970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli sualları cavablandırıb - MÜSAHİBƏ

AzVak-mobil_resmin_ustu_31
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli sualları cavablandırıb - MÜSAHİBƏ

Son illər qeyri-neft sektorunun payının artması, xidmətlərin rəqəmsallaşdırılması və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştləri bu sahədə yeni dinamika yaradıb.

Bununla yanaşı, kölgə iqtisadiyyatının azaldılması istiqamətində görülən tədbirlər və vergi qanunvericiliyində aparılan mütəmadi dəyişikliklər biznes subyektləri tərəfindən müxtəlif yanaşmalarla qarşılanır. Vergi inzibatçılığında hansı yeniliklər gözlənilir və sahibkarları daha çox hansı məsələlər narahat edir?

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və REAL Televiziyasının bu və digər suallarını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli cavablandırıb.

–Orxan müəllim, insanlar vergini niyə ödəyirlər? Bunun cəmiyyətə ən böyük faydası nədir? Vergi haqqında ən geniş yayılmış yanlış təsəvvürlər hansılardır və Azərbaycan vətəndaşı vergi ödəməklə nəyə nail olur?

–Vergini sadə dillə desək, cəmiyyətin ortaq büdcəsi kimi təsəvvür etmək olar. Hər bir vətəndaş öz iqtisadi fəaliyyəti və imkanları çərçivəsində bu büdcənin formalaşmasına töhfə verir. Toplanan vəsait isə yenidən cəmiyyətin ehtiyaclarına – səhiyyəyə, təhsilə, infrastruktur layihələrinə, təhlükəsizliyə, müdafiəyə və digər mühüm istiqamətlərə yönəldilir.

Eyni zamanda, vergiyə yalnız ödənilən məbləğ və ya əlavə xərc kimi yanaşmaq düzgün deyil. Vergi ödəmək Konstitusiyaya uyğun olaraq hər bir vətəndaşın vəzifəsi və öhdəliyidir. Hesab edirəm ki, insanlar vergi ödəməklə təkcə dövlət qarşısındakı öhdəliklərini yerinə yetirmirlər, həm də yaşadıqları ölkənin inkişafına öz töhfələrini vermiş olurlar. Bu münasibətlər qarşılıqlıdır. Yalnız vətəndaşın öhdəliklərinin olması doğru yanaşma deyil. Əgər dövlət vətəndaşdan öz öhdəliklərini yerinə yetirməsini gözləyirsə, vətəndaşların da dövlətdən müəyyən gözləntiləri formalaşır. Bu baxımdan dövlət qurumlarının, o cümlədən Dövlət Vergi Xidmətinin əsas vəzifələrindən biri məhz bu münasibətlərin təməlində qarşılıqlı etimadın möhkəmləndirilməsidir.

–Bu gün dövlət büdcəsi gəlirlərinin əhəmiyyətli hissəsi qeyri-neft sektorunun payına düşür. Bu tendensiya vergi sisteminin və vergi orqanlarının iqtisadiyyatın tənzimlənməsində rolunu nə dərəcədə artırıb? Qeyri-neft sektorundan vergi daxilolmalarında ötən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunur. Bu nəticəyə necə nail olunub?

–Bu suala cavab vermək üçün proseslərə daha uzunmüddətli perspektivdən baxmaq lazımdır.

Bildiyiniz kimi, dövlət büdcəsi əsasən iki mənbədən – neft-qaz və qeyri-neft-qaz gəlirlərindən formalaşır. Son illər neft-qaz gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisinin azalması və qeyri-neft-qaz gəlirlərinin artması ölkənin maliyyə dayanıqlığının gücləndiyini göstərən mühüm göstəricilərdən biridir.

Neft və qaz gəlirləri təbii resurslara əsaslandığı üçün məhdud xarakter daşıyır. Digər tərəfdən, bu məhsullar dünya bazarlarında satılır və onların qiymətinə ölkələrin təsir imkanları məhduddur. Buna görə də həmin gəlirlər dəyişkəndir və qlobal bazarlardakı qiymətlərdən asılı olaraq artıb-azala bilər. Belə şəraitdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və büdcə gəlirlərinin şaxələndirilməsi strateji əhəmiyyət daşıyır.

Qeyri-neft-qaz gəlirlərinin artması uzun illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi siyasətin nəticəsidir. Bunun əsasını iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun genişlənməsi təşkil edir.

Vergi inzibatçılığı baxımından bu, vergi bazasının genişlənməsi deməkdir. Başqa sözlə, iqtisadiyyat böyüyüb, iqtisadi əməliyyatların həcmi və mürəkkəbliyi artıb. Statistik göstəricilər də bunu təsdiqləyir. Hazırda ölkədə 880 mindən çox aktiv vergiödəyicisi, 61 mindən çox aktiv ƏDV ödəyicisi və 242 mindən artıq aktiv təsərrüfat subyekti fəaliyyət göstərir. Bu göstəricilər iqtisadiyyatın genişlənməsinin birbaşa nəticəsidir.

Son 7 ilin göstəricilərinə nəzər salsaq, ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 67 faizdən 80 faizə yüksəlib. Bu, kifayət qədər əhəmiyyətli artımdır.

İş elanları AzVak.az-da

Biz yalnız dövlət büdcəsindəki mütləq göstəricilərə deyil, həm də vergi daxilolmalarının ümumi daxili məhsuldakı payına diqqət yetiririk. Həmin dövrdə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 9,4 faizdən 12,7 faizə yüksəlib.

Qeyd etmək istərdim ki, bu göstərici yalnız vergi daxilolmalarını əhatə edir. Beynəlxalq metodologiyaya əsasən fiskal yük hesablanarkən gömrük daxilolmaları və sosial ödənişlər də nəzərə alınır. Həmin yanaşma əsasında hesablamalar göstərir ki, son 7 il ərzində fiskal daxilolmaların ÜDM-də xüsusi çəkisi 5-6 faiz artıb. Başqa sözlə, iqtisadiyyat artsa da, vergi daxilolmaları daha yüksək templə yüksəlib.

Bu nəticələrin əsas səbəbi sahibkarların könüllü vergi öhdəliklərini daha geniş şəkildə yerinə yetirməsidir. Biznes subyektləri artıq fəaliyyətlərini leqal müstəvidə qurmağı daha əlverişli hesab edirlər. Həyata keçirilən islahatlar və tətbiq olunan stimullaşdırıcı mexanizmlər də öz müsbət nəticəsini verir.

Göstərilən 5–6 faizlik artımın strukturuna baxdıqda görürük ki, bunun təxminən 2–3 faizi sosial ödənişlərin artımının payına düşür. Artımın digər əhəmiyyətli hissəsi isə mənfəət vergisi və əlavə dəyər vergisi üzrə daxilolmaların artımı hesabına formalaşıb.

Sosial ödənişlərdə müşahidə olunan artım, ilk növbədə, 2019-cu ildən tətbiq edilən əmək gəlirlərinə dair yeddiillik vergi güzəştlərinin və Dövlət Vergi Xidmətində həyata keçirilən rəqəmsal transformasiya tədbirlərinin nəticəsi kimi qiymətləndirilə bilər.

–Orxan müəllim, Vergi Məcəlləsi ən çox dəyişiklik edilən qanunvericilik aktlarından biridir. Bu qədər mütəmadi dəyişikliklərin aparılması ilə bağlı fikirləriniz maraqlıdır. Ümumiyyətlə, sahibkarlar bu dəyişiklikləri necə qarşılayırlar?

–Biz həqiqətən də sahibkarlarla keçirdiyimiz görüşlərdə, eləcə də parlamentdə deputatlarla və digər həmkarlarımızla müzakirələr zamanı bu mövzunun qaldırıldığını görürük. Qeyd olunur ki, Vergi Məcəlləsinə hər il dəyişikliklər edilir. Lakin hesab edirəm ki, burada əsas diqqət dəyişikliklərin sayına deyil, onların mahiyyətinə yönəldilməlidir.

Əvvəlki sual çərçivəsində vergi daxilolmalarının artımından danışarkən də qeyd etdim ki, bu artım və Vergi Məcəlləsində həyata keçirilən dəyişikliklər vergi dərəcələrinin yüksəldilməsi hesabına baş vermir. Dəyişikliklərin içərisində vergi dərəcələrinin artırılması ilə bağlı hallara nəzər yetirsək, əsasən yalnız aksiz vergiləri ilə bağlı dəyişiklikləri görə bilərik. Bu isə tütün məhsulları, alkoqollu içkilər və digər aksizli məhsullara tətbiq olunan dərəcələrlə əlaqədardır.

Biz bu məsələni əvvəlcədən biznes subyektləri ilə açıq şəkildə kommunikasiya etmişik. Bildirmişik ki, həmin dərəcələr mərhələli şəkildə artırılacaq və bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi göstəricilərə uyğunlaşdırılması məqsədi daşıyır. Məsələn, siqaretin qiymətində vergilərin müəyyən xüsusi çəkiyə malik olması ilə bağlı beynəlxalq yanaşmalar mövcuddur.

Təbii ki, bu göstəricilərə birdən-birə çatmaq mümkün deyil. Lakin mərhələli şəkildə bu istiqamətdə hərəkət edirik. Açıq kommunikasiya apardığımız və gözləntiləri əvvəlcədən formalaşdırdığımız üçün biznes subyektləri də bu proses barədə məlumatlıdırlar.

Vergi qanunvericiliyində digər dəyişikliklərə gəldikdə, Dövlət Vergi Xidməti mütəmadi olaraq çoxsaylı biznes subyektləri və biznes assosiasiyaları ilə görüşlər keçirir. Həmin görüşlərdə sahibkarlar fəaliyyət göstərdikləri sahələr üzrə rastlaşdıqları çətinlikləri, həll edilməsini istədikləri məsələləri, eləcə də biznes mühitinin inkişafı üçün təkliflərini təqdim edirlər.

Bu təkliflərin bir hissəsi vergi sahəsi ilə, digər hissəsi isə müxtəlif istiqamətlərlə bağlı olur. Dövlət Vergi Xidmətinin müvafiq struktur bölməsi həmin görüşləri ümumiləşdirir, təhlil edir və aidiyyəti dövlət qurumlarına təqdim edir. Birbaşa vergi orqanının səlahiyyətlərinə aid olan məsələlər üzrə isə müvafiq təkliflər hazırlanır.

İş elanları AzVak.az-da

Bu istiqamətdə çoxsaylı görüşlər keçirilib. Həmin görüşlərin nəticəsində ümumilikdə 500-ə yaxın təklif formalaşıb. Onlardan 180-i məqsədəuyğun hesab edilib. Bu o deməkdir ki, müzakirələr nəticəsində həmin təkliflərin reallaşdırılması ilə bağlı müəyyən qənaətə gəlinib. Məqsədəuyğun hesab edilən təkliflərin təxminən yarısı artıq qanunvericilikdə öz əksini tapıb, digər hissəsi üzrə isə təhlillər və müvafiq işlər davam etdirilir.

Bu dəyişikliklərin əsas hissəsi biznes mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi və sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması ilə bağlıdır. Məsələn, ötən il həyata keçirilən dəyişikliklərdən bir neçəsi vergi hədlərinin artırılması ilə bağlı olub. Sadələşdirilmiş vergiödəyiciləri üçün müəyyən edilmiş 200 min manatlıq limit nağdsız hesablaşmaların təşviqi məqsədilə fərqli güzəşt tətbiq edildi. Belə ki, nağdsız əməliyyatlar aparıldığı halda həmin hədd 400 min manatadək artırıldı.

Digər nümunə kimi kirayə gəlirləri ilə bağlı tətbiq olunan güzəştləri göstərmək olar. Bu kimi dəyişikliklərin sahibkarlar tərəfindən müsbət qarşılandığını düşünürəm.

Burada bir məqama da toxunmaq istəyirəm. Bəzən belə bir fikirlər səslənir ki, Dövlət Vergi Xidməti vergi dərəcələrinin yüksək olmasında maraqlıdır. Lakin bu, düzgün yanaşma deyil.

Biz öz strategiyamızı, gələcəyə baxışımızı və strateji hədəflərimizi açıq şəkildə müəyyən etmişik və ictimaiyyətə təqdim etmişik. Həmin strategiyaya uyğun olaraq illik hesabatlar hazırlanır. Ötən il ilk belə hesabat təqdim olunub və bu, cəmiyyət qarşısında hesabatlılığımızın göstəricisidir.

Dövlət Vergi Xidmətinin əsas fəaliyyət göstəricilərindən biri müəyyən edilmiş planların icrasıdırsa, digər mühüm istiqamətlər vergi boşluğunun azaldılması, etimad mühitinin gücləndirilməsi və könüllü əməletmənin artırılmasıdır.

Belə məqsədlər qarşıya qoyulduğu halda hansı vergi orqanı vergi dərəcələrinin artırılmasında maraqlı ola bilər? Vergi dərəcələri yüksəldikcə vergilərin könüllü şəkildə ödənilməsi çətinləşir və nəzarət tədbirlərinin artırılmasına ehtiyac yaranır. Bizim məqsədimiz isə bu deyil. Əsas hədəfimiz vergi öhdəliklərinin məhz könüllü şəkildə yerinə yetirildiyi mühitin formalaşdırılmasıdır.

–Siz güzəştlər mövzusuna toxundunuz. Bu ilin əvvəlində vergi qanunvericiliyində müəyyən dəyişikliklər edildi. Həmçinin özəl sektorda gəlir vergisi ilə bağlı yeni yanaşma tətbiq olundu. Vergi güzəştlərinin effektivliyini necə qiymətləndirirsiniz?

–Vergi güzəştləri iqtisadi siyasətin mühüm alətlərindən biridir. Lakin adından da göründüyü kimi, hər bir güzəşt müddətsiz xarakter daşımır. Konkret güzəştlər müəyyən məqsədlər üçün tətbiq olunur və müəyyən müddətdən sonra həmin məqsədlərə nə dərəcədə nail olunması qiymətləndirilir. Aparılan qiymətləndirmədən asılı olaraq güzəştlərin davam etdirilməsi, transformasiya olunması və ya ləğvi ilə bağlı qərarlar qəbul edilir.

Güzəştlər tətbiq edilərkən onların ÜDM-ə, əmək bazarına, məşğulluğa və iqtisadi aktivliyə təsiri ilə bağlı müəyyən hədəflər müəyyənləşdirilir. Dövlət müəyyən müddət ərzində gəlirlərindən imtina edir, lakin bunun qarşılığında daha böyük iqtisadi nəticələr əldə etməyi qarşıya məqsəd qoyur.

2019-cu ildən başlayaraq əmək gəlirlərinə tətbiq olunan vergi güzəştləri bu baxımdan genişmiqyaslı islahat idi. Dövlət həmin dövrdə müəyyən gəlirlərdən imtina etdi. Lakin digər tərəfdən, əmək münasibətlərinin leqallaşması və şəffaflaşma nəticəsində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ciddi artıma nail olundu. Belə ki, həmin fondun gəlirləri iki dəfədən çox artıb. Bunun nəticəsində dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertlərin xüsusi çəkisi azalıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Qeyri-neft sektorunun özəl bölməsində əmək gəlirlərinə tətbiq olunan güzəştlərin əsas məqsədi əmək münasibətlərinin leqallaşdırılması olub. 2019-cu illə müqayisədə həmin sektorda əmək müqavilələrinin sayı 91 faiz artıb.

Hazırda həmin sektorda əmək müqavilələrinin sayı 1 milyondan artıqdır. Müqayisə olunan dövrdə əmək gəlirləri də 2,5 dəfə artıb ki, bu da təxminən 6,5 milyard manat artım deməkdir. Nəticədə həmin göstərici 2025-ci ildə 11,2 milyard manata çatıb.

Güzəşt müddəti başa çatdıqdan sonra hökumət daxilində müzakirələr aparıldı və tam geri dönüş deyil, mərhələli keçid modeli seçildi. Bu modelə əsasən, üç il ərzində vergi dərəcəsinin mərhələli şəkildə artırılması nəzərdə tutulur. Beləliklə, birinci ildə 3 faiz, ikinci ildə 5 faiz, üçüncü ildə isə 7 faiz dərəcəsinə keçid həyata keçiriləcək.

Hesab edirik ki, bu yanaşma həyata keçirilən islahatların nəticələrini qoruyub saxlamağa imkan verəcək. Çünki əsas risklərdən biri ondan ibarət idi ki, əmək münasibətləri leqallaşdıqdan sonra əvvəlki vəziyyətə qayıdış kölgə iqtisadiyyatının yenidən genişlənməsinə səbəb ola bilərdi.

Aparılan müzakirələr nəticəsində formalaşdırılan bu model həmin riskləri minimuma endirməyə imkan verir. Hazırda müşahidələr göstərir ki, kölgə iqtisadiyyatına geri dönüş baş vermir və əldə olunan nəticələri qorumaq mümkündür.

-Vergi güzəştləri haqqında danışdınız. İşğaldan azad edilmiş ərazilərimizdə geniş vergi güzəştləri paketi tətbiq olunur. Bu güzəştlərin qüvvəyə minməsindən artıq müəyyən müddət keçib. Sizcə, həmin güzəştlər bölgədə sahibkarlıq fəaliyyətinin inkişafına necə təsir göstərib?

–Mən bunu yalnız vergi güzəştləri kimi qiymətləndirməzdim. Çünki işğaldan azad edilmiş ərazilərlə bağlı dövlət tərəfindən geniş dəstək proqramı həyata keçirilir.

Bu gün biz vergi güzəştlərini müzakirə edirik, lakin burada dövlətin digər dəstək mexanizmlərini – subsidiya proqramlarını, güzəştli kredit imkanlarını və digər təşviq alətlərini də qeyd etmək lazımdır.

Vergi güzəştlərinin əsas məqsədi ondan ibarət olub ki, həmin ərazilər uzun müddət işğal altında olduğundan infrastruktur baxımından Azərbaycanın digər bölgələri ilə müqayisədə fərqli vəziyyətdə idi. Bu ərazilərə investorların, biznes subyektlərinin və sahibkarların cəlb olunması üçün dövlətin malik olduğu müxtəlif mexanizmlər vasitəsilə onların xərclərinin azaldılması nəzərdə tutulub. Bununla da investorların daha az maliyyə yükü ilə həmin ərazilərdə fəaliyyət göstərməsinə və gələcək gəlirlər əldə etməsində maraqlı olmasına şərait yaradılıb.

Bu proses, eyni zamanda, reinteqrasiya prosesinin mühüm tərkib hissəsidir. Məqsəd işğaldan azad edilmiş əraziləri Azərbaycanın ümumi iqtisadi sisteminə daha fəal şəkildə inteqrasiya etməkdir.

Aparılan monitorinqlər göstərir ki, bu istiqamətdə artıq mühüm nəticələr əldə olunub. Hazırda həmin ərazilərdə yüzlərlə sahibkarlıq subyekti fəaliyyət göstərir və onlar vergi ödəyicisi kimi qeydiyyata alınıblar. Həmin vergi ödəyicilərində minlərlə, daha dəqiq desək, 10 mindən artıq əmək münasibəti formalaşıb.

Bizim üçün digər mühüm göstəricilərdən biri də həmin bölgələr üzrə vergi proqnozlarının icrasıdır. Müşahidələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdən daxilolmalar yüksək artım tempi ilə həyata keçirilir və bu göstəricilər aydan-aya, ildən-ilə artır. Bu, təbii ki, bizi sevindirən mühüm nəticələrdən biridir.

-Dövlət Vergi Xidməti özəl sektorun təşəbbüs və təkliflərini nə dərəcədə nəzərə alır? Ümumiyyətlə, dövlət–özəl sektor dialoqu vergi kontekstində bu gün biznes mühitinə hansı töhfələri verir?

–Təşəkkür edirəm. Ümumiyyətlə, dövlətlə biznes arasında dialoqun proseslərə verdiyi töhfəni və əhəmiyyətini yüksək qiymətləndiririk. Bu dialoq bir neçə istiqamət üzrə həyata keçirilir.

Bir qədər əvvəl qeyd etdiyim kimi, Dövlət Vergi Xidmətində biznes assosiasiyaları və sahibkar birlikləri ilə əməkdaşlıq istiqamətində fəaliyyət göstərən xüsusi struktur bölmə yaradılıb. Həmin bölmənin əsas fəaliyyəti biznes nümayəndələri ilə görüşlərin keçirilməsi, onların təklif və təşəbbüslərinin öyrənilməsi, qarşılaşdıqları çətinliklərin müəyyənləşdirilməsindən ibarətdir.

Bu yanaşma bizə ayrı-ayrı fərdi məsələləri deyil, bütövlükdə sahə və sektorlar üzrə mövcud problemləri daha dərindən anlamağa və gələcək fəaliyyətimizdə nəzərə almağa imkan verir.

Bununla yanaşı, müxtəlif sahələr üzrə fəaliyyət göstərən ekspert və mütəxəssislərlə, eləcə də işgüzar qurumlarla mütəmadi görüşlər keçiririk. O cümlədən Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azerbaijan), Alman-Azərbaycan Xarici Ticarət Palatası və digər qurumlarla əməkdaşlıq çərçivəsində fikir mübadilələri aparılır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə də mütəmadi görüşlər keçirilir. Bu görüşlərin əsas məqsədi şəffaf fəaliyyət göstərmək istəyən sahibkarlar üçün daha sadə, əlçatan və effektiv vergi inzibatçılığının formalaşdırılması ilə bağlı gözləntiləri müəyyən etmək, əldə olunan təklifləri qanunvericilikdə və inzibatçılıq mexanizmlərində nəzərə almaqdır.

Əlbəttə, bütün bu proseslərdə biznes yalnız qəbul edilən qərarların obyekti deyil, həmin qərarların formalaşmasında iştirak edən tərəfdaşdır. Düşünürəm ki, bu yanaşma dövlət–özəl sektor münasibətlərində etimad mühitinin formalaşdırılmasına mühüm töhfə verir.

-Bu gün sahibkarların ən çox narahatlıq ifadə etdiyi məsələlərdən biri kameral vergi hesablamaları ilə bağlıdır. Bu məsələyə də münasibətinizi öyrənmək istərdik.

–Bu, həqiqətən də belədir və mən bunu anlayışla qarşılayıram. Lakin kameral vergi yoxlamalarının digər vergi nəzarəti tədbirlərindən əsas fərqi ondan ibarətdir ki, burada sanksiya tətbiq olunmur.

Əgər hər hansı biznes subyekti və ya sahibkar vergi öhdəliklərinin icrası zamanı bilməyərəkdən müəyyən uyğunsuzluğa yol veribsə, həmin məsələ kameral təhlil nəticəsində müəyyən olunur və vergi ödəyicisinə müvafiq bildiriş göndərilir. Həmin bildirişdə hansı məqamların aradan qaldırılması və ya izah olunması tələb edilir. Vergi ödəyicisi təqdim etdiyi izahlar əsasında zəruri hallarda bəyannamədə müvafiq düzəlişlər aparır.

Bir rəqəmi qeyd etmək istərdim. İl ərzində vergi orqanlarına təxminən 3 milyona yaxın bəyannamə təqdim olunur. Biz kameral nəzarət prosesinə daha çox erkən xəbərdarlıq və preventiv nəzarət mexanizmi kimi yanaşırıq.

Burada əsas məqsədlərimizdən biri biznes subyektlərinin vergi öhdəliklərinə əməl etməsini mümkün qədər sadələşdirmək və bunun üçün sərf olunan vaxtı azaltmaqdır. Biz istəyirik ki, sahibkar vaxtını bəyannamələrin doldurulmasına deyil, əsas fəaliyyətinə – biznesinin inkişafına və gəlir əldə etməsinə yönəltsin, vergi öhdəliklərini isə onun üçün əlavə yük yaratmadan rahat şəkildə yerinə yetirsin.

Bu məqsədlə 2025-ci ilin dördüncü rübündən etibarən sadələşdirilmiş vergi ödəyiciləri üzrə bəyannamələrin əvvəlcədən doldurulması – prefilling mexanizminin tətbiqinə başlanılıb. Bu mexanizm o deməkdir ki, vergi orqanlarında mövcud olan məlumatlar əsasında vergi ödəyicisinin bəyannaməsi ilkin olaraq sistem tərəfindən hazırlanır. Yəni bəyannamədəki müvafiq sətirlər vergi orqanının məlumatları əsasında doldurulur və vergi ödəyicisi yalnız həmin məlumatları yoxlayaraq təsdiq edir. Beləliklə, o, bəyannaməni sıfırdan hazırlamaq zərurətindən azad olunur.

Hazırda bu mexanizmin daha da təkmilləşdirilməsi və digər vergi ödəyicilərinə, xüsusilə ƏDV ödəyicilərinə də tətbiqi istiqamətində işlər aparılır. Çünki kameral nəzarət zamanı yaranan əsas sualların böyük hissəsi məhz ƏDV ödəyiciləri ilə bağlı olur.

Bundan əlavə, biz əvvəllər müşahidə etmişdik ki, bəzi hallarda sahibkarlarla vergi orqanları arasında müəyyən anlaşılmazlıqlar yaranır. Sahibkarlar bildirirdilər ki, təqdim etdikləri izahlara vergi orqanları tərəfindən lazımi qaydada münasibət bildirilməyib və ya həmin izahlara tam baxılmayıb.

Bu məsələ ilə bağlı daxili texniki həllər tətbiq olunub. Mart ayından etibarən artıq daxil olmuş izahlara vergi orqanının əməkdaşı tərəfindən münasibət bildirilmədən vergi hesablamasının aparılması mümkün deyil. Düşünürəm ki, bu yanaşma sahibkarların narahatlıqlarını tam aradan qaldırmasa da, əhəmiyyətli dərəcədə azaldacaq.

Kameral hesablamalarla bağlı yalnız vergi nəzarəti mexanizmləri deyil, eyni zamanda, inzibati şikayət mexanizmləri də mövcuddur. Əgər kameral hesablama aparılıbsa, sahibkarların vergi orqanına inzibati qaydada müraciət etmək hüququ var.

Bundan başqa, Dövlət Vergi Xidmətinin Vergi Ombudsmanı fəaliyyət göstərir və sahibkarlar həmin mexanizm vasitəsilə də müraciətlərini təqdim edə bilərlər. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Apelyasiya Şurasına da müraciətlər daxil olur.

Ən çox istifadə olunan mexanizm inzibati şikayət mexanizmidir. Burada bir göstəricini qeyd edə bilərəm ki, daxil olan şikayətlərin təxminən 60 faizinə yaxın hissəsi müsbət həll olunur. Bu zaman ya bəyannamələrdə müvafiq dəqiqləşdirmələr aparılır, ya da vergi orqanlarının mövqeyinin əsaslı olduğu müəyyən edilir. Biz bu proseslər vasitəsilə hansı sahələrdə boşluqların və ya çətinliklərin olduğunu təhlil edir, gələcəkdə həmin problemlərin aradan qaldırılması üçün həm inzibatçılıqda, həm də qanunvericilikdə müvafiq dəyişikliklər təklif edirik.

-Orxan müəllim, müsahibənin əvvəlində bu məsələyə qismən toxundunuz. Lakin istəyərdim ki, daha geniş cavablandırasınız. Qərb ölkələrində vergi ödəmək cəmiyyətin qəbul etdiyi bir norma hesab olunur. İş adamları və sahibkarlar könüllü vergi ödəməyə niyə maraqlı olmalıdırlar? Azərbaycanda vergi mədəniyyətinin inkişafı üçün hansı istiqamətlərdə işlər aparılmalıdır?

–Bu, maraqlı və kompleks sualdır. Mən bu məsələyə belə yanaşardım ki, vergi mədəniyyəti anlayışı çoxsaylı aspektləri özündə birləşdirir. Burada həm tarixi amillər, həm də vətəndaşların və vergiödəyicilərinin vergi ödəmək davranışlarının nəsillər boyu formalaşması mühüm rol oynayır. Azərbaycan müstəqilliyini bərpa etmiş nisbətən gənc dövlət olduğu üçün bu baxımdan uzunmüddətli tarixi təcrübə digər bəzi ölkələrlə müqayisədə fərqli ola bilər.

Eyni zamanda, ümumiyyətlə, “mədəniyyət” anlayışının ölçülməsi mürəkkəb məsələdir. Vergi mədəniyyətini də müəyyən bir göstərici ilə tam qiymətləndirmək çətindir. Buna görə də biz burada vergi ödəməyə daxili motivasiyanı və könüllü əməletmə səviyyəsini əsas meyarlar kimi nəzərdən keçiririk.

Əgər vergi ödənişləri könüllü şəkildə həyata keçirilirsə, bu, vətəndaşın öz vergi öhdəliyini yerinə yetirmək istədiyini göstərir. Bu, eyni zamanda, ölçüləbilən konkret göstəricidir.

Hazırda rəqəmlərə baxdıqda görürük ki, vergi daxilolmalarının 92 faizdən çoxu könüllü əməletmə hesabına formalaşır. Qeyri-neft-qaz sektorunda bu göstərici bir qədər aşağı olmaqla, təxminən 90 faiz ətrafındadır.

Qeyri-neft-qaz sektorunda vergi daxilolmalarının mütləq həcminin yüksək templə artması və həmin daxilolmalarda könüllü əməletmənin xüsusi çəkisinin yüksəlməsi göstərir ki, cəmiyyətimizdə vergi ödəmək məsuliyyətinə münasibət müsbət istiqamətdə dəyişir. Bu, eyni zamanda, vətəndaşların dövlətin gələcək inkişafında iştirak etmək istəyi ilə bağlıdır.

Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, vergi öhdəliyini yerinə yetirmək istəyən vətəndaş və sahibkar üçün rahat, şəffaf və əlçatan ekosistem yaradaq. Sahibkar düşünməməlidir ki, vergi ödənişi onun üçün əlavə inzibati yükdür. Əksinə, bu proses mümkün qədər sadə və rahat olmalıdır.

Könüllü əməletmənin artırılması və vergi mədəniyyətinin inkişaf etdirilməsi Dövlət Vergi Xidmətinin strategiyasında da əsas istiqamətlərdən biri kimi müəyyən olunub. Həmin strategiya çərçivəsində müəyyən edilmiş göstəricilər mütəmadi izlənilir və bu sahədə müsbət dinamika müşahidə olunur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Düşünürəm ki, insan kapitalının inkişafı, könüllü əməletmənin artırılması və bütün bu istiqamətlərdə həyata keçirilən tədbirlər dövlət, vergi orqanı və biznes arasında etimad mühitinin daha da möhkəmlənməsinə xidmət edəcək.

-Adətən vergi orqanları informasiya texnologiyalarının tətbiqi sahəsində hər zaman ön sırada olublar. Maraqlıdır, bu gün vergi inzibatçılığı sahəsində süni intellektin və rəqəmsal həllərin tətbiqi hansı mərhələdədir və gələcəkdə bu amil vergi inzibatçılığını necə dəyişəcək?

–Bu, əslində, təbii şəkildə formalaşan bir prosesdir. Vergi orqanları bu gün çoxsaylı maliyyə və digər məlumatlara çıxış imkanına malikdir və həmin məlumatları toplayır.

Bu məlumatlardan müxtəlif qərarların qəbul edilməsi prosesində istifadə olunması tamamilə normaldır. Bu baxımdan Dövlət Vergi Xidmətində son dövrlərdə rəqəmsal transformasiya mərhələsi həyata keçirilir. Bu, dayanan və yekunlaşan proses deyil, davamlı inkişaf edən istiqamətdir.

Ötən il Dövlət Vergi Xidmətinin strukturunda ayrıca Data Analitikası İdarəsi yaradılıb. Həmin strukturun əsas fəaliyyət istiqamətlərindən biri yeni texnologiyaların, rəqəmsal həllərin imkanlarını araşdırmaq, digər funksional bölmələrlə əməkdaşlıq çərçivəsində həmin həllərin tətbiqinə dəstək verməkdir.

Süni intellekt bu gün bütün sahələrdə olduğu kimi, vergi inzibatçılığında da böyük potensiala malikdir. Biz artıq bu imkanlardan istifadə edirik və paralel olaraq yeni layihələr üzərində çalışırıq.

Hazırda həyata keçirilən layihələrdən bir neçəsini qeyd edə bilərəm. Bunlardan biri vergi orqanının sifarişçisi olduğu proqram təminatlarının test mərhələsinin süni intellekt vasitəsilə daha səmərəli və sürətli həyata keçirilməsidir.

Digər mühüm istiqamət sənədlərlə iş və sənəd dövriyyəsi sahəsində süni intellekt texnologiyalarının tətbiqidir. Bu, daxil olan çoxsaylı məktub və müraciətlərin ilkin emalının süni intellekt tərəfindən həyata keçirilməsinə imkan verir. Daha sonra həmin məlumatlar müraciətin mövzusu və aid olduğu istiqamət üzrə təhlil olunaraq əməkdaşlara təqdim edilir. Bu isə həm qərarların qəbulunun keyfiyyətini və sürətini artırır, həm də əməkdaşların daha mürəkkəb analitik və intellektual fəaliyyətə daha çox vaxt ayırmasına imkan yaradır.

Vaxtilə qabaqcıl həllərdən biri hesab olunan və bu gün də dünyada geniş tətbiq olunmayan layihələrdən biri “ƏDV geri al” sistemi və yeni nəsil kassa aparatlarının tətbiqi idi. Bu islahatlar nəticəsində iqtisadi dövriyyələrin şəffaflaşması və əlavə daxilolmaların artımı təmin olunub.

“ƏDV geri al” layihəsi çərçivəsində indiyədək vətəndaşlara təxminən 1 milyard manat vəsait geri qaytarılıb. Hazırda süni intellektin tətbiqi imkanlarını araşdırdığımız istiqamətlərdən biri də məhz “ƏDV geri al” prosesinin vergi orqanı tərəfindən daha sürətli və effektiv emal edilməsidir.

Digər rəqəmsal həllər sırasında “Təqib və izləmə” sistemini də qeyd etmək olar. Bu sistem aksizli və markalanmalı məhsulların istehsaldan və ya idxaldan başlayaraq istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə hərəkətinin izlənilməsinə imkan verir. Bu isə həmin sahədə şəffaflığın artırılmasına və vergi daxilolmalarının yüksəlməsinə xidmət edir.

Elektron ticarət həyata keçirən qeyri-rezidentlərin elektron qaydada vergi uçotuna alınması da rəqəmsal həllərin tətbiqinə nümunədir. Ötən ildən başlayan bu proses çərçivəsində artıq 11 qeyri-rezident vergiödəyicisi qeydiyyata alınıb və 15 milyon manatdan çox vəsait dövlət büdcəsinə daxil olub. Düşünürük ki, cari ildə bu göstəricilər daha yüksək olacaq.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

-“ƏDV geri al” tətbiqinə toxundunuz. Biznesin şəffaflaşdırılmasında bu tətbiqin rolu böyükdür. Bu kimi tətbiqlərin sayının artırılması nəzərdə tutulurmu?

–Biz daha əvvəl “ƏDV geri al” layihəsinin ümumi vergi daxilolmalarına müsbət təsirindən danışdıq. Bununla yanaşı, layihənin kölgə iqtisadiyyatının azalmasına təsirini də qeyd etmək istərdim.

Bildiyiniz kimi, kölgə iqtisadiyyatı iqtisadçılar üçün kifayət qədər mürəkkəb mövzudur və müxtəlif ekspertlərlə müzakirə zamanı onun dəqiq həcmi ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bu baxımdan biz daha çox onun mütləq həcmini deyil, illər ərzində dinamikasını izləyirik.

Vergi sahəsində isə daha çox vergi boşluğunun qiymətləndirilməsi aparılır. Son beş il ərzində bu göstəricinin təxminən 20 faizdən 7-8 faizədək azaldığını müşahidə edirik. Vergi boşluğu dedikdə, Vergi Məcəlləsi ilə müəyyən edilən potensial vergi öhdəlikləri ilə dövlət büdcəsinə faktiki daxil olan vergi məbləğləri arasındakı fərq nəzərdə tutulur. Heç bir ölkədə qanunvericiliklə nəzərdə tutulan bütün vergi öhdəlikləri tam həcmdə toplanmır. Müəyyən obyektiv və subyektiv səbəblərdən – kiminsə ödənişi gecikdirməsi, kiminsə ödəmə imkanının olmaması və ya biznes fəaliyyətinin dayandırılması kimi hallar nəticəsində müəyyən boşluq yaranır.

Hazırda həmin göstəricinin 7 faiz səviyyəsinə enməsi müsbət nəticədir. Düşünürəm ki, “ƏDV geri al” layihəsinin də bu istiqamətdə mühüm rolu olub.

-Vergi qanunvericiliyində yaxın perspektivdə hansı dəyişikliklər gözlənilir?

–Gələcəyə baxışımızın əsas məqsədi vergi ödəyiciləri üçün daha proqnozlaşdırılan, rahat və əlçatan mühit formalaşdırmaqdır.

Bu istiqamətdə yeniliklərdən biri artıq 2027-ci ildən qüvvəyə minəcək. Söhbət qeyri-neft özəl sektorunda fəaliyyət göstərən biznes subyektləri üçün ƏDV depozit hesabındakı vəsaitlərin sosial ödənişlərə yönəldilməsi imkanından gedir. Bununla bağlı qanun artıq imzalanıb və mexanizm 2027-ci ildən etibarən dörd il müddətində tətbiq olunacaq.

Hesab edirik ki, bu dəyişiklik şəffaf fəaliyyət göstərən biznes subyektlərinin dövriyyə kapitalına olan ehtiyacının azalmasına və mövcud vəsaitlərdən daha səmərəli istifadə etməsinə imkan yaradacaq.

Bundan əlavə, mikro və kiçik sahibkarlıq subyektləri üzrə hesabatlılığın və inzibati yükün optimallaşdırılması istiqamətində işlər aparılır. Məqsəd həmin bizneslərin inkişaf imkanlarını genişləndirmək və onların böyüməsi üçün daha əlverişli şərait yaratmaqdır.

Eyni zamanda, daşınmaz əmlak bazarında investisiyaların təşviqi, bu sahədə aktivliyin artırılması və bazarın daha şəffaf formalaşdırılması məqsədilə vergi yükünün optimallaşdırılması imkanları da nəzərdən keçirilir.

Ortamüddətli dövrdə əsas yanaşmamız xidmətlərin sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, hüquqi müəyyənliyin artırılması, preventiv məlumatlandırma və risklərin əvvəlcədən idarə olunması prinsiplərinə əsaslanacaq.

İş elanları AzVak.az-da

05.08.2026 23:21
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19