Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft və milyonlar səltənəti – dünya bazarında “qara qızıl”ın dəyəri necə müəyyənləşdirilir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft və milyonlar səltənəti – dünya bazarında “qara qızıl”ın dəyəri necə müəyyənləşdirilir?

Amerikalı iqtisadçı Daniel Yergin “Neft – pul və güc münaqişəsinin epik hekayəsi” adlı məşhur kitabında neftin XX əsr boyunca üstünlük və hökmranlıq simvolu olduğunu yazır. Dünyada gedən son proseslər göstərir ki, əslində bu sözləri XXI əsrə də aid etmək olar. Hazırda dünya birjalarında bir barel neftə qoyulan qiymət bütün ölkələrin iqtisadiyyatına öz təsirini göstərir. Bu yaxınlarda yaşadığımız COVID-19 pandemiyasının ən qızğın dövründə neft və neft məhsullarına olan tələbatın aşağı düşməsi “qara qızıl”ın kəskin şəkildə ucuzlaşmasına səbəb oldu. Ardınca yaşanan Rusiya-Ukrayna münaqişəsi isə əksinə, Avropa ölkələrində enerji daşıyıcılarının qiymətinin rekord həddə çatması ilə nəticələndi. Bəs dünya bazarında neftin qiyməti necə formalaşır, bu prosesə hansı faktorlar təsir göstərir?

İnvestisiya və risklərin idarə edilməsi üzrə 10 ildən artıq beynəlxalq təcrübəyə malik mütəxəssis Eltun Aydınoğlu bu və digər suallara aydınlıq gətirib. 

- Ümumilikdə belə bir fikir mövcuddur ki, neftin qiymətini tələb və təklif müəyyənləşdirir, ancaq əgər məsələ bu qədər sadə olsaydı, o zaman yüzlərlə analitikə ehtiyac qalmazdı. Neftin qiymətinin formalaşmasına təsir edən faktorlar çoxdur. Buna görə də neft qiymətləri ilə bağlı dəqiq proqnoz vermək çətindir. 1980-ci illərdə neftin birjaya çıxarılmasından sonra onun qiymətinin formalaşmasına təsir edən faktorların sayı daha da artdı. Belə ki, artıq “qara qızıl”ın qiymətini yalnız birbaşa bazardakı enerji daşıyıcıları deyil, həm də qlobal iqtisadiyyatdakı vəziyyət, kapital bazarındakı səhmlər, borclar və əlbəttə ki, əsas neft valyutası olan dollar, eləcə də bu sahədəki tələb-təklif müəyyən etməyə başladı. Əslində, bu suala cavab vermək üçün tarixə qısa da olsa, nəzər salmaq lazım gəlir. Bu məqamda ilk növbədə 1973-cü ilin neft böhranı üzərində dayanmaq mümkündür. Həmin il, oktyabr ayının 17-də Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC- Organization of the Petroleum Exporting Countries) üzv olan ərəb ölkələrinin İsrailə göstərdiyi dəstəyə görə ABŞ və onunla müttəfiq dövlətlərə embarqo qoyması nəticəsində bir barel neftin  qiyməti 4 dollardan 10 dollara qalxdı. Bundan başqa, 1979-cu il İran inqilabı, İran-İraq münaqişəsi neftin qiymətinin əvvəlcə 16 dollara, 1980-ci illərdə isə 34 dollara qədər yüksəlməsinə səbəb oldu.  Daha sonra Səudiyyə Ərəbistanında, Şimal dənizində və Meksika körfəzində yeni yataqların kəşf edilməsi qiymətləri 10 dollara qədər aşağı saldı. 2000-ci ilədək neft bazarında bir barel neftin qiyməti təxminən bu civarda qaldı. Lakin Cənub-Şərqi Asiya ölkələrinin (Çin və Hindistan) iqtisadi inkişafı və neftə olan tələbatın artması nəticəsində qiymətlərdə yenidən artım müşahidə olundu.

- Neftin qiymətinə bu sahədəki kartel siyasəti necə təsir göstərir?

- Hazırda ayrı-ayrı ölkələrdə bu cür qruplaşmalara anti-inhisar qurumları nəzarət etsə də, 1930-1960-ci illərdə neftin qiymətini adına “Yeddi bacı” deyilən ABŞ-ın 5 və  Avropanın 2 şirkətindən ibarət neft karteli təyin edirdi. 1960-ci ildə bazarda yüksək neft təklifi olduğuna görə, həmin kartel qiymətləri hədsiz dərəcədə aşağı saldı ki, nəticədə də İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesueladan ibarət yeni kartel yarandı. Hazırda biz bu qurumu OPEC kimi tanıyırıq. Neft istehsal edən ölkələrin qurduğu bu təşkilata qarşı neft idxal edən ölkələr 1974-cü ildə Beynəlxalq Enerji Agentliyini qurdu. Agentliyin əsas məqsədi neft ehtiyatlarının yaradılması və qiymətlər qalxan vaxt həmin rezervləri bazara çıxarmaqla qiyməti nəzarət altında saxlamaq idi.

2016-ci ildə neftin qiymətinin yenidən aşağı düşməsi ilə əlaqədar olaraq OPEC ölkələri neft istehsal edən digər ölkələrlə güclərini birləşdirdi və nəticədə OPEC+ yarandı. Yeni quruma Rusiya da daxil oldu.

- Bəs kapital bazarlarının neftin qiymətinə təsirini necə qiymətləndirmək olar?

- 1980-ci illərədək artıq kənd təsərrüfatı malları və qiymətli metallar üçün maliyyə bazarlarında risklərin sığortalanması mexanizmləri - hedcinq mövcud idi. Belə ki, alınıb satılan əmtəələrin qiyməti gələcək çatdırılma şərtləri ilə əvvəlcədən sabitlənirdi. ABŞ investorları eyni sxemin neft sahəsinə də tətbiq edilə biləcəyini düşündülər və Nyu-York Əmtəə Birjasında (NYMEX) ilk fyuçers müqavilələri imzalandı. Yeni mexanizm neftin dəyərini öncədən qiymətləndirməklə yanaşı, onunla spekulativ oyunlar aparmağa yol açdı, ümumiyyətlə, neftin qiymətinin müəyyən olunmasında yeni mərhələyə gətirib çıxartdı. Artıq neft bazarı fiziki və kağız bazarlarına bölündü. Belə ki, kağız bazarında fiziki neft deyil, yalnız maliyyə öhdəliklərinin icrası üçün istifadə olunan yüksək likvidli  aktivlər, yəni kvazi-pullar iştirak edirdi.

Bu mərhələdən sonra neftin qiymətinə yalnız qlobal tələb-təkliflər, iqtisadi yüksəliş-enişlər, siyasi dəyişikliklər, embarqolar, müharibələr deyil, eyni zamanda, kapital bazarları, valyuta məzənnələri (xüsusən də dolların digər valyutalara nisbətdə kursu) də təsir etməyə başladı.

Neftin qiyməti dünya bazarında tarixi maksimumunu 2008-ci ildə yaşasa da (140 ABŞ dolları/barel), növbəti 12 il ərzində bir barel neftin qiyməti 20 dollara qədər endi və hazırda 85-90 dollar/barel civarında alınıb-satılır.

Fikrimizcə, hazırkı dövrdə neftin qiymətinin ən optimal səviyyəsi bir barel üçün 100 ABŞ dollarıdır. Bu qiymət səviyyəsi ərəbləri inflyasiyadan qorunmaq üçün (çünki 120-130 dollarlıq qiymət çox risklidir), Rusiyanı isə nefti onsuz da diskontla satdığı üçün tam qane edir.

Sonuncu dəfə Federal Ehtiyat Sisitemi (FED- Federal Reserve System) faiz dərəcələrini bir qədər də artıraraq 3,25 faizə çatdırdı. Dolların neftlə əks korrelyasiyada olmasını nəzərə alsaq, böyük ehtimalla OPEC+ ölkələri növbəti iclaslarda istehsalı dayandırmaq barədə qərar qəbul edərək qiymət artımına nail olmağa çalışacaqlar.

- Neftin qiymətinə marka və etalonların təsiri nədən ibarətdir?

- Dünyada onlarla neft növü satışa çıxarılır ki, onların da hər biri kimyəvi xüsusiyyətlərinə görə fərqlənir. Hazırda beynəlxalq bazarlarda neftin bir neçə çeşidi mövcuddur. Elə həmin çeşidlər də etalon və ya marker hesab olunur. Etalon neft məhsullarının dəyərinə əsasən neftin digər növlərinin qiymətləri müəyyən olunur. Digər neft növləri kimyəvi xüsusiyyətindən asılı olaraq, etalon neftə nəzərən ya “premium”, ya da “diskont”la satılır.

Yüngül sıxlıqlı neftdən daha çox məhsul almaq mümkün olduğuna görə, daha yüksək qiymətləndirilir, lakin son texnologiyalar bazarda bu anlayışı dəyişmək üzrədir.  

Hazırda dünya neft bazarında 3 əsas marker movcuddur: “Brent”, WTI (West Texas Intermediate - Qərbi Texas Nefti ) və Dubay nefti. “Brent” markalı neft, əsasən, Avropa və OPEC ölkələri üçün standart hesab olunur. WTI adından da göründüyü kimi, Amerikanın, Dubay nefti isə Birləşmiş Ərəb Əmirliklərinin etalonudur. Bundan başqa, “Oman”, “Urals”, ESPO etalonlari da mövcuddur. Rusiya nefti “Urals” kotirovkası üzərindən götürülür və hər zaman “Brent”ə nəzərən 1-2 ABŞ dolları diskontla satılırdı. Lakin son geopolitik hadisələr və Rusiya neftinə qoyulan sanksiyalar səbəbindən cari ilin fevralindan 20-30 dollaradək endirimlə təklif olunur.

- Hazırda dünyada, xüsusilə də Avropada müşahidə olunan enerji böhranı tarix boyu baş vermiş belə hallardan nə ilə fərqlənir?

- Bəzi faktorlara görə, bu böhran 1970-ci illərin neft börhanını  xatırladır. Həmin dövrdə də geosiyasi proseslər dünyada enerji təchizatının pozulmasına gətirib çıxarmışdı. Bununla belə, hazırkı böhran iki mühüm amilə görə fərqlənir. Birincisi, 1970-ci illərdə qlobal neft böhranı qeydə alınmışdı, hazırda isə qlobal enerji böhranı yaşanır, yəni proses neftlə yanaşı, təbii qaz, kömür və uranı da əhatə edir. İkinci amil isə ondan ibarətdir ki, indiki böhran iqlim böhranı fonunda baş verir. Yəni, 1970-ci illərdə Avropa alternativ yanacaq kimi kömürdən istifadə edirdisə, hazırda bu yanacaq növü iqlim təhlükəsizliyi baxımından məqbul hesab olunmur. Hazırkı böhran həm də onunla unikaldır ki, indi bazar daha likviddir və keçmiş böhranlardan uğurla çıxmış institutlar budəfəki böhrana daha tez uyğunlaşa bilir. Qisacası, dünya indiki böhrana tab gətirmək üçün daha yaxşı vəziyyətdədir və buna hazırdır.

- Sizcə, Rusiya-Ukrayna münaqişəsi dünyada yaşanan enerji böhranının əsas səbəbi hesab oluna bilərmi?

- Sözügedən münaqişə dünyadakı enerji böhranına təkan versə də, əsas səbəb bu deyil. Yaşanan enerji böhranının başlıca səbəbi iqlim dəyişikliyi fonunda neft-qaz sənayesinə qoyulan yanlış investisiyalardır. Bir qədər bundan əvvəl inkişaf etmiş ölkələr alternativ enerji mənbələrinə yatırım etdikləri halda, hazırda uzun müddətli planları qısa müddətli tələbatlara dəyişmək lazım gəlir. Məsələn, qısa müddətli, eyni zamanda gələcəkdə böyük perspektivi olan yeni enerji marşrutları açılır. Logistika demək olar ki, deformasiyaya uğrayıb, çünki həm marşrutlar, həm də daşınma üsulları dəyişir. Məsələn, Avropaya yaxın bir neçə terminal ya fəaliyyətini dayandırıb, ya da qismən fəaliyyət göstərir. Dəmir yollarında durğunluq yaranıb, vaqonların icarəsi ilə bağlı çətinliklər var, yük maşınları ilə daşımalar isə əksinə, artıb. Su yolu ilə Volqa-Don istiqaməti üzrə daşımalar artıq prioritet hesab olunmur. Azərbaycan və Gürcüstan Qara dənizə çıxış üçün əsas ölkələrə çevrilib. Hazırda Azərbaycan dəmir yolları yeni inkişaf mərhələsini yaşayır. Belə ki, Rusiya, Çin, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İrandan keçən dəmir yolları Bakıda birləşir və buradan Gürcüstan vasitəsilə Qara dənizə çıxır.

Ümumiyyətlə, açılan yeni enerji marşrutlarında Azərbaycan əsas tərəfdaş ölkə rolunda çıxış edə bilər. Çünki əgər əmtəə ticarəti üzrə Dubay yeni və genişlənməkdə olan mərkəz sayılırsa, Bakı bütün əsas enerji yollarının kəsişdiyi yeni logistika üçün başlıca dəhliz hesab olunur.

- Müsahibə üçün təşəkkür edirik!

Eltun Aydınoğlu neft milyonlar qiymət pul dünya bazar qara qızıl
05.10.2022 08:14
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ