Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2026-cı ilin ilk rübü üzrə maliyyə nəticələrini açıqlayıb. 

Marja xəbər verir ki, aktivlərinin həcminə görə ölkənin ən böyük bankı olan ABB həm gəlirlərini, həm də xalis mənfəətini artırıb, aktivlər və kapital artım dinamikasını qoruyub.  

XALİS MƏNFƏƏTİ 68%-DƏN ÇOX ARTIB

2026-cı ilin yanvar–mart aylarında ABB 110 milyon 570 min manat xalis mənfəət əldə edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 44 milyon 905 min manat və ya 68,4 % çoxdur. Belə ki, bank 2025-ci ilin ilk rübünü 65 milyon 665 min manat xalis mənfəətlə başa vurmuşdu.

Xalis mənfəətin bu qədər yüksək templə artması bir neçə faktorla izah oluna bilər: bankın gəlir bazasının genişlənməsi - xüsusilə törəmələrdən əldə edilən dividentlər də daxil olmaqla qeyri-faiz gəlirlərinin artması; risk xərclərinin azalması (ehtiyat ayırmalarının azalması); əməliyyat gəlirlərinin xərclərdən daha sürətli artması

Bank sektorunda mənfəətin sürətli artımı adətən aktiv portfelinin genişlənməsi, komissiya gəlirlərinin artması və kredit risklərinin azalması ilə bağlı olur. Bu baxımdan ABB-nin nəticələri bankın gəlir strukturu və risk idarəetməsinin yaxşılaşdığını göstərir.

GƏLİRLƏRDƏ CİDDİ ARTIM

2026-cı ilin ilk rübündə bankın faiz gəlirləri 295 milyon 84 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37 milyon 415 min manat və ya 14,5 % artım deməkdir. 2025-ci ilin ilk rübündə faiz gəlirləri 257 milyon 669 min manat olmuşdu.

Hesabat dövründə qeyri-faiz gəlirləri isə daha sürətlə artıb. Bankın qeyri-faiz gəlirləri 135 milyon 46 min manata çatıb. Bu, illik müqayisədə 57 milyon 612 min manat və ya 74,4 % artım deməkdir. 2025-ci ilin ilk rübündə bu göstərici 77 milyon 434 min manat idi.

Beləliklə, ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirlərinin cəmi) 430 milyon 130 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 95 milyon 29 min manat və ya 28,4% çoxdur. 2025-ci ilin ilk rübündə əməliyyat gəlirləri 335 milyon 102 min manat olmuşdu.

Gəlirlərin artımında iki əsas trend diqqət çəkir:

1. Faiz gəlirləri sabit şəkildə artır.

Faiz gəlirlərinin 14,5 % artması kredit portfelinin böyüməsi və faiz gəliri gətirən aktivlərin genişlənməsi ilə bağlıdır.

2. Qeyri-faiz gəlirlərində sıçrayış.

Qeyri-faiz gəlirlərinin 74,4 % artması bankın “Alınan haqq və komissiya gəlirlərinin”, “Digər gəlirlərinin”, o cümlədən törəmələrdən əldə olunan dividendlərinin artması ilə bağlıdır.

Bu dinamika bankın gəlir strukturunun diversifikasiyasını göstərir və bu, müasir bankçılıqda mühüm göstərici hesab olunur.

XƏRCLƏR DƏ ARTIB

Bankın faiz xərcləri illik müqayisədə 23 milyon 541 min manat və ya 28,2 % artaraq 107 milyon 92 min manata yüksəlib. 2025-ci ilin ilk rübündə bu göstərici 83 milyon 551 min manat təşkil etmişdi.

Eyni zamanda, qeyri-faiz xərcləri 158 milyon 791 min manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28 milyon 625 min manat və ya 22 % çoxdur. 2025-ci ilin ilk rübündə qeyri-faiz xərcləri 130 milyon 166 min manat idi.

Nəticədə, bankın cəmi əməliyyat xərcləri 265 milyon 883 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 52 milyon 166 min manat və ya 24,4 % artıb. 2025-ci ilin ilk rübündə əməliyyat xərcləri 213 milyon 717 min manat olmuşdu.

Xərclərin artması əsasən iki səbəblə əlaqədardır:

1. Depozitlər üzrə faiz xərclərinin artması

Bankın depozit portfeli böyüdükcə bankın öhdəliklər üzrə faiz xərcləri də artır: ABB-nin pul bazarı alətlərinə, cəlb edilmiş kreditlərə görə ödənilən faizlər və digər öhdəliklər üzrə faiz xərcləri artıb.

2. İnzibati və əməliyyat xərclərinin yüksəlməsi

Rəqəmsal platformalara investisiyalar, əməkhaqqı fondu, texnoloji və digər xərclər bank sektorunda qeyri-faiz xərclərinin artmasına səbəb olur.

Buna baxmayaraq, ABB-də gəlirlərin xərclərdən daha sürətli artması bankın operativ effektivliyinin yaxşılaşdığını göstərir.

PROBLEMLİ KREDİTLƏR ÜÇÜN EHTİYATLARA AYIRMA AZALIB

2026-cı ilin ilk rübündə mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlara ayırmalar 23 milyon 15 min manat olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 milyon 769 min manat və ya 37,4 % azdır. Ötən ilin ilk rübündə bu məqsədlə 36 milyon 784 min manat ayrılmışdı.

Bu azalma bankın aktiv keyfiyyətinin yaxşılaşdığını göstərə bilər. Adətən ehtiyat ayırmaları - problemli kreditlərin səviyyəsi aşağı düşəndə, kredit portfelinin risk strukturu yaxşılaşanda və əvvəlki illərdə yaradılmış ehtiyatlar kifayət edəndə azalır.

Bu faktorlar bankın mənfəətinə müsbət təsir göstərən əsas amillərdən biridir.

Eyni zamanda, ABB 2026-cı ilin ilk rübündəki gəlirindən faiz borcları üzrə yaradılan məqsədli ehtiyatlara 8 milyon 347 min manat ayırıb (2026-cı ilin eyni dövründə 3 milyon 797 min manat ayırmışdı).

ABB 2026-cı ilin ilk rübündə 155 milyon 900 min manat cəmi əməliyyat mənfəətindən 23 milyon 15 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma ilə bərabər, 22 milyon 315 min manat mənfəət vergisi ödəyib (2025-ci ilin ilk rübündə 15 milyon 140 min manat mənfəət vergisi ödəmişdi, + 47,4%)

AKTİVLƏRİ, O CÜMLƏDƏN KREDİT PORTFELİ BÖYÜYÜB

2026-cı ilin 31 mart tarixinə ABB-nin cəmi aktivləri 14 milyard 310 milyon 692 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 683 milyon 789 min manat və ya 5 % artıb. 2025-ci ilin sonunda aktivlər 13 milyard 626 milyon 903 min manat idi.

Aktivlərin artımı bankın kredit portfelinin, digər banklarda və maliyyə institutlarındakı depozitlərin və nağd pul vəsaitlərinin artması ilə bağlıdır. Aktivlərin artımı bankın bazar payının genişlənməsi və biznes həcminin artması deməkdir.

2026-cı ilin 31 mart tarixində bankın kredit portfeli isə 7 milyard 158 milyon 144 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 78 milyon 160 min manat və ya 1,1 % artım deməkdir.

DEPOZİT PORTFELİ 9 MİLYARD MANATI KEÇİB

2026-cı ilin ilk rübünün sonuna bankın depozit portfeli 9 milyard 9 milyon 721 min manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 116 milyon 841 min manat və ya 1,3 % artım deməkdir.

Depozit strukturunda əsas trend: əhalinin depozitlərinin artması və korporativ depozitlərin təxminən sabit qalmasıdır. Bu isə bankın maliyyələşmə bazalarından birinin stabil qalması baxımından vacibdir.

ƏLAVƏ KREDİTLƏR CƏLB EDİB

2026-cı ilin 31 mart tarixinə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 1 milyard 648 milyon 366 min manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 317 milyon 79 min manat və ya 23,8 % artım deməkdir.

Bu artım bankın - beynəlxalq maliyyə institutlarından və digər banklardan əlavə resurs cəlb etməsi ilə bağlıdır. Bu resurslar adətən kreditləşmənin genişləndirilməsi və likvidliyin artırılması üçün istifadə olunur.

KAPİTAL MÖVQEYİ GÜCLƏNİB

Hesabat dövrünün sonunda ABB-nin məcmu kapitalı 1 milyard 998 milyon 327 min manata çatıb. Bu məbləğ 2025-ci ilin sonu ilə müqayisədə 98 milyon 613 min manat və ya 5,2 % çoxdur. Güclü kapital bankın dayanıqlılığını və kreditləşmə imkanlarını artıran əsas faktorlardan biridir.

Beləliklə, 2026-cı ilin ilk rübündə ABB gəlirlərin və mənfəətin artması, aktivlərin genişlənməsi və kapitalın güclənməsi ilə maliyyə dayanıqlılığını qoruyub saxlayıb. Bankın nəticələrində xüsusilə qeyri-faiz gəlirlərinin sürətli artımı və ehtiyat ayırmalarının azalması mənfəətə müsbət təsir göstərib.

BANK BTB-NİN AKTİVLƏRİ ABB-YƏ ÖTÜRÜLÜR

Xatırladaq ki, “Bank BTB” ASC tərəfindən aktivlərinin satılması və öhdəliklərinin də ABB-yə ötürülməsi təşəbbüsü çərçivəsində 02.03.2026-cı il tarixində Bank “BTB” ASC ilə ABB arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Qeyd olunan bankın aktivlərinin alınması ABB-nin strateji inkişaf hədəflərinə, böyümə niyyətlərinə, o cümlədən müştəri bazasını və portfelini genişləndirmək məqsədlərinə uyğundur. Proses çərçivəsində Bank “BTB” ASC-nin aktivləri ABB-nin balansına keçir, eyni zamanda öhdəlikləri də ABB tərəfindən qarşılanır.

İş elanları AzVak.az-da

ABB 2026 Q1 maliyyə nəticələri Azərbaycan Beynəlxalq Bankı maliyyə hesabatı ABB xalis mənfəət 2026 ABB mənfəət artımı ABB aktivləri 14 milyard manat ABB kredit portfeli ABB depozit portfeli 9 milyard manat ABB faiz gəlirləri ABB qeyri-faiz gəlirləri ABB əməliyyat gəlirləri artımı ABB bank sektoru Azərbaycan Azərbaycan bank sektoru statistikası ABB kapitalı 2026 ABB risk xərcləri azalması ABB ehtiyat ayırmaları ABB əməliyyat xərcləri ABB maliyyə göstəriciləri ABB bank aktivlərinin artımı ABB depozitlərin artımı ABB beynəlxalq maliyyə institutları kreditləri ABB Bank BTB aktivlərinin alınması Bank BTB ABB müqaviləsi ABB bank bazar payı Azərbaycan bank xəbərləri ABB 2026 birinci rüb nəticələri
13.04.2026 17:01
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18

Ən çox oxunanlar