Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İnvestAZ-dan həftəlik bazar araşdırması

AzVak-mobil_resmin_ustu_31
İnvestAZ-dan həftəlik bazar araşdırması
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 20–25 iyul tarixlərini əhatə edən həftə qlobal maliyyə bazarları üçün ilin ən gərgin dövrlərindən biri oldu. İnvestorların diqqəti eyni vaxtda ABŞ–İran qarşıdurmasının enerji bazarlarına təsirinə, Avropa Mərkəzi Bankının faiz qərarına, Böyük Britaniyada yeni hökumətin iqtisadi siyasətinə, ABŞ-da davam edən ikinci rüb maliyyə hesabatlarına və iri iqtisadi göstəricilərə yönəldi. Həftə ərzində neft qiymətləri iki ayın maksimumuna yüksəldi, ABŞ dolları gücləndi, avro, funt sterlinq və qızıl isə təzyiq altında qaldı. Texnologiya sektorunda satışların dərinləşməsi isə fond bazarlarında risk iştahasını zəiflətdi.

ABŞ–İran qarşıdurması bazarların əsas hərəkətverici qüvvəsi oldu

Həftə ərzində ABŞ və İran arasında qarşılıqlı hərbi əməliyyatlar davam etdi. İranın dəstəklədiyi Husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə və Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumları enerji bazarlarında ciddi narahatlıq yaratdı. Hörmüz boğazında daşımaların məhdudlaşacağı ehtimalı qlobal neft təklifinə dair riskləri artırdı və investorları təhlükəsiz aktivlərə yönəltdi.

Bu hadisələr nəticəsində neft bazarında "risk mükafatı" sürətlə artdı. “Brent” markalı neft həftə ərzində 100$ həddini keçərək may ayından bəri ən yüksək səviyyəyə yüksəldi. Avropada təbii qaz qiymətləri də əhəmiyyətli dərəcədə bahalaşdı ki, bu da, inflyasiya gözləntilərini yenidən artırdı. Həftənin sonuna doğru tərəflər arasında hərbi əməliyyatların qismən səngiməsi barədə xəbərlər yayılsa da, bazarlar geosiyasi riskləri yüksək qiymətləndirməyə davam etdi.

ABŞ iqtisadiyyatı və FED gözləntiləri

ABŞ-da iqtisadi təqvim nisbətən sakit olsa da, investorların diqqəti daha çox korporativ hesabatlara yönəldi. “Alphabet”, “Tesla”, “General Motors”, “Halliburton” və digər iri şirkətlərin maliyyə nəticələri bazarlarda fərqli reaksiyalar doğurdu. Süni intellekt layihələrinə çəkilən böyük kapital xərcləri texnologiya sektorunda satışların davam etməsinə səbəb oldu və “Nasdaq” indeksi həftəni mənfi zonada başa vurdu.

ABŞ iqtisadiyyatının Avropa ilə müqayisədə daha dayanıqlı görünməsi, əmək bazarının güclü qalması və istiqraz gəlirliliyinin yüksəlməsi Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlaya biləcəyi gözləntilərini gücləndirdi. Bu isə həftə ərzində ABŞ dollarına mühüm dəstək verdi.

Avrozona və ECB-nin qərarı

Həftənin ən mühüm hadisələrindən biri Avropa Mərkəzi Bankının iclası oldu. ECB gözləntilərə uyğun olaraq əsas faiz dərəcələrini dəyişməz saxladı. Bank rəhbərliyi enerji qiymətlərində baş verən artımın inflyasiya risklərini yenidən yüksəltdiyini etiraf etsə də, növbəti faiz addımları ilə bağlı qəti siqnal vermədi.

Məhz bu qeyri-müəyyənlik avronun zəifləməsinə səbəb olan əsas amillərdən biri oldu. Digər tərəfdən, ABŞ iqtisadiyyatının daha güclü görünməsi və ABŞ istiqrazlarının gəlirliliyinin artması investorları dollar aktivlərinə yönəltdi. Nəticədə, həftə ərzində EUR/USD məzənnəsində eniş tendensiyası müşahidə olundu.

Almaniyada iqtisadi vəziyyət

Almaniyada açıqlanan ZEW İnvestor Gözləntiləri İndeksi bazar proqnozlarını üstələyərək iqtisadi əhval-ruhiyyənin yaxşılaşdığını göstərdi. Bununla belə, analitiklər enerji qiymətlərindəki yüksəlişin Almaniya sənayesinin istehsal xərclərini artıracağını və ilin ikinci yarısında iqtisadi artımı məhdudlaşdıra biləcəyini qeyd etdilər.

Bazar iştirakçıları hesab edirlər ki, Almaniya iqtisadiyyatının gələcək dinamikası əsasən enerji bazarındakı vəziyyətdən və ECB-nin növbəti qərarlarından asılı olacaq.

Böyük Britaniyada siyasi və iqtisadi gündəm

Böyük Britaniyada yeni Baş nazir Endi Börnhamın hökumətinin ilk iqtisadi addımları investorların diqqət mərkəzində oldu. Həftə ərzində açıqlanan inflyasiya göstəriciləri qiymət artımının tədricən zəiflədiyini göstərsə də, enerji qiymətlərindəki bahalaşma İngiltərə Bankının faiz siyasəti ilə bağlı qeyri-müəyyənliyi artırdı.

Bazar iştirakçıları hesab edirlər ki, neft və qaz qiymətlərinin yüksək qalacağı təqdirdə İngiltərə Bankı sentyabr ayında faiz artımını yenidən gündəmə gətirə bilər. Buna baxmayaraq, funt sterlinq ABŞ dollarına qarşı zəiflədi, lakin avroya nisbətən daha dayanıqlı performans nümayiş etdirdi.

20–25 iyul həftəsi göstərdi ki, maliyyə bazarlarında əsas istiqamətverici amil yenə də geosiyasi risklər və mərkəzi bankların gələcək faiz siyasətidir. ABŞ–İran qarşıdurması enerji qiymətlərini yüksəldərək inflyasiya risklərini artırdı, bu isə investorların ABŞ dollarına üstünlük verməsinə səbəb oldu. Avro və funt sterlinq həftəni zəifləmə ilə başa vurdu, qızıl isə güclü dollar və yüksələn istiqraz gəlirliliyi fonunda ucuzlaşdı. Eyni zamanda, texnologiya sektorundakı zəif maliyyə nəticələri və yüksək kapital xərcləri qlobal fond bazarlarında satış təzyiqini artırdı.

Qarşıdakı həftədə bazar iştirakçılarının diqqəti Federal Ehtiyatlar Sisteminin, İngiltərə Bankının və Yaponiya Mərkəzi Bankının faiz qərarlarına, ABŞ ÜDM və Şəxsi Xərclər İndeksi (Core PCE), Avrozonada və Almaniyada ÜDM və Şəxsi Xərclər İndeski göstəricilərinə, həmçinin ABŞ–İran münasibətlərində mümkün yeni proseslərə yönələcək. Məhz bu amillər valyuta, fond və əmtəə bazarlarında növbəti əsas qiymət hərəkətlərini müəyyənləşdirəcək.

EUR

Ötən həftə avronun dinamikasına əsas təsir edən amillər Avropa Mərkəzinin faiz qərarı, ABŞ-da açıqlanan İnflyasiya hesabatı və Avrozonada iqtisadi sabitləşmə ilə bağlı gözləntilər oldu. ABŞ dollarının güclənməsi fonunda EURUSD məzənnəsi həftə ərzində eniş tendensiyası nümayiş etdirdi. 

Ötən həftəyə 1.14260 səviyyəsində başlayan EURUSD məzənnəsi həftə ərzində 1.14490 həddinədək yüksəlsə də, sonradan dolların düclənməsi fonunda geri çəkilərək həftəni 1.13700 səviyyəsi ətrafında tamamladı.

Lakin həftəsonu Amerikanın hərbi əməliyyatları müvəqqəti olaraq dayandırmaq qərarı səbəbilə məzənnə yeni həftəyə artım yönlü “gap” ilə başladı. İlk ticarət saatlarında 1.13920 həddindən 1.14130 həddinə kimi bahalaşan EURUSD cütlüyündə “ayılar” qiyməti 1.13700 həddinin altına qaytara və burada qoruyub saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

Cari həftə ərzində bazar iştirakçılarının diqqəti Avrozonada və Almaniyada dərc olunacaq ÜDM hesabatına və İstehlak Qiymətləi İndeksi (CPİ) göstəricilərinə yönəlib. ÜDM və CPİ proqnozlardan yüksək açıqlanarsa, EURUSD məzənnəsində korreksiyanı dərinləşdirə bilər. Əks halda, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

GBP

Funt sterlinq də ötən həftə əsasən ABŞ dollarının güclənməsi fonunda dəyər itirdi. Böyük Britaniyada mühüm makroiqtisadi göstəricilərin az olması səbəbindən GBPUSD məzənnəsinin əsas hərəkətverici qüvvəsi yenə də ABŞ dollarının dinamikası oldu.

Ötən həftəyə 1.34500 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.34800 həddinədək yüksəldi. Lakin, həftə ərzində ucuzlaşan məzənnə, həftəni 1.33200 səviyyəsi ətrafında başa vurdu.

Yaxın Şərqdə hərbi əməliyyatların müvəqqəti dayandırılması səbəbilə yeni artımla başlayan GBPUSD məzənnəsində bu həftə bütün diqqətlər İngiltərə bankının faiz qərarına yönələcək. Eləcə də ABŞ-da dərc olunacaq faiz qərarı, ÜDM və Şəxsi Xərclər İndeksi (Core PCE) göstəriciləri GBPUSD məzənnəsinin istiqamətinin müəyyənləşməsində əsas rol oynaya bilər. 1.33000 dəstək səviyyəsi qırılarsa, eniş tendensiyası yenidən aktuallıq qazana bilər.

XAU/USD

Ötən həftəyə təxminən 4065$ səviyyəsində başlayan qızıl 4165$ həddinə qədər bahalaşsa da, daha sonra 4052$ səviyyəsinə qədər gerilədi. Yaxın Şərqdə hərbi əməliyyatların müvəqqəti dayandırılması səbəbilə qızıl yeni həftəyə 4094$ səviyyəsində başladı. Hazırda 4089$-dan təklif olunan sarı metalda satıcılar qiyməti 4000$ həddinin altına sala və burada qoruyub saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

27.07.2026 12:29
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar