SOCAR-ın tabeliyində yeni şirkətlər yaradılacaq - FƏRMAN

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-dək tabeliyində ayrı-ayrı hüquqi şəxslər yaratmalıdır.
Marja.az xəbər verir ki, bu barədə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında bildirilir.
Qeyd edilib ki, SOCAR həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
XXXX
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. balanslaşdırma – qaz təchizatı sisteminin balansını əməliyyat limitləri daxilində saxlamaq məqsədilə, qaz nəqli sistem operatoru tərəfindən qazın nəqli şəbəkəsinə qazı tələbata uyğun həcmlərdə verməklə və ya həmin şəbəkədən izafi qaz həcmlərini götürməklə qaz axınının tənzimlənməsi üzrə görülən tədbirlərin məcmusu;
1.1.2. fiziki qoşulma – sifarişçinin qaz qurğularına qazın verilməsi üçün çəkilmiş qaz xəttinin qazpaylayıcı sistem operatorunun təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;
1.1.3. istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;
1.1.4. iri istehlakçı – tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş və (və ya) illik qaz sərfiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddə və ondan yuxarı olan istehlakçı;
1.1.5. ixtisaslaşmış podratçı – işçiləri bu Qanunla müəyyən edilmiş qaydada ixtisas attestatı alan, texniki xidməti həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
1.1.6. qaz – hasil edilən təbii qaz, neft (səmt) qazı, qaz-kondensat yataqlarının qazı;
1.1.7. qaz qurğusu – qazın yanacaq və ya xammal kimi istehlakı prosesində istifadə olunan, texniki reqlamentlərin tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qurğu;
1.1.8. qaz satıcısı – topdan satıcı və pərakəndə satıcı;
1.1.9. qazın satışı – qazın topdan və pərakəndə satışı üzrə fəaliyyət;
1.1.10. qaz şəbəkələri – qazın nəqli şəbəkəsi və qazpaylayıcı şəbəkə;
1.1.11. qaz təchizatı sisteminə dair qaydalar – qaz təchizatı sektorunda icazə şərtlərini, habelə qaz təchizatı sisteminin planlaşdırılması, inkişafı, tikintisi, quraşdırılması, istismarı, dispetçer idarəetməsi və informasiya texnologiyaları idarəetmə sistemlərinin təşkili, qəzaların qarşısının alınması və aradan qaldırılması, qaz şəbəkələrinə qoşulma və balanslaşdırma ilə bağlı qaz təchizatı subyektləri, həmçinin həmin subyektlərlə istehlakçılar arasındakı qarşılıqlı münasibətlərin texniki aspektlərini tənzimləyən sənəd;
1.1.12. qaz təchizatı obyekti – qazın nəqli, paylanması, saxlanması, satışı, istifadəsi, istehlakı, həmçinin idxalı üçün istifadə olunan avadanlıq, boru kəmərləri, qurğular və onlara aid tikililərin məcmusu;
1.1.13. qaz təchizatı sektoru – qazın nəqli, paylanması, saxlanması, satışı və idxalı üzrə fəaliyyət növlərinin məcmusu;
1.1.14. qaz təchizatı sistemi – qaz şəbəkələri, yeraltı qaz anbarları və digər qaz təchizatı obyektlərinin məcmusu;
1.1.15. qaz təchizatı subyektləri – bu Qanunla müəyyən olunmuş qaydada qazın nəqli, paylanması, saxlanması, satışı və idxalı fəaliyyətini həyata keçirən hüquqi şəxslər;
1.1.16. qazın nəqli – qaz nəqli sistem operatoru tərəfindən qazın nəqli şəbəkəsi vasitəsilə qazın daşınması;
1.1.17. qazın nəqli şəbəkəsi – qazın nəqli üçün istifadə olunan və qaz nəqli sistem operatorunun balansında olan boru kəmərləri şəbəkəsi;
1.1.18. qaz nəqli sistem operatoru – qazın nəqlini həyata keçirən hüquqi şəxs;
1.1.19. qazın paylanması – qazpaylayıcı sistem operatoru tərəfindən qazpaylayıcı şəbəkə vasitəsilə qazın istehlakçılara çatdırılması;
1.1.20. qazın saxlanması – qaz nəqli sistem operatorunun öz funksiyalarını yerinə yetirməsi üçün ehtiyat kimi saxlanılan qaz istisna olmaqla, qazın yeraltı qaz anbarlarına vurulması, saxlanması və götürülməsi xidmətlərinin məcmusu;
1.1.21. qazın saxlanması sistem operatoru – yeraltı qaz anbarında qazın saxlanmasını həyata keçirən hüquqi şəxs;
1.1.22. qazdan istifadə qaydaları – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən və qazın pərakəndə satışı ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyən sənəd;
1.1.23. qazpaylayıcı sistem operatoru – istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını həyata keçirən hüquqi şəxs;
1.1.24. qazpaylayıcı şəbəkə – qazın paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat kompleksi (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı);
1.1.25. qeyri-məişət istehlakçısı – bu Qanunun 1.1.30-cu maddəsində nəzərdə tutulan istehlakçılar istisna olmaqla, digər istehlakçılar;
1.1.26. qoşulma nöqtəsi – tikinti obyektinin qaz xəttinin qaz şəbəkəsinə fiziki qoşulma yeri;
1.1.27. kommersiya uçotu – qazın nəqli, paylanması, saxlanması və satışı müqavilələri üzrə tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi və ölçmə nəticələrinin, habelə hesablama yolu ilə əldə edilən qazın həcmi haqqında məlumatların toplanması, saxlanması, emalı və ötürülməsi prosesi;
1.1.28. kommersiya uçotu qaydaları – qaz təchizatı subyektlərinin və istehlakçıların kommersiya uçotunun təşkili və təmin edilməsi ilə bağlı hüquqlarını və vəzifələrini müəyyən edən sənəd;
1.1.29. məişət qaz qurğusu – qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, məişət ehtiyacları üçün istifadə olunan qaz qurğusu;
1.1.30. məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxs;
1.1.31. müayinə – istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin (bundan sonra – qaz qurğularının və qaz xətlərinin), tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən fəaliyyət;
1.1.32. mövcud qazpaylayıcı şəbəkə – ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə təzyiqi 0,3 Mpa-dək olan, həmçinin tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək düz xətt üzrə 100 metr təşkil edən məsafədə yerləşən şəbəkə;
1.1.33. pərakəndə satıcı – istehlakçılara qazın pərakəndə satışını həyata keçirən hüquqi şəxs;
1.1.34. sabit tarif – qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi;
1.1.35. sənaye qaz qurğusu – qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan və ya qeyri-məişət ehtiyacları üçün istifadə olunan qaz qurğusu;
1.1.36. sistem operatoru – qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru;
1.1.37. texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;
1.1.38. texniki xidmət – istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işləri;
1.1.39. texnoloji qoşulma – qazpaylayıcı sistem operatoru ilə bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək qaz xətlərinin tikintisinə (çəkilməsinə) və ya əlavə qaz həcmi alınmasına dair layihənin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmət;
1.1.40. topdan satıcı – qazın topdansatışı və idxalı fəaliyyətlərini həyata keçirən hüquqi şəxs;
1.1.41. tənzimləyici – qazın nəqli, paylanması, saxlanması, satışı və istehlakı sahələrində dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum;
1.1.42. tüstü bacası – yanma məhsullarının (tüstü qazlarının) qaz qurğularından sorularaq atmosferə atılmasını təmin edən boru.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Maddə 2. Qaz təchizatı haqqında qanunvericilik
2.1. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında qaz təchizatı sektorunda münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 3. Bu Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun qaz təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunur.
3.2. Qaz yataqlarının kəşfi və işlənməsi, qazın hasilatı, istehsalı, emalı, ixracı, nəqlə hazırlanması və neft-qazçıxarma müəssisələri tərəfindən onun toplanılıb təchizat məntəqəsinə qədər çatdırılması, mayeləşdirilməsi, maye qazın satışı və istehlakı, habelə mühərriklərdə yanacaq şəklində işlədilən sıxılmış qazın istifadəsi, qazın dəmir yolu, avtomobil yolları, hava və su nəqliyyatı vasitəsilə daşınması və qaz qurğularının sertifikatlaşdırılması ilə əlaqədar münasibətlər Azərbaycan Respublikasının digər qanunları ilə tənzimlənir.
3.3. Bu Qanun Azərbaycan Respublikasının ayrı-ayrı qanunları ilə təsdiq edilmiş hasilatın pay bölgüsü haqqında sazişlərə və qazın ixrac boru kəmərləri vasitəsilə nəql edilməsinə dair sazişlərə və həmin sazişlər çərçivəsində bağlanılmış və Azərbaycan Respublikasının qanunları ilə təsdiq edilmiş digər sazişlər üzrə münasibətlərə yalnız həmin sazişlərdə nəzərdə tutulan və həmin sazişlərə zidd olmayan hallarda şamil olunur.
2-ci fəsil
4.1. Qaz təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
4.1.1. qaz təchizatı sisteminin etibarlılığı, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi;
4.1.2. qaz təchizatı sektorunda idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;
4.1.3. qaz təchizatı subyektlərinin xidmətlərindən, habelə qaz şəbəkəsindən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması.
4.2. Qaz təchizatı sektorunda dövlət tənzimləməsinin məqsədləri aşağıdakılardır:
4.2.1. enerji təhlükəsizliyinin təmin edilməsi;
4.2.2. qaz təchizatı subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;
4.2.3. istehlakçıların fasiləsiz və təhlükəsiz olaraq etibarlı, keyfiyyətli və əlçatan qaz ilə təmin edilməsi.
4.3. Qaz təchizatı sektorunda dövlətin vəzifələri aşağıdakılardır:
4.3.1. regional əməkdaşlığın inkişafı, özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;
4.3.2. əlverişli investisiya mühitinin yaradılması;
4.3.3. qaz təchizatı sektorunda inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;
4.3.4. qaz təchizatı obyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
4.3.5. istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi;
4.3.6. təbii inhisar və dövlət inhisarı subyektlərinin fəaliyyətinin tənzimlənməsi;
4.3.7. enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;
4.3.8. ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
4.3.9. qaz təchizatı sektorunda dövlət nəzarətinin, o cümlədən monitorinqin həyata keçirilməsi;
4.3.10. qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən edilməsi;
4.3.11. istehlakçılara keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;
4.3.12. qazın nəqli, paylanması, saxlanması və satışı üzrə xərclərin minimuma endirilməsi və qiymətlərin (tariflərin) iqtisadi əsaslar olmadan dəyişdirilməsinin qarşısının alınması.
Maddə 5. Qaz təchizatı sektorunda tənzimləyicinin səlahiyyətləri
5.1. Qaz təchizatı sektorunda tənzimləyici aşağıdakıları həyata keçirir:
5.1.1. qaz təchizatı subyektlərinə bu Qanunun 6.1.1–6.1.3-cü maddələrində nəzərdə tutulan icazələri verir;
5.1.2. qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarını təsdiq edir;
5.1.3. qaz təchizatı sektorunda tənzimlənən qiymətləri (tarifləri) müəyyən edir;
5.1.4. qaz təchizatı subyektləri tərəfindən icazə şərtlərinə, habelə həmin subyektlər və istehlakçılar tərəfindən qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarət edir;
5.1.5. qaz təchizatı subyektləri üçün ödənilməsi məcburi olan, bu Qanunun 8-ci maddəsində nəzərdə tutulan tənzimləmə haqqının məbləğini hesablayır və həmin subyektlərə bildirir;
5.1.6. qaz təchizatı subyektləri arasında yaranan mübahisələrə və istehlakçıların şikayətlərinə baxır;
5.1.7. sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını təsdiq edir;
5.1.8. qazın keyfiyyət göstəricilərinin (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti) qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət edir;
5.1.9. qaz təchizatı subyektlərinin və qaz şəbəkələrinin mövsümi hazırlığının təmin edilməsinə nəzarət edir;
5.1.10. qaz təchizatı subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;
5.1.11. qaz təchizatı subyektlərinin təqdim etdikləri iş və xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edir;
5.1.12. qaz təchizatı sektorunda fəaliyyətin həyata keçirilməsinə dair təlimatları təsdiq edir;
5.1.13. kommersiya uçotu qaydalarını təsdiq edir.
5.2. Tənzimləyici aşağıdakılar daxil olmaqla, qaz təchizatı sektorunun monitorinqini həyata keçirir:
5.2.1. icazə tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsində şəffaflığın;
5.2.2. qaz təchizatı subyektlərinin qaz qurğularının texniki göstəricilərinin;
5.2.3. qaz şəbəkələrinə qoşulmanın;
5.2.4. qaz təchizatı sektorunda satıcı-istehlakçı münasibətlərinin;
5.2.5. qaz qurğularının etibarlı istismarının;
5.2.6. bu Qanunun 5.1.4-cü maddəsində nəzərdə tutulan tələblərə əməl olunmasının;
5.2.7. bu Qanunun 18-ci və 19-cu maddələrinin tələblərinə riayət olunmasının.
5.3. Tənzimləyici tərəfindən qaz təchizatı sektorunu tənzimləyən Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
5.4. Qaz təchizatı sektorunda dövlət nəzarətinin həyata keçirilməsi zamanı qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması halları aşkar edildikdə, onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər verilir. Həmin yazılı göstərişlərin icrası qaz təchizatı subyektləri və istehlakçılar üçün məcburidir.
Maddə 6. Qaz təchizatı sektorunda icazələr
6.1. Qaz təchizatı sektorunda aşağıdakı işlər bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazələr əsasında həyata keçirilir:
6.1.1. qazın nəqli;
6.1.2. qazın paylanması;
6.1.3. sənaye qaz qurğusunun istismarı;
6.1.4. qazın saxlanması.
6.2. Bu Qanunun 6.1.1–6.1.3-cü maddələrində nəzərdə tutulan icazələr tənzimləyici tərəfindən verilir. Bu Qanunun 6.1.4-cü maddəsində nəzərdə tutulan icazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.
6.3. İcazə şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilir.
Maddə 7. Qaz təchizatı sektorunda qiymətlər (tariflər)
7.1. Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) tənzimləyici tərəfindən müəyyən edilir və onun rəsmi internet saytında dərc olunur.
7.2. Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:
7.2.1. qazın topdansatış tarifləri;
7.2.2. qazın nəqli tarifləri;
7.2.3. qazın saxlanması xidmətlərinin tarifləri;
7.2.4. qazın paylanması tarifləri;
7.2.5. istehlakçılara qazın pərakəndə satış tarifləri;
7.2.6. qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;
7.2.7. qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;
7.2.8. sabit tarif.
7.3. Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu Qanunun 5.1.7-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq hesablanır.
7.4. Qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənir.
Maddə 8. Qaz təchizatı sektorunda tənzimləyiciyə ödənilən tənzimləmə haqqı
Qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödənilir.
Maddə 9. Qazın nəqli
9.1. Qazın nəqli qaz nəqli sistem operatoru tərəfindən həyata keçirilir. Qaz nəqli sistem operatoru qazın nəqlinə verilmiş icazə əsasında fəaliyyət göstərir.
9.2. Qaz nəqli sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
9.3. Qaz nəqli sistem operatorunun vəzifələri aşağıdakılardır:
9.3.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
9.3.2. qazın nəqli şəbəkəsinin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlara qazın nəqli xidmətlərini təqdim etmək və onlarla bağlanılmış müqavilələr əsasında qazın nəqlini həyata keçirmək;
9.3.3. qazın nəqli şəbəkəsinin dispetçer idarəetməsini təmin etmək;
9.3.4. qazın nəqli şəbəkəsinə texniki xidmət göstərmək, onun təmirini və inkişafını təmin etmək;
9.3.5. qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
9.3.6. qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
9.3.7. maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları bu Qanunun 5.1.2-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq, tənzimləyiciyə təqdim etmək;
9.3.8. bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilən hallarda qazın verilməsinin dayandırılacağı barədə tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
9.3.9. tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu barədə, habelə sabit tarif haqqında istehlakçıya bildiriş və bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
9.3.10. tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qanunun 13.6-cı maddəsinin tələblərinə uyğun olaraq);
9.3.11. nəql etdiyi qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
9.3.12. qazın nəqli şəbəkəsində baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;
9.3.13. qazın idxalı üçün infrastruktur yaratmaq.
9.4. Qaz nəqli sistem operatorunun hüquqları aşağıdakılardır:
9.4.1. qazın nəqli şəbəkəsində qaz itkilərinin kompensasiyası, həmçinin balanslaşdırma məqsədilə qaz almaq;
9.4.2. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
9.4.3. istehlakçıların qazın nəqli şəbəkəsinə qoşulmuş tikinti obyektlərinə bu Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan hallarda qazın verilməsini dayandırmaq;
9.4.4. qaz təchizatı subyektləri ilə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq, qazın nəqli infrastrukturunun imkanlarını və ölkə ərazisində qaza olan tələbatı müəyyən etmək.
Maddə 10. Qazın saxlanması
10.1. Qazın saxlanması qazın saxlanması sistem operatoru tərəfindən həyata keçirilir. Qazın saxlanması sistem operatoru qazın saxlanmasına verilmiş icazə əsasında fəaliyyət göstərir.
10.2. Qazın saxlanması sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
10.3. Qazın saxlanması sistem operatorunun vəzifələri aşağıdakılardır:
10.3.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
10.3.2. yeraltı qaz anbarlarının işlək vəziyyətdə saxlanmasını və istismarını təmin etmək;
10.3.3. yeraltı qaz anbarlarının istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlarla bu Qanunun 16.1.5-ci maddəsinə əsasən bağlanılmış müqavilələr əsasında qazın saxlanmasını həyata keçirmək;
10.3.4. qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
10.3.5. qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
10.3.6. maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları bu Qanunun 5.1.2-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tənzimləyiciyə təqdim etmək;
10.3.7. saxladığı qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək.
10.4. Qazın saxlanması sistem operatorunun hüquqları aşağıdakılardır:
10.4.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
10.4.2. yeraltı qaz anbarlarında qaz itkilərinin kompensasiyası üçün qaz almaq;
10.4.3. bu Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan hallarda qazın saxlanması sistemindən qaz alan istehlakçılara qazın verilməsini dayandırmaq.
Maddə 11. Qazın paylanması
11.1. Qazın paylanması qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçirilir. Qazpaylayıcı sistem operatoru qazın paylanmasına verilmiş icazə əsasında fəaliyyət göstərir.
11.2. Qazpaylayıcı sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
11.3. Qazpaylayıcı sistem operatorunun vəzifələri aşağıdakılardır:
11.3.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
11.3.2. qaza tələbatın etibarlı şəkildə ödənilməsi üçün qazpaylayıcı şəbəkəyə texniki xidmət göstərmək, onun təmirini, inkişafını və qazpaylayıcı şəbəkənin dispetçer idarəetməsini təmin etmək;
11.3.3. qazpaylayıcı şəbəkənin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlara qazın paylanması xidmətlərini təqdim etmək və onlarla bağlanılmış müqavilələr əsasında qazın nəqlini həyata keçirmək;
11.3.4. qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
11.3.5. istehlakçıların tikinti obyektlərinin qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilmiş şərtlərə uyğun olaraq, qazpaylayıcı şəbəkəyə qoşulmasını təmin etmək;
11.3.6. qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
11.3.7. maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları bu Qanunun 5.1.2-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tənzimləyiciyə təqdim etmək;
11.3.8. bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilən hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
11.3.9. tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu və sabit tarif barədə istehlakçıya bildiriş, habelə bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
11.3.10. tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qanunun 13.6-cı maddəsinin tələblərinə uyğun olaraq);
11.3.11. təchiz etdiyi qazın keyfiyyət göstəricilərinin, təzyiqinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
11.3.12. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almaq və nəticələrini aradan qaldırmaq;
11.3.13. istehlakçıların qaz qurğularına və qaz xətlərinə müayinəni və istehlakçı ilə bağlanılmış müqaviləyə uyğun olaraq texniki xidməti həyata keçirmək;
11.3.14. qazpaylayıcı şəbəkəyə qoşulan tikinti obyektlərində istismarda olan qaz qurğularının uçotunu aparmaq;
11.3.15. qazın satıcı və ya istehlakçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmuş təzyiqdə, həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində onlara vurulmuş zərərin əvəzini ödəmək.
11.4. Qazpaylayıcı sistem operatorunun hüquqları aşağıdakılardır:
11.4.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
11.4.2. istehlakçılara bu Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan hallarda qazın verilməsini dayandırmaq;
11.4.3. qazpaylayıcı şəbəkədə qaz itkilərinin kompensasiyası üçün qaz almaq;
11.4.4. istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək.
Maddə 12. Qazın satışı
12.1. Qazın topdansatışı topdan satıcı tərəfindən, pərakəndə satışı pərakəndə satıcı tərəfindən həyata keçirilir.
12.2. Qaz satıcıları bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməzlər.
12.3. İstehlakçılara qazın pərakəndə satışı pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir.
12.4. Qazın topdansatışı topdan satıcı ilə pərakəndə satıcı və ya iri istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir.
12.5. Topdan satıcının vəzifələri aşağıdakılardır:
12.5.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
12.5.2. qazın satışı şərtlərini rəsmi internet səhifəsində dərc etmək;
12.5.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), tənzimləyiciyə, qaz nəqli sistem operatoruna və (və ya) qazpaylayıcı sistem operatoruna qazdan istifadə qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları təqdim etmək;
12.5.4. pərakəndə satıcı və ya iri istehlakçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qazın tələb olunan həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində pərakəndə satıcıya və ya istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək;
12.5.5. qazın idxalını həyata keçirmək.
12.6. Pərakəndə satıcının vəzifələri aşağıdakılardır:
12.6.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
12.6.2. fəaliyyət ərazisini və qazın satışı şərtlərini rəsmi internet saytında dərc etmək;
12.6.3. istehlakçılara istehlak etdikləri qazın dəyəri və sabit tarif barədə hər ay elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı bildiriş təqdim etmək;
12.6.4. istehlakçılara onların hüquq və vəzifələrini izah etmək;
12.6.5. qazdan istifadə qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), tənzimləyiciyə, bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq müqavilə bağladığı qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim etmək;
12.6.6. bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək;
12.6.7. istehlakçı ilə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq qazın tələb olunan həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək.
12.7. Topdan satıcının hüquqları aşağıdakılardır:
12.7.1. sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb etmək;
12.7.2. pərakəndə satıcıya və ya iri istehlakçıya alqı-satqı müqaviləsinə uyğun olaraq satdığı qazın dəyərinin ödənilməsini tələb etmək.
12.8. Pərakəndə satıcının hüquqları aşağıdakılardır:
12.8.1. sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb etmək;
12.8.2. təqdim edilmiş yazılı bildirişə və hesaba əsasən istehlakçıdan istehlak etdiyi qazın dəyərinin və sabit tarifin ödənilməsini tələb etmək;
12.8.3. istehlakçı tərəfindən istehlak olunan qazın dəyəri və sabit tarif bu Qanunun 15.1.2-ci maddəsində göstərilən müddətdə tam ödənilmədiyi təqdirdə, qazpaylayıcı sistem operatorundan qazın verilməsinin dayandırılmasını tələb etmək.
12.9. Qazın pərakəndə satışı qazdan istifadə qaydaları ilə tənzimlənir.
Maddə 13. Qazın istehlakı
13.1. İstehlakçılara qazın satışı qaz satıcıları tərəfindən həyata keçirilir.
13.2. İstehlakçılara qazın satışının xüsusiyyətləri qazdan istifadə qaydaları ilə tənzimlənir.
13.3. İstehlakçılar bu Qanuna, qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlara və normativ xarakterli aktlara uyğun olaraq qazı ölkə ərazisində fəaliyyət göstərən qaz satıcısından almaq hüququna malikdirlər.
13.4. İstehlakçıların vəzifələri aşağıdakılardır:
13.4.1. bu Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və bu Qanunun 24.8-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına, həmçinin bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
13.4.2. qaz qurğularını onların texniki pasportlarında qeyd olunmuş tələblərə uyğun istismar etmək;
13.4.3. istehlak edilən qazın dəyərini və sabit tarifi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qaz satıcısına ödəmək;
13.4.4. qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin bu Qanunun 9.3.10-cu və 11.3.10-cu maddələrinə uyğun olaraq sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə bu Qanunun 9.3.9-cu və 11.3.9-cu maddələrinə uyğun olaraq sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış qaz sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək;
13.4.5. qazdan istifadə qaydalarına riayət etmək:
13.4.6. sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərəri ödəmək;
13.4.7. müayinə aktına əsasən qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət göstərilməsi üçün qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçı ilə müqavilə bağlamaq;
13.4.8. qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinəni və istehlakçı ilə müvafiq müqavilə bağlandığı hallarda texniki xidməti həyata keçirmək üçün tikinti obyektinə maneəsiz daxil olmalarını təmin etmək.
13.5. İstehlakçıların hüquqları aşağıdakılardır:
13.5.1. tikinti obyektlərinin bu Qanuna uyğun olaraq qazın nəqli şəbəkəsinə və ya qazpaylayıcı şəbəkəyə qoşulmasını tələb etmək;
13.5.2. qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək;
13.5.3. qazın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz olaraq qaz ilə təmin olunmaq;
13.5.4. qazın alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qazın razılaşdırılmış həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində vurulmuş ziyanın qaz satıcısı tərəfindən ödənilməsini tələb etmək;
13.5.5. qaz satıcısından bu Qanunla müəyyən edilən hallarda bildiriş almaq.
13.6. Qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
13.7. Qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar müvafiq qaz şəbəkəsinə qanunsuz qoşulma (qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun razılığı olmadan müvafiq qaz şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir.
13.9. Tikinti obyektinin qoşulduğu qazın nəqli və ya qazpaylayıcı şəbəkədən asılı olaraq məişət qaz qurğularını istifadə edən məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatorunun vəsaiti hesabına, digər istehlakçılar üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.
13.10. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
Maddə 14. Qaz şəbəkələrinə qoşulma
14.1. Tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir.
14.2. Tikinti obyektlərinin qaz təchizatı üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların qaz şəbəkəsinə qoşulması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və qaz təchizatı sisteminə dair qaydalarla tənzimlənir.
14.3. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən onun qoşulduğu müvafiq qaz şəbəkəsinin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya müvafiq sistem operatoru tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin müvafiq qaz şəbəkəsinə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri müvafiq sistem operatoruna tənzimləyicinin müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.
14.4. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qazpaylayıcı sistem operatoruna tənzimləyicinin müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.
14.5. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qanunun 14.4-cü maddəsində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması bu Qanunun 14.3-cü maddəsinə uyğun olaraq həyata keçirilir.
14.6. Tikinti obyektlərinin qaz şəbəkəsinə qoşulması üçün qaz təchizatı sisteminə dair qaydaların tələbləri yerinə yetirildikdən və qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna qoşulma xidmətinə görə ödəniş edildikdən sonra qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tikinti obyektlərini qaz şəbəkəsinə qoşmalıdır.
14.7. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər.
14.8. Qoşulma nöqtəsi çoxmənzilli yaşayış binaları üzrə həmin binalarda yerləşən qaz xətti, digər tikinti obyektləri üzrə isə ən yaxın məsafədə yerləşən və texniki parametrlərə uyğun qaz təchizatını təmin edə bilən mövcud qaz şəbəkəsi hissəsi hesab edilir.
14.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
Maddə 15. Qazın verilməsinin dayandırılması
15.1. Qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçıya qazın verilməsi aşağıdakı hallarda dayandırılır:
15.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qazın verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
15.1.2. qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə qaz satıcısının təşəbbüsü ilə;
15.1.3. qaz satıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;
15.1.4. təmir-profilaktika və qəza işləri görüldükdə, habelə baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun təşəbbüsü ilə;
15.1.5. məhkəmənin qərarı ilə;
15.1.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında;
15.1.7. qazpaylayıcı sistem operatorunun işçilərini müayinə keçirilməsi üçün mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;
15.1.8. qazpaylayıcı sistem operatorunun işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 18-ci və 19-cu maddələrinin tələblərini yerinə yetirmədikdə;
15.1.9. təhlükə potensiallı obyektlərdə texniki normativ hüquqi aktların tələblərinin pozulması hallarında təhlükəsizlik üzrə dövlət nəzarətini həyata keçirən orqanın (qurumun) göstərişi əsasında;
15.1.10. istehlakçının qaz qurğusu texniki reqlamentlərin tələblərinə cavab vermədikdə.
15.2. İstehlakçıya qazın verilməsinin dayandırılması (bu Qanunun 15.1.4-cü və 15.1.6-cı maddələrində nəzərdə tutulan hallar istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini və sabit tarifi vaxtında ödəməyən istehlakçıya qaz verilməsinin dayandırılması, qazın dəyərini və sabit tarifi vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
15.3. Bu Qanunun 15.1.2-ci və 15.1.3-cü maddələrində nəzərdə tutulan hallarda, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən istehlakçıya 3 (üç) gün əvvəl elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı xəbərdarlıq göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.
15.4. Qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru istehlakçıya verdiyi qazın həcmini yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və sabit tarif barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi qazın dəyərini tam hesablayaraq qaz satıcısının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab qaz satıcısı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının qaza görə sayğacının son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən qazın hesabında göstərilən dəyəri tam ödənildikdən sonra qaz satıcısı yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz.
15.5. Qazın verilməsinin dayandırılması barədə yazılı xəbərdarlığın istehlakçı tərəfindən rəsmi qaydada alınmasını sübut etmək vəzifəsini qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru daşıyır.
15.6. Bu Qanunun 15.1-ci maddəsində göstərilən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Maddə 16. Qaz təchizatı sektorunda müqavilə münasibətləri
16.1. Qaz təchizatı sektorunda aşağıdakı müqavilələr bağlanılır:
16.1.1. qaz nəqli sistem operatoru ilə bağlanılan qazın nəqli xidmətlərinin göstərilməsi müqaviləsi;
16.1.2. qazpaylayıcı sistem operatoru ilə bağlanılan qazın paylanması xidmətlərinin göstərilməsi müqaviləsi;
16.1.3. qaz nəqli sistem operatoru ilə bağlanılan qazın nəqli şəbəkəsinə qoşulma müqaviləsi;
16.1.4. qazpaylayıcı sistem operatoru ilə bağlanılan qazpaylayıcı şəbəkəyə qoşulma müqaviləsi;
16.1.5. qazın saxlanması sistem operatoru ilə bağlanılan qazın saxlanması xidmətlərinin göstərilməsi müqaviləsi;
16.1.6. istehlakçı ilə bağlanılan qazın alqı-satqı müqaviləsi;
16.1.7. topdan satıcı ilə bağlanan qazın alqı-satqı müqaviləsi;
16.1.8. qanuna zidd olmayan digər müqavilələr.
16.2. Mülki qanunvericiliyin tələbləri rəhbər tutulmaqla bu Qanunun 16.1.1-ci, 16.1.2-ci, 16.1.5-ci və 16.1.6-cı maddələrində nəzərdə tutulan müqavilələr qazdan istifadə qaydalarına, bu Qanunun 16.1.3-cü və 16.1.4-cü maddələrində nəzərdə tutulan müqavilələr qaz təchizatı sisteminə dair qaydalara uyğun tərtib edilməlidir. Bu Qanunun 16.1.7-ci maddəsində nəzərdə tutulan müqavilənin şərtləri sərbəst müəyyən edilir.
16.3. Qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlayan istehlakçının qaz təchizatı qaz satıcısı ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.
Maddə 17. Müayinə və texniki xidmət məlumatları reyestri
17.1. Qazpaylayıcı sistem operatoru tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum), tənzimləyici və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
17.2. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
17.2.1. müayinənin (o cümlədən təkrar müayinənin) keçirilməsinə və nəticəsinə dair məlumatlar;
17.2.2. texniki xidmətin keçirilməsinə və nəticəsinə dair məlumatlar;
17.2.3. ixtisaslaşmış podratçılara dair bu Qanunun 21.4-cü maddəsində nəzərdə tutulan məlumatlar.
17.3. Qazpaylayıcı sistem operatoru müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir.
Maddə 18. Müayinə
18.1. Qazpaylayıcı sistem operatoru tərəfindən müayinə ödənişsiz həyata keçirilir.
18.2. Qazpaylayıcı sistem operatorunun işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 18.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.
18.3. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qazpaylayıcı sistem operatoru, ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir.
18.4. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülür.
18.5. Qazpaylayıcı sistem operatoru tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
18.6. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qazpaylayıcı sistem operatoru tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qazpaylayıcı sistem operatoru ilə istehlakçı arasında bağlanılmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 19-cu maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.
18.7. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 19. Texniki xidmət
19.1. Qazpaylayıcı şəbəkəyə texniki xidmət qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçirilir.
19.2. Müayinə aktında istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, o, bu Qanunun 18.2-ci maddəsinə əsasən müayinə aktını tərtib etdikdən sonra 2 (iki) iş günü müddətində istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) texniki xidmətin göstərilməsi ilə bağlı müqaviləni sifarişli poçt göndərişi və ya istehlakçının razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir (göndərməlidir). İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) müqavilə şərtləri ilə razı olduqda 3 (üç) iş günü müddətində müqaviləni imzalayaraq qazpaylayıcı sistem operatoruna onun təqdim edildiyi (göndərildiyi) üsulla təqdim edir, razılaşmadıqda isə həmin müddətdə seçdiyi ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti barədə məlumatı bu Qanunun 19.3-cü maddəsində nəzərdə tutulan qaydada qazpaylayıcı sistem operatoruna təqdim etməlidir. Tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 19.7-ci maddəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı, digər tikinti obyektlərinə münasibətdə isə bu Qanunun 19.6-cı maddəsinə uyğun olaraq ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir.
19.3. Müayinə aktında texniki xidmətin ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) müayinə aktının tərtib edilməsindən sonra 3 (üç) iş günü müddətində ixtisaslaşmış podratçı ilə bağladığı müqavilənin bir nüsxəsini və ya xidmət işlərinin müvafiq ixtisaslı işçi heyəti tərəfindən yerinə yetiriləcəyi barədə məlumatı bu Qanunun 19.2-ci maddəsinə uyğun olaraq qazpaylayıcı sistem operatoru tərəfindən müqavilənin təqdim edildiyi (göndərildiyi) üsulla qazpaylayıcı sistem operatoruna təqdim etməlidir (göndərməlidir).
19.4. Bu Qanunun 18.2-ci maddəsinə uyğun keçirilən müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların tərtib edilmiş müayinə aktında göstərilmiş müddətdə, lakin bir aydan gec olmayaraq aradan qaldırılması üçün istehlakçı qazpaylayıcı sistem operatorunu və ya ixtisaslaşmış podratçını bunun üçün istifadə olunacaq mal-materialla təmin etməyə və ya onların, habelə görülmüş işin dəyərini ödəməyə borcludur. Texniki xidmət zamanı görülən işlərin siyahısı və onların dəyəri qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçı tərəfindən təsdiq edilir və qaz paylayıcının və ya ixtisaslaşmış podratçının (olduğu halda) rəsmi internet saytında yerləşdirilir, həmçinin bu Qanunun 19.2-ci və 19.3-cü maddələrində nəzərdə tutulan müqaviləyə əlavə edilir, istifadə olunan mal-materialın dəyəri istehlakçı tərəfindən ödənilmək şərtilə qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edildikdə həmin mal-materialın dəyəri istehlakçı ilə qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçı arasında razılaşma yolu ilə müəyyən edilir. Texniki xidmət zamanı istifadə olunan, o cümlədən qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edilən və dəyəri istehlakçı tərəfindən ödənilən mal-materialın, habelə görülən işlərin dəyəri texniki xidmət aktında qeyd edilir. Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş texniki xidmət aktlarının təhlili əsasında görülmüş işlərin dəyərinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiymətinə uyğunluğuna mütəmadi nəzarət edir, habelə əvvəlki ildə tərtib edilmiş texniki xidmət aktlarına əsasən onların orta qiymətini müəyyən edir və rəsmi internet saytında yerləşdirir. Qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçılarla istehlakçılar arasında münasibətlər, eləcə də texniki xidmətin göstərilməsinə görə xidmət haqqının məbləği onlar arasında bağlanılmış müqavilə ilə tənzimlənir.
19.5. Qazpaylayıcı sistem operatoru, ixtisaslaşmış podratçı və ya istehlakçının müvafiq ixtisaslı işçi heyəti texniki xidmətin həyata keçirilməsindən dərhal sonra onun nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada aktı (qazpaylayıcı sistem operatoru və istehlakçının müvafiq ixtisaslı işçi heyəti 2 (iki), ixtisaslaşdırılmış podratçı isə 3 (üç) nüsxədə) istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və qazpaylayıcı sistem operatoru aktın 1 (bir) nüsxəsini, ixtisaslaşmış podratçı isə aktın 2 (iki) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Texniki xidmət ixtisaslaşmış podratçı və ya istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən göstərildikdə, istehlakçı texniki xidmətin göstərilməsinə dair aktın bir nüsxəsini 1 (bir) iş günü müddətində qazpaylayıcı sistem operatoruna təqdim etməlidir.
19.6. Yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, binanı idarə edən hüquqi şəxs və fərdi sahibkar (idarəedici təşkilat), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri) ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən binanın tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə ildə bir dəfə (hər il iyulun 1-dək) texniki xidmətin həyata keçirilməsini təmin etməli və istehlakçının müvafiq ixtisaslı işçi heyəti və ya ixtisaslaşmış podratçı tərəfindən bu Qanunun 19.5-ci maddəsinə uyğun texniki xidmətin nəticəsi barədə akt tərtib edilməli və bir nüsxəsi Reyestrə daxil edilməsi üçün qazpaylayıcı sistem operatoruna təqdim edilməlidir.
19.7. Dövlət mənzil fondu binalarında tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmətin həyata keçirilməsi balans mənsubiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfə (hər il iyulun 1-dək) bu Qanuna uyğun olaraq təmin edilməli və texniki xidmətin həyata keçirilməsinə dair tərtib edilmiş aktın bir nüsxəsi Reyestrə daxil edilməsi üçün qazpaylayıcı sistem operatoruna təqdim edilməlidir.
19.8. İstehlakçılar yaşayış evlərinin tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə saxlanılmasını və müayinə keçirilərkən aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün texniki xidmətin ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsini təmin etməlidirlər.
19.9. Bu Qanunun 19.7-ci maddəsinə uyğun olaraq tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olması qazpaylayıcı sistem operatoru tərəfindən müayinə keçirilərkən yoxlanılır.
Maddə 20. Müayinəyə və texniki xidmətə nəzarət
20.1. Texniki təhlükəsizlik sahəsi üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum), qaz qurğularının etibarlı istismarı sahəsi üzrə isə tənzimləyici Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 18-ci və 19-cu maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir.
20.2. Monitorinqin keçirilməsi qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
20.3. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.
Maddə 21. İxtisaslaşmış podratçı
21.1. Hüquqi şəxsin işçisinin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin ixtisaslaşmış podratçı kimi fəaliyyət göstərməsi üçün onlar energetika və texniki sahələrdə, o cümlədən qaz avadanlıqlarının təmiri və istismarı üzrə peşə təhsilinə malik olmalı, habelə müvafiq ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsi olmalı və tənzimləyicidən ixtisas attestatı almalıdırlar.
21.2. İxtisaslaşmış podratçıların fəaliyyətinə nəzarəti tənzimləyici həyata keçirir.
21.3. Bu Qanunun 21.1-ci maddəsində nəzərdə tutulan ixtisas attestatının forması, attestatın verilməsi, qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
21.4. Tənzimləyici ixtisaslaşmış podratçılar barədə aşağıdakı məlumatları Reyestrə daxil edir və onların müntəzəm olaraq yenilənməsini təmin edir:
21.4.1. ixtisaslaşmış podratçı fiziki şəxs olduqda soyadı, adı, atasının adı, ünvanı və ixtisas attestatı almış əməkdaşları barədə məlumatlar, hüquqi şəxs olduqda hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və ixtisas attestatı almış əməkdaşları barədə məlumatlar;
21.4.2. ixtisas attestatının nömrəsi, verilmə və qüvvədəolma tarixi;
21.4.3. ixtisas attestatının qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat.
Maddə 22. Qaz təchizatı sektorunun inkişafı üzrə dövlət proqramı
22.1. Qaz təchizatı sektorunun inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qısamüddətli (5 il müddətinə), orta müddətli (5 ildən 10 ilədək müddətə) və uzunmüddətli (10 ildən yuxarı müddətə) dövlət proqramları qəbul edilir.
22.2. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş dövlət proqramı layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.
Maddə 23. Qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi, genişləndirilməsi, yenidən qurulması və bununla bağlı torpaq sahələri üzrə hüquqlar
23.1. Qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi, genişləndirilməsi və yenidən qurulması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
23.2. Qaz təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı məqsədilə torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə edilir.
23.3. Qaz təchizatı sektorunda dövlət ehtiyacları üçün torpaqların alınması “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
23.4. Qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi, genişləndirilməsi və yenidən qurulması həyata keçirilərkən “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla bu Qanun və digər normativ hüquqi aktlarla müəyyən edilən tələblərə əməl olunmalıdır.
23.5. Qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi mərhələsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra - ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.
Maddə 24. Qaz təchizatı sektorunda təhlükəsizlik
24.1. Qaz təchizatı obyektlərinin texniki təhlükəsizliyinə dair tələblər, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, bu Qanun və digər normativ hüquqi aktlarla müəyyən edilir.
24.2. Qaz təchizatı obyekti qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun, tərkibinin və digər göstəricilərinin texniki normativ hüquqi aktlara və qaz təchizatı sektorunu tənzimləyən normativ xarakterli aktlara uyğunluğunu təmin etməli və təhlükəli təsirlərdən mühafizə olunmalıdır.
24.3. Qaz təchizatı sistemində hər hansı real və potensial təhlükə yaranarsa qaz təchizatı subyektləri dərhal tənzimləyiciyə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və aidiyyəti sistem operatoruna məlumat verməlidirlər. Qazın nəqli şəbəkəsində qəza hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması qaz nəqli sistem operatoru tərəfindən, qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması isə tənzimləyici cəlb edilməklə qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçirilir.
24.4. Qaz təchizatı sistemlərinin təhlükə potensiallı obyektlərində “Texniki təhlükəsizlik haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda və qaydada yoxlamalar keçirilir.
24.5. Qaz təchizatı obyektləri texniki tənzimləmə sahəsində texniki reqlamentlərə uyğun olmalı və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılmalıdır.
24.6. İstehlakçılar qaz qurğularının və boru kəmərlərinin təhlükəli vəziyyətdə istismar edilməsinə, texniki reqlamentlərin tələblərinə uyğun gəlməyən qaz qurğularının quraşdırılmasına, qaz qurğularının təhlükəsiz istismarına maneə törədən müdaxiləyə görə cavabdehdirlər. Qapalı məkanlarda (o cümlədən, yaşayış evlərində) quraşdırılan qaz qurğularının istehlakçıları həmin məkanlarda qaz sızmasını və dəm qazını təsbit edən cihaz (detektor) quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar.
24.7. Qaz təchizatı obyektlərində təhlükəsizlik qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
24.8. Qaz təchizatı obyektlərinin texniki istismar qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 25. Qaz təchizatı obyektlərinin mühafizəsi, mühafizə zonaları və təhlükəsizlik tədbirləri
25.1. Qaz təchizatı obyektlərinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, habelə insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə qaz təchizatı obyektlərinin ətrafında mühafizə zonaları müəyyənləşdirilir.
25.2. Mühafizə zonalarında Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər.
25.3. Qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
25.4. Hər təqvim ilinin birinci ayında qaz nəqli sistem operatoru və qazpaylayıcı sistem operatoru qaz təchizatı obyektlərinin koordinatlarını, funksiyalarını, yer səthində yerləşmə səviyyələrini və uzunluqlarını göstərən elektron xəritəni, habelə xəritədə qeyd olunan obyektlər barədə tənzimləyici tərəfindən müəyyən olunan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etməlidir.
Maddə 26. Qaz təchizatı sektorunda insanların həyatının, sağlamlığının, əmlakının və ətraf mühitin qorunmasına dair ümumi tələblər
26.1. Qaz təchizatı subyektləri və istehlakçılar insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə hər cür mənfi təsirdən çəkinməli və qaz təchizatından irəli gələn təsirləri minimuma endirməlidirlər.
26.2. Qaz təchizatı sektorunda fəaliyyətlə bağlı mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlığın dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi, buraxıla bilən axıntı həddi, ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.
26.3. Qaz təchizatı sektorunda fəaliyyətlə bağlı mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ƏMTQ aparılmalıdır.
26.4. Qaz təchizatı sektorunda fəaliyyətlə bağlı obyektlərin ƏMTQ həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll edilir.
Maddə 27. Qaz təchizatı sektorunda insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə vurulmuş ziyana görə məsuliyyət
Qaz təchizatı subyektinin təqsiri üzündən insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə dəymiş zərər həmin zərəri vuran qaz təchizatı subyekti tərəfindən tam aradan qaldırılmalı və ya dəymiş zərərin əvəzi tam ödənilməlidir. İnsanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə zərər vurulana qədər mövcud vəziyyətin tam bərpası mümkün olmadıqda, dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq ödənilir.
Maddə 28. Bu Qanunun qüvvəyə minməsi
28.1. Bu Qanunun 28.2-ci və 28.3-cü maddələri nəzərə alınmaqla, bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
28.2. Bu Qanunun 7.2.4-cü, 9.2-ci, 10.2-ci, 11.2-ci və 12.2-ci maddələri 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
28.3. Bu Qanunun 5.1.1–5.1.3-cü, 5.1.5-ci, 5.1.7-ci, 5.1.11–5.1.13-cü, 5.2-ci maddələri, 6.2-ci maddəsinin birinci cümləsi, 7.1-ci, 7.4-cü, 9.3.7-ci, 10.3.6-cı və 11.3.7-ci maddələri 2028-ci il iyulun 1-dən qüvvəyə minir.
28.4. Bu Qanun qüvvəyə mindiyi gündən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 iyun tarixli 513-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563 (Cild I); 2025, №2, maddə 101) ləğv edilir.
28.5. Bu Qanunda nəzərdə tutulan normativ hüquqi aktlar və normativ xarakterli aktlar qüvvəyə minənədək, qaz təchizatı sektorunda yaranan münasibətləri tənzimləyən mövcud normativ hüquqi aktlar və normativ xarakterli aktlar öz hüquqi qüvvəsini saxlayır və həmin aktların tələblərinə riayət olunmalıdır.
28.6. Bu Qanunun 28.2-ci maddəsində nəzərdə tutulan müddətdən qazın nəqli, paylanması, saxlanması, topdan satışı və idxalı, habelə pərakəndə satışı üzrə fəaliyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan ayrı-ayrı hüquqi şəxslər tərəfindən həyata keçirilir.
Maddə 29. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
Maddə 30. Keçid müddəalar
30.1. Bu Qanuna uyğun olaraq qazın nəqli, paylanması, saxlanması, topdan satışı və idxalı, habelə pərakəndə satışı üzrə fəaliyyətlər 2027-ci il yanvarın 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
30.2. Bu Qanunun 7.2.1 – 7.2.3-cü və 7.2.5 – 7.2.8-ci maddələrində nəzərdə tutulan qiymətlər (tariflər) bu Qanunun qüvvəyə mindiyi gündən, bu Qanunun 7.2.4-cü maddəsində nəzərdə tutulan tarif 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənir.
30.3. Bu Qanunun 30.2-ci maddəsi nəzərə alınmaqla, tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
30.4. Bu Qanunun 8-ci maddəsində nəzərdə tutulan tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2025-ci il
XXX
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü, 1.1.22-ci, 1.1.34-cü maddələrində, 6.2-ci maddəsinin ikinci cümləsində, 6.3-cü, 9.3.6-cı, 9.4.2-ci, 10.3.5-ci, 10.4.1-ci, 11.3.6-cı, 11.4.1-ci, 12.5.3-cü, 12.6.5-ci maddələrində, 13.8-ci maddəsinin ikinci cümləsində, 17.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 18.2-ci, 18.5-ci, 18.7-ci maddələrində, 19.4-cü maddəsinin dördüncü cümləsində, 19.5-ci maddəsinin birinci cümləsində, 19.7-ci, 20.1-ci, 20.2-ci, 21.3-cü, 22.1-ci maddələrində, 24.3-cü maddəsinin birinci cümləsində, 24.7-ci, 24.8-ci, 25.3-cü, 25.4-cü, 26.2-ci, 28.6-cı, 30.1 – 30.3-cü və 30.4-cü (hər üç halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 22.1-ci və 30.4-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 1.1.4-cü, 1.1.22-ci, 6.3-cü maddələrində, 17.1-ci maddəsinin üçüncü cümləsində, 18.5-ci, 18.7-ci, 20.2-ci, 21.3-cü və 25.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 6.2-ci maddəsinin ikinci cümləsində, 9.3.6-cı, 9.4.2-ci, 10.3.5-ci, 10.4.1-ci, 11.3.6-cı, 11.4.1-ci, 12.5.3-cü, 12.6.5-ci maddələrində, 13.8-ci maddəsinin ikinci cümləsində, 18.2-ci maddəsində, 19.5-ci maddəsinin birinci cümləsində, 24.8-ci və 30.4-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 20.1-ci və 24.7-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 24.3-cü maddəsinin birinci cümləsində və 25.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 26.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
1.8. həmin Qanunun 19.4-cü maddəsinin dördüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;
1.9. həmin Qanunun 17.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;
1.10. həmin Qanunun 19.7-ci maddəsində “orqan (qurum)” dedikdə balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;
1.11. həmin Qanunun 1.1.34-cü və 30.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
1.12. həmin Qanunun 30.3-cü və 30.4-cü (üçüncü halda) maddələrində “orqan (qurum)” dedikdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
1.13. həmin Qanunun 28.6-cı və 30.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. doqquz ay müddətində:
2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.1.2.1. həmin Qanunun 1.1.4-cü maddəsinə uyğun olaraq, iri istehlakçılar üçün illik qaz sərfiyyatının həddini;
2.1.2.2. həmin Qanunun 1.1.22-ci maddəsinə uyğun olaraq, qazdan istifadə qaydalarını;
2.1.2.3. həmin Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, qaz təchizatı sisteminə dair qaydaları;
2.1.2.4. həmin Qanunun 17.1-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını;
2.1.2.5. həmin Qanunun 18.5-ci maddəsinə uyğun olaraq, qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını;
2.1.2.6. həmin Qanunun 18.7-ci maddəsinə uyğun olaraq, tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını;
2.1.2.7. həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi qaydasını;
2.1.2.8. həmin Qanunun 21.3-cü maddəsinə uyğun olaraq, ixtisas attestatının formasını, attestatın verilməsi, qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi və ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını;
2.1.2.9. həmin Qanunun 25.3-cü maddəsinə uyğun olaraq, qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
3.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, texniki xidmətin nəticəsinə dair aktın formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. həmin Qanunun 24.8-ci maddəsinə uyğun olaraq, qaz təchizatı obyektlərinin texniki istismar qaydalarını doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi:
4.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə uyğun olaraq, qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarını doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-dək tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
6. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:
6.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun müvafiq müddəalarının qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;
6.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınsın.
7. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 576 (Cild I); 2025, № 4 (I kitab), maddə 346) ləğv edilsin.
8. Bu Fərmanın 1-ci və 7-ci hissələri 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 avqust 2025-ci il
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Li Auto - nun qlobal rəhbərliyindən sərt qərar – Rəsmi olmayan avtomobillər tamamilə bloklanacaq, bütün funksiyalar dayandırılacaq!
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 gün sonra
- 16 saat sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 7 d. əvvəl
- 17 d. əvvəl
-
23 d. əvvəl
SOCAR-ın prezidenti “Arthur D. Little" şirkətinin qlobal rəhbəri ilə görüşüb
- 26 d. əvvəl
-
46 d. əvvəl
53 investor "Ferrum Capital"a illik 14 faizlə 1 milyon manat borc verdi
-
1 saat əvvəl
Əhali yandırdığı qazın pulundan asılı olamayaraq aylıq sabit məbləği ödəməli olacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18 faiz olan istiqrazları 50 investor əldə etdi
-
3 saat əvvəl
Yemdən zəhərlənmiş heyvanlara görə 26 min manata yaxın sığorta ödənişi edildi
Son Xəbərlər

Ən ucuz uçuş və otel təklifləri bir platformada

“HARA ÇEVİRSƏN SƏRFƏLİ” KREDİT - Expressbankda

Azərbaycanın makroiqtisadi proqnozları yenilənib

"Kredit Evi" 5 il müddətinə 3 milyon manat cəlb etdi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Əhali yandırdığı qazın pulundan asılı olamayaraq aylıq sabit məbləği ödəməli olacaq

SOCAR-ın tabeliyində yeni şirkətlər yaradılacaq - FƏRMAN

Sabahın hava proqnozu açıqlanıb
