Dollarda götürülmüş kreditlərlə bağlı qərar açıqlandı!
Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb.
Konstitusiya Məhkəməsinin yeni qərarına görə, Manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab edilmir. Bu səbəbdən xarici valyutada götürülmüş kreditlər üzrə müqavilələr ləğv edilməyəcəkdir. Borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini də öz üzərinə götürmüşdür və borcunu hazırkı məzənnə ilə qaytarmalıdır.
Gülnarə Rzayeva “Expressbank”a qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək bankla aralarında bağlanmış 2015-ci il 9 fevral tarixli kredit müqaviləsinin və həmin müqavilənin icrasının təminatı olaraq bağlanmış ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsini xahiş etmişdir.
"Marja"nın məlumatına görə, G.Rzayeva iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Expressbank” ASC ilə onun arasında 2015-ci il 9 fevral tarixində kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən o, bankdan illik 19 faiz olmaqla, 48 ay müddətinə 102.000 ABŞ dolları kredit götürmüşdür. Müqavilə öhdəliyinin icrasının təminatı kimi üçüncü şəxs S.Nəcəfova ilə zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Kredit müqaviləsi bağlanarkən 1 ABŞ dollarının məzənnəsi 0,78 manat olmuş, sonradan ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə dəyişərək artmışdır.
G.Rzayeva Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi (manatın devalvasiyası) ilə əlaqədar müqavilənin ləğv edilməsini xahiş etmişdir.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. G.Rzayeva apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Bakı Apellyasiya Məhkəməsi, məhkəməsi işə baxarkən Mülki Məcəllənin 422-ci maddəsinin tətbiqi ilə bağlı məhkəmələrdə müxtəlif yanaşmaların olmasının və fərqli məhkəmə aktlarının qəbul edilməsinin məhkəmə təcrübəsinin formalaşmasına maneələr yaratmasını nəzərə alaraq Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
ŞƏRAİTİN ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ DƏYİŞMƏSİ NƏ DEMƏKDİR?
Konstitusiya Məhkəməsi işə baxıb və qərarında qeyd edib ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.
MANATIN MƏZƏNNƏSİNİN DƏYİŞMƏSİ GÖZLƏNİLMƏZ HAL DEYİL
Qərarda deyilir ki, manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir.
Qərarda bildirilir ki, Manatın məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul edilib-edilməməsi ilə bağlı, ilk növbədə, onun Mülki Məcəllənin 422-ci maddəsində müəyyən edilən meyarlara cavab verməsi aydınlaşdırılmalıdır.
Belə ki, hər bir vətəndaş, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz. Belə olan halda manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir.
Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır.
KREDİT ALAN DOLLARIN BAHALAŞA BİLƏCƏYİNİ BİLMƏLİ İDİ
Borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur.
Nəzərə alınmalıdır ki, maliyyə bazarının bütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəfləri və s.) üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən faktorlardır.
BANKLARA TÖVSİYƏ
Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu manatın məzənnəsinin dəyişməsini nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müqavilələrinin şərtlərinin əhalinin maraqları baxımından dəyişdirilməsinin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsini məqsədəmüvafiq hesab edir.
Eyni zamanda, tərəflər müqavilə azadlığı prinsipinə əsasən kredit müqaviləsi bağlayarkən müqavilənin şərtlərinə Azərbaycan manatının məzənnəsinin dəyişməsi ilə bağlı müddəalar daxil edə bilərlər.
YEKUN QƏRARDAN ÇIXAN NƏTİCƏ: KREDİTLƏR HAZIRKI MƏZƏNNƏ İLƏ QAYTARILACAQ
Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Mülki Məcəllənin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
1 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
1 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
1 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
3 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib

























