“PAŞA Bank”ın 6 aylıq mənfəəti yüksəlib: IPO-dan sonra “PAŞA Bank”dan geniş hesabat – Əsas rəqəmlər açıqlandı
PAŞA Bank 96,5 milyon manat qazanıb, amma faiz xərcləri daha sürətlə artıb. PAŞA Bank IPO-dan 50,6 milyon manat cəlb edib, 107 milyon manat dividend elan edib . Bankın 3,3 milyard manat nağd vəsaiti var – Hesabatın görünməyən tərəfləri“PAŞA Bank” ASC və onun törəmə şirkətini əhatə edən Qrup (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) 2026-cı ilin ilk yarısını 96,5 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə xalis mənfəət 96,0 milyon manat olmuşdu. Beləliklə, mənfəət cəmi 585 min manat və ya 0,6% artıb. Vergidən əvvəlki mənfəət isə 120,5 milyon manatdan 122,1 milyon manata yüksəlib.
Marja.az-ın maliyyə hesabatı əsasında apardığı təhlil göstərir ki, mənfəətin zəif artımının arxasında gəlirlərin azalması deyil, ilk növbədə maliyyələşmə xərclərinin gəlirlərdən daha sürətlə yüksəlməsi dayanır.
Qeyd edək ki, 30 iyun 2026-cı il tarixinə aralıq konsolidə edilmiş maliyyə hesabatlarını EY nəzərdən keçirib. EY bildirib ki, hesabatın IAS 34 “Interim Financial Reporting” standartına uyğun hazırlanmadığını düşündürəcək hər hansı əhəmiyyətli hal diqqətə çatmayıb. Bununla belə, sənəddə ayrıca vurğulanır ki, bu prosedur tam auditdən əhəmiyyətli dərəcədə məhduddur və auditor rəyi ifadə edilmir.
Faiz gəlirləri 10%, faiz xərcləri 27% artıb
2026-cı ilin yanvar-iyun aylarında Qrupun effektiv faiz dərəcəsi metodu ilə hesablanan faiz gəlirləri 273,9 milyon manatdan 301,8 milyon manata yüksəlib. Artım 27,9 milyon manat və ya 10,2% təşkil edib.
Lakin faiz xərcləri daha sürətlə – 96,9 milyon manatdan 122,7 milyon manata, yəni 26,6% artıb. Xüsusilə müştərilərin vəsaitləri üzrə faiz xərcləri 77,7 milyon manatdan 101,5 milyon manata yüksəlib – artım 30,7%-dir. Nəticədə xalis faiz gəliri cəmi 1,2% artaraq 179,2 milyon manata çatıb.
Bu dinamika bankın əsas gəlir mənbəyində maliyyələşmə dəyərinin təzyiqini açıq göstərir: faiz gəlirlərində ikirəqəmli artım əldə edilsə də, həmin artımın böyük hissəsini faiz xərcləri “udub”.
Kreditlərdən faiz gəlirləri 9,5% artaraq 181,4 milyon manata, pul vəsaitləri və onların ekvivalentlərindən faiz gəlirləri isə 45,3% artaraq 67 milyon manata çatıb. Əvəzində investisiya qiymətli kağızlarından faiz gəlirləri 53,1 milyon manatdan 45,2 milyon manata geriləyib.
Komissiya gəlirləri mənfəətə ciddi dəstək verib
Bankın xalis haqq və komissiya gəliri 13,1 milyon manatdan 23,5 milyon manata yüksəlib. Artım 79,2%-dir. Komissiya gəlirləri 8,5% artaraq 88,9 milyon manata çatdığı halda, komissiya xərcləri 68,8 milyon manatdan 65,4 milyon manata azalıb.
Başqa sözlə, 2026-cı ilin ilk yarısında xalis komissiya nəticəsinin yaxşılaşması bankın mənfəətini dəstəkləyən əsas amillərdən biri olub.
Digər tərəfdən, valyuta əməliyyatlarından xalis gəlir 28,9 milyon manatdan 20,9 milyon manata düşüb – azalma 27,6%-dir. Türkiyədəki assosiasiya olunmuş bank üzrə əvvəlki ilin 423 min manatlıq mənfəət payı bu il 2,6 milyon manat zərərlə əvəzlənib. Bunun nəticəsində qeyri-faiz gəlirlərinin ümumi məbləği 44,9 milyon manatdan 43,3 milyon manata geriləyib.
Qeyri-faiz xərcləri isə 102,4 milyon manatdan 104,5 milyon manata yüksəlib. İşçi heyəti xərcləri 3,7%, inzibati xərclər 1,9% artıb.
Aktivlər 10 milyard manata yaxınlaşıb
30 iyun 2026-cı ildə Qrupun aktivləri 9 milyard 979,4 milyon manat təşkil edib. 2025-ci ilin sonunda bu göstərici 9 milyard 844,0 milyon manat idi. Beləliklə, altı ayda aktivlər 135,4 milyon manat və ya 1,4% artıb. Öhdəliklər isə 8 milyard 970,4 milyon manata çatıb.
Qrupun kapitalı 964,1 milyon manatdan 1 milyard 9 milyon manata yüksəlib – artım təxminən 4,7%-dir. Burada 2026-cı ildə həyata keçirilmiş səhm emissiyası mühüm rol oynayıb.
Qiymətli kağızlara investisiyalar 960 milyon manat azalıb, nağd vəsait 1,1 milyard manat artıb
Balansdakı ən böyük dəyişikliklərdən biri aktivlərin strukturunda baş verib. Pul vəsaitləri və onların ekvivalentləri 2025-ci ilin sonundakı 2 milyard 248,7 milyon manatdan 3 milyard 342,3 milyon manata yüksəlib. Altı ay ərzində artım 1 milyard 93,6 milyon manat və ya 48,6% təşkil edib. Xüsusilə AMB və Gürcüstan Milli Bankındakı cari hesabların məbləği 855,5 milyon manatdan 2 milyard 250,7 milyon manata yüksəlib.
Əvəzində investisiya qiymətli kağızlarının ümumi həcmi təxminən 2,57 milyard manatdan 1,61 milyard manata düşüb – azalma təxminən 960 milyon manat və ya 37,4%-dir. Xüsusilə amortizasiya olunmuş maya dəyəri ilə uçota alınan qiymətli kağızlar 1 milyard 820,8 milyon manatdan 832,7 milyon manata qədər azalıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Pul axınları hesabatı bu dəyişikliyin mənbəyini daha aydın göstərir. İlk yarımildə qiymətli kağızların satışı və ödənilməsindən 1 milyard 264,2 milyon manat daxil olub, yeni qiymətli kağızların alınmasına isə cəmi 305,3 milyon manat yönəldilib. Nəticədə investisiya fəaliyyətindən 938,6 milyon manat müsbət pul axını yaranıb.
Bu səbəbdən 1,09 milyard manatlıq nağd vəsait artımının əsas mənbəyi adi əməliyyat fəaliyyəti deyil, investisiya portfelindən likvidliyin azad edilməsidir. Əməliyyat fəaliyyətindən xalis pul axını 2025-ci ilin ilk yarısındakı 1 milyard 189,6 milyon manatdan 2026-cı ilin eyni dövründə cəmi 115 milyon manata düşüb.
Kredit portfeli 4 milyard manatı keçib. Tikinti sektoruna verilən kreditlər ikiqat artıb
Qrupun ümumi kredit portfeli 2025-ci ilin sonundakı 3 milyard 883,8 milyon manatdan 4 milyard 79,2 milyon manata yüksəlib. Xalis kredit portfeli isə 3 milyard 785,5 milyon manatdan 3 milyard 980,2 milyon manata çatıb – 5,1% artım.
Kredit portfelində sektorlar üzrə çox ciddi struktur dəyişiklikləri diqqəti çəkir. Tikinti sektoruna verilmiş kreditlər 209 milyon manatdan 419,3 milyon manata yüksəlib – faktiki olaraq iki dəfə artıb. Nəqliyyat və telekommunikasiya kreditləri 15,8% artaraq 721 milyon manata, bank olmayan kredit təşkilatlarına kreditlər 28,3% artaraq 203,3 milyon manata çatıb.
Əks istiqamətdə kənd təsərrüfatı və qida emalı sektoruna kreditlər 239,9 milyon manatdan 134,3 milyon manata – 44%, enerji sektoruna kreditlər isə 295,7 milyon manatdan 234,1 milyon manata – təxminən 21% azalıb. Ticarət və xidmətlər yenə də 1 milyard 492,4 milyon manatla kredit portfelinin ən böyük sahəsidir.
Kredit konsentrasiyası yüksəlib
Hesabatın risk baxımından diqqət çəkən göstəricilərindən biri iri borcalanların portfeldəki çəkisidir. 30 iyun 2026-cı ildə Qrupun kapitalının 5%-ni fərdi qaydada aşan 11 iri müştəriyə verilmiş kreditlərin ümumi məbləği 1 milyard 417,7 milyon manat olub. 2025-ci ilin sonunda belə müştərilərin sayı 14, kreditlərin məbləği isə 1 milyard 252,2 milyon manat idi.
Marja.az-ın hesablamasına görə, həmin 11 müştərinin kreditləri ümumi kredit portfelinin təxminən 34,8%-nə bərabərdir. 2025-ci ilin sonunda göstərici təxminən 32,2% idi. Yəni iri borcalanların sayı azalsa da, onların portfeldə konsentrasiyası yüksəlib.
Depozitlər azalıb, struktur müddətli əmanətlərə doğru dəyişib
Müştəri vəsaitləri 2025-ci ilin sonundakı 7 milyard 900,1 milyon manatdan 7 milyard 746 milyon manata düşüb. Altı ayda azalma 154,1 milyon manat və ya 2% təşkil edib. Daha mühüm dəyişiklik depozitlərin daxilindədir. Tələbli depozitlər 4 milyard 920,7 milyon manatdan 4 milyard 396,5 milyon manata düşüb – 524,2 milyon manat və ya 10,7% azalma. Müddətli depozitlər isə əksinə, 2 milyard 979,4 milyon manatdan 3 milyard 349,4 milyon manata yüksəlib – artım 12,4%-dir.
Nəticədə müddətli depozitlərin ümumi müştəri vəsaitlərində payı təxminən 37,7%-dən 43,2%-ə yüksəlib. Bu dəyişiklik müştəri vəsaitləri üzrə faiz xərclərinin 30,7% artdığı dövrlə üst-üstə düşür və maliyyələşmə dəyərinin yüksəlməsinə dair göstəricilərdən biri kimi diqqət çəkir.
Eyni zamanda banklar və dövlət fondlarından cəlb olunmuş vəsaitlərin həcmi 631,1 milyon manatdan 822,3 milyon manata – 30,3% artıb. Bu artımın böyük hissəsi repo əməliyyatlarının 4,1 milyon manatdan 162,5 milyon manata yüksəlməsi ilə bağlıdır.
Depozitlərin 54%-i 14 iri müştərinin əlindədir
Müştəri bazasında da yüksək konsentrasiya qalır. Hesabata görə, 100 milyon manatdan çox balansı olan 14 ən iri müştərinin depozitlərinin ümumi həcmi 4 milyard 169,1 milyon manat təşkil edib və bütün müştəri vəsaitlərinin 54%-nə bərabər olub. 2025-ci ilin sonunda 15 iri müştərinin payı 53% idi. Beləliklə, kredit portfelində olduğu kimi depozit bazasında da iri müştərilər üzrə konsentrasiya yüksək olaraq qalır.
IPO-dan 50,6 milyon manat xalis vəsait cəlb olunub
PAŞA Bank 2026-cı ilin aprelində Bakı Fond Birjasında ilkin kütləvi təklifə başlayıb. IPO 12 iyunda tamamlanıb, əlavə səhm buraxılışı 30 iyunda qeydiyyata alınıb. Bank yeni səhmlərin satışından 51,31 milyon manat ümumi vəsait əldə edib. 749 min manat əməliyyat xərclərindən sonra IPO üzrə xalis daxilolma 50,56 milyon manat olub. Satılmış yeni səhmlər IPO-dan sonra Bankın buraxılmış səhmlərinin 5%-ni təşkil edib. Nəticədə nizamnamə kapitalı 354,5 milyon manatdan 373,2 milyon manata yüksəlib və 31,9 milyon manat səhm mükafatı formalaşıb.
Bank yarımillik mənfəətindən də çox dividend elan edib
18 iyun 2026-cı ildə Bank 2025-ci ilin yekunları üzrə 107 milyon 43 min manat dividend elan edib. Bu məbləğ 30 iyun tarixində hələ ödənilməmişdi. Müqayisə üçün, ilin ilk yarısında Bankın səhmdarlarına aid edilən mənfəət 96 milyon 334 milyon manat olub. Başqa sözlə, elan edilən dividend altı aylıq səhmdar mənfəətinin təxminən 111%-nə bərabərdir. Bu o demək deyil ki, dividend yalnız cari yarımilin mənfəətindən maliyyələşdirilib – Bankın əvvəlki dövrlərdən bölüşdürülməmiş mənfəəti də mövcuddur.
Hesabat tarixindən sonra, 10 iyul 2026-cı ildə dividend ödənişinin ilk tranşı kimi 53 milyon 522 min manat ödənilib.
Kapital adekvatlığı güclənib
Bankın kapital göstəriciləri hesabatın güclü tərəflərindən biridir. 30 iyun 2026-cı ildə I dərəcəli kapital 693,3 milyon manatdan 786,4 milyon manata yüksəlib. Risk üzrə ölçülmüş aktivlər isə 3 milyard 534,5 milyon manatdan 3 milyard 406 milyon manata düşüb.
Nəticədə Tier 1 kapital adekvatlığı əmsalı 19,62%-dən 23,09%-ə, ümumi kapital adekvatlığı əmsalı isə 22,15%-dən 23,06%-ə yüksəlib. AMB-nin hesabatda göstərilən minimum tələbləri müvafiq olaraq 6,5% və 12,5%-dir.
Diqqət çəkən məqam odur ki, ümumi tənzimləyici kapital cəmi 0,35% artaraq 785,6 milyon manata çatıb. Kapital əmsallarındakı əhəmiyyətli yaxşılaşmaya həm Tier 1 kapitalının artması, həm də risk üzrə ölçülmüş aktivlərin 3,6% azalması təsir edib.
Hesabatın əsas mesajı nədir?
PAŞA Bankın 2026-cı ilin ilk yarısındakı nəticələri iki fərqli tendensiyanı eyni vaxtda göstərir. Bir tərəfdən balans kifayət qədər güclüdür: kapital 1 milyard manatı keçib, likvid vəsaitlər kəskin artıb, kredit portfeli böyüyüb və kapital adekvatlığı yüksək səviyyədədir. IPO əlavə 50,6 milyon manat kapital resursu yaradıb.
Digər tərəfdən gəlirlilik dinamikası daha zəifdir. Faiz gəlirlərinin 10,2% artmasına qarşı faiz xərclərinin 26,6% yüksəlməsi xalis faiz gəlirinin artımını cəmi 1,2%-ə endirib. Xalis mənfəətin 0,6%-lik artımı əsas biznes marjasında ciddi sürətlənmənin olmadığını göstərir. Komissiya gəlirlərindəki 79%-lik artım və kredit zərəri reversalı mənfəəti dəstəkləyib.
İkinci diqqət nöqtəsi maliyyələşmə strukturudur. Müştəri depozitləri azalıb, tələbli depozitlərdən müddətli depozitlərə keçid baş verib, bank və dövlət fondlarından maliyyələşmə və repo əməliyyatları artıb. Bu dəyişikliklər maliyyələşmə xərcinin gələcək dövrlərdə də vacib göstərici olacağını göstərir.
Üçüncü məsələ konsentrasiyadır. İri borcalanların kredit portfelində hesablanmış payı təxminən 34,8%-ə, iri depozitorların müştəri vəsaitlərində payı isə 54%-ə çatıb. Eyni zamanda Stage 3 üzrə ECL ehtiyatının artması kredit keyfiyyətinin növbəti hesabatlarda xüsusi izlənilməsini tələb edən göstəricidir.
Bununla yanaşı, Bankın yüksək kapital adekvatlığı və 3,34 milyard manatlıq nağd vəsait bazası bu risklərə qarşı əhəmiyyətli maliyyə buferi yaradır.
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 16 d. əvvəl
-
- 33 d. əvvəl
-
47 d. əvvəl
“PAŞA Bank” yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“PAŞA Bank”ın səhmdar strukturu dəyişib
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
Hörmüz boğazında neft tankeri vurulub
ABŞ-da maliyyə böhranı riski artır – xəbərdarlıq edildi
Ən çox oxunanlar
Mebel idxalı təxminən 20% azalıb
Xaricdən geyim alışında azalma
Sentyabrın 19-da gözlənilən hava şəraiti
Tahir Gozal bank rəhbəri seçilib
BOKT-un maliyyə nəticələrində güclü artım
Azərbaycan neftinin son qiyməti
“Fresh Garden Quba”ya aqropark rezidentliyi verilib - 6500 tonluq soyuducu anbar və çeşidləmə xətti yaradacaq
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb
























