Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda logistika sisteminin effektivliyinin artırılmasında innovasiyaların tətbiqi: mövcud vəziyyət, perspektivlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda logistika sisteminin effektivliyinin artırılmasında innovasiyaların tətbiqi: mövcud vəziyyət, perspektivlər

Müəllif: Ramil Quliyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent

Logistikanın müasir qloballaşmanın hökm sürdüyü dünyada rolu əhəmiyyətli şəkildə artmışdır. Müştəri məmnuniyyətini artırmaq üçün logistikanın düzgün təşkil olunmasının və logistik xərclərin, itkilərin azaldılması ilə bu uğura nail olmaq mümkündür. Bunun üçün logistikanın bir halqası olan anbarlama proseslərini məsuliyyətlə və ən düzgün formada həyata keçirə bilən mütəxəssislərə ehtiyac vardır. 

Reklam_3_11

Logistika modulunu öyrənməklə bu prosesin mahiyyətini anlamaq üçün bilik və bu bilikləri tətbiq etmə bacarığı əldə etmək mümkündür. Bunun üçün logistikanın tədarük zəncirində, anbarın logistik idarə edilmədə yeri haqqında aydın təsəvvürlərə ehtiyac vardır. Ölkəmizdə bu sahə yeni olduğu üçün onun haqqında həm praktiki işlərə, həm də nəzəri araşdırmalara az rast gəlinir.

Tədarük zənciri (Supply Chain) - hər hansı bir malı və ya xidməti tədarükçüdən istehlakçıya çatdırmaq üçün müxtəlif komponentlərdən təşkil olunmuş təşkilatlar, insanlar, texnologiya, müxtəlif fəaliyyətlər, informasiya və resurslar sistemidir. Tədarük zəncirinin idarə edilməsi prosesi daxilində təbii ehtiyatlar, xammal və s. istehlakçının tələbinə uyğun olan hazır məhsula çevrilir və istehlakçıya çatdırılır. Tədarük zənciri bir çox funksiyanı özündə birləşdirən bir şəbəkədir. Bu şəbəkə daxilində ilk növbədə son məhsul və xidmətlərə çevrilmək üçün lazım olan ehtiyatlar əldə edilir. Bu ehtiyatlar əsasında hazır məhsul, xidmət təşkil edilir. Bundan sonra bu məhsul və xidmət logistika xidməti ilə istehlakçılara, yəni müştərilərə çatdırılır. Belə təsəvvür etdikdə tədarük zənciri çoxlu sayda işçini birləşdirən və bir çox müəssisəni əhatə edən bir zəncirdir. Bu zəncirin bütün halqalarında keyfiyyətin qorunmasına, maliyyə itkilərinin olmamasına, malların zədələnmədən son nöqtəyə çatdırılmasına diqqət etmək lazımdır. Bir çox müəssisələrin tədarük zənciri ilə bütünləşməsinə səbəb texnologiyanın inkişafı ilə əlaqədar elektronik ticarətin inkişaf etməsi və malların daha effektiv şəkildə son nöqtələrə çatdırılmasıdır. 

Qloballaşan və rəqabətin artdığı iş dünyası daxilində var ola bilmək, tələbə uyğun məhsul təqdim edə bilmək, müştəri məmnuniyyətini təmin etmək üçün müəssisələr tədarük zənciri yaratmaq məcburiyyətindədirlər. Bildiyimiz kimi hal-hazırda bazar şərtləri kəskinləşməkdədir. Bu şərtlər daxilində müəssisələr maliyyəyə qənaət edilməsi və maliyyə itkilərinin minimuma endirilməsi üçün səy göstərirlər. Bundan əlavə onlar texnologiya ilə ayaqlaşmalı və digər əməkdaşlarla birlikdə yaradılan tədarük zənciri vasitəsilə məhsul və xidmətlərin müştərilərə çatdırılmasını təmin etməlidirlər.

Bütün bunların həyata keçirilməsi, təbii ki, logistikada xidməti yüksək səviyəyə çıxara, xalis gəliri artıra bilir, lakin onun effektivliyinin qiymətləndirilməsi məsələləri həlli vacib məsələ kimi gündəmə gəlir. Hazırda logistika sisteminin səmərəliliyinin ölçülməsi üçün dəyişənlərin bütün müxtəlifliyini nəzərə alan universal metodologiya mövcud deyil. Bununla belə hesab edirəm ki, bu sahədə Abşeron Logistika Mərkəzi, baş kommersiya inzibatçısı İlkin Zeynallının “Sivilizasiya” jurnalının 2022-ci il 1-ci sayında nəşr edilmiş yanaşması daha çox əhəmiyyətlidir və yuxarıda qoyulan suala cavab verir. Belə ki, İ.Zeynallı qeyd edir ki,  bütövlükdə logistika sisteminin effektivliyini müəyyən edəcək bir universal parametr var. Bu parametr təchizat zəncirində logistika xərcləri və ya material axını təşviq edildikdə əldə edilən mənfəətdir. 

O bildirir ki, logistika sisteminin effektivliyinin qiymətləndirilməsi təchizat zəncirində yaranan mənfəət və xərclərin müqayisəsi yolu ilə həyata keçirilə bilər. Təbii ki, fəaliyyətinin idarə edilməsinin logistika prinsiplərini həyata keçirən istənilən biznes təşkilatı, ilk növbədə, logistik yanaşmanı tətbiq edərkən təşkilatın fəaliyyətinin səmərəliliyinin necə artacağını anlamağa çalışır.

İ.Zeynallı hər hansı bir logistika sisteminin ən ümumi, əsas effektivlik göstəricilərinə aşağıdakıların daxil edilməsini təklif edir və zənnimcə, bunlarla razılaşmaq lazımdır:

1. Ümumi logistik xərclər;

2. Logistik xidmətin keyfiyyət səviyyəsi;

3. Biznes sisteminin ümumi fəaliyyəti;

4. Sistemdə logistik proseslərin ümumi müddəti;

5. Logistik əməliyyatların və proseslərin keyfiyyəti (logistika xidmətinin səviyyəsi).

Daha sonra İlkin Zeynallı məqaləsində “müqayisəli qiymətləndirmə”, “logistik xidmətin keyfiyyəti”, “sistemdə logistik proseslərin müddəti” kimi aktual məsələlərə toxunur. Bütün bunlarda da logistika məsələsinə bir sistem kimi yanaşaraq onun effektivliyinin qiymətləndirilməsində iştirak edən bütün nüansları nəzərə almağa çalışır. O bildirir ki, logistika əməliyyatlarının effektivliyini qiymətləndirmək üçün müəssisənin logistika sisteminin gücünü, məhsuldarlığını, xərclərini xarakterizə edən göstəricilər nəzərə alınmalıdır. 

Ölçmənin mühüm məlumatlar verdiyini qeyd edən müəllif bildirir ki, bunun əsasında müəssisənin qarşısına qoyulan məqsədlər fonunda logistika sisteminin effektivliyi haqqında nəticə çıxarmaq mümkündür. “Beləliklə, əgər məsələn, müəssisənin qarşısında qısa müddətdə material axınının sürətini maksimuma çatdırmaq vəzifəsi durursa, o zaman sürət ölçülməli və məhsuldarlıq nəzərə alınmamalıdır; əgər vəzifə xərcləri minimuma endirməkdirsə, onda müxtəlif məsrəf göstəricilərindən istifadə etmək və daha az dərəcədə müəssisənin maddi-texniki təchizatı sisteminin iş yükünü nəzərə almaq lazımdır” – İ.Zeynallı özünün əsaslandırılmış fikirlərini təqdim edir. 

Bütün bunlarla yanaşı logistik və tədarük zəncirinin idarə edilməsində informasiya axının əhəmiyyəti də nəzərdən qaçırıla bilməz. Bu ümumi effektivliyin artırılması, müştəri məmnuniyyətinə nail olunması və gəlirin çoxaldılması üçün alternativsiz bir tətbiqdir. Texnologiyanın inkişafına uyğun olaraq anbar daxili proseslərində dövrün axarı ilə uyğunlaşaraq ən azı sadələşmiş əməliyyatları yerinə yetirmək lazımdır. 

Əvvəla onu qeyd etmək lazımdır ki, məhsulların anbarda saxlanılması, onların yerinin zəruri hallarda dəyişdirilməsi, qablaşdırılması və bütünlükdə logistika prosesi üzrə informasiyaların paylaşdırılması kimi məsələlər onun infrastrukturunu özündə etiva edir. Nəzərə alınmalıdır ki, logistika məhsulu istehsal nöqtəsindən götürür, anbarlarda saxlayır, çatdırır və bütün bu işləri planlı, səmərəli və sürətli şəkildə həyata keçirməlidir. Anbar təsərrüfatının idarə edilməsi, optimal yerləşdirilməsinin təşkili və anbarlarda yerinə yetirilən logistik əməlyyatların planlaşdırılması zəruridir. Son dövrlərdə ölkəmizdə logistik terminalların və anbar şəbəkəsinin qurulmasına baxmayaraq bu sahədə problemlər mövcuddur.

Buradan nəzəri olaraq problemin dərki aydın şəkildə ortaya çıxır. Lakin onun praktiki olaraq həyata keçirilməsi sual olaraq qarşıda durmaqdadır. Bu ciddi suala ətraflı cavab kimi aşağıdakıları qeyd etməyi vacib hesab edirik.

Belə ki, son dövrlər logistika sektorunda pilotsuz uçuş aparatlarının (dron) tətbiqi haqqında da danışılır. Çində, Norveçdə, İngiltərədə, İsveçrədə, ABŞ-da və Türkiyədə görülən işləri buna misal göstərmək olar. Bununla bağlı ətraflı məlumata logistika üzrə mütəxəssis İlkin Zeynallının ölkəmizdəki saytlardan birinə verdiyi açıqlamasında rast gəlmək olur. O qeyd edir ki, PUA-lar logistika sahəsi çərçivəsində yük terminallarında, logistik mərkəzlərdə, anbarlarda istifadə olunaraq inventar yoxlama, yüklərin çatdırılması (7/24), “RFID, IOT və QR” kod etiket barkodlarını oxuyaraq yüklərin düzgün sayımını təyin etmək və yük haqqında əlavə məlumat əldə etmək şəraitini yaradır. 

“Əsas məqsəd isə ondan ibarətdir ki, əmək məhsuldarlığının artırılması, təhlükəsizliyin təmin edilməsi, istehsal xərclərinə, maliyyə xərclərinə qənaət həmçinin nəzərə alsaq ki, son dövrlər vaxt və sürət anlayışlarının böyük əhəmiyyət qazanması nəticəsində istehlakçılar (müştərilər) qısa zaman içində tələb və ehtiyaclarının yerinə yetirilməsini istəyirlər, bu baxımdan tələb olunan xidmətləri logistik sahədə təqdim etmək yalnız innovativ logistika ilə mümkün olacaqdır” – İ.Zeynallı açıqlaması zamanı qeyd edir.

Elmi ədəbiyyatda bu suala praktiki cavabı da qismən Abşeron Logistika Mərkəzinin baş kommersiya inzibatçısı İlkin Zeynallının “Sivilizasiya” jurnalının 2022-ci ilin 1-ci sayında nəşr edilmiş başqa bir araşdırmasında - “Logistikada innovasiyaların tətbiqinin nəzəri və praktiki problemləri” adlı məqaləsində tapmaq mümkündür. İ.Zeynallı problemdən çıxış yolu kimi innovativ logistika yanaşmasını qabardır. O qeyd edir ki, son illərdə çoxtərəfli əməkdaşlığın, daxili və beynəlxalq ticarətin genişlənməsi, habelə Azərbaycanın qlobal dünya bazarına inteqrasiyası innovativ logistikaya ehtiyac yaradır. İnnovativ logistika, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsinə, logistika proseslərinin səmərəliliyinin artırılmasına və müxtəlif xərclərin azaldılmasına yönəlmiş müxtəlif yeniliklərin istifadəsi ilə əlaqədar olaraq logistika proseslərinin idarəetmə səviyyəsinin yüksəldilməsi yolunu tutur. 

O, logistikada idarəetmə prosesində müasir informasiya texnologiyalarının tətbiqinin zəruriliyini əsaslandırır və bu zaman uğurlu şəkildə istifadə edilən provayderlərdən də bəhs edir. Belə ki, müəllif bildirir ki, logistikada istifadə olunan informasiya texnologiyalarına daxil olan 3PL provayderinin praktikada istifadə edilməsi kifayət qədər effekt verir. Azərbaycanda da bunun tətbiqi həyata keçirilməkdədir. 3PL provayderi və ya logistik xidmətlərin provayderi müştərilər üçün hərtərəfli logistika xidmətləri göstərən təşkilatdır: daşıma, ekspeditorluq, anbar, gömrük rəsmiləşdirilməsi və s. 3PL abreviaturası “üçüncü tərəf logistikası” deməkdir. Bu logistika funksiyalarının bir hissəsinin və ya hamısının logistik xidmət təminatçısı olan üçüncü tərəfə ötürülməsi deməkdir.

İ.Zeynallı logistikada yeniliklərin başqa bir nümunəsi, yükün yerini və ya məzmununu izləməyə kömək edən RFID etiketləri haqqında da məlumat verir. O yazır ki, bu texnologiyaların istifadəsi logistika və gömrük rəsmiləşdirilməsi daxil olmaqla, xərclərin əhəmiyyətli dərəcədə azalmasına nail olmağa imkan verir. 

“RFID unikal texnologiya olmaqla malları müəyyən etmək və markalamaqda əvəzsiz yardımçıdır. RFID teqlərindən istifadə potensialı xüsusilə sənaye və anbar logistikasının təchizat zəncirlərinə nəzarət etmək üçün müəssisəyə böyük strateji faydalar gətirə bilər. Bununla belə, bu innovativ məhsulun tətbiqi sürəti Azərbaycanda hələ də azdır” – İ.Zeynallı məqaləsində qeyd edir. 

Beləliklə, logistika sistemlərinin effektivliyinin qiymətləndirilməsi üçün istifadə olunan alətlərdən, xərclərdən istifadə üçün yanaşmalar kifayət qədər aydındır. Bu qiymətləndirmə bacarıqları imkan verir ki, logistikada müasir innovasiyalar tətbiq edilsin. Əks halda müasir rəqabət müstəvisində tab gətirmək mümkün deyildir. Çox yaxşı haldır ki, artıq Azərbaycanda bunu dərk edən mütəxəssislər var və onlar problemin həlli ilə bağlı konkret təkliflər də irəli sürürlər. Bu isə onu deməyə imkan verir ki, ölkəmizdə logistika sferasına kortəbii şəkildə deyil, elmi səviyyədə yanaşma vardır. Qeyd edilən məsələlərin praktiki olaraq bu işlərlə məşğul olan məsul şəxs tərəfindən qələmə alınması isə onun əməli fəaliyyətdə də istifadə edilməsini şərtləndirir. Bu isə logistikada davamlı uğurun başlanğıcı sayıla bilər. 

Ramil Quliyev iqtisad fəlsəfə doktor dosent logistika innovasiya Abşeron Logistika Mərkəzi İlkin Zeynallı Azərbaycan
14.04.2022 13:34
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ