500 milyard dollarlıq maliyyələşdirmə planı qurur
Nvidia şirkəti süni intellekt çiplərini “Wall Street”in ən yeni aktiv sinfinə çevirməyə çalışır. Şirkət hesablama infrastrukturunun kommersiya daşınmaz əmlakı, ödənişli yollar və borclanma zamanı təminat kimi istifadə olunan digər aktivlərə bənzər şəkildə qiymətləndirilməsini nəzərdə tutan 500 milyard dollarlıq maliyyələşdirmə təşəbbüsü çərçivəsində altı böyük aktivlərin idarə edilməsi şirkəti ilə tərəfdaşlıq edir.
Marja.az Şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, çip istehsalçısı müştəriləri üçün maliyyələşdirmə platformaları yaratmaq məqsədilə Apollo Global Management, Blackstone, BlackRock, Brookfield Asset Management, Goldman Sachs və KKR ilə anlaşma memorandumları imzalayıb.
Yeddi şirkətin rəhbərləri elan edilən təşəbbüsü müzakirə etmək üçün CNBC-nin aparıcısı Beki Kuikə nadir birgə canlı müsahibə veriblər.
Təşəbbüs - iri bulud infrastrukturu operatorlarının, qabaqcıl süni intellekt laboratoriyalarının və müəssisələrin "məlumat mərkəzləri tikməsi və Nvidia avadanlıqları alması üçün" üçüncü tərəflərdən 500 milyard dollardan çox kapitalın səfərbər edilməsini hədəfləyir. Bu, süni intellekt infrastrukturunun maliyyələşdirilməsi modelində mühüm dəyişiklik yarada bilər.
Nvidia GPU-ların və məlumat mərkəzlərinin maliyyələşdirilməsində institusional kreditlərdən, sığorta fondlarından və özəl kapitaldan istifadə etməklə son istifadəçilərinə öz balanslarına müraciət etmədən vəsait əldə etmək imkanı yaradır.
“Texnologiya çipləri ilk dəfədir ki, investisiya qoyula bilən aktiv sinfinə çevrilir. Bunlar artıq gəlir yaradan aktivlərdir. Onlar məhsuldardır, uzunömürlüdür, bir-birini əvəz edə bilir və çevikdir”, – Nvidia-nın qurucusu və baş icraçı direktoru Censen Huanq CNBC-yə bildirib.
Huanqın fikrincə, Nvidia avadanlıqlarından geniş istifadə olunması və onların müştərilər arasında ötürülə bilməsi kreditorlara hesablama gücünü uzun istismar müddətinə malik, gəlir yaradan aktiv kimi etibarlı şəkildə maliyyələşdirməyə imkan verir.
İndiyədək qrafik prosessorlara sürətlə dəyər itirən avadanlıq kimi baxılıb. Nvidia-nın təşəbbüsü isə bu yanaşmanı dəyişərək süni intellekt üçün hesablama gücünü uzunmüddətli və banklar tərəfindən maliyyələşdirilə bilən infrastruktura çevirməyi nəzərdə tutur. Bununla belə, skeptiklər daha yeni nəsil çiplər bazara çıxdıqca mövcud süni intellekt çiplərinin dəyərini qoruyub saxlaya biləcəyini şübhə altına ala bilərlər.
“Bu sənayeni və hesablama modelini fərqləndirən əsas cəhət ondan ibarətdir ki, kompüter artıq elektrik enerjisi və internet kimi infrastrukturun bir hissəsinə çevrilib. Buna görə də ona infrastruktur kimi yanaşmaq lazımdır”, – Huanq CNBC-yə müsahibəsində deyib.
Alternativ aktivləri idarə edən şirkətlər institusional və sığorta kapitalından istifadə etməklə rəqəmsal infrastruktur layihələrinə böyük həcmdə vəsait yatırmağa çalışırlar. Apollo və Blackstone da daxil olmaqla bir sıra şirkətlər artıq Anthropic kimi müəssisələr üçün borc və səhm kapitalı əsasında maliyyələşdirmə mexanizmləri hazırlayıblar.
Maliyyələşdirmə təşəbbüsü iyulda qlobal bazarlarda yaşanan kəskin geriləmədən sonra irəli sürülüb. Həmin dövrdə investorlar böyük texnologiya şirkətlərinin süni intellektə yatırdıqları investisiyaların gəlir gətirib-gətirməyəcəyini sorğulamağa başlamışdılar.
İri bulud infrastrukturu operatorlarının məlumat mərkəzlərinə və avadanlıqlara yüz milyardlarla dollar yatırmağa hazırlaşdığı bir vaxtda Moody’s kimi reytinq agentlikləri görünməmiş həcmdə kapital xərclərinin sərbəst pul axınını azaltmağa və texnologiya nəhənglərinin borc yükünü artırmağa başladığı barədə xəbərdarlıq ediblər.
“Maliyyə mühəndisliyi”
BlackRock-un baş icraçı direktoru Larri Fink, Blackstone-un prezidenti Con Qrey və Goldman Sachs-ın baş icraçı direktoru Devid Solomon da daxil olmaqla təşəbbüsə qoşulan “Wall Street” şirkətlərinin rəhbərləri bazar ertəsi yaydıqları açıqlamada hesablama gücünün sürətlə qlobal iqtisadi artımın növbəti mərhələsini hərəkətə gətirən mühüm aktiv sinfinə çevrildiyini bildiriblər.
“Biz süni intellektə investisiyaların tarixi dövrünün həlledici mərhələsindəyik. İnvestisiya və yerləşdirmə sahəsindəki rolumuz NVIDIA-nın liderliyinə inamımızı əks etdirir. NVIDIA-nın hesablama gücü ilə təmin olunan kreditlər üçün yeni bazarın yaradılması imkanından məmnunuq”, – Solomon açıqlamada deyib.
Solomon CNBC-nin aparıcısı Beki Kuikə bildirib ki, maliyyələşdirmə layihəsi ideyasını “Wall Street” nəhənglərinə Censen Huanq təqdim edib.
Blackstone-un prezidenti Con Qrey CNBC-yə bildirib ki, süni intellekt üçün hesablama gücünə ipoteka kreditorlarının mənzillərə yanaşdığı kimi “maliyyələşdirilə bilən aktiv sinfi” olaraq baxılacaq.
Qreyin sözlərinə görə, süni intellektə tələb təklifi üstələyir. Blackstone-un portfelinə daxil olan şirkətlərdə süni intellektdən istifadə cari ildə yeddi dəfə artıb.
BlackRock-un rəhbəri Larri Fink bu layihənin 1970-ci illərdə ipoteka ilə təmin edilmiş qiymətli kağızların yaradılmasına bənzər şəkildə “maliyyə mühəndisliyinin növbəti mərhələsinin” başlanğıcı olduğuna inandığını bildirib. Onun sözlərinə görə, vəsaitin bir hissəsi artıq cəlb edilib, lakin BlackRock bundan xeyli böyük məbləğ toplamağı planlaşdırır.
“Bu vəsaiti mümkün qədər tez cəlb etməli və işə yönəltməliyik. Çünki ABŞ-nin süni intellekt sahəsində dünya lideri olmasının son dərəcə vacib olduğunu düşünürəm”, – Fink CNBC-yə bildirib.
Müştərilərin xəbərləri
PAŞA Kapital ilə illik 10.5% gəlirli “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarına investisiya fürsəti ®
Azərbaycanda ilk dəfə 30 gün, 30 000 km və 7/24 davamlı sürüş testi – “Limitless Drive” layihəsi başladı!
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 2 gün sonra
-
-
37 d. əvvəl
Azərbaycanda qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır
-
1 saat əvvəl
“Azeronline”dan növbəti ilk: müqavilələr artıq “SİMA İmza” ilə rəqəmsal imzalanır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çəltik sahələrinin sığortası davam edir – ŞƏRTLƏR, MƏBLƏĞLƏR – SON 10 GÜN!
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bu il Azərbaycanda qiymətlər orta hesabla 6 faizə yaxın daha yüksəkdir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
500 milyard dollarlıq maliyyələşdirmə planı qurur
PAŞA Kapital ilə illik 10.5% gəlirli “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarına investisiya fürsəti ®
Ən çox oxunanlar
Azərbaycanda daha bir aqropark yaradılıb
Rəsmi məzənnələr açıqlandı
Hörmüzlə bağlı razılaşmaya ümidlərin azalması fonunda kəskin bahalaşan neft bu gün sabitləşib
Rusiyanın xarici ticarət profisiti 73,4 milyard dollara çatıb
Azərbaycanda çörək istehlakı azalır, meyvə-tərəvəz artır – ailə böyüdükcə adambaşına ərzaq istehlakı kəskin düşür


























