Tam yeni Dərnəgül dayanacağı istifadəyə verildi
Bakı şəhərində sərnişin axınının balanslaşdırılmasına və mərkəzdə yüklənmənin azaldılmasına töhfə verəcək növbəti mühüm addım atılıb: 08 may 2026-cı il tarixindən Dərnəgül dəmiryol dayanacağı istifadəyə verilib.
ADY-nin yaydığı məlumatda bildirilir ki, layihə AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.
Bakı–Xırdalan–Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib. Dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada üst keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb.
Bakı–Dərnəgül, Dərnəgül–Biləcəri və Dərnəgül–Xırdalan istiqamətləri üzrə gediş haqqı 0.60 AZN, Dərnəgül–Sumqayıt istiqaməti üzrə isə 1.00 AZN təşkil edəcək.
Qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül–Biləcəri və Biləcəri–Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül–Xırdalan və Xırdalan–Dərnəgül istiqaməti üzrə məsafəni isə 15 dəqiqəyə qət edəcək.
Dərnəgül dayanacağında digər ictimai nəqliyyat növlərinə inteqrasiya olunmuş asan transfer imkanlarının yaradılması sərnişin axınının birbaşa mərkəzə yönəlməsinin qarşısını alaraq Bakı Dəmiryol Vağzalı və “28 May” metro stansiyası ərazisindəki yüklənməni, xüsusilə pik saatlarda müşahidə olunan nəqliyyat və piyada sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq, eyni zamanda, ictimai nəqliyyat şəbəkəsində balansı gücləndirərək vətəndaşların vaxtına qənaət etməklə paytaxt üzrə ümumi mobilliyi və əlçatanlığı artıracaq. Belə ki, Bakının mikrorayonları, Yasamal rayonu, o cümlədən “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları istiqamətində hərəkət edən sərnişinlər artıq Bakı Dəmiryol Vağzalına, yəni şəhər mərkəzinə gəlmədən, Dərnəgül dayanacağında düşərək yaxınlıqda yerləşən eyniadlı metro stansiyası və avtobuslarla səfərlərini rahat və operativ şəkildə davam etdirə biləcəklər.
İlk dövrlərdə dayanacaqda illik 200 min sərnişinə xidmət göstəriləcəyi proqnozlaşdırılır. 2030-cu ilədək yeni qatarların istismara verilməsi ilə bu göstəricinin 500 min sərnişinə qədər artacağı gözlənilir.
Beləliklə, Dərnəgül dayanacağının istifadəyə verilməsi ilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə stansiya və dayanacaqların sayı 15-ə çatıb. Bu strateji layihənin tamamlanması Dərnəgül ərazisində yaşayan və işləyən əhali üçün komfortlu və sürətli nəqliyyat imkanları yaratmaqla yanaşı, paytaxtın ümumi nəqliyyat sisteminin təkmilləşdirilməsinə böyük töhfə verəcək.
Qeyd edək ki, son illərdə ADY Abşeron dairəvi marşrutunun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə mühüm işlər görüb. Dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib, “ADY Mobile” mobil tətbiqi istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri görülüb. Nəticə etibarilə Abşeron dairəvi dəmir yolu üzrə reys sayı 66-dan 96-ya çatdırılıb.
Dövlət Proqramında həmçinin Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar xətlərinin bərpası, bu xətlər boyunca mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur. Bundan başqa, Bakı−Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi, Bakı–Pirşağı–Sumqayıt xətti üzrə isə Kürdəxanı, Fatmayı və Saray dəmiryol dayanacaqlarının inşası və N.Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır. ADY tərəfindən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, hazırda layihələndirmə işləri icra olunur.
Abşeron dairəvi dəmir yolu marşrutu üzrə istifadədə olan xətlərdə Baş Keşlə və N.Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray, Güzdək və Binəqədi dayanacaqlarının yaradılması hesabına dayanacaqların sayı 22-yə çatacaq. 2030-cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 40-a çatdırılması planlaşdırılır.
Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək−Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan−Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığı artırılacaq.
Həmçinin 2030-cu ilədək 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlər keçirilir, danışıqlar aparılır.
Bütün bu tədbirlər Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulmasına, sərnişin mobilliyinin keyfiyyətinin artırılmasına, həm şəhər daxilində, həm də ətraf ərazilərdə sərnişindaşıma imkanlarının, nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığının artırılmasına səbəb olacaq.
XXX
Azərbaycan Dəmir Yolları (ADY) tam yeni Dərnəgül dayanacağını istifadəyə verib.
Bu barədə Marja.az ADY-yə istinadən xəbər verir.
Bununla da Abşeron dairəvi dəmir yolu üzrə stansiya və dayanacaqların sayı 15-ə çatıb.
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 47 d. əvvəl
-
1 saat əvvəl
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
-
1 saat əvvəl
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb
-
1 saat əvvəl
Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
-
2 saat əvvəl
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
-
2 saat əvvəl
Holdinqin baş mütəxəssisi 1,5 milyon manat mənimsəmədə təqsirləndirilir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb
Ən çox oxunanlar
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
Nobel Sülh mükafatının laureatı məlum olub
Azərbaycan şirkəti rüşvətxorluğa qarşı beynəlxalq sertifikat aldı
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
Valyuta ehtiyatlarının illik artım tempi kəskin zəiflədi
Azərbaycanın xarici borcu ilə bağlı yeni rəqəm açıqlandı
Ölkə üzrə orta əməkhaqqı açıqlandı






















