ABŞ-ın texnologiya nəhənglərindən güclü maliyyə nəticələri
ABŞ-ın ən böyük şirkətlərindən olan Alphabet, Amazon, Apple, Meta Platforms, Microsoft və Tesla maliyyə nəticələrini açıqlayıb.“Möhtəşəm yeddiliyin” (Alphabet, Amazon, Apple, Meta Platforms, Microsoft, Nvidia və Tesla) 6 üzvü maliyyə hesabatını açıqlayıb.
Alphabet-n gəliri 22% artıb
Google-ın ana şirkəti Alphabet 2026-cı ilin ilk rübünə dair balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, Alphabet-in ilin ilk rübündə əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 22% artaraq 109,9 milyard dollara çatıb. Şirkət 2025-ci ilin ilk rübündə 90,2 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti də birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 81% artaraq 62,6 milyard dollara yüksəlib. Alphabet ötən ilin ilk rübündə 34,5 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin ötən ilin yanvar–mart dövründə 2,81 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 5,11 dollara yüksəlib.
Alphabet-in gəliri və mənfəəti bazar gözləntilərini üstələyib.
Şirkət tərəfindən bildirilib ki, rüblük dividend ödənişləri 5% artırılacaq.
Amazon-un satışları artıb
Amazon 2026-cı ilin yanvar–mart dövrünə dair balansını açıqlayıb. Amazon-un xalis satışları bu ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 181,5 milyard dollara yüksəlib. Ötən ilin ilk rübündə bu göstərici 155,7 milyard dollar idi.
Şirkətin xalis mənfəəti də eyni dövrdə 77% artaraq 30,3 milyard dollara çatıb. Keçən ilin analoji dövründə bu rəqəm 17,1 milyard dollar olmuşdu.
E-ticarət nəhənginin səhm üzrə mənfəəti ötən ilin ilk rübündə 1,59 sent olduğu halda, bu ilin eyni dövründə 2,78 dollara yüksəlib.
Şirkətin gəliri və mənfəəti bu dövrdə bazar gözləntilərini üstələyib.
Amazon ikinci rüb üçün 194–199 milyard dollar arasında xalis satış proqnozlaşdırdığını açıqlayıb.
Meta-nın mənfəəti 61% artıb
Meta Platforms (Facebook, Instagram və WhatsApp-ın sahibi) 2026-cı ilin ilk rübünə dair nəticələrini açıqlayıb. Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 33% artaraq 56,3 milyard dollara yüksəlib. Ötən il bu göstərici 42,3 milyard dollar idi.
Meta-nın xalis mənfəəti də 61% artaraq 26,8 milyard dollara çatıb. Keçən ilin eyni dövründə bu rəqəm 16,6 milyard dollar olmuşdu.
Şirkətin səhm üzrə mənfəəti ötən ilin ilk rübündə 6,43 dollar olduğu halda, bu il 10,44 dollara yüksəlib.
Meta-nın gəliri və mənfəəti də bazar gözləntilərini üstələyib.
Şirkət ikinci rübdə 58–61 milyard dollar arasında gəlir gözlədiyini bildirib.
Microsoft-un mənfəəti 23% artıb
Microsoft maliyyə təqvimində 31 martda bitən üç aylıq dövrü 2026-cı maliyyə ilinin üçüncü rübü kimi qəbul edərək nəticələrini açıqlayıb.
Buna görə, şirkətin gəliri yanvar–mart dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 18% artaraq 82,9 milyard dollara yüksəlib. Keçən il bu rəqəm 70,1 milyard dollar idi.
Şirkətin gəliri bu dövrdə bazar gözləntilərini üstələyib.
Microsoft-un xalis mənfəəti də 23% artaraq 31,8 milyard dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 25,8 milyard dollar olmuşdu.
Şirkətin səhm üzrə mənfəəti 3,46 dollardan 4,27 dollara yüksəlib.
Microsoft-un mənfəəti də bazar gözləntilərini geridə qoyub.
Bundan əlavə, şirkətin Azure və digər bulud xidmətləri gəliri 40% artıb.
Apple-ın gəlirləri 17 faiz artıb
ABŞ-ın texnologiya nəhəngi Apple üç aylıq dövrdə gəlirini illik müqayisədə təxminən 17 faiz artıraraq bazar gözləntilərini üstələyib.
Maliyyə təqviminə görə 28 mart 2026-cı ildə başa çatan üç aylıq dövrü 2026-cı maliyyə ilinin ikinci rübü kimi qəbul edən Apple şirkəti, həmin dövrə dair maliyyə hesabatını açıqlayıb.
Şirkətin gəliri ötən ilin eyni dövründəki 95,4 milyard dollardan təxminən 17 faiz artaraq 111,2 milyard dollara yüksəlib.
Eyni dövrdə xalis mənfəət də 19 faiz artaraq 24,8 milyard dollardan 29,6 milyard dollara yüksəlib. Şirkətin səhmbaşına mənfəəti isə 1,65 dollardan 2,01 dollara qalxıb.
Apple-ın həm gəliri, həm də xalis mənfəəti qeyd olunan dövrdə bazar proqnozlarını üstələyib.
iPhone satışları artıb
Bu dövrdə Apple-ın iPhone, Mac və iPad satışlarında artım qeydə alınıb.
iPhone satışları 28 martda başa çatan üç aylıq dövrdə illik müqayisədə 22 faiz artaraq təxminən 56,99 milyard dollar səviyyəsinə çatıb. Lakin satışların artmasına baxmayaraq, bu göstərici bazar proqnozundan (proqnoz 57,21 milyard dollar) aşağı qalıb.
Eyni dövrdə Mac satışları təxminən 6 faiz artaraq 8,4 milyard dollar, iPad satışları isə 8 faiz yüksələrək 6,9 milyard dollar təşkil edib.
Şirkətin açıqlamasında bildirilib ki, xidmətlərdən əldə olunan gəlir 16 faiz artaraq 30,98 milyard dollara yüksəlib və rüblük əsasda rekord həddə çatıb.
Tesla-nın xalis mənfəəti 17% artıb
Tesla 2026-cı ilin yanvar–mart dövrünə dair maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, şirkətin ümumi gəliri bu ilin ilk rübündə illik müqayisədə 16% artaraq 22,4 milyard dollar təşkil edib. Tesla 2025-ci ilin eyni dövründə 19,34 milyard dollar gəlir əldə etmişdi.
Elektromobil istehsalçısının xalis mənfəəti də ilk rübdə illik 17% artaraq 477 milyon dollara yüksəlib. Şirkətin mənfəəti 2025-ci ilin ilk rübündə 409 milyon dollar olaraq qeydə alınmışdı.
Tesla-nın ötən ilin ilk rübündə 27 sent olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 41 sentə yüksəlib.
Şirkətin gəliri ilk rübdə bazar gözləntilərindən bir qədər aşağı qalsa da, mənfəət göstəricisi proqnozları üstələyib.
Tesla 2026-cı ilin ilk rübündə qlobal miqyasda 408 min 386 elektromobil istehsal edib, 358 min 23 ədəd elektromobilin tədarükünü həyata keçirib.
Bu dövrdə şirkətin avtomobil istehsalı illik müqayisədə 13%, tədarük etdiyi avtomobillərin sayı isə 6% artıb.
Nvidia növbəti maliyyə hesabatını 20 may 2026-cı il, çərşənbə günü açıqlayacaq. Hesabat ABŞ birjaları bağlandıqdan sonra (after market) yayımlanacaq. Bu hesabat 2027 maliyyə ilinin 1-ci rübünə (fiscal Q1 FY2027) aid olacaq. Analitiklər bu hesabatda şirkətin gəlir və mənfəət göstəricilərini xüsusilə AI çiplərinə olan yüksək tələbat fonunda diqqətlə izləyirlər.
Müştərilərin xəbərləri
“PAŞA Sığorta”nın "Port Baku" ərazisindəki filialı mərkəzi ofisdə ("Sahil Plaza"da) fəaliyyətini davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
12 d. əvvəl
Bakı metrosu üçün Asiya bankındn 850 milyon dollar borc alınır
-
15 d. əvvəl
BVF: Bu il Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları ötəcək
-
24 d. əvvəl
İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb
- 49 d. əvvəl
- 50 d. əvvəl
- 50 d. əvvəl
-
57 d. əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 5 dəfəyə yaxın artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bakı metrosu üçün Asiya bankındn 850 milyon dollar borc alınır
TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib
"Neftqazmaş" 2025-ci ili xalis mənfəətlə başa vurub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 5 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
"Agrarco" şirkətinin ixrac gəliri 5 dəfəyə yaxın artıb
Azərbaycan neftinin son qiyməti
ABŞ-ın texnologiya nəhənglərindən güclü maliyyə nəticələri
Bu bank pulunuza illik 12% gəlir təklif edir






.jpg)
.jpg)







.jpg)






