970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək

AzVak-mobil_resmin_ustu_31
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət qeyri-neft ixracında daşıma xərclərinin 70%-dək hissəsini ödəyəcək

Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracının stimullaşdırılması və Naxçıvan Muxtar Respublikasında istehsal olunan malların ölkənin digər ərazilərinə daşınmasının dəstəklənməsi məqsədilə yeni mexanizm tətbiq ediləcək.

Marja xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və Naxçıvan Muxtar Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə daşınmasının dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərclərə görə dövlət büdcəsi hesabına ixrac daşıma dəstəyi ödəniləcək. Dəstəyin məbləği ixrac edilən malın növündən, gömrük dəyərindən, ixrac olunduğu ölkədən və istifadə edilən nəqliyyat növündən asılı olaraq müəyyənləşdiriləcək.

Sənədə əsasən, dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri, eləcə də Azərbaycanda qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirilən daşımalar üzrə nağdsız qaydada ödənilmiş daşıma xərclərinin 70 faizi kompensasiya olunacaq. Daşıma Azərbaycanda qeydiyyata alınmamış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə isə bu göstərici 50 faiz təşkil edəcək.

Eyni zamanda, ixrac daşıma dəstəyi hesablanarkən malın gömrük dəyəri üzrə limitlər də tətbiq ediləcək. Avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə daşımalar zamanı dəstək ixrac edilən malın gömrük dəyərinin 15 faizindən, dəniz nəqliyyatı ilə daşımalar zamanı isə 5 faizindən çox olmayacaq. Yekun dəstək məbləği bu iki hesablamadan ən aşağı olanı əsasında müəyyən ediləcək.

Fərmanla Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması da dəstəklənəcək. Bu halda daxili daşıma dəstəyi nağdsız qaydada ödənilmiş nəqliyyat xərclərinin 70 faizi həcmində olacaq.

Dəstək məbləğləri rüb ərzində həyata keçirilən daşımalar üzrə müvafiq olaraq ixracatçının və satıcının müraciəti əsasında həmin rüb başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.

Nazirlər Kabinetinə 2026-cı ildə bu dəstək mexanizminin maliyyələşdirilməsi ilə bağlı təklifləri üç ay müddətində Prezidentə təqdim etmək tapşırılıb. Həmçinin 2027–2036-cı illərdə tələb olunan vəsaitin dövlət büdcəsi layihələrində nəzərdə tutulması təmin ediləcək.

Bundan başqa, hökumət üç ay müddətində qeyri-neft-qaz mallarının Azərbaycan mənşəli olmasının müəyyən edilməsi qaydasını, həmçinin dəstəyin şamil edilməyəcəyi əməliyyatların və şəxslərin siyahısını təsdiqləməlidir.

İqtisadiyyat Nazirliyinə isə ixrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin siyahısını, müraciət və baxılma qaydasını, eləcə də multimodal daşımalar zamanı dəstək məbləğinin hesablanması qaydasını təsdiqləmək tapşırılıb.

Fərmanın əsas müddəaları 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək. Dəstək mexanizmi 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara tətbiq olunacaq və 2036-cı il dekabrın 31-dək qüvvədə olacaq.

Sənəddə qeyd olunur ki, qeyri-neft-qaz sektorunun inkişafı ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsi, qlobal geosiyasi risklərin və tədarük zəncirindəki qırılmaların milli iqtisadiyyata mənfi təsirlərinin azaldılması, eləcə də strateji iqtisadi suverenliyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Fərmanda həmçinin bildirilir ki, yerli malların xarici bazarlara, eləcə də Naxçıvanda istehsal olunan məhsulların ölkənin digər ərazilərinə çıxış imkanları hələ də məhduddur. Bu baxımdan yüksək logistika xərcləri qeyri-neft-qaz məhsullarının ixrac potensialının tam reallaşdırılmasına mane olan əsas amillərdən biri kimi göstərilir.

XXX

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.

Fərmanda deyilir:

Qeyri-neft-qaz sektorunun inkişafı ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsi, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslərin, qlobal tədarük zəncirindəki qırılmaların və xarici bazarlardakı qeyri-sabitliyin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması, habelə ölkənin strateji iqtisadi suverenliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyri-neft-qaz sektorunun strukturunda qeydə alınan müsbət dinamikaya baxmayaraq, yerli malların xarici bazarlara, eləcə də Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş malların Azərbaycan Respublikasının digər ərazilərinə çıxış imkanları hələ də məhduddur.

Qeyri-neft-qaz sektorunun ixrac potensialının tam reallaşdırılmasına, habelə blokada şəraitində olması da nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında istehsal edilən malların ölkənin digər ərazilərinə daşınmasına mane olan ən mühüm səbəblərdən biri logistik xərclərin yüksəkliyidir. Xüsusilə, yerli qeyri-neft-qaz mallarının ənənəvi bazarlardan kənar yeni və alternativ xarici bazarlara yönəldilməsi zamanı yaranan yüksək nəqliyyat-daşıma xərcləri ixracatçıların rəqabət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Logistik zəncirin mürəkkəbliyi və uzaq məsafəli daşımaların malın maya dəyərindəki xüsusi çəkisinin yüksək olması ixracın mallar üzrə və coğrafi şaxələndirilməsinə maneə yaradan amillərdən biridir. Bu isə nəticə etibarilə qeyri-neft-qaz mallarının ümumi ixracdakı payının potensial imkanlardan aşağı qalmasına səbəb olur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və Naxçıvan Muxtar Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə daşınmasının dəstəklənməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərclərə görə həmin malların növündən, gömrük dəyərindən, ixrac edildiyi ölkədən və nəqliyyat növündən asılı olaraq, dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği (bundan sonra – ixrac daşıma dəstəyi) ödənilsin.

2. Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş xərclərə görə dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği (bundan sonra – daxili daşıma dəstəyi) ödənilsin.

3. Müəyyən edilsin ki:

3.1. ixrac daşıma dəstəyi məbləği aşağıdakılar əsasında hesablanır:

3.1.1. ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğin:

3.1.1.1. daşıma dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri, habelə Azərbaycan Respublikasında qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 70 (yetmiş) faizi;

3.1.1.2. daşıma Azərbaycan Respublikasında qeydiyyata alınmamış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 50 (əlli) faizi;

3.1.2. istifadə olunan nəqliyyat növündən asılı olaraq, ixrac edilən malın gömrük dəyərinin:

3.1.2.1. daşıma avtomobil, dəmir yolu və hava nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 15 (on beş) faizi;

3.1.2.2. daşıma dəniz nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 5 (beş) faizi;

3.2. ixrac daşıma dəstəyinin yekun məbləğini bu Fərmanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə uyğun olaraq hesablanmış məbləğlərdən ən az olanı təşkil edir;

3.3. daxili daşıma dəstəyinin məbləği Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70 (yetmiş) faizini təşkil edir;

3.4. ixrac və daxili daşıma dəstəklərinin məbləğləri rüb ərzində həyata keçirilən daşımalara görə müvafiq olaraq ixracatçının və satıcının (malgöndərənin) müraciəti əsasında həmin rüb bitdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan dəstək növlərinin:

4.1.1. 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.2. 2027–2036-cı illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etsin;

4.2. üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

4.2.1. ixrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi qaydasını;

4.2.2. ixrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

5.1.1. ixrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin (ölkə qruplarının) siyahısını;

5.1.2. ixrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydasını;

5.1.3. müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyi məbləğinin hesablanması qaydasını;

5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Bu Fərmanın 1 – 3-cü hissələri 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir və 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara münasibətdə tətbiq olunmaqla 2036-cı il dekabrın 31-dək qüvvədədir.

09.06.2026 19:54
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19