Hörmüzdə neft tankerləri “ən pis ssenari” ilə üz-üzə qalıblar
İranın son bir həftə ərzində gəmilərə ardıcıl hücumlar təşkil etməsi fonunda Hörmüz Boğazında neft tankerləri üçün təhlükəsizlik vəziyyəti yenidən “ən pis ssenari” mərhələsinə qayıdıb.
Marja xəbər verir ki, bunu dəniz riskləri üzrə xidmət göstərən Afinada yerləşən “Marisks” şirkətinin baş direktoru Dimitris Maniatis bu həftə “Lloyd’s List Intelligence” tərəfindən keçirilən brifinqdə bildirib.
“Hörmüz Boğazından keçidlərin sayının azaldığını görürük. Hazırda gəmi heyətləri əvvəlkindən daha çox narahatdır”, – Maniatis deyib.
“Heç kim hərəkət etmək istəmir”, – o əlavə edib.
Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) məlumatına görə, İranın gəmiləri ABŞ hərbçilərinin mühafizə etdiyi Oman sahilləri boyunca uzanan marşrutdan deyil, öz ərazi sularından keçirməyə çalışması fonunda iyulun 6-dan bəri ən azı 9 gəmi hücuma məruz qalıb.
IMO-nun məlumatına əsasən, çərşənbə axşamı Oman sahilləri yaxınlığında xam neft daşıyan “Al Bahyah” tankerinə hücum nəticəsində bir dənizçi həlak olub, üç nəfər yaralanıb. Həmin gün Oman sahillərinə yaxın ərazidə hərəkət edən digər xam neft tankeri “Mombasa B”yə hücum zamanı isə 11 dənizçi xəsarət alıb.
Dünyanın ən böyük gəmiçilik assosiasiyalarından biri olan BIMCO-nun təhlükəsizlik üzrə baş direktoru Yakob Larsenin sözlərinə görə, İran hücumlarda gəmi əleyhinə raketlərdən istifadə edib.
“Bütün bunlar gəmi heyətlərinə ciddi təsir göstərir. Hazırda onlara hansı təminatların verilməsindən asılı olmayaraq, boğazdan keçməyə həvəsli deyillər. Artıq məsələ pul və ya başqa hər hansı ali məqsədlə bağlı deyil. Qərarvermə prosesini sırf qorxu idarə edir”, – Maniatis bildirib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ ordusu bu həftə İrana qarşı dəniz blokadasını yenidən tətbiq etdikdən sonra çərşənbə günü yüksüz neft tankerini hərəkətsiz vəziyyətə gətirib. CENTCOM bildirib ki, Kürasao bayrağı altında üzən “M/T Belma” tankeri beynəlxalq sulardan İranın Xark adasına doğru hərəkət edərkən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb.
Larsenin sözlərinə görə, Hörmüz Boğazının mərkəzi hissəsindən keçən və “hərəkətin ayrılması sxemi” kimi tanınan ənənəvi marşrut mina təhlükəsi səbəbindən gəmilər üçün hələ də təhlükəlidir.
“Mina partlayışı adətən gəminin altında baş verir. Mina çox güclü silahdır və buna görə də gəmilərin minalanmış sahəyə daxil olması həddindən artıq təhlükəlidir”, – o qeyd edib.
Hörmüzdə gəmi hərəkəti minimuma enib
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı İrana qarşı dəniz blokadasının yenidən tətbiqindən sonra Hörmüz Boğazının İran gəmiləri istisna olmaqla, bütün gəmilər üçün açıq olduğunu bildirib.
“Keçmək istəyənlər üçün boğaz açıqdır. Biz onu İran üçün açmırıq. Boğaz yalnız İranın üzünə bağlıdır – həm giriş, həm də çıxış üçün. Amma indi digərləri üçün açıqdır”, – Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
Bununla belə, gəmi izləmə şirkətləri boğazdakı hərəkətin kəskin azaldığını müşahidə ediblər. “Lloyd’s”un Hörmüz Boğazını izləyən analitiklər qrupunun məlumatına görə, boğaz yenidən faktiki olaraq bağlanıb. Yalnız az sayda gəmi transponderlərini söndürərək ərazidən keçir.
Ticarət məlumatları üzrə ixtisaslaşmış “Kpler” şirkətinin məlumatına görə, boğazdakı gəmi hərəkəti son üç həftənin ən aşağı səviyyəsinə düşüb. Cümə axşamı Hörmüzdən cəmi 8 gəmi keçib. Bir gün əvvəl bu göstərici 15 gəmi təşkil etmişdi.
ABŞ və İsrailin fevralın 28-də İrana hücum etməsindən əvvəl Hörmüz Boğazından gündəlik 100-dən çox gəmi keçirdi.
ABŞ tanker hücumlarına cavab olaraq İrana qarşı altı mərhələdən ibarət hava zərbələri həyata keçirib. Tehran isə Körfəzdə ABŞ-nin müttəfiqlərini hədəfə alan raket zərbələri ilə cavab verib.
İran və onun Yəməndəki husi müttəfiqləri indi Qırmızı dənizdə gəmi hərəkətini dayandırmaqla hədələyirlər. Müharibə dövründə Qırmızı dəniz Səudiyyə Ərəbistanının neft ixracı üçün mühüm alternativ marşruta çevrilib.
“Təəssüf ki, görünən odur ki, eskalasiya istiqamətində irəliləyirik və vəziyyət zaman keçdikcə daha da pisləşə bilər”, – Larsen CNBC-yə bildirib.
Dənizçilərin etibarlı təminatlara ehtiyacı var
Döyüşlərin şiddətlənməsi ABŞ və İran arasında iyunun 17-də imzalanmış anlaşma memorandumuna əsasən Hörmüz Boğazının hansı qaydada açılması ilə bağlı fikir ayrılıqlarının davam etdiyi bir vaxtda baş verir.
Tehran boğazdakı gəmilərin təhlükəsiz keçidinə təminat verib. Lakin razılaşmada gəmilərin hansı hərəkət zolaqlarından istifadə etməli olduğu müəyyənləşdirilməyib.
Larsenin sözlərinə görə, gəmiçilik şirkətlərinə həm İran, həm də ABŞ tərəfindən Hörmüz Boğazının təhlükəsiz olduğuna dair etibarlı təminatlar verilməlidir. Razılıq əldə olunmayacağı təqdirdə alternativ yol ABŞ-nin İranın raket batareyalarına, pilotsuz uçuş aparatlarının operatorlarına və hərbi katerlərinə zərbələri davam etdirməsidir.
Analitik bildirib ki, daşıyıcılar ABŞ-nin Tehran tərəfindən yaradılan təhlükəni əhəmiyyətli dərəcədə zəiflətdiyinə inansalar, boğazdakı gəmi hərəkəti yenidən arta bilər.
Larsenin sözlərinə görə, gəmiçilik şirkətlərinin riskə yanaşması fərqlidir. Bəzi şirkətlər Hörmüz Boğazından keçməyə hazır olduqları halda, digərləri boğazdan tamamilə uzaq dururlar.
Lakin Hörmüzdən keçidlə bağlı qərarı yalnız “iş masasının arxasında oturan gəmi sahibi” vermir. “Bunun üçün gəmi heyətinin də razılığı tələb olunur”, – Larsen vurğulayıb.
XXX
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz Boğazının cənubundakı minalanmış sulardan keçməyə çalışan iki neft tankerində partlayış baş verdiyini açıqlayıb.
Korpusun yaydığı məlumatda bildirilib ki, Hörmüz Boğazının cənubundakı minalanmış marşrutla hərəkət etməyə çalışan iki neft tankerində partlayış baş verib və gəmilər alovlanıb.
Açıqlamada Hörmüz Boğazının ABŞ-nin hərəkətləri səbəbindən “təhlükəli və tamamilə bağlı” olduğu qeyd edilib. Bildirilib ki, ABŞ-nin hücumları dayandırılana qədər boğaz vasitəsilə “kimyəvi gübrə, hətta bir damla neft və ya təbii qaz belə ixrac etmək mümkün deyil”.
Dənizçilərə təhlükəsizliklərini qorumaq üçün minalanmış marşruta daxil olmamaq barədə xəbərdarlıq edilib.
Müştərilərin xəbərləri
"Bank of Baku" "Mastercard"ın Azərbaycanda ilk süni intellekt əsaslı rəqəmsal layihələrindən birinə tərəfdaş oldu
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 həftə sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
2 saat əvvəl
Milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi 10 il 6 ay azadlıqdan məhrum edildi
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Hörmüzdə neft tankerləri “ən pis ssenari” ilə üz-üzə qalıblar
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Sizin Lombard”dan illik 7% endirim - “36 dərəcə Qızıl Yay” kampaniyası ®
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Üçtərəfli birgə müəssisə yaradılır - Şərtlər Toplusu imzalanıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi 10 il 6 ay azadlıqdan məhrum edildi
İyulun 19-da gözlənilən hava şəraiti
Hörmüzdə neft tankerləri “ən pis ssenari” ilə üz-üzə qalıblar
Dünyanın ən dəyərli şirkəti bir ildən sonra dəyişdi
Ən çox oxunanlar
“Azərenerji”nin balansında milyardlıq "yara"
Energetik içkilərlə bağlı dövlət qurumlarına rəsmi müraciətlər göndərilib, tədbirlərin görülməsi təklif olunub
Üçtərəfli birgə müəssisə yaradılır - Şərtlər Toplusu imzalanıb
“Euromoney” PAŞA Bankı “Azərbaycanın iri korporativ biznes üçün ən yaxşı bankı” seçib
Azərbaycanda “Samsung”un Regional Əməliyyat və Rəqəmsal Mərkəzinin yaradılması müzakirə edildi
“Ziraat Bank Azərbaycan” 30 milyon manatlıq istiqraz buraxır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir
















