Dünyanın müdafiə nəhəngləri Bakıya toplaşır - 29 ölkədən 270-dən çox şirkət gəlir
2026-cı il 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.
Sərgi təşkilatçısının yaydığı məlumata görə, bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika və silah ekspozisiyalarından biri olmaqla yanaşı, müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. Eyni tarixlərdə Bakı Ekspo Mərkəzi “Securex Caspian” – 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə də ev sahibliyi edəcək.
Təşkil olunduğu ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADEX-i ziyarət edərək sərgi ilə yaxından tanış olması, tədbirin iştirakçıları və qonaqlarına salamlama məktubu ünvanlaması sərgiyə dövlət səviyyəsində göstərilən yüksək diqqətin təzahürüdür. Bu, sərgiyə böyük etimadı nümayiş etdirməklə yanaşı, onun Azərbaycanın beynəlxalq nüfuza malik milli brendi statusunu təsdiqləyir.
ADEX-in illər ərzindəki uğurlu fəaliyyəti, qazandığı nüfuz və strateji əhəmiyyəti Prezident İlham Əliyevin bundan əvvəl keçirilən sərginin iştirakçılarına ünvanladığı məktubda da xüsusi vurğulanıb:
“ADEX dost və müttəfiq ölkələrin tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında unikal rol oynayır. Bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır. Tədbirdə dünyaca məşhur yüzlərlə şirkət öz məhsullarını nümayiş etdirir. ADEX müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayesi sahələrini gücləndirmələri, istehsal imkanlarını artırmaları, müasir və innovativ vasitələri tətbiq etmələri və təcrübə mübadiləsi aparmaları baxımından önəmli tədbirdir”.
ADEX Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.
Bu il ADEX iştirakçı şirkətlərin sayına görə rekord vurur. Bununla əlaqədar olaraq, məhz ADEX 2026 sərgisi üçün Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək. Bu mühüm yenilik ADEX-in artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. 5-ci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, Azərbaycana və ölkənin müdafiə sənayesi potensialına artan beynəlxalq marağın, eləcə də ADEX-in beynəlxalq müdafiə sənayesində möhkəmlənən mövqeyinin əyani ifadəsidir.
Hal-hazırda ADEX və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət öz iştirakını təsdiq etmişdir. Sərgilərdə stendlə təmsil olunacaq ölkələr arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.
Bu il ABŞ-nin ADEX 2026-da fəal iştirakı xüsusi diqqət çəkir. “Northrop Grumman”, “SIG SAUER”, “Lockheed Martin”, “Vantor” və “Ondas” kimi nüfuzlu ABŞ şirkətləri sərgidə ilk dəfə təmsil olunacaq. Almaniyadan “Rheinmetall” və “Rohde & Schwarz”, Böyük Britaniyadan isə “BAE Systems” və digər şirkətlər debüt edəcək. Türkiyə isə sərgidə ən geniş təmsil olunan ölkə olacaq.
Sərgilərin ənənəvi beynəlxalq iştirakçıları arasında Türkiyədən “Roketsan”, “Aselsan”, “Baykar”, “Turkish Aerospace Industries” (TAI) və “Havelsan”, İtaliyadan “Leonardo”, Çexiyadan CSG, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan “INDRA” yer alır.
Türkiyənin “Roketsan” şirkəti ADEX sərgisinin Baş sponsoru, ABŞ-nin “Northrop Grumman” şirkəti isə Ölkə tərəfdaşı sponsorudur.
ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan daxil olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunacaq.
Dövlətlərarası və hərbi-texniki əməkdaşlıq üçün mühüm görüş platforması olan ADEX ənənəvi olaraq müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. Hal-hazırda 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçmişdir. Bu ölkələr sırasına ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam daxildir. Yüksək səviyyəli nümayəndə heyətlərinin ADEX sərgisində iştirakında əsas məqsəd müdafiə sənayesindəki yeniliklərlə tanış olmaqla yanaşı, əməkdaşlıq imkanlarını müzakirə etmək və yeni tərəfdaşlıqlar qurmaqdır. Səfər çərçivəsində onların Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri, yerli və xarici müdafiə sənayesi şirkətləri, istehsalçılar və sərgi iştirakçıları ilə görüşləri nəzərdə tutulur.
ADEX 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır. Milli pavilyonun yaradılmasında əsas məqsəd Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü, mövcud istehsal imkanlarını və texnoloji potensialını vahid ekspozisiya çərçivəsində daha sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim etməkdir. Bu format yerli qurum və şirkətlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına, onlar arasında əlaqələrin gücləndirilməsinə və xarici tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına xidmət edəcək. Burada Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən dövlət qurumları və şirkətlər ən son məhsul və həllərini eyni pavilyon çərçivəsində nümayiş etdirəcəklər.
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti, “Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi” publik hüquqi şəxs və “MİRAS Hərbi-Sənaye Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə stendlə təmsil olunacaq. Azərbaycan Respublikası Müdafiə Nazirliyi də sərgidə ayrıca stendlə iştirak edərək fəaliyyət istiqamətlərini və imkanlarını təqdim edəcək.
Sərginin genişlənən miqyası onun əhatə etdiyi ekspozisiya sahəsində də özünü göstərir. ADEX Bakı Ekspo Mərkəzinin qapalı sərgi sahəsi ilə yanaşı, açıq sərgi sahəsini də əhatə edir. Açıq sərgi sahəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi, “VLand Systems” MMC, “İmprotex”, “AZDEF” və “Exclases Holdings Limited” şirkətləri böyük stendlərlə iştirak edərək ən son texnologiya və həllərini nümayiş etdirəcək.
ADEX 2026 sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər və C4ISR texnologiyaları, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, video nəzarət sistemləri və təhlükəsizlik siqnalları, zirehli döyüş nəqliyyat vasitələri və digər sahələr təmsil olunacaq.
Sərgidə nümayiş etdiriləcək yeniliklər arasında hərbi nəqliyyat vasitələri və atıcı silah həlləri də xüsusi yer tutacaq. Türkiyənin “BMC” şirkəti ADEX 2026 sərgisində şəxsi heyətin və logistika yüklərinin daşınması üçün nəzərdə tutulmuş yeni PAMİR 4×4 hərbi nəqliyyat vasitəsini, yerli TUNA mühərriki ilə təchiz edilərək təkmilləşdirilmiş KİRPİ II 4×4-ü, həmçinin çətin iqlim və relyef şəraitində yüksək dayanıqlılığı və çevikliyi ilə seçilən VURAN 4×4-ü beynəlxalq ziyarətçilərə təqdim edəcək.
Beynəlxalq istehsalçılarla yanaşı, Azərbaycanın yerli şirkətləri də sərgidə dünyanın tanınmış müdafiə brendlərini təmsil edəcəklər. “USH Group” 500 illik tarixə malik İtaliyanın “Beretta” şirkətini təmsil edəcək. Dünyanın ən qədim silah istehsalçılarından biri olan “Beretta” hərbi, hüquq-mühafizə, ovçuluq və idman atıcılığı üçün nəzərdə tutulmuş məhsulları ilə tanınır. Sərgi çərçivəsində şirkətin müasir atıcı silah və müdafiə həlləri təqdim olunacaq.
“Az-Tex-Import” isə İtaliyanın hərbi nəqliyyat vasitələri istehsalçısı “Iveco Defence Vehicles” (IDV) şirkətini təmsil edəcək. Ziyarətçilər şirkətin müxtəlif əməliyyat şəraitləri üçün nəzərdə tutulmuş taktiki və logistika nəqliyyat həlləri ilə tanış ola biləcəklər.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının dəstəyi ilə təşkil olunan “Securex Caspian” sərgisində kibertəhlükəsizlik sektoru diqqət mərkəzində olacaq. Bu istiqamətdə ən son texnologiyalar, innovativ həllər və qabaqcıl yanaşmalar nümayiş etdiriləcək.
“Securex Caspian” sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş ləvazimatları, kompleks mühafizə sistemlərini və perspektivli texnoloji həlləri nümayiş etdirəcək. Sərgidə ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış avadanlıqları, girişə nəzarət və idarəetmə sistemləri, hüquq-mühafizə orqanları üçün xüsusi avtomobillər, informasiya təhlükəsizliyi, mühafizə xidmətləri, qəza-xilasetmə vasitə və avadanlıqları, təhlükəsizlik sahəsində təhsil, video-müşahidə sistemləri, xüsusi geyim və avadanlıqlar, eləcə də yanğın təhlükəsizliyi bölmələri təqdim olunacaq.
ADEX və “Securex Caspian” sərgilərinin paralel keçirilməsi müdafiə sənayesi ilə daxili təhlükəsizlik istiqamətlərini vahid məkanda birləşdirəcək. Müdafiə sənayesi texnologiyaları və hərbi texnika ilə yanaşı, daxili təhlükəsizlik, mühafizə, xilasetmə avadanlıqları və kibertəhlükəsizlik həlləri də təqdim olunacaq.
Sərgilərin proqramı yalnız ekspozisiyadan ibarət olmayacaq. ADEX və “Securex Caspian” sərgilərində iştirakçı və ziyarətçilərə müdafiə sənayesi, daxili təhlükəsizlik, təhsil və kadr hazırlığı, innovasiyalar və yüksək texnologiyalar üzrə zəngin işgüzar proqram təqdim ediləcək.
İşgüzar proqramın əsas elementlərindən biri “Milli Tədqiqatların Dəstəklənməsi proqramı”nın təqdimatı olacaq. Layihənin proqrama daxil edilməsi ADEX-in innovativ təşəbbüslərə və perspektiv texnoloji həllərə dəstək ənənəsinə sadiq qaldığını göstərir.
Bununla yanaşı, sərgi günləri ərzində “Müasir müdafiə sənayesi: innovativ texnologiyalar və inkişaf perspektivləri” mövzusunda texnologiya sessiyası, “Süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər: məlumatların idarə olunması və kiber dayanıqlılıq” mövzusunda innovasiya sessiyası, “Kiber və informasiya təhdidləri: tanı, təhlil et və düzgün reaksiya ver” adlı interaktiv təlim, “Bilikdən texnoloji üstünlüyə: elm–universitet–sənaye əməkdaşlığının gələcəyi” mövzusunda akademik sessiya, “Müasir çağırışlar: radioelektron mübarizə və rabitə sistemlərinin təhlükəsizliyi” mövzusunda panel müzakirəsi, “Müdafiə və kibertəhlükəsizlik startapları – ideyadan uğura” adlı innovasiya dialoqu, “Böhranların idarə edilməsi: fövqəladə hallarda əməli bacarıqlar” mövzusunda təlim sessiyası təşkil olunacaq. Bu tədbirlər peşəkar müzakirələrin aparılmasına və təcrübə mübadiləsinə şərait yaradacaq. Eyni zamanda, sərgi çərçivəsində Qoşun növləri üzrə hərbi qulluqçuların keçidi baş tutacaq.
Eyni zamanda, bu il ADEX tarixində ilk dəfə olaraq sərginin rəsmi merç kolleksiyası təqdim ediləcək. Xüsusi olaraq ADEX 2026 üçün hazırlanmış eksklüziv brendləşdirilmiş kolleksiya sərginin brend üslubunun bir hissəsinə çevriləcək, iştirakçılara və qonaqlara ADEX-lə bağlı xoş xatirə saxlamaq imkanı yaradacaq. Kolleksiyaya ADEX 2026-nın rəmzlərinin əks olunduğu dəbli və praktik məhsullar daxil olacaq. İştirakçılar və qonaqlar rəsmi merç məhsullarını sərgi günlərində xüsusi ayrılmış məkanda əldə edə biləcəklər.
Bundan başqa, ADEX 2026 sərgisinə həsr olunmuş “ADEX News” adlı qəzet çapdan çıxacaq. Qəzetdə iştirakçı şirkətlərin təqdim etdikləri yeniliklər və innovasiyalar ilə bağlı xəbərlər, eləcə də sərgiyə təşrif buyuran yüksək səviyyəli qonaqlar, müxtəlif nümayəndə heyətlərinin üzvləri, sahə mütəxəssisləri ilə müsahibələr dərc olunacaq.
ADEX 2026 çərçivəsində Azərbaycanın dövlət qurumlarının nümayəndələri, beynəlxalq nümayəndə heyətləri və iştirakçı şirkətlər arasında keçiriləcək ikitərəfli danışıqlar xüsusi əhəmiyyət daşıyacaq. Bu görüşlər yeni işgüzar əlaqələrin qurulmasına, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və uzunmüddətli strateji tərəfdaşlıqların formalaşdırılmasına imkan yaradacaq.
Sərginin peşəkar istiqaməti nəzərə alınaraq, ADEX 2026-ya giriş yalnız hərbi qulluqçular, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi və müdafiə sənayesində, eləcə də əlaqəli sektorlarda çalışan şəxslər, həmçinin ali hərbi təhsil müəssisələrinin kursantları üçün açıq olacaq. Kommersiya strukturlarında çalışan şəxslər yalnız 2 oktyabr tarixində şəxsiyyət vəsiqələrini təqdim etməklə sərgini ziyarət edə biləcəklər.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 d. əvvəl
Ağdam-Xankəndi dəmiryolu xəttində tikinti-quraşdırma işlərinin 50 faizə yaxını başa çatdırılıb
-
-
43 d. əvvəl
Dünyanın müdafiə nəhəngləri Bakıya toplaşır - 29 ölkədən 270-dən çox şirkət gəlir
- 47 d. əvvəl
-
54 d. əvvəl
PAŞA Kapital və UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ İran aviaşirkətlərini dünyadan təcrid etməyə hazırlaşır – 23 sentyabrdan sərt məhdudiyyət
-
1 saat əvvəl
Bakıda 400 nəfərlik maliyyə tədbiri: Treydinqə maraq artır ®
- 1 saat əvvəl
-
3 saat əvvəl
Holdinq ləğv edilərək "PAŞA Bank"ın səhmdarlarından birinə qoşullub
-
3 saat əvvəl
“Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başlayıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital və UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb
ABŞ İran aviaşirkətlərini dünyadan təcrid etməyə hazırlaşır – 23 sentyabrdan sərt məhdudiyyət
Bakıda 400 nəfərlik maliyyə tədbiri: Treydinqə maraq artır ®
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başlayıb
Məşhur restoran şəbəkəsi Metroparka gəlir
Brent neftinin qiyməti 100 dollardan aşağı düşdü
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
"Monetri" BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib






















