Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə bilər" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə bilər" - MÜSAHİBƏ

Azərbaycanda iqtisadi islahatların mühüm istiqamətlərindən biri olan audit xidmətləri sahəsində son illərdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Xüsusilə qanunvericilik bazasının təkmilləşdirilməsi, fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, şəffaflığın artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb.

Hazırda ölkədə audit fəaliyyəti yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə əsas məqsədlərdən biri - iqtisadi subyektlərin etibar edə biləcəyi peşəkar və obyektiv audit xidmətlərinin formalaşdırılması, həmçinin bazarda haqsız rəqabət hallarının qarşısının alınmasıdır. Audit xidmətlərinin daha keyfiyyətli və etibarlı şəkildə həyata keçirilməsi həm dövlət, həm biznes sektoru, həm də beynəlxalq tərəfdaşlar üçün xüsusi əhəmiyyət daşıyır.

Reklam_3_11

Audit sahəsində aparılan islahatlar, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər, bazarda mövcud vəziyyət və gələcək hədəflərlə bağlı sualları Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanda audit fəaliyyətinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Yerli auditor şirkətlərinin beynəlxalq standartlara uyğunlaşma səviyyəsi nə dərəcədə qənaətbəxşdir?

- İlk olaraq qeyd etməliyəm ki, Azərbaycanda auditor xidməti artıq 30 illik inkişaf yolunu arxada qoyub. Sovet dövründə müstəqil audit ənənəsinin mövcud olmaması bu sahənin təşkili və tənzimlənməsində bir sıra çətinliklər yaratmışdı. Bu çətinliklər, əsasən, peşəkar kadr çatışmazlığı, metodoloji materialların azlığı və digər obyektiv səbəblərlə bağlı idi. Lakin 1994-cü il sentyabrın 16-da Ulu Öndər tərəfindən imzalanmış “Auditor xidməti haqqında” Qanun bu problemlərin qısa müddətdə aradan qaldırılmasına zəmin yaratdı. Təsadüfi deyil ki, Dünya Bankı bu qanunu digər ölkələr üçün nümunəvi sənəd kimi qiymətləndirib.

Auditorlar Palatasının həyata keçirdiyi sistemli tədbirlər nəticəsində Azərbaycanda audit xidməti formalaşıb və davamlı şəkildə təkmilləşməkdədir. Audit fəaliyyətini iki əsas istiqamətdə dəyərləndirmək olar. Birinci istiqamət auditin təşkili və tənzimlənməsidir. Bu sahədə Palatanın fəaliyyəti həm postsovet məkanında, həm də beynəlxalq platformalarda yüksək qiymətləndirilir.

Qeyd edim ki, Palata 2008-ci ildə nüfuzlu beynəlxalq peşə təşkilatı olan Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) tamhüquqlu üzv seçilib. Bu, cəmi 5 il davam edən namizədlik mərhələsindən sonra baş tutub. Halbuki adətən bu mərhələ 15-18 il davam edir. Üzvlük çərçivəsində Beynəlxalq Audit Standartları və Peşəkar Etika Məcəlləsi və digər sənədlər dəfələrlə tərcümə edilərək auditorlara və digər maraqlı tərəflərə təqdim olunub.

Audit fəaliyyətinin ikinci istiqaməti – peşəkar auditorlar tərəfindən təsərrüfat subyektlərinə xidmət göstərilməsi sahəsində də mühüm irəliləyişlər var. Artıq 15 ildir ki, ölkədə Beynəlxalq Audit Standartları tətbiq olunur və auditorların bu çərçivədə fəaliyyət göstərməsi tələb olunur.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda həm “Böyük Dördlük”, həm də “Böyük Onluq” səviyyəsində yerli auditor şirkətləri fəaliyyət göstərir. Bununla belə, bəzi problemlər qalmaqdadır. Qanunvericiliklə məcburi auditə cəlb olunmalı olan bəzi təsərrüfat subyektləri bu öhdəlikdən yayınmağa çalışır. İnzibati məsuliyyət tədbirlərinin zəif olması da bu halların qarşısını tam şəkildə almağa imkan vermir. Bəzi təsərrüfat subyektləri cüzi cərimələri ödəməklə auditdən yayınmağa üstünlük verirlər.

Digər mühüm məsələ - məcburi audit meyarlarının məhdud olmasıdır. Hazırda yalnız orta və iri müəssisələr məcburi audit subyekti (MAS) hesab olunur. Halbuki illik dövriyyəsi 3 milyon manatadək olan, lakin iqtisadi əhəmiyyətə malik bir çox kiçik müəssisələr bu tələbdən kənarda qalır.

- “Auditor xidməti haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər və ya yeni qanunvericilik təşəbbüsləri barədə hansı işlər görülür? Bu dəyişikliklərin auditorların fəaliyyəti və sektorun inkişafına təsiri nədən ibarət ola bilər?

- “Auditor xidməti haqqında” Qanunun tələblərinə əsasən, Auditorlar Palatası ölkədə auditor xidmətinin dövlət tənzimlənməsini təşkil edir, bu sahənin inkişafı və təkmilləşdirilməsi məqsədilə normativ hüquqi aktların layihələrini və tədbirlər sistemini hazırlayır, həmçinin dövlətin, təsərrüfat subyektlərinin və auditorların maraqlarını qoruyur. Eyni zamanda, Palata auditorların qanunvericiliyin tələblərinə riayət etməsinə nəzarət funksiyasını da həyata keçirir. Onun fəaliyyəti müvafiq Əsasnamə ilə tənzimlənir.

Hazırda Auditorlar Palatası İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı layihə hazırlayıb və bu sənəd üzrə aidiyyəti dövlət qurumları ilə razılaşdırma işləri aparılır. Layihə Məcəllənin 464-cü maddəsinə dəyişiklik edilməsini nəzərdə tutur və əsas məqsəd – məcburi auditdən yayınan sahibkarlara qarşı cərimələrin artırılmasıdır. Yeni yanaşma cərimələrin daha təsirli və çəkindirici olmasını hədəfləyir.

Bu dəyişikliklərin zəruriliyi ondan irəli gəlir ki, məcburi auditdən yayınma halları yalnız şəffaflığın pozulması ilə nəticələnmir, eyni zamanda korrupsiyaya şərait yaradır, təsisçi və səhmdarların hüquqlarının pozulmasına, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin qarşısının alınmasına zəmin yaradır.

Qanuna təklif olunan digər mühüm dəyişikliklər isə digər ixtisas sahiblərinə, müvafiq təcrübəyə malik olduqları halda, auditor fəaliyyətinə qoşulmaq imkanı verəcək. Bu, auditor bazarının genişlənməsinə, sahəyə marağın artmasına, sağlam rəqabətin təşviqinə və nəticə etibarilə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.

“Auditor xidməti haqqında” qanunda dəyişikliklərin edilməsi digər ixtisas sahiblərinə təcrübəsi nəzərə alınmaqla auditor fəaliyyəti ilə məşğul olmaq imkanının yaradılması barədədir. Bundan əlavə, yeni tələblərə əsasən, auditor xidmətini həyata keçirmək üçün auditor təşkilatında əsas iş yeri olmaqla, azı iki auditor fəaliyyət göstərməli, təşkilatın rəhbəri isə yalnız həmin təşkilatın auditoru olmalıdır. Bu yanaşma həm daxili idarəetmənin səmərəliliyini artıracaq, həm də məsuliyyət bölgüsünü daha dəqiq müəyyən edəcək.

 

 

Qanunvericilik dəyişiklikləri ilə yanaşı, keyfiyyət idarəetmə sistemlərinin gücləndirilməsi də nəzərdə tutulur. Buraya təşkilatların strukturunun, funksional vəzifələrinin, məsuliyyət və səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi, maliyyə və insan resurslarının effektiv planlaşdırılması və bölüşdürülməsi, bütün heyətin keyfiyyətə cavabdeh olması kimi amillər daxildir. Rəhbərlik keyfiyyətə görə tam məsuliyyət daşımalı, öz davranışı ilə bu öhdəliyə sadiqliyini nümayiş etdirməlidir.

Eyni zamanda, Auditorlar Palatası dempinq və haqsız rəqabət hallarının qarşısının alınması, icazə və lisenziya sisteminin təkmilləşdirilməsi, xidmətlərin əlçatanlığının artırılması, peşə nüfuzunun gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində də qanunvericilik təşəbbüsləri üzərində işləyir. Bu təkliflər paketi gələcəkdə audit sektorunun davamlı inkişafına xidmət edəcək.

- Sərbəst auditorların və auditor təşkilatlarının fəaliyyətində dempinq və haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində Palata tərəfindən hansı addımlar atılır?

-Müasir dövrdə audit xidməti iqtisadi inkişafın əsas dayaq sütunlarından biri kimi çıxış edir. Bu sahə müəssisələrin maliyyə şəffaflığını və etibarlılığını təmin edən mühüm peşə fəaliyyətidir. Lakin bazarda fəaliyyət göstərən bəzi sərbəst auditorlar və auditor təşkilatları tərəfindən qeyri-qanuni qiymət siyasətinin tətbiqi - dempinq və digər haqsız rəqabət halları sektorda balansın pozulmasına səbəb olur.

Bu cür neqativ meyllərin qarşısını almaq məqsədilə Auditorlar Palatası tərəfindən kompleks və ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin əsas məqsədi audit xidmətləri bazarında ədalətli rəqabət mühitinin formalaşdırılması, peşə etikasının qorunması və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasıdır.

2022-ci ilin “Haqsız rəqabətlə mübarizə ili” elan edilməsi bu sahədə atılmış mühüm addımlardan biri oldu. Bu çərçivədə Türkiyənin qabaqcıl təcrübəsi öyrənilərək tətbiq edildi, haqsız rəqabətlə mübarizə məqsədilə 11 metodik vəsait hazırlandı və auditorlar üçün “Qütb Ulduzumuz” adlı maarifləndirici kitabça nəşr olundu.

Palatanın aidiyyəti struktur bölməsi tərəfindən sistemli monitorinqlər aparılır. Sosial media, internet resursları və “Auditorun şəxsi kabineti” sistemi vasitəsilə təqdim olunan məlumatlar təhlil edilir. Aşkar olunmuş dempinq və haqsız rəqabət halları ilə bağlı Auditorlar Palatası tərəfindən “Auditor xidməti zamanı icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi haqqında Əsasnamə” çərçivəsində tədbirlər görülür. Bu tədbirlərə xəbərdarlıq, töhmət, fəaliyyətin müvəqqəti dayandırılması və hətta icazənin ləğvi də daxildir.

Eyni zamanda, auditorlar üçün mütəmadi olaraq peşə etikası, qiymət siyasəti və beynəlxalq standartlara uyğun fəaliyyətə dair təlimlər və seminarlar təşkil olunur. Bu tədbirlərdə Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi və Beynəlxalq Müstəqillik Standartlarının tətbiqi izah edilir, real praktik mexanizmlərlə auditorlar maarifləndirilir.

Auditorlar Palatasının bu istiqamətdə həyata keçirdiyi tədbirlər, sağlam rəqabət mühitinin qorunmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və auditor peşəsinin ictimai nüfuzunun gücləndirilməsinə xidmət edir. Dempinq və haqsız rəqabətə qarşı prinsipial mövqe isə Palatanın gələcək fəaliyyət strategiyasında da əsas prioritet olaraq qalacaq.

- 2017-ci ildə qəbul olunmuş partnyorluq sazişinin icra vəziyyəti necədir? Bu sazişin sektorun inkişafına real təsirləri nədən ibarətdir?

- 2017-ci ilin 8 noyabr tarixində Auditorlar Palatası Şurasının 292/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə partnyorluq Sazişi” audit sektorunda sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində mühüm təşəbbüslərdən biri hesab olunur. Sazişin əsas məqsədi auditorlar arasında qarşılıqlı əməkdaşlıq və peşə həmrəyliyi mühitində şəffaflığın təmin olunması, keyfiyyətsiz xidmətin və dempinq hallarının qarşısının alınması, eləcə də audit xidmətlərinin ümumi keyfiyyətinin artırılmasıdır.

Hazırkı mərhələdə 182 auditor təşkilatından 162-si və 60 sərbəst auditordan 58-i bu sazişi imzalayıb. Bundan əlavə, icazə almış 20 yeni auditor təşkilatı və 2 sərbəst auditorla da sazişin imzalanması nəzərdə tutulur. Bu, auditorlar arasında həmrəylik və etik davranış qaydalarına sadiqliyin artdığını göstərir.

 

 

Partnyorluq sazişinin real təsiri əsasən dempinq və haqsız rəqabət hallarının məhdudlaşdırılması, keyfiyyətli və etibarlı audit xidmətlərinin təşviqi, peşəkar etimad və həmrəyliyin gücləndirilməsi və bazarın şəffaflaşdırılması və beynəlxalq standartlara uyğunluğun artırılması istiqamətlərində müşahidə olunur.

Sazişin tətbiqi nəticəsində bazarda keyfiyyətli xidmətə tələbat artmış, müqavilələrin dəyərində əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2023-cü illə müqayisədə 2024-cü ildə bağlanmış audit müqavilələrinin sayı 7 232-dən 7 193-ə qədər (0,5 %) azalsa da, ümumi məbləğ 133,2 milyon manatdan 153,4 milyon manata qədər artaraq 15,2 % yüksəlib. Orta hesabla 2023-cü ildə bir müqavilənin dəyəri 18,4 min manat olduğu halda, 2024-cü ildə bu göstərici 21,3 min manata çatıb - bu da 15,76 % artım deməkdir.

Bu dinamika göstərir ki, partnyorluq sazişi sadəcə inzibati sənəd olmaqla kifayətlənmir, eyni zamanda bazarda şəffaflıq, peşəkarlıq və sağlam rəqabət prinsiplərinə əsaslanan inkişafı stimullaşdırır. Gələcəkdə bu təşəbbüsün əhatə dairəsinin genişlənməsi sektorun davamlı və dayanıqlı inkişafına daha böyük töhfələr verə bilər.

- Hazırda audit sahəsində peşəkar kadr çatışmazlığı müşahidə olunurmu? Auditor kadrlarının hazırlanması və peşəkarlığının artırılması istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Bəli, bu gün bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da audit sahəsində peşəkar kadr çatışmazlığı müəyyən dərəcədə müşahidə olunur. Bu problem bir neçə amillə bağlıdır.

Peşəyə marağın azalması - gənclər arasında audit sahəsinə maraq digər sahələrlə müqayisədə daha zəifdir. Səbəb kimi peşənin yüksək məsuliyyət tələb etməsi, stressli iş rejimi və uzunmüddətli peşəkar inkişaf yolu göstərilir. Digər amil isə təcrübəli və sertifikatlı auditorların azlığı ilə bağlıdır. Belə ki, audit fəaliyyəti təkcə nəzəri biliklərlə kifayətlənmir – bu sahədə praktik təcrübə, etik davranış və beynəlxalq tələblərə uyğunluq mühüm əhəmiyyət daşıyır. Bu xüsusiyyətlərə malik kadrların sayı isə bazarın tələbatını tam ödəmir.

Əmək bazarının dəyişən tələbləri - rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində auditorlardan texniki və analitik bacarıqlar tələb olunur. Bu isə bir çox ənənəvi auditorların müasir tələblərə uyğunlaşmasını çətinləşdirir. Beynəlxalq sertifikatların məhdud yayılması da çatışmasızlıqlar sırasındadır. Bu gün ACCA, CPA, CIA kimi nüfuzlu beynəlxalq sertifikatlara malik auditorların sayı hələ də azdır. Kadr miqrasiyası məsələsinə gəldikdə isə, qeyd edim ki, təcrübəli və təhsilli gənc auditorlar xaricdə daha cəlbedici iş imkanlarına üstünlük verərək ölkədən kənarda fəaliyyət göstərirlər.

Audit sahəsində peşəkar kadr çatışmazlığının aradan qaldırılması məqsədilə ali təhsil müəssisələri ilə Auditorlar Palatası arasında əməkdaşlığın gücləndirilməsini, iqtisadiyyat, maliyyə və mühasibatlıq üzrə tədris proqramlarına audit fənlərinin daha geniş inteqrasiyasını, universitetlərdə seminarlar, master-klasslar və praktiki təlimlərin təşkilini, tələbələr üçün təcrübə proqramları və karyera mərkəzləri ilə birgə fəaliyyətin təşviqini təklif edirik.

Bununla yanaşı gənc auditorlar üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi, sertifikat imtahanlarına hazırlıq kurslarında güzəştli iştirak imkanlarının yaradılması, ödənişli təcrübə proqramlarının təşkili (3-6 ay müddətində), mentor dəstəyi ilə bacarıqların inkişafı, peşənin gənclər arasında təbliği məqsədilə sosial şəbəkələrdə uğur hekayələri, maarifləndirici videolar və “Auditor peşəsini tanıyaq” layihələrinin həyata keçirilməsi lazımdır.

Həmçinin beynəlxalq sertifikatların dəstəklənməsi, ACCA, CPA, CIA və digər beynəlxalq sertifikatlar üzrə təlimlərə dəstək mexanizmlərinin yaradılmasını, auditor təşkilatları ilə birgə beynəlxalq sertifikatlaşdırma proqramlarının həyata keçirilməsini, kiçik və orta sahibkarlıq subyektləri üçün audit xərclərinə subsidiya mexanizmlərinin tətbiqini təklif edirik.

Bu tədbirlərin kompleks şəkildə icrası auditor peşəsinin nüfuzunun artırılmasına, gənclər üçün cəlbedici karyera imkanlarının yaradılmasına və bütövlükdə milli audit sisteminin dayanıqlığının gücləndirilməsinə töhfə verəcək.

 

 

- Kiçik və orta sahibkarlıq subyektlərinin audit xidmətlərinə çıxış imkanlarının artırılması üçün hansı təşəbbüslər irəli sürülür? Bu subyektlərin auditə marağı hansı səviyyədədir?

- Qanunvericiliyə əsasən, məhdud məsuliyyətli cəmiyyətlər (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil (kənar) auditor cəlb etməlidirlər. Bundan əlavə, iştirakçılardan hər hansı biri də auditor yoxlanışını təşəbbüs edə bilər. Bu zaman auditor xidməti həmin iştirakçının hesabına həyata keçirilir. Auditor yoxlamalarının aparılması qaydası isə qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

Kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) auditor xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə Auditorlar Palatası bir sıra təşəbbüslər həyata keçirir. Belə ki, hər ilin sonunda məcburi audit subyektlərinə yönəlik məlumatlandırıcı elan hazırlanaraq “Azərbaycan”, “Respublika”, “İqtisadiyyat” və “Vergilər” qəzetlərində dərc olunur, eyni zamanda Palatanın rəsmi internet səhifəsində yerləşdirilir. Elanlarda məcburi auditin hüquqi əsasları, aid olduğu subyektlər, müstəqil auditor cəlb etmə qaydaları və digər izahlı məlumatlar əks etdirilir. Auditorlar Palatasının əlaqə vasitələri də bu elanlarda göstərilir.

Məcburi auditə tabe olmayan digər iqtisadi subyektlər isə könüllü şəkildə müstəqil auditor cəlb edə və auditor xidmətlərindən faydalana bilərlər. Bu, onların maliyyə hesabatlarının düzgünlüyünü təsdiqləməyə və şəffaflıq səviyyəsini artırmağa imkan verir.

Müasir dövrdə, xüsusilə dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması və “yaşıl iqtisadiyyat”ın təşviqi fonunda, kənar auditin əhəmiyyəti daha da artır. Müstəqil audit yalnız maliyyə şəffaflığının təminatçısı kimi deyil, həm də maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarət, vergi və maliyyə intizamının möhkəmləndirilməsi, eləcə də korrupsiya, əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində mühüm funksiyalar yerinə yetirir. Auditor hesabatları iqtisadi subyektlərin maliyyə fəaliyyətində mövcud nöqsanların və çatışmazlıqların vaxtında aşkarlanaraq aradan qaldırılmasına kömək edir.

Qeyd edək ki, sahibkarlar auditor seçimini sərbəst həyata keçirirlər və auditor təşkilatları, habelə sərbəst auditorlar barədə məlumatları Auditorlar Palatasının rəsmi saytından əldə edə bilirlər.Auditorlar Palatası hər il auditor xidmətindən istifadə edən təsərrüfat subyektləri arasında auditin effektivliyi, rolu və əhəmiyyətinə dair sosioloji sorğular keçirir. Bu sorğuların məqsədi göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi, auditə olan ictimai etimadın səviyyəsinin qiymətləndirilməsi, mövcud nöqsanların aradan qaldırılması üçün auditorların sifarişçi subyektlərə lazımi tövsiyələr verib-vermədiyini təhlil etməkdir. Sorğuların nəticələri göstərir ki, iqtisadi subyektlərin auditə marağı yüksək səviyyədədir və bu tendensiya artan xətt üzrə inkişaf edir.

-Beynəlxalq audit standartlarının Azərbaycanda tətbiqi sahəsində hansı irəliləyişlər var? Bu standartların yerli qanunvericiliyə inteqrasiyası istiqamətində Palatanın dəstəyi nədən ibarətdir?

-Artıq 15 ildir ki, Azərbaycanda Beynəlxalq Audit Standartları (BAS) tətbiq olunur və bu sahədə davamlı inkişaf müşahidə edilir. Auditorlar Palatası bu prosesi beynəlxalq səviyyədə koordinasiya edən Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tam hüquqlu üzvüdür və bu üzvlük bir sıra tələblərin yerinə yetirilməsini nəzərdə tutur. Həmin tələblər sırasına beynəlxalq standartların tətbiqi, auditin keyfiyyətinə nəzarət, peşəkar kadr hazırlığı, etik davranış qaydaları və intizam tədbirləri daxildir.

Palata bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Hazırda qüvvədə olan bütün Beynəlxalq Audit Standartları Azərbaycan dilinə tərcümə olunub, redaktə edilib və nəşr edilib. Təkcə ötən il ərzində IFAC-a məxsus 100-dək məlumat və sənəd əldə edilərək araşdırılıb və onlardan praktiki şəkildə istifadə olunub.

 

 

2024-cü ildə və 2025-ci ilin I rübü ərzində yeni qəbul olunmuş və ya yenidən işlənmiş 5 standartın da tərcümə və nəşri təmin edilib. Bu standartların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilib və prosesi dəstəkləyən metodoloji bazanın təkmilləşdirilməsi davam etdirilir.

Prezident İlham Əliyev də çıxışlarında və rəsmi sənədlərində Beynəlxalq Standartların tətbiqinin əhəmiyyətini xüsusi olaraq vurğulayır. Bu yanaşma ölkədə audit sahəsində aparılan islahatlara mühüm dəstək verir və normativ-hüquqi aktların beynəlxalq standartlarla uyğunlaşdırılmasını asanlaşdırır. Mövcud hüquqi və institusional baza bu harmonizasiyanı təmin etməyə tam imkan verir və bu istiqamətdə hər hansı ciddi maneə və ya çətinlik gözlənilmir.

- Auditor xidmətlərinin ölkədə şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə mexanizmlərində rolu necə qiymətləndirilir?

- Azərbaycanın iqtisadi inkişaf modelində şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim prioritet təşkil edib. Bu, yalnız kampaniya xarakterli addımlar deyil, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dövlətin şüurlu seçimidir. Hələ Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət quruculuğu strategiyasında şəffaflıq amili ön planda olub və bu istiqamətdə mühüm hüquqi baza formalaşdırılıb.

Məsələn, 1996-cı ildə imzalanmış “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərman, 1998 və 1999-cu illərdə qəbul olunmuş digər sərəncam və fərmanlar şəffaflığın artırılması və sahibkarlıq mühitində müdaxilələrin azaldılması məqsədi daşıyıb. Bu sənədlər sonrakı illərdə də korrupsiya ilə mübarizənin və maliyyə intizamının gücləndirilməsi üçün əsas hüquqi dayaqlar rolunu oynayıb.

Müasir mərhələdə isə iqtisadi və institusional dəyişikliklər şəffaflığın təminində nəzarət-maliyyə mexanizmlərinin səmərəli fəaliyyətini zəruri edir. Bu baxımdan, dövlət nəzarəti ilə yanaşı, qeyri-dövlət nəzarəti - o cümlədən kənar (müstəqil) audit və ictimai nəzarət - iqtisadiyyatın müxtəlif səviyyələrində səmərəliliyin və idarəetmənin keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Xüsusilə özəl sektorun iqtisadiyyatda çəkisinin artdığı dövrdə bu nəzarət formalarının qarşılıqlı inteqrasiyası daha da aktuallaşır.

Azərbaycanda dərin sosial-iqtisadi dəyişikliklərin getdiyi, büdcə və vergi intizamının möhkəmləndirilməsinin dövlət siyasətində üstünlük təşkil etdiyi, azad və sosialyönümlü vətəndaş cəmiyyətinin bərqərar olduğu indiki şəraitdə şəffaflığın rolu ikiqat artır. Müasir şəraitdə dövlət başçısı İlham Əliyevin gündəlik diqqət və qayğısı sayəsində idarəetmə sistemində aparılan ardıcıl struktur islahatları da şəffaflığın təmin olunmasına xidmət edir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 2022-ci il tarixli Sərəncamla təsdiqlənmiş “2022–2026-cı illər üzrə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı” şəffaflıq və hesabatlılıq sahəsində kompleks tədbirləri əhatə edir. Bu sənəd müxtəlif dövlət qurumlarının fəaliyyətini koordinasiya etməklə korrupsiyaya qarşı mübarizəni sistemli və səmərəli şəkildə həyata keçirməyə imkan yaradır.

Bu yanaşma Auditorlar Palatası və auditorların qarşısında da mühüm vəzifələr qoyur. Palatanın funksiyası ölkədə audit fəaliyyətini təşkil və tənzimləməkdirsə, auditorların məsuliyyəti maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq və maliyyə şəffaflığını təmin etməkdir. Auditor rəyləri təsərrüfat subyektlərində mümkün nöqsan və risklərin vaxtında aşkarlanması və aradan qaldırılmasına töhfə verir.

Auditin bu strateji funksiyasını layiqincə yerinə yetirməsi üçün auditorlardan yüksək peşəkarlıq, etik davranış, davamlı bilik yenilənməsi və qanunvericilik tələblərinə tam əməl olunması tələb edilir. Yalnız bu şərtlərlə audit fəaliyyəti həm iqtisadi, həm də sosial baxımdan effektiv nəticələr verə bilər. Auditorların ictimai maraqları qoruyan bir peşəkar institut kimi mövqelərini gücləndirməsi də məhz bu prinsiplərə əsaslanır.

-Rəqəmsal iqtisadiyyat şəraitində auditor sektorunun transformasiyası üçün hansı strategiyalar həyata keçirilir? Rəqəmsal texnologiyaların audit fəaliyyətinə inteqrasiyası ilə bağlı hansı konkret addımlar atılır?

- Qlobal miqyasda sürətlənən rəqəmsallaşma prosesi Azərbaycanın iqtisadiyyatına da mühüm təsir göstərir. Rəqəmsal iqtisadiyyata keçid müasir dövrün əsas çağırışlarından biri olmaqla yalnız istehsal və xidmət sahələrini deyil, eyni zamanda audit sektorunu da əhatə edən fundamental dəyişiklikləri zəruri edir. Bu kontekstdə auditor sektorunun transformasiyası və rəqəmsal texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır.

Rəqəmsal iqtisadiyyat şəraitində audit fəaliyyəti daha çevik, şəffaf və analitik baxımdan güclü olmalıdır. Bu məqsədlə Auditorlar Palatası son illər ərzində bir sıra strateji təşəbbüslər həyata keçirmiş, auditin rəqəmsallaşmasını prioritet istiqamət kimi müəyyən etmişdir. Palatanın bütün rəsmi sənədlərində, normativ-hüquqi aktlarında, təlimat və qaydalarında rəqəmsal texnologiyaların audit fəaliyyətinə inteqrasiyası əsas hədəflərdən biri kimi yer alır.

 

 

2023-cü il 28 dekabr tarixində Auditorlar Palatası Şurasının 362/2 nömrəli qərarı ilə rəqəmsallaşma, innovasiyaların tətbiqi və “yaşıl iqtisadiyyat” sahəsində siyasətin sistemli icrasını təmin etmək üçün Palata Şurası yanında müvafiq ixtisaslaşmış Komitə yaradılıb. Həmçinin Palata tərəfindən hazırlanmış və 2021–2030-cu illəri əhatə edən auditin üçüncü inkişaf konsepsiyasında rəqəmsallaşma və innovasiyalar əsas strateji xətt kimi müəyyən olunub.

Rəqəmsallaşma auditorların bilik və bacarıqlarına yeni tələblər irəli sürür. Bu səbəbdən Palata tərəfindən rəqəmsal savadlılığın artırılması və müasir texnologiyaların tətbiqinə dair təlim və ixtisasartırma proqramları həyata keçirilir. Gənc auditorların texnologiyalarla işləmək bacarığının yüksəldilməsi sektorun keyfiyyət göstəricilərinin artmasında mühüm rol oynayır. 2024-cü il ərzində keçirilən təlim və seminar proqramlarında 300-dən çox auditor iştirak edib.

Bundan əlavə, Palataya üzv olan aparıcı yerli və beynəlxalq audit şirkətləri beynəlxalq təcrübəyə əsaslanaraq rəqəmsal transformasiya prosesinə aktiv şəkildə qoşulurlar. Audit fəaliyyətində “IDEA”, “CaseWare”, “ACL” kimi beynəlxalq platformalar tətbiq olunur. Bu proqram təminatları vasitəsilə böyük həcmli maliyyə məlumatları avtomatlaşdırılmış qaydada təhlil edilir, risklər müəyyənləşdirilir və audit sübutları toplanır.

Eyni zamanda bir sıra audit şirkətləri mühasibatlıq üzrə ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə inteqrasiya olunmuş yanaşmalara keçir. Bu sistemlər auditorlara real vaxt rejimində məlumatlara çıxış, daha dəqiq təhlillər və obyektiv auditor rəyləri təqdim etmək imkanı verir.

-Audit keyfiyyətinə nəzarət və audit subyektlərinin akkreditasiyası hansı mexanizmlərlə həyata keçirilir? Keyfiyyətsiz audit hallarının qarşısını almaq üçün hansı tədbirlər görülür?

- Auditor fəaliyyəti iqtisadi subyektlərin maliyyə hesabatlarının şəffaflığını və etibarlılığını təmin edən əsas mexanizmlərdən biridir. Bu baxımdan auditin keyfiyyətinə nəzarət və audit subyektlərinin akkreditasiyası sahəsində effektiv mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda bu istiqamətdə çoxpilləli nəzarət sistemi formalaşdırılıb.

Auditin keyfiyyətinə nəzarət aşağıdakı əsas mexanizmlərlə həyata keçirilir:
-Daxili nəzarət sistemi: Hər bir auditor təşkilatı öz fəaliyyətində auditin keyfiyyətini təmin etmək üçün daxili nəzarət prosedurlarını tətbiq edir. Bu sistemə auditor heyətinin ixtisas səviyyəsi və peşəkar hazırlığı, audit sənədlərinin düzgün tərtibatı, beynəlxalq audit standartları, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi və müstəqillik prinsipinə riayət olunması.daxildir.

- Kənar nəzarət (xarici monitorinq): Auditor təşkilatları və sərbəst auditorlar dövri olaraq tənzimləyici orqan - Auditorlar Palatası tərəfindən keyfiyyətə kənar nəzarət çərçivəsində monitorinqlərə cəlb olunurlar. Bu yoxlamalar auditlərin beynəlxalq standartlara uyğunluğunu qiymətləndirmək məqsədi daşıyır. Monitorinqlər dövri olaraq – orta hesabla hər 3 ildən bir həyata keçirilir.

- Peşəkar inkişaf tələbləri: Auditorların peşəkar bilik və bacarıqlarını daim yeniləmələri tələbi mövcuddur. Onlar mütəmadi olaraq ixtisasartırma təlimlərinə və sertifikasiya proseslərinə cəlb olunmalıdırlar. Bu, auditin aktual çağırışlara uyğun aparılmasını və keyfiyyətin artırılmasını təmin edir.

- Akkreditasiya prosesi: Auditor fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslər Auditorlar Palatasının müəyyən etdiyi akkreditasiya mərhələlərindən keçməlidirlər. Bu proses peşə standartlarına uyğunluğun və etik prinsiplərə sadiqliyin təmin olunmasına yönəlib.

 

 

Keyfiyyətsiz auditlərin qarşısının alınması məqsədilə tədbirlər görülür. Palata tərəfindən planlı və riskə əsaslanan əsaslarla aparılan monitorinqlər zamanı audit faylları, müqavilələr, hesabatlar və daxili prosedurlar təhlil olunur. Uyğunsuzluqlar aşkar edildikdə xəbərdarlıq, cərimə, lisenziyanın müvəqqəti və ya daimi ləğvi kimi inzibati tədbirlər tətbiq olunur, sərbəst auditorlar peşə fəaliyyətindən uzaqlaşdırıla bilər, müştərilərin və ictimaiyyətin şikayətləri əsasında araşdırmalar aparılır, şəffaflıq və hesabatlılıq tələblərinin artırılması istiqamətində normativ baza təkmilləşdirilir.

Nəticə etibarilə, auditin keyfiyyətinə nəzarət mexanizmləri auditor sektorunun etibarlılığını və cəmiyyətin ona olan inamını artırmağa xidmət edir. Şəffaflıq, dürüstlük və peşəkarlıq prinsipləri auditor fəaliyyətinin əsasını təşkil edir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi, o cümlədən süni intellekt texnologiyalarının, risk əsaslı yanaşmaların və etik dəyərlərin sistemli şəkildə inteqrasiyası auditin keyfiyyətinin daha da yüksəldilməsinə zəmin yaradır.

-2023-cü ildən etibarən iqtisadi subyektlərə maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditor cəlb etmək öhdəliyi müəyyən edilmişdi. Bu tələbin icrasının gedişatı və rast gəlinən çətinliklər barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyevin vurğuladığı kimi, şəffaflıq iqtisadi inkişafın davamlılığını və sosial rifahın təmin olunmasını şərtləndirən əsas amillərdəndir. Bu baxımdan, Azərbaycanda maliyyə hesabatlarının müstəqil auditdən keçirilməsi institusional şəffaflığın gücləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Azərbaycan auditi 30 ildir ki, müxtəlif səpkili müəssisələr və biznes strukturları arasında etibarlı tərəfdaş və köməkçi qismində onlara xidmət göstərir.

“Auditor xidməti haqqında” və “Mühasibat uçotu haqqında” qanunvericiliyə əsasən, məcburi audit subyekti sayılan hüquqi şəxslər hər il maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə təsdiqlətməlidirlər. Bu tələbin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası tərəfindən hər il iqtisadi subyektlərə müraciətlər olunur, aidiyyəti dövlət orqanlarına isə auditdən keçmiş və keçməmiş subyektlərin siyahısı təqdim edilir.

Maliyyə Nazirliyi də bu istiqamətdə aktiv fəaliyyət göstərir. Nazirlik bu ilin aprelin 7-də ictimai əhəmiyyətli qurumlar, konsolidə edilmiş hesabat tərtib edən təşkilatlar və digər məcburi audit subyektlərinə müraciət edərək, maliyyə hesabatlarını auditdən keçirməyə çağırıb. Digər hallarda isə həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə İnzibati Xətalar Məcəlləsində müvafiq inzibati tənbeh tədbirləri nəzərdə tutulub.

Son illərdə Auditorlar Palatası və Maliyyə Nazirliyinin birgə səyləri nəticəsində müsbət dinamika müşahidə olunur. Belə ki, 2020–2024-cü illər ərzində auditdən keçmə səviyyəsi 48,7 %-dən 58,5 %-ə qədər artıb.

Bununla belə, aparılmış araşdırmalar və monitorinqlər göstərir ki, bir çox təsərrüfat subyekti qanunvericiliyin tələblərinə hələ də tam əməl etmir. 2024-cü ildə respublika üzrə müəyyən edilmiş 5 432 məcburi audit subyektindən yalnız 2 256-sı və ya 41,5 %-i maliyyə hesabatlarını müstəqil auditdən keçirib. Xüsusilə, 403 səhmdar cəmiyyətindən cəmi 62-si (15,4 %), 3 368 MMC-dən 1 384-ü (41,1 %), 135 publik hüquqi şəxsdən isə yalnız 48-i (35,6 %) bu tələbi yerinə yetirib.

Qanunvericiliyə əsasən, auditdən yayınma halına görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə uyğun olaraq cərimələr tətbiq edilir. Lakin praktika göstərir ki, bəzi subyektlər bu cərimələri ödəməklə öhdəliklərindən yayınmağa davam edirlər. Bu da qeyri-şəffaf fəaliyyətin, vergi yayınmasının və çirkli pulların yuyulması risklərinin artmasına səbəb olur.

 

 

Mövcud vəziyyət onu göstərir ki, tətbiq olunan inzibati tənbeh tədbirləri yetərli deyil. Bir çox hallarda məhkəmə qərarlarında cərimə ilə yanaşı, təsərrüfat subyektlərinin maliyyə hesabatlarını sonradan auditdən keçirmələrinə dair konkret tapşırıqlar öz əksini tapmır. Bu səbəbdən, Auditorlar Palatası Məhkəmə-Hüquq Şurasına müraciət edərək, bu cür hallarda cərimə ilə yanaşı, müvafiq tapşırıqların məhkəmə qərarlarında əks olunmasına dəstək göstərilməsini tövsiyə edib.

İnanırıq ki, bu müraciətimiz əsasında məcburi auditdən yayınmanın qarşısının alınması istiqamətində uğurlu nailiyyətlər əldə olunacaq.

Nəticə olaraq, maliyyə hesabatlarının müstəqil auditdən keçirilməsi ölkədə şəffaflıq və məsuliyyətlilik mühitinin möhkəmləndirilməsi üçün vacib vasitədir. Qanunvericilik tələblərinin icrasına nəzarətin gücləndirilməsi, sanksiyaların effektivliyinin artırılması və məhkəmə qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsi bu sahədə daha ciddi irəliləyişə səbəb ola bilər.

- Beynəlxalq auditor təşkilatları ilə əməkdaşlıq çərçivəsində hansı layihələr reallaşdırılır və bu əməkdaşlıqlar ölkə üzrə audit fəaliyyətinə nə kimi töhfələr verir?

- Azərbaycan Prezidentinin proqram xarakterli tapşırıqları və tövsiyələri əsasında Auditorlar Palatası beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi və ölkə qanunvericiliyinə uyğun şəkildə tətbiqi, audit fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və ölkədə sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə Palata nüfuzlu beynəlxalq peşəkar təşkilatlarla sistemli və davamlı əməkdaşlıq qurub.

Hazırda Auditorlar Palatası 40-dan çox ölkənin audit və mühasibat qurumları ilə əməkdaşlıq əlaqələrinə malikdir. Bu əməkdaşlıq çərçivəsində müxtəlif beynəlxalq tədbirlərdə iştirak edib, elmi-praktik konfranslar təşkil olunub, təcrübə mübadiləsi aparılıb və beynəlxalq standartların ölkə praktikası ilə uyğunlaşdırılması istiqamətində işlər görülüb.

Palata 2003-cü ildən Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), 2008-ci ildən isə Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) kimi nüfuzlu qurumların tamhüquqlu üzvüdür. Bu çərçivədə IFAC-ın müvafiq komitələri tərəfindən dərc olunan Beynəlxalq Audit Standartları və Peşəkar Mühasiblər üçün Etika Məcəlləsinin yenilənmiş versiyaları Azərbaycan dilinə tərcümə olunur və Palatanın üzvləri olan auditor təşkilatlarına və sərbəst auditorlara çatdırılır.

Son 3 il ərzində Auditorlar Palatası ilə bir sıra nüfuzlu beynəlxalq təşkilatlar arasında əməkdaşlıq genişlənib. Belə ki, İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI), Hindistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAI), Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP), Sertifikatlaşdırılmış İmtiyazlı Mühasiblər Assosiasiyası (ACCA) ilə Anlaşma Memorandumları imzalanıb.

Bu əməkdaşlıq çərçivəsində ötən il ərzində aşağıdakı layihə və təşəbbüslər həyata keçirilib:

- “Smart Audit” proqram təminatının tətbiqi: ICAP ilə əməkdaşlıq çərçivəsində bu beynəlxalq proqram təminatının yerli auditorlar tərəfindən tətbiqinə dair vebinarlar təşkil olunub.

- “İstixana qazlarının uçotunun əsasları” üzrə təlimat: ICAP ilə birgə hazırlanmış bu sənəd dayanıqlı inkişafla bağlı açıqlamalara dair MHBS standartları əsasında tərtib edilib və ölkə auditorlarına təqdim olunub.

ICAP prezidenti Farrux Rahmanın dəvətinə əsasən rəhbərlik etdiyim nümayəndə heyəti ilə ICAP rəhbərliyi arasında 2024-cü ilin avqust ayında Pakistan İslam Respublikasının Karaçi şəhərində, həmin ilin oktyabr ayı ərzində isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində peşənin inkişafına dair işgüzar görüşlər keçirilib.

Həmin görüşdə rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri, iqtisadi artımda, vergi inzibatçılığında şəffaflığın səmərəliliyinin təmin olunmasında rəqəmsallaşmanın və texnologiyaların artan rolu, rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və audit, rəqəmsal iqtisadiyyatda konsolidə edilmiş hesabatların əsas göstəricilərinin tərtibi və təhlili, “yaşıl iqtisadiyyatda hesabatlılıq və audit”, “rəqəmsal iqtisadiyyatda konsolidə edilmiş hesabatların əsas göstəricilərinin tərtibi və təhlili”, “rəqəmsallaşmanın və süni intellektin (AI) auditə, mühasibat uçotuna və davamlı inkişafa təsiri”, “ESG hesabatlığı üzrə maliyyə hesabatlarının strukturu” mövzularında müzakirələr aparılıb.

2024-cü ilin noybar ayında Auditorlar Palatası və ICAP nümayəndələri arasında Karaçi şəhərində ƏL/TMM sahəsində geniş təcrübə mübadiləsi aparılıb, bu sahədə Pakistan təcrübəsi əsasında metodik materiallar əldə olunaraq tərcümə edilib və tətbiqə yönəldilib.

 

 

Son olaraq qeyd etmək istəyirəm ki, Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə ölkəmizin müvafiq qurumlarının, habelə xarici ölkələrin (İsrail, Pakistan, Latviya) audit və mühasibatlıq qurumlarının rəhbərləri və ƏL/TMM üzrə mütəxəssislərinin iştirakı ilə bu ilin 23 may tarixində Bakıda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi planlaşdırılır.

- Auditorlar Palatasının Avrasiya Mühasiblər və Auditorlar Qrupu ilə əməkdaşlığı çərçivəsində hansı yeni layihələr planlaşdırılır? Bu əməkdaşlığın yerli audit sektoruna gətirə biləcəyi yeniliklər nədən ibarətdir?

-Auditorlar Palatası Avrasiya regionunda fəaliyyət göstərən peşəkar mühasibatlıq və audit qurumlarını bir araya gətirən Avrasiya Mühasiblər və Auditorlar Qrupunun (AMAQ) fəal üzvüdür. AMAQ 2021-ci ildə yaradılıb və əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, fəaliyyətlərin koordinasiyası və mühasib-auditor peşəsinin nüfuzunun artırılmasıdır.

2023-cü il fevralın 14-də keçirilmiş Ümumi Yığıncaqda Auditorlar Palatasının sədri, professor Vahid Novruzov AMAQ-ın sədri seçilib. O, çıxışında Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan, o cümlədən şəffaflığın artırılması, korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin rolu barədə məlumat verərək, Palatanın Qrupun fəaliyyətində fəal iştirak edəcəyini və bu əməkdaşlığa dəstəyini davam etdirəcəyini vurğulamışdır.

Palatanın struktur bölmələrinin rəhbərləri də AMAQ-ın ixtisaslaşmış komissiyalarında rəhbər və ya üzv qismində təmsil olunurlar. Üzv ölkələr arasında bilik və təcrübə mübadiləsi əsasən onlayn formatda keçirilən görüşlərdə həyata keçirilir. Bu görüşlərdə auditor xidmətlərinin təşkili və tənzimlənməsi, keyfiyyətin yüksəldilməsi, Beynəlxalq Audit Standartlarının layihələrinin müzakirəsi və qarşılıqlı təcrübə paylaşımı əsas müzakirə mövzuları sırasındadır.

Hazırda Qrupun prioritet hədəflərindən biri AMAQ-ın Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) assosiativ üzv qismində qəbul olunmasıdır. Bu istiqamətdə artıq konkret addımlar atılır və Ümumi Yığıncaqlarda bu məsələyə dair intensiv müzakirələr aparılır.

Azərbaycan üçün bu əməkdaşlıq beynəlxalq səviyyədə tanınmanın genişlənməsi, yerli audit sektorunun inkişafı və müasir beynəlxalq tələblərə uyğunlaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu proses yerli mütəxəssislərin peşəkarlığının artırılması və auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə nəticələnəcəkdir.

© "Report"

22.04.2025 11:11

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22

Son Xəbərlər

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ