“Bu işlə məcburiyyətdən yox, sevərək məşğulam”
Lalə Ömərova: “Bu biznes əziyyətli olsa da, hər şeyi sevə-sevə, övladlarımız üçün edirik”Azərbaycanın bölgələrində yaşayan kənd əhalisi dədə-babadan əkinçilik və heyvandarlıqla məşğul olub. Bu yolla kəndlilər özlərinə gün-güzəran qurublar. Doğulan hər uşaq həyətdə qoyun-quzu, mal, heyvan görüb. Zaqatalanın Yuxarı Tala kənd sakini Lalə Ömərova da kiçik yaşlarından mal-qaraya qulluq etməklə ata-anasına kömək edib. Elə heyvanlara maraq və həvəs də o illərdən yaranıb.
Lalə Ömərova Zaqatala rayonunun Yuxarı Tala kəndində böyüyüb, boya-başa çatıb. 1990-cı ildə kənd orta məktəbini əla qiymətlərlə bitirsə də, ali məktəbə qəbul oluna bilməyib. O illəri xatırlayaraq, deyir: “Ali təhsil ala bilməsəm də, həyatda öz yerimi tutmuşam. Bu vaxta qədər əldə etdiklərimin hamısı zəhmətim, əziyyətim bahasına başa gəlib. 1995-ci ildən Zaqatala rayonu Gigiyena-Epidemiologiya mərkəzində dezinfeksiyaçı vəzifəsində işləyirəm, eyni zamanda həyətimizdə kiçik bir təsərrüfat yaratmışam. Ailə quranda bu təsərrüfat yox idi. Bu işə həvəsim olduğundan, yoldaşımdan xahiş etdim bir inək alsın. Artıq 10 il keçib və mən təsərrüfatımı artırmağa nail olmuşam. Həmişə də təsərrüfatı genişləndirmək istəmişəm”.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) layihəsi Lalə Ömərova üçün həm gözlənilməz, həm də istəyini həyata keçirmək üçün bir şans olub. AMFA tərəfindən dəvət alanda layihəyə qatılıb, amma hər hansı maliyyə vəsaiti alacağına ümidi olmayıb. Sahibkarlıq barədə isə heç vaxt düşünməyib. Layihə çərçivəsində təlimlərdə iştirak edib və özünün də dediyi kimi, “sahibkarlıq fəaliyyəti üçün nəyi necə etmək lazım olduğunu öyrənib”. Lalə xanım öz biznesini qurmaq üçün münsiflər heyətinə biznes-plan təqdim edib və bir ildən sonra sərmayə kapitalı alıb.
Həmin günləri yada salaraq, deyir: “AMFA-nın təşkil etdiyi təlimlərə qatıldım və seçdiyim sahə barədə, sahibkarlıq haqqında çox şey öyrəndim. Bu, əsl istədiyim iş idi. Təlimlərdən sonra başa düşdüm ki, bu işi düzgün quranda mənfəət əldə etmək olur. Sərmayə kapitalını aldıqdan sonra daha bir balalı inək aldım. Həmin inək payızda yenə bala verəcək. Bununla da, ailə büdcəmizi artırmağa nail oldum. Hazırda 3 buzovlu inək və bir boğaz düyəmiz var”.
Lalə Ömərova bu işlə sevərək məşğuldur. Dediyinə görə, mal-qara öz yeminin xərcini çıxartmaqla bərabər, qazanc da gətirir. Gündəlik ən azından 25 litr süd sağılır. Lalə xanım soyuq aylarda sağdığı südü dükana təhvil verir, isti aylarda süd tez xarab olduğu üçün pendir tutur. Kənddə çox adam xoşlayır onun tutduğu pendiri, müştərini axtarmaq lazım gəlmir, elə qapıdan gəlib aparırlar. Süd və pendir satışından əldə etdiyi qazancı ailəyə böyük köməkdir.
“Sərmayə kapitalı əlimizdən tutdu. Qurduğum biznesdən əldə etdiyim gəlirlə evimizi təmir etdiririk. Gələcəyə də planlarım var. Bu biznesi inkişaf etdirəcəyəm, inəklərdən bala almaqla malın sayını artırmaq fikrindəyəm. 4 övladım var, qızlarımın ikisi ailə qurub. Evdə olan oğlumu evləndirmək üçün indidən lazım olan hər şeyi almağı planlaşdırıram. Kiçik qızım bu il kolleci bitirib Bakıda Texniki Universitetə daxil olmaq istəyir. Bir valideyn kimi mən də onların bütün ehtiyaclarını ödəmək istəyirəm. Amma düşünməyin ki, məhz qazanc üçün, məcburiyyətdən bu işlə məşğulam. Belə olsa, bu iş heç alınmazdı da... Bu iş əziyyətlidir, hər səhər saat 5-də durub su qızdırmaq, tövləyə gedib mal-qaranın yerini təmizləmək, yemini vermək lazım olur, amma mən bu işi sevərək edirəm, heyvanların yanında olanda ruhum dincəlir. Əziyyət çox çəksək də, hər şeyi övladlarımız üçün edirik”, - deyir Lalə xanım.
“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 125 yeni iş yerinin yaradılmasına nail olmuşdur.
Marja.az üçün Yeganə Məmmədova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
17 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
18 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
18 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
18 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar


















