970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Azərbaycan iqtisadiyyatının gələcək inkişaf modeli möhkəm maliyyə dayanıqlığına, şaxələndirilmiş sektorlara və yeni iş yerlərinin yaradılması potensialına əsaslanmalıdır".

Marja xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, iqtisadi hədəflərdən danışarkən əsas sual ölkə iqtisadiyyatının gələcəkdə necə görünməli olduğu ilə bağlıdır. Nazir qeyd edib ki, Azərbaycanın məqsədi hər hansı bir təbii sərvətdən və ya ayrıca sektordan asılı olmayan, sağlam iqtisadi sahələrə əsaslanan dayanıqlı iqtisadiyyat formalaşdırmaqdır.

“Biz ölkə iqtisadiyyatını möhkəm maliyyə mövqeyinə əsaslandırılmış, digər tərəfdən şaxələndirilmiş, yəni hər hansı bir təbii sərvətin — bizim halda bu neft-qazdır — yaxud hər hansı bir sektorun üzərində deyil, bir sıra sağlam iqtisadi sektorların mövcudluğunda görmək istəyirik”, - nazir bildirib.

Mikayıl Cabbarov vurğulayıb ki, vətəndaş baxımından iqtisadiyyatın ən mühüm funksiyalarından biri yeni iş yerləri yaratmaq potensialıdır. Onun sözlərinə görə, iqtisadi inkişaf insanların bilik və bacarıqlarına uyğun layiqli həyat səviyyəsinə aparan imkanlar yaratmalıdır.

Nazir bildirib ki, bu məqsədlərə nail olmaq üçün qeyri-neft sektorunun inkişafı əsas prioritetlərdən biri kimi çıxış edir. Lakin onun sözlərinə görə, bütün sahələr prioritet ola bilməz və ölkə öz güclü və zəif tərəflərini, mövcud imkanlarını və məhdudiyyətlərini düzgün qiymətləndirməlidir.

Cabbarov Azərbaycanın mühüm üstünlüklərindən biri kimi makroiqtisadi və makrofiskal dayanıqlığı qeyd edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkənin valyuta və qızıl ehtiyatları ümumi daxili məhsulun həcmini üstələyir.

Nazir əlavə edib ki, son illərin dinamikası Azərbaycanın xarici şoklara və qlobal böhranlara baxmayaraq dayanıqlı mövqeyini qoruduğunu göstərir. Onun sözlərinə görə, ölkənin xarici borcu azalma tendensiyasındadır, ehtiyatları isə artır.

Bununla yanaşı, Mikayıl Cabbarov daxili bazarın məhdudluğunu da mühüm amil kimi qeyd edib. O bildirib ki, dayanıqlı iqtisadi model yalnız daxili bazara əsaslana bilməz və Azərbaycan mütləq şəkildə ixrac yönümlü iqtisadi model qurmalıdır.

Nazir vurğulayıb ki, ixrac yönümlülük yalnız fiziki mal və məhsul istehsalı ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, ölkədə göstərilən xidmətlərin də ixrac potensialı artırılmalıdır.

“Bu, ölkə daxilində göstərilən xidmətlərin ixrac yönümlü olması mənasına da gələ bilər. Bunun gözəl nümunəsi turizm sektorudur, yaxud maliyyə və digər peşəkar xidmətlər sektorudur”, - Cabbarov qeyd edib.

Onun sözlərinə görə, bu sahələrdə məhsul istehsalından çox xidmət göstərilməsi hesabına ölkəyə xarici valyuta axını və gəlir təmin edilə bilər.

Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın iqtisadi strukturunda dəyişiklik prosesi gedir, lakin bu proses hələ arzu olunan səviyyədə deyil. Bu səbəbdən ölkə üçün aparıcı və prioritet sahələrin müəyyənləşdirilməsi əsas məsələlərdən biri olaraq qalır.

"Ölkə iqtisadiyyatının strukturunun dəyişdirilməsi müəyyən mənada baş verir, lakin bugün o bizi qane edən səviyyədə deyil",- nazir bildirirb.

Nazirin sözlərinə görə, prioritet sahələrin müəyyənləşdirilməsi yalnız bir nazirlik səviyyəsində deyil, vahid hökumət koordinasiyası çərçivəsində, o cümlədən İqtisadi Şura mexanizmi vasitəsilə həyata keçirilir.

Cabbarov qeyri-neft sənayesini prioritet sahələrdən biri kimi qeyd edib. Onun sözlərinə görə, istənilən ölkənin sənaye potensialı onun iqtisadi dayanıqlığını təmin edən əsas amillərdən biridir.

Nazir bildirib ki, sənaye sahəsi ticarətdən fərqli olaraq daha uzunmüddətli baxış tələb edir. Çünki bu sahədə yatırılan sərmayələrin geri dönüş müddəti daha uzun olur və burada bilik, bacarıq, texnologiya, mühəndislik, məhsul istehsalı, marketinq və bazarlara çıxış imkanları xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, insan kapitalı, makrofiskal sabitlik, sənaye üçün münasib enerji qiymətləri və infrastruktur təminatı Azərbaycanın bu sahədə üstünlüklərini təşkil edir.

Mikayıl Cabbarov dağ-mədən sektorunun inkişafında da böyük potensial olduğunu bildirib. Nazir qeyd edib ki, bunun həm təbii, həm də tarixi səbəbləri var. Təbii səbəb Azərbaycanın geoloji ehtiyatlarla zəngin olmasıdır. Tarixi səbəb isə uzun illər ölkənin bir sıra mühüm geoloji ehtiyatlarına çıxış imkanının məhdud qalması ilə bağlıdır.

Nazirin sözlərinə görə, qızıl, mis, gümüş və kritik minerallar daxil olmaqla bir sıra ehtiyatlar əsasən işğaldan azad edilmiş ərazilərdə yerləşir.

“Bu gün artıq biz həmin sahənin qısa müddət keçməsinə baxmayaraq verdiyi nəticələri görürük. Biz bu sahədə çox nikbinik”, - Cabbarov bildirib.

O xatırladıb ki, Prezident İlham Əliyevin aprel ayında imzaladığı sərəncama əsasən dağ-mədən sənayesinin və metallurgiyanın inkişafı üzrə dövlət proqramı layihəsinin hazırlanması yekun mərhələdədir.

Nazir kimya sənayesini də prioritet istiqamətlərdən biri kimi qeyd edib. Onun sözlərinə görə, bu sahənin inkişafı üçün əsas imkanlardan biri ölkədə zəngin xammal bazasının mövcudluğudur. Bu isə Azərbaycanın neft-qaz sektorunun fəaliyyəti ilə bağlıdır.

Cabbarov bildirib ki, polimerlər, polipropilen və digər xammal növləri əsasında yüksək əlavə dəyər yaradan istehsal sahələrinin inkişafı üçün potensial mövcuddur.

Mikayıl Cabbarov bildirirb ki, Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun genişləndirilməsi, ixrac potensialının artırılması və özəl investisiyaların cəlbi əsas prioritet istiqamətlər olaraq qalır.

Nazirin sözlərinə görə, kənd təsərrüfatı həm Azərbaycanın ənənəvi fəaliyyət sahələrindən biri, həm də qeyri-neft ixracında mühüm paya malik sektordur. O qeyd edib ki, Prezident tərəfindən təsdiqlənən dövlət proqramları çərçivəsində aqrar sahəyə dövlət dəstəyi, infrastruktur yatırımları və özəl sektor investisiyaları hesabına ölkənin mövcud iqlim və coğrafi üstünlüklərindən daha səmərəli istifadə imkanları yaradılır.

Mikayıl Cabbarov nəqliyyat və logistika sektorunu da prioritet istiqamətlər sırasında göstərərək bildirib ki, Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsi uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Onun sözlərinə görə, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları üzrə formalaşan potensialın əhəmiyyətli hissəsi hələ tam reallaşdırılmayıb.

Nazir turizm sahəsinin də iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, turist axınının artırılması və daxili turizm infrastrukturunun inkişafı məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən mövcud maneələrin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində işlər aparılır.

Çıxışında rəqəmsallaşma və enerji sektorlarına da toxunan Mikayıl Cabbarov bildirib ki, bu istiqamətlər artıq iqtisadiyyatın ayrıca sahələri kimi deyil, bütün iqtisadi fəaliyyət növlərinin inkişafı üçün fundamental şərt kimi qiymətləndirilir.

Nazirin sözlərinə görə, son altı ildə Azərbaycanın qeyri-neft ixracı təxminən iki dəfə artıb. Cari ildə isə qeyri-neft ixracının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17 faiz yüksəlib.

“Biz yalnız ixracın həcminin deyil, həm də keyfiyyətinin artırılmasına fokuslanırıq. Məqsəd məhsul çeşidini və ixrac coğrafiyasını genişləndirməkdir”, – deyə nazir bildirib.

Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan qeyri-neft ixracının genişləndirilməsi məqsədilə yeni bazarlara çıxışı artırmağa çalışır. Bu çərçivədə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan ilə imzalanmış preferensial ticarət sazişləri artıq müsbət nəticələr verməyə başlayıb və həmin ölkələrə qeyri-neft məhsullarının ixracında artım müşahidə olunur.

Nazir xarici investisiyaların əhəmiyyətindən də danışaraq vurğulayıb ki, investorlar ölkəyə yalnız maliyyə vəsaiti deyil, eyni zamanda yeni texnologiyalar, idarəetmə təcrübəsi, bilik və bacarıqlar gətirirlər. Bu isə məhsuldarlığın yüksəldilməsi və istehsal xərclərinin azaldılması baxımından mühüm rol oynayır.

Bununla yanaşı, daxili bazarın məhdudluğu və uzunmüddətli maliyyə resurslarına çıxış məsələlərinin müəyyən çağırışlar yaratdığını qeyd edən Mikayıl Cabbarov bildirib ki, xüsusilə sənaye sektorunda uzunmüddətli kreditlərin əlçatanlığı və faiz dərəcələri investisiya qərarlarına birbaşa təsir edən amillər sırasındadır.

Nazir sonda vurğulayıb ki, ixrac potensialının artırılması uzunmüddətli və sistemli yanaşma tələb edən prosesdir və dövlət bu istiqamətdə bir neçə əsas sahə üzrə paralel şəkildə fəaliyyət göstərir.

İş elanları AzVak.az-da

Azərbaycan iqtisadiyyatı Mikayıl Cabbarov qeyri-neft sektoru qeyri-neft sənayesi ixrac yönümlü iqtisadiyyat dağ-mədən sənayesi metallurgiya kimya sənayesi makroiqtisadi dayanıqlıq valyuta ehtiyatları qızıl ehtiyatları xarici borc işğaldan azad edilmiş ərazilər kritik minerallar sənaye potensialı iqtisadi şaxələndirmə
10.06.2026 22:24
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19