Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.
Marja xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azerbaijan International Mining Company Limited” şirkətinin prezidenti və baş icraçı direktoru Rza Vəziri dövlətimizin başçısına kompleks barədə məlumat verdilər.
Bildirildi ki, kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub. Yenidənqurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb.
“Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda “Dəmirli” mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul - mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır.
1993-cü ildən Ermənistanın işğalı altında olan “Dəmirli” mis yatağı 2013-cü il mayın 13-dən etibarən təqribən 10 il ərzində qeyri-qanuni istismara məruz qalıb. O dövr üçün məlum olan 311 min ton çıxarılabilən mis ehtiyatının 218 min tonu, yəni 70 faizi qanunsuz şəkildə hasil edilib.
Hazırda qalıq ehtiyatların ilkin istismar dövrü 2025–2030-cu illəri əhatə edir. Bu müddətdə Çin Xalq Respublikasına 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır. İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarılabilən həcmi dəqiqləşdiriləcək.
Kompleksdə ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunub. Onlardan 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır. Növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır.
Mədəndə hasilat Azərbaycan ərazisində bir sıra filiz yataqlarının kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə ABŞ-ın “R.V. Investment Group Services” şirkəti arasında 2024-cü ildə bağlanmış saziş üzrə əməliyyat şirkəti “Azerbaijan International Mining Company Limited” tərəfindən aparılır.
Prezident İlham Əliyev tərəfindən 2024-cü ildə təsdiq edilmiş Qanuna əsasən, hasilatın pay bölgüsü haqqında saziş üzrə dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə həvalə edilib.
Layihə çərçivəsində ətraf mühitin mühafizəsi üzrə kompleks tədbirlər həyata keçirilib. İlkin vəziyyətin qiymətləndirilməsi və ekoloji monitorinqlər aparılıb, nəticələr əsasında Ətraf və Sosial Mühitə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanıb. Layihə müddətində toz və səs emissiyalarının azaldılması, torpaq və su resurslarının qorunması məqsədilə müvafiq monitorinq, laborator analizlər, yaşıllaşdırma işləri və suyun təkrar dövriyyə sistemləri tətbiq olunur. Həmçinin fəaliyyət dayandırıldıqdan sonra ərazilərin texniki və bioloji rekultivasiyası təmin ediləcək.
Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır.
Prezident İlham Əliyev süxurların partladılması üçün rəmzi düyməni basdı.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
Porsche-də 4 mindən çox işçinin ixtisarı planlaşdırılır
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Ən çox oxunanlar
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

























