehtimalı yüksəkdir.

“Valyuta bazarında alışyönümlü müdaxilə edəcəyimiz ehtimalı yüksəkdir. Bununla bağlı gözləntimiz dəyişməyib”, – AMB sədri qeyd edib.

Taleh Kazımov valyuta təklifinin tələbi üstələməsinin bir neçə səbəblə bağlı olduğunu deyib. Bunlardan biri bank sektorunda dedollarlaşma prosesinin davam etməsidir.

Onun sözlərinə görə, 2021-ci ildə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 40% ətrafında olduğu halda, 2026-cı ilin iyun ayının sonunda göstərici 25,6%-ə düşüb. Beləliklə, dollarlaşma səviyyəsi təxminən 14,4 faiz bəndi azalıb.

Əhali həm dollar satır, həm də manatla əmanət yerləşdirir

AMB sədri bildirib ki, nağd valyuta bazarında fiziki şəxslərin dollar satışlarının artması əhalinin real gəlirlərinin azalması ilə izah edilə bilməz. Çünki paralel olaraq banklardakı manat əmanətlərinin və əmanətçilərin sayı da sürətlə artır.

“Bəzi ekspertlər hesab edirlər ki, əhalinin real gəlirləri azalır və buna görə insanlar yastıq altında saxladıqları valyutanı satırlar. Lakin biz eyni zamanda manatla əmanətlərin kəskin artdığını görürük”, – Taleh Kazımov deyib.

2024-cü ilin əvvəlində bank sektorunda 113 min 900 unikal əmanətçi olduğu halda, 2026-cı ilin iyun ayının sonunda onların sayı 220 minə çatıb. Beləliklə, təxminən iki il yarım ərzində unikal əmanətçilərin sayı 106 min 100 nəfər və ya 93,2% artıb.

İdxalın azalması dollara tələbi aşağı salıb

Taleh Kazımov valyuta bazarında tələbin azalmasının digər səbəbi kimi idxalın zəifləməsini göstərib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayında idxalın azalması xarici valyutaya tələbi də aşağı salıb. Valyuta təklifinin yüksək, tələbin isə nisbətən zəif olması Mərkəzi Bankın bazardan dollar alaraq ehtiyatlarını artırmasına şərait yaradır.

İş elanları AzVak.az-da

31.07.2026 11:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19